8. 107 dəfə oxunub ,   0 şərh   Çap et

Bu yazıda ər-arvad arasında ünsiyyət və onun bəzi elementlərindən söhbət açacağıq. Ünsiyyətin ən önəmli cəhəti tərəflərin bir-birinə çatdırdığı və çatdırmaq istədiyi fikirdir.

Ünsiyyətin ən önəmli cəhəti tərəflərin bir-birinə çatdırdığı və çatdırmaq istədiyi fikirdir. Fikir isə bir düşüncənin, inancın və ya qənaətin həmsöhbətə sözlərlə ötürülməsidir. Fikrin çatdırılmasında düşüncənin məqbul bir metodla ifadə edilməsi, şəxsi xarakter, danışıq tərzi, mühit, əhvali-ruhiyyə və s. əsas təsiredici faktorlardır.

Biz bütün bunları bir kənara qoyub sadəcə sözlər və onlara yüklənən mənalar üzərində qısaca dayanaq. Bütün dünya dillərində sözlər təkcə bir məna daşımır. Lüğəvi mənaları bir-birindən kifayət qədər fərqli olan sözlər sabit mənalı sözlərə nisbətən daha çoxdur. Və yaxud da bir kəlmə mətndən asılı olaraq olduqca fərqli mənalar ehtiva edə bilir. Dolayısilə, sözlü ünsiyyətdə bu xüsusa diqqət yetirmək lazımdır.

Söz gəlişi, “Sən görərsən” ifadəsi mübahisə zamanı təhdid mənası bildirir. Amma normal söhbət əsnasında, bəlkə də, həmsöhbətin daha əvvəl görmədiyi bir şeyi yaxında görəcəyini ifadə edir.

Bir neçə nümunəyə də baxaq. Biz, ümumiyyətlə, insanın çalışqanlığını ifadə etmək üçün “qarışqa kimi zəhmətkeşdir” deyirik. Cəsarət və gücü ifadə etmək üçün “aslan kimi”, sürətli qaçışı bildirmək üçün “ceyran kimi” təşbehlərindən istifadə edirik.  Bunların əvəzində, birincisində “eşşək kimi”, ikincisində “ayı”, üçüncüsündə də “it kimi” demirik. Çünki bu bənzətmələrin hamısında “heyvan” kateqoriyasından istifadə olunsa da, ikinci qisimdə verdiyimiz nümunələr xalq arasında daha çox təhqir mənasında işlədilir.

İndi də həqarət və təhqir ətrafında söz açaq. Təhqir insani və İslami müstəvidə əqlən çirkin, əxlaqi baxımdan yanlış və dinə görə haram əməldir. Həqarət Allahın əziz yaratdığı bir varlığı (üstəlik insanı) alçaltmaq, heç nə saymaq, ona xor baxmaqdır. Əgər insan başqaları haqda bu cür düşünürsə, onun ağzından çıxan sözlərin bir mənası yoxdur. Əsas məsələ insanın çirkin mövqeyi, əyri, yanlış fikirləridir, belə dünyagörüşdən ‒ istər təhqir, istər söyüş, istər rişxənd, istərsə də tərif ‒ nə çıxır-çıxsın, heç bir fərqi yoxdur.

Bu, ailədaxili münasibətlərdə çoxlarının diqqət etmədiyi, ancaq diqqət etməli olduğu bir məsələdir. İstəyirsiniz, əvvəlcə “arvad” sözündən misal gətirməyə başlayaq. Bəlkə də, əsrlərdən süzülüb gələn bu söz bu gün xalq arasında “xanım”, “həyat yoldaşı” və s. sinonimləri ilə müqayisədə ən azından kobudluğun və nəzakətsizliyin göstəricisi kimi qəbul edilir.

“Kişi” sözü üçün də eyni şeyləri söyləmək olar. “Həyat yoldaşı, bəy” kəlmələri “kişi” sözünə nisbətən daha çox istifadə olunur və daha yumşaq səslənir.

Bütövlükdə dünya həyatını, İsalmi inancımıza görə axirət həyatını da birlikdə yaşamağa, sevinci-kədəri, varlığı-yoxluğu bölüşməyə söz vermiş və sözün əsl mənasında bir bütöv olmağa qərar vermiş ər-arvad ağızdan çıxan sözləri yaxşı “bişirməlidir”. Həyat yoldaşımız həm dünyada, həm axirətdə, həm bu gün, həm də sabah daim bizimlədir. Bu insanlara qarşı “Sənin nəyin var ki? Allah xatirinə hansı üstünlüyün var? Pulun, gözəlliyin, yaraşığın, vəzifənmi? De görək, nəyin var?” kimi sözlər demək düzgündürmü? “Bugünkü ağlım olsaydı, səninlə əsla ailə qurmazdım!” sözünün qarşı tərəfin sinəsində necə yara açacağını ağlınıza gətirirsiniz? Sizcə, bu sözlərin vurduğu yaranı sağaltmaq mümkündürmü?

Təhqir deyəndə təkcə söyüş nəzərdə tutulmur. Qeyd etdiyim ifadələr də təhqirin bağışlanmaz örnəkləridir.

Hər vəziyyətdə şüur səviyyəsini mühafizə edərək, hər kəlmənin hesabını vermə məsuliyyəti ilə düşünərək danışmalıyıq. Unutmayaq ki, “Düşünmədən danışmağın cəzası danışandan sonra düşünməkdir”. Bu gün ətrafımızda  danışdıqdan sonra düşünən nə qədər  dul var. Heç olmasa, onları düşünüb ibrət almağa çalışaq.



Açar sözləri

arvad ər ünsiyyət

Bənzər məqalələr

Cütlüyün müraciət şəkli

Ər-arvad arasında ünsiyyətin müxtəlif yönləri var. Bunlardan biri də ailədaxili ünsiyyətdə cütlüyün bir-birinə xitab şəklidir.

Sacayaq – iki qadın bir kişi

Xoşbəxt ailədə qaynana-gəlin münasibətləri necə olmalıdır? Qaynana-gəlin münasibətləri sadəcə ikin şəxslə yox, bütün cəmiyyətlə əlaqəlidir. İki qadın var ki, onlar üçün sevimli və əziz olan sadəcə bir kişi var. Bu iki qadın kimdir? Biri yaş və həyat təcrübəsi nisbətən çox olan qaynana, digəri də gənc yaşdakı gəlin.

Peyğəmbərimizin ailədaxili ünsiyyəti

Əsrlər əvvəl Peyğəmbərimiz (s.a.s.) həm gözəl ailə həyatı, həm də tövsiyələri ilə xoşbəxt ailənin sirlərini göstərmişdir. Rəsulullah (s.a.s.) ailədaxili ünsiyyətdə nələrə diqqət etmişdir?

Ailədaxili ünsiyyət

Ailədaxili ünsiyyət dedikdə də ər-arvadın biri-biri və əgər varsa, uşaqları ilə münasibəti nəzərdə tutulur. Bu ünsiyyət ən azı iki nəfər arasında cərəyan edir və müəyyən məqsəd daşıyır.

İcazəsiz ərin cibindən pul götürmək

Sual: Kişinin icazəsi olmadan qadın onun cibindən pul götürə bilərmi? Cavab: Ailədə kişinin öz hüquqları və vəzifələri olduğu kimi, qadının da öz hüquqları və vəzifələri var. Məsələn, ailənin ehtiyaclarını ödəmək kişinin borcudur. İxtisası, elmi dərəcəsi, cəmiyyət içində mövqeyi nə olursa-olsun, kişi bilməlidir ki, evinin halal dolanışığını təmin etmək onun borcudur, istər yük daşısın, istər yer belləsin, istərsə də meyvə satsın… Bunlar əskiklik deyil, əskiklik öz borcunu yerinə yetirməməkdir.


Şərh yaz