Həyatına düzgün istiqamət vermək və insanlara elm öyrətmək məqsədi ilə elm öyrənən bir insan Allah yolundadır və Onun xoşnud olduğu bir işlə məşğuldur.
Kəsir ibn Qeys (r.a) nəql edir: “Mən Dəməşq (Şam) məscidində Əbu Dərdanın yanında oturmuşdum. Bir nəfər gəlib: “Ey Əbu Dərda, mən Mədinədən gəlmişəm. Gəlişimin məqsədi Peyğəmbərimizdən (s.ə.s) rəvayət etdiyin bir hədisi-şərifi dəqiqləşdirməkdir”, − dedi. Əbu Dərda onun həqiqətən bu məqsədlə gəlib-gəlmədiyini öyrənmək üçün soruşdu:
− Şama ticarət niyyəti ilə gəlmiş olmayasan?
− Xeyr, o məqsədlə gəlməmişəm, − dedi.
Əbu Dərda yenə:
− Hədis öyrənməkdən başqa bir iş üçün gəlməmisən, eləmi? – soruşdu.
− Xeyr, hədisi sənin dilindən eşitmək üçün gəlmişəm, − dedi.
Əbu Dərda həmin şəxsin, həqiqətən də, Allah rizasını qazanmaq üçün hədis öyrənməyə gəldiyini qətiləşdirəndən sonra belə dedi:
− Mən Allahın Peyğəmbərindən eşitdim, belə buyurdu: “Kim bir yola qədəm qoyar və bu yolda elmə talib olarsa, Allah onun üçün Cənnətə gedən bir yolu asanlaşdırar. Mələklər elm öyrənənlərin əməllərindən xoşlandıqları üçün onları qanadları ilə hifz edərlər. Göy və yer əhli, hətta sudakı balıqlar belə elm öyrənən adam üçün Allahdan yardım və bağışlanma diləyər. Ay ulduzlardan necə üstündürsə, alim də abiddən elə üstündür. Alimlər peyğəmbərlərin varisləridir. Peyğəmbərlər özlərindən sonra nə dinar, nə də dirhəm, ancaq elm miras qoyublar. Belə olan halda, o elmi alan böyük bir məqam almış sayılır”[1].
Bu hədisi-şərifdən aşağıdakı xüsusları öyrənirik:
- Elm yolunda çəkilən zəhmət Allah yolunda sərf edilmiş sayılır və insanı Cənnətə aparır. Başqa sözlə desək, elm yolu Cənnət yoludur və gözəl bir yoldur. Bu yola qədəm qoyan insana mələklər yardım edər. Təkcə mələklər deyil, yer əhli də, göylər də bu elm aşiqinə dua edər, onun üçün Allahdan bağışlama diləyər.
- Alim ilə abidin fərqi ay və ulduzların fərqi kimidir. Çünki bilikli insan elmi ilə insanların yoluna işıq saçır, onların gözlərini açır. Topluma, hətta bütün bəşəriyyətə yol göstərir. Abid isə nə qədər nafilə ibadət edir-etsin, bunun kiməsə bir faydası yoxdur. İbadət yalnız özünə xeyir verir. Elm öyrənən isə həm özünə, həm də digər insanlara faydalı olur.
3. Hədisdə alimlərin peyğəmbərlərin varisləri olduğu da müjdə verilir. Peyğəmbərlər elmdən başqa bir şey miras qoymamışlar. Alimlər də elm öyrənmə yolunu seçməklə “peyğəmbərlərin varisləri” məqamına yüksəlmiş olurlar.
[1]. Buxari, “Elm” 10; Əbu Davud, “Elm” 1; Tirmizi, “Elm” 19; İbn Macə, “Müqəddimə”, 17.