Dişlərin arasından çıxan qan, tüpürcəyin rəngini dəyişmədiyi təqdirdə udularsa bu, oruca zərər vermir. Ancaq qan tüpürcəkdən çox olar və udularsa oruc pozulur.
“Oruclu olduğunu unudaraq nə isə yeyən və ya içən şəxs oruca davam eləsin, pozmasın. Çünki onu Allah yedirib-içirmişdir.”
Öz-özünə (qeyri-ixtiyari) mədədən boğaza gələn və öz-özünə geri qayıdan qusuntu ağız dolusu qədər olsa da orucu pozmur. Hər hansı narahatlıqdan dolayı ixtiyari olaraq gələn az miqdarda qusuntu öz-özünə geri qayıdarsa, oruc pozulmur. Ancaq bu qusuntu miqdarı ağız dolusu qədər olarsa, oruc pozulur. Həmin şəxs ağzını yaxaladıqdan sonra oruca davam etməli, sonradan bu orucunu qəza etməlidir. […]
Siqaret və qəlyan çəkmək orucu pozur. Həmin oruca qəza və kəffarə gərəkir. Başqasının çəkdiyi siqaret tüstüsünü bilərək ciyərlərinə çəkən şəxsin də orucu pozulur.
Qulaqla boğaz arasında bir kanal mövcuddur. Qulaq pərdəsi bu kanalın önünü kəsdiyinə görə qulağa daxil olan su və ya damızdırılan dərman boğaza gedib-çatmır. Buna görə də, qulağa damızdırılan dərman və qulağın yuyulması nəticəsində oruc pozulmur.
Oruclu ikən misvakdan istifadə etmək orucu pozmur.
Mədəyə su, qan və s. getməmək şərtilə dişə qoyulan plomb orucu pozmur. Maye getdiyi təqdirdə oruc pozulur və qəza edilməlidir.
Jele, krem və ətirdən istifadə etməklə oruc pozulmur. Bədənə istilik verən kremlər (vicks, vyetnam mazı və s.) də orucu pozmur.
Ürəyində narahatlıq olan bəzi şəxslərin istifadə elədiyi dilaltı həblər birbaşa ağız toxumaları tərəfindən qana sovrulur, mədəyə gedib çatmır. Buna görə də dilin altına qoyulan həblərdən istifadə etmək orucu pozmur.
Sual: Təhdid altında olan şəxs orucunu poza bilərmi? Cavab: Əgər kimsə oruc tutan şəxsi “orucunu pozmazsan səni öldürərəm”, “sənə xəsarət yetirərəm” və s. deyərək təhdid edər, üstəlik dediyini etmək çalışarsa oruclu orucunu poza bilər.