21. 660 dəfə oxunub ,   0 şərh   Çap et

“Əuzu billəhi minəş şeytanir racim”

Mənası: “Qovulmuş (Allahın mərhəmətindən uzaqlaşdırılıb lənətlənmiş) şeytanın şərindən Allaha sığınıram.

Bir işə başlayarkən və  hər hansı bir münasibətlə (“Bismillahir-rahmənir-rahim”dən qabaq) “əuzu billəhi minəş şeytanir racim”, ­ yəni “Qovulmuş (Allahın rəhmətindən uzaqlaşdırılaraq lənətlənmiş) şeytanın şərindən Allaha sığınıram” demək “istiazə” və ya “əuzu çəkmək” adlanır.

Bu imtahan dünyasında insanın ən böyük düşməni şeytandır. O, insanı aldatmağa, doğru yoldan sapdırmağa çalışır. Bu məqsədlə də bir çox gizli-aşkar vasitələrə əl atır. Ona görə də inanan insan şeytanın oyunlarına qarşı daim ayıq-sayıq olmalı, ağıl və iradəsini ortaya qoyaraq peyğəmbərlərin göstərdiyi yolla getməlidir. Bununla yanaşı, insana layiq əməl və niyyət daim Rəbbə sığınmaq, əsl hifz edənin Allah olduğunu bilməkdir. Uca Allah belə buyurur:

Quran oxumaq istədiyin vaxt, o qovulmuş şeytandan Allaha sığın!“[1]

Quran Allahın insanlara göndərdiyi ilahi təlimatdır. Şeytan var gücü ilə Quran oxuyanları Quranı anlamaqdan və Onun əmrlərinə itaətdən uzaqlaşdırmağa cəhd göstərir, onların qəlbinə vəsvəsə salaraq Quranın o möcüzəli bəyanlarını düşünməkdən, təfəkkür etməkdən yayındırmağa çalışır. Buna görə də namazda “Subhanəkə” duasından sonra “Fatihə” surəsinin başında “Əuzu” çəkmək yerinə düşür. Çünki şeytanın şərindən Allaha sığınmaq Quran oxumağa zəmin hazırlamaq üçün bir başlanğıcdır. Beləcə insan səmimi qəlb və açıq zehinlə Quranı oxumağa başlayır.

İnsan namaza başlayarkən qəlb, ruh və duyğularını hazır vəziyyətə gətirməlidir. Bunu da ancaq qəlb, ruh və hisləri şeytanın əsarətindən azad etməklə mümkündür. Allahın mələklər arasından çıxarıb hüzurundan qovduğu, rəhmətindən məhrum etdiyi və bir daha da səmaya ayaq basmağı qadağan etdiyi şeytanı insan da qəlb evindən qovmalıdır ki, Allah əxlaqı ilə əxlaqlanmış və namazın ruhani havasını ciyərinə çəkməyə haqq qazanmış olsun. Məhz bu duyğu və düşüncə ilə hər xeyirli işdə olduğu kimi, namaza başlayarkən (“Bismillahir-rahmənir-rahim”dən öncə) də əvvəlcə: “əuzu billəhi minəş şeytanir racim” deyirik.

“Bismillah”

“Bismilləhir-Rah­mənir-Rahim”

Mənası: “Rəhman və Rəhim Allahın adı ilə”

Xeyirli və halal bir işin əvvəlində Uca Allahın adını xatırlamaq və bu adla işə başlamaq mənasını verən “bismillah”, yəni “Bismilləhir-Rahmənir-Rahim” (Rəhman və Rəhim olan Allahın adı ilə) Qurani-Kərimin bir ayəsi, yaxud ayəsinin bir hissəsidir.

Bismillah: “İşə Rəhman və Rəhim olan Allahın adı ilə başlayıram. Onun əmri ilə və Onun rızası üçün bu işin başındayam və Onun adı ilə təşəbbüs edirəm, Onun əmri ilə edirəm. Çünki bu başladığım işi tamamlamaq üçün mənə güc və qüvvə verən Odur və hər şey Ondandır. O, mənə qüvvət və qüdrət verməsə, bu işi başa çadıra bilmərəm” mənasındadır.

Halal və xeyirli bir işə başlayarkən Allahın adını anmaq hər bir müsəlmanın vəzifəsidir. Çünki “Bismillah” hər xeyrin əsasıdır. Rəsulullahdan (s.ə.s.) nəql edilən bir hədisdə buyurulur:

Bismillahsız başlayan hər bir ciddi iş nöqsanlıdır.[2]

“Bismillah”a arxalanan insan bütün kainata meydan oxuya bilər. Çünki orada Allaha güvənmək, arxalanmaq və etimad etməkdən bəhs olunur. Dünyanın qapısı “Bismillah”la açılmışdır. Kainat “Bismillah”la yaradılmışdır. Hər hadisə “Bismillah”la baş verir. Və qiyamət “Bismillah”la qopacaq, yenidən diriliş, Cənnət-Cəhənnəm “Bismillah”la gerçəkləşəcək, Cənnətin qapısı möminlərin “Bismillah” deməsi ilə açılacaqdır. Ona görə biz də “Fatihə” surəsinə “Bismilləhir-Rah­mənir-Rahim”lə başlayırıq.


[1] Nəhl, 16/98.
[2] İbn Macə, Nikah, 19; Əhməd ibn Hənbəl, Müsnəd, II, 359.



Şərh yaz