İnsanların üstünlük haqqında meyarları müxtəlifdir. Kiminə görə var-dövlət, kiminə görə, soy-kök, kiminə görə, millət, kiminə görə də vəzifə, mövqe və s. Ancaq Uca Yaradana görə, xeyirli, üstün insan olmaq Quranı öyrənmək və öyrətməklə bağlıdır. Bu, mühümdür, çünki Quranı oxuyub dərk etmədən üstün olmağın yollarını və buna mane olan xüsusları bilmək mümkün deyildir. Bu məsələnin eyni zamanda başqa insanlara da çatdırılması tələb olunur ki, yaxşılar və yaxşılıqlar artsın, pislər və pisliklər Quran ab-havasında əriyib getsin. Rəsulullah buyurur: “Ən xeyirli insan Quranı öyrənən və öyrədəndir”.[1]
Qurani-Kərim: “Ey insanlar! Unutmayın ki, Allah qatında ən üstün insan ən təqvalı (Allaha sayğı göstərib haramlardan çəkinən) insandır. Həqiqətən, Allah (hər şeyi) biləndir, (hər şeydən) xəbərdardır”[2] bəyanı ilə ilahi dərgahda əsl dəyərin ölçüsünü, meyarını göstərmişdir. Təqvalı olmaq isə Quranı oxumaq və anlamaqla mümkündür. Deməli, insan oxumaqla, oxuduğunu anlamaqla və öyrənməklə təqvanı əldə edir, onunla ən xeyirlilərin karvanına qoşulur.