Müasir dövrdə ailədaxili münaqişələr və boşanma hadisələrinin səviyyəsi narahatlıq doğurur. Ailə həyatını sağlam təməllər üzərində oturtmaq və ailədə xoşbəxtliyi təmin etmək üçün nə etməliyik?
Müasir dövrdə bir çox mövzuda olduğu kimi, təəssüf ki, ailə müəssisəsində də milli-mənəvi dəyərlərimizdən uzaqlaşma var. Halbuki, 30-40 il əvvəl bu mövzuda çox ciddi problemlər yox idi. Fəqət, 80-c illərdən sonra hər şeydə olduğu kimi cəmiyyətlərin özündən qopmağa başladı. Nənə-babalarımızdan süzülərək gələn dəyərlər keçmişdən qalmış adət-ənənə adlandırılaraq bir küncə qoyuldu. O vaxtdan bəri də ailələrdə problemlər artmağa başladı.
Ortaq dəyərlərə uyğunluq
Peyğəmbərimiz (s.a.s.) bir hədisi-şərifində:
تُنْكَحُ الْمَرْأَةُ لِأَرْبَعٍ لِمَالِهَا وَلِحَسَبِهَا وَلِجَمَالِهَا وَلِدِينِهَا فَاظْفَرْ بِذَاتِ الدِّينِ تَرِبَتْ يَدَاكَ
“Qadınla dörd şeyə görə nikah bağlayarlar: sərvətinə, əsli-nəcabətinə, gözəlliyinə və dindarlığına görə. Sən dindar olanı seç ki, hüzur tapasan” (Buxari, Nikah 15; Müslim, Rada 53)
buyuraraq qadının digər xüsusiyyətləri ilə yanaşı, dindarlığına daha çox üstünlük verməyi tövsiyə edir. Elə isə Peyğəmbərimizin bu meyarı ailə qurmağı düşünən hər bir möminin əsas dəyəri olmalıdır. Eyni şəkildə, qadın da özünə həyat yoldaşı seçərkən Allah Rəsulunun (s.a.s.) tövsiyə etdiyi bu meyarı diqqətə almalıdır. Vəzifə, maddi imkan, zahiri gözəllik kimi dünyəvi dəyərlərə görə ailə quran şəxslər, “qabağa düşdüm deyərkən, əlindəkini də itirər”. Bəli, Cənnət bağçası olmağa layiq ailə yuvası sırf fani dəyərlər əsasında qurularsa, Cəhənnəm çuxuruna çevrilə bilər. Bu səbəbdən ailədə hüzurun mütəmadi olması tərəflər arasında uyğunluqdan asılıdır. Yəni daimi hüzur üçün əvvəla tərəflərin ailə həyatının davamlılığını təmin edən möhkəm bağlara, müştərək dəyərlərə sahib olması əsas şərtdir.
Bir şeyi də qeyd etmək yerinə düşər: Hədisdə dindarlıq deyərkən mənəviyyat və gözəl əxlaq nəzərdə tutulur. Yoxsa, günümüzdəki mənada başa düşülən namaz qılmaq, hicab geyinmək və s. yox.
Mənəvi dəyərlərinə bağlı yaşayan mömin əvvəlcə axtardığı insanın mənəviyyatına fikir verməlidir. Bundan əlavə dini anlayış və həyat tərzinin uyğunluğunu da unutmamalıdır. Məsələn, birinin haram sayıb yemədiyini, digəri “burda nə var ki, bu, dövrün tələbidir, çoxları yeyir” deyərək yeyirsə, halal-haramın nə olduğunu bilmirsə, burada uyğunluqdan söhbət gedə bilməz.
Əsas məsələlərdəki fikir ayrılığı, gələcəkdə başqa mövzularda da bu halın davam edəcəyindən xəbər verir. Bu kimi fikir ayrılıqları tərəflərin ailə xoşbəxtliyini zədələyə və nəticədə Allahın sevmədiyi əməl sayılan boşanmaya gətirib çıxara bilər.
Evlilik ağıl, məntiq və mühakiməyə əsaslanmalıdır. Buna görə, evlənməyi düşünən şəxs öz fikrini bildirməklə yanaşı, ana-atasının, etimad etdiyi, təcrübəli böyüklərinin fikirlərini də öyrənməlidir. Yoxsa insan, “Bu mənimlə əlaqəlidir, buna görə özüm bilərəm” deyə hərəkət etsə, böyük səhvlərə yol verə bilər. Halbuki, dünya və axirət səadətinin vəsiləsi olan belə mühüm məsələdə təcrübəli insanların fikir və tövsiyəsinə baş vurulsa, doğru qərar qəbul etmək asanlaşar.
İnsan təkcə bədəndən ibarət deyil. Onun ruhu, qəlbi, hisləri, şüuru, məntiqi, mühakiməsi, idealı və ümidləri var. Evliliyə addım atanlar bunları nəzərə alaraq qərar verməlidirlər. Allah Rəsulu (s.a.s.) bir hədisində belə buyurur:
“Təənni (ehtiyatlı və ağıllı iş görmək) Rəhmandandır”. (Tirmizi, Birr 66; Təbərani, əl-Mucəmul-kəbir 6/122)
Haqq-Təala hər şeyi müəyyən ardıcıllıq və tədriciliklə yaradır. Mükafatlandıranda da, cəzalandıranda da insana möhlət verir. Kainatı bir anda yarada biləcəyi halda, bugünkü formaya gəlməsi üçün milyonlarla il şəkildən-şəkilə salmışdır. Hədisin davamında isə: “Əksinə tələskənlik şeytandandır.” deyilir. Tələsənin işi çox vaxt gəlib öz ayağına dolaşır. Bu mənada ailə qurarkən də tələsməmək, hislərlə qərar verməmək, əqli-səlimlə və dərindən düşünüb qərar vermək lazımdır.
İnsan bir iş görəndə bizi sevən, bizi gözü qədər əziz bilən insanların fikirlərinə çox əhəmiyyət verməlidir. Çünki ola bilsin ki, biz planlaşdırdığım işə dar çərçivədən baxır, bir anlıq hissiyyatımıza qapılıb hərəkət edirik. Ola bilər ki, məsləhət aldıqlarımız bizi bizdən daha çox düşünsün, dolayısilə bizim haqqımda daha tutarlı və daha düzgün qərar versinlər. Eyni mülahizə evlilik üçün də keçərlidir. Çünki evlilik həyatı ömür boyu sürəcəyi üçün bu haqda müvəqqəti hislərlə qərar verilməməli, bunun mütləq məntiqli bir əsası olmalıdır.
Dinimizi öyrənmək üçün nə qədər kitab oxumuşuq?
Təəssüf ki, bu gün müsəlmanlar İslamın əsaslarını lazımi səviyyədə bilmirlər. Müsəlmanlığı həqiqi mənada duyub hiss etməyə təkcə nəzəri məlumat da kifayət etmir. Dini həyata əks etdirmək, yaşayaraq xarakterə çevirmək lazımdır. İnsanlar müsəlmanlığın həqiqi dərinlik və ənginliyinə vaqif olmadığına və ona uyğun yaşamadıqlarına görə, iradi olaraq öhdələrinə götürdükləri məsuliyyətin bəzi çətinliklərə də qatlanmalı olduqlarını unudurlar. Tutalım ailədaxili münasibətlərdə qadın və ya kişidə bir nöqsan var. Belə bir problemlə qarşılaşan insan öz-özünə “Görəsən, mən bu nöqsanı necə düzəldə bilərəm, bu problemin öhdəsindən hansı yolla gələ bilərəm?” deyə suallar verməli, bu haqda dinin əmr və tövsiyələrini araşdırmalıdır. Ancaq, təəssüf ki, bu mövzuda ciddi baş yoran olmur.
Əfsus ki, bu gün heç kim öz dinini ciddi mənada öyrənməyi düşünmür. Görəsən kim “Dinimi öyrənmək üçün bir elmihal kitabını üç dəfə oxumuşam” deyə bilər?
Bəli, təəssüf ki, öz təməl dəyərlərimizdən bixəbərik. Buna görə də dəyərlərimizə yad əxlaq anlayışı bizə hakim olub. Qloballaşma ilə biz öz dəyərlərimizi qoruya bilərik-bilmərik kimi mövzuları müzakirə edərkən, gəmimizə çoxdan su dolub. Elə bir vəziyyətə gəlmişik ki, kişi də, qadın da öz istədiyi həyatı yaşayır. Evlər “yeməkxanaya, yataqxanaya” dönüb. Ata mühafizəçi, ana aşpaz, uşaqlar da yeməkxanadakı insanlar… Təbii ki, belə bir ailədə məsuliyyət şüuru, səbir, qarşılıqlı güzəşt, qarşılıqlı fədakarlıq, bir-biri üçün yaşama kimi mənəvi-əxlaqi dəyərlər və bunlardan kök atıb inkişaf edən sevgi, qarşlıqlı hörmət olmaz. Bütün bunlar olmayanda da o yuvada uzunömürlü, davamlı hüzur olmaz.
“Xarakterimiz düz gəlmir”
Bu gün ailə fərdləri arasında ən çox müzakirə olunan məsələlərdən biri də “xarakterimiz düz gəlmir” söhbətidir. İnsan qərar verib evləndikdən sonra fədakarlıq edib bu evliliyi davam etdirməlidir. Bir tərəf od olanda, digər tərəf su olub onu söndürməlidir. Cütlər bir-birinin həssas nöqtələrinə toxunmamalıdırlar. Allah rizasını işin mərkəzinə qoymalı, qarşlıqlı fədakarlıqlarla aralarındakı sevgi bağlarını möhkəmləndirməlidirlər. Birlikdə yaşlanmağı, əl-ələ tutub Cənnətə bərabər daxil olmağı arzulamalıdırlar.
Allah dostlarından biri keçmişdə öz ailəsində baş verən hadisəni belə nəql edir: babam olduqca sərt təbiətli insan idi. Güldüyünü heç görməmişdim, çox ciddi idi. Evdən çıxıb məscidə gedəndə hər kəs “Şamil Ağa gəlir!” deyə özünü yığışdırar, zəhmindən ürpərərdi. Zahidanə həyatı vardı. Bəlkə, hər gecə 50-100 rükət namaz qılardı. Nənəm isə adı kimi munisə (yumşaq qəlbli) bir xanım idi. Qəlbi Allah qorxusu ilə dolu idi. Yanında bircə dəfə ürəkdən “Allah!” desən, göz yaşına boğulardı. Xaraktercə bir-birindən zidd olan bu iki insan bir-biri ilə elə bütünləşmişdilər ki, anam danışardı, nənəm həmişə: “Allahım! Nə olar, məni onsuz bir saat da saxlama, onsuz yaşaya bilmərəm” deyə dua edirdi. Vəfatına yaxın nənəm xəstələnmiş, on aydan çox xəstə yatmışdı. O vəziyyətdə belə namazını tərk etməmişdi. Anamın dediyinə görə vəfatına az qalmış dəstəmaz üçün anamdan su istəyib. Dəstəmaz aldıqdan sonra bir qəhqəhə ilə babama belə deyib: “Dünyadan kam almadıq. İkimizin də bu gecə vəfat edəcəyik”. Həmin gün babamın heç bir narahatlığı yox idi. Aradan bir az vaxt keçir, nənəm vəfat edir. Anam nənəmin gözlərini bağlayır, o əsnada o bir otaqdan “Baba öldü!” deyə bir fəryad qopur. Babamla nənəm arasında belə bir bağlılıq vardı.
Bir gün bir məsələyə görə atam anama əsəbiləşmişdi. Həyatımda bəlkə, bircə dəfə atamın bu halına şahid olmuşam. Nənəm də orada idi. Atam qaşlarını çatıb anamın üstünə getdi. Lakin anam qayınanasının qəlbinə elə yol tapmışdı ki, dərhal nənəm araya girib atama belə dedi: “Kənara çəkil! Ona əl vursan, sənə südümü və əməyimi haram edərəm”.
Bizim milli-mənəvi dəyərlərimizə görə ər-arvad bir-birinə əmanətdir. Hər iki tərəf də bunun dərk etməlidir. Bu isə yaxşı tərbiyədən asılıdır. Bu gün bu tərbiyə nə ailədə, nə də məktəbdə verilir. Bu səbəblə bəzi cavanlar evliliyin mahiyyətini qavramadan ailə qururlar. Məhz buna görə də insanların ailə, evlilik mövzusunda oxuyub sertifikat alması şərtdir. Yəni gənclər evlənmədən öncə evliliyin nə olduğunu, tərəflərin məsuliyyətinin nə olacağı, qarşılaşılan problemlərin necə həll oluncağı haqqında seminar və kurs keçmədən ailə qurmamalıdır. Çünki bu haqda nə ailədə, nə cəmiyyətdə, nə kütləvi informasiya vasitələrində düzgün marifləndirici məlumat var. Bütün problemlərin əsas səbəbi cəhalət, bilgisizlikdir.
Valideynləri sağ ikən yetim qalan uşaqlar
Cütlük evliliyin məsuliyyət və mükəlləfiyyətini heç olmasa minimum səviyyədə bilməli və bunu həyata keçirmək qabiliyyətinə malik olmalıdır. Bunlar olmadan evlənmək tövsiyə olunmur. Əks halda evlilik elə başdan çat verməyə başlayar. Bu halda olan uşaqlara olur, böyük bir dilemma içində ortada qalırlar.
Bir evdə valideynlər bir-birilə yola getmir, dava-dalaş salırsa, “qarşılıqlı hücumlar və zədələmələr”lə öz etibar və dəyərlərini aşındırıb yox edirlər. Uşaqlar həyatı bizdən öyrəndikləri kimi, əxlaqı da bizdən öyrənirlər. Mübahisə əsnasında ana-atanın ağzından çıxan kobud sözlər uşaqların ruhunda mənfi izlər buraxır. Belə bir mənzərəyə şahid olan uşaq ana-atasına dəyərsiz bir insan gözü ilə baxır. Bunun nəticəsində də dilemma ilə üzləşib çıxılmaz vəziyyətdə qalan, ana-atasını sağ ikən itirən ana-atalı yetim uşaqlar ortaya çıxır.
Bəli, insan bəzi məsələlərdə yanıla bilər. O zaman mühakimənin haqqını verməli, götür-qoy etməli, məsələni yumşaltmağa çalışmalı və “Görəsən, mən harada səhv elədim?” deyib öz boşluqlarına, nöqsanlarına baxmalı, kuliminasiya nöqtələrini müəyyənləşdirməli, sonra da təcrübəli böyüklərin rəhbərliyində problemlərini həll etməyə səy göstərməlidir.
Boşanmaq çarə deyil!
(Qadınlar) açıq-aşkar xoşagəlməz bir iş görməyincə, onlara verdiklərinizin bir hissəsini geri almaq üçün onları sıxışdırmayın. Onlarla gözəl rəftar edin. Əgər onlara xoşunuza gəlmirsə (dözün). Ola bilsin ki, sizin xoşlamadığınız bir şeydə Allah (sizdən ötrü) çoxlu xeyir nəzərdə tutmuş olsun. (Nisa surəsi, 4/19)
Ailə həyatında bəzən həyat yoldaşımızın gözəlliyi, bəzi davranışları xoşumuza gəlməyə bilər. Ancaq mütləq onda xoşumuza gələn yönlər var. Bu yönü önə çıxarmalq, bəzi məsələlərdə güzəştə getməyi bacarmaq lazımdır. Unutmayaq ki, bu dünyada səbir etsək Axirətdə Allah-Təala onu əksiksiz, qüsursuz xəlq edəcək. Cənnətdə xoşumuza gəlməyən yönləri olmayacaq. Ancaq nə etməli?! Bu düya imtahan dünyasıdır. Hamımız bir-birimizlə imtahan olunuruq. Özümüz mükəmməl olmadığımız kimi, qarşı tərəfdə də mütləq mükəmməllik axtarmaq doğru deyil.
Bu gün insanlar ailədaxili münaqişədən yaxa qurtarmaq, məsuliyyətdən boyun qaçırmaq, problemdən qurtulmaq üçün boşanırlar. Ancaq fərqində olmadan “yağışdan çıxıb yağmura düşürlər”. Bunun çarəsi isə cütlüyün boşanmağın çarə olmağını bilməməsidir.
Axirət var…
Bu gün ailədə baş verən münaqişələri, xüsusilə qadınların məruz qaldığı məişət zorakılığını eşidəndə hamı narahat olur. Həddini bilməyən bəzi kişilər qadına qarşı amansız rəftar edir, öz cahilliyini, boşluğunu və zəifliyini qəzəbə çevirib qadınların üstünə tökürlər. Bunu etməyə heç kimin haqqı yoxdur. Bu zülmü edənlər Allahdan qorxub tövbəyə yönəlməli, başını yerə qoyub əfv diləməlidirlər. Rəsulullah (s.a.s.) Vida xütbəsində qadınlar haqqında: “Onlar sizə əmanətdir” buyurur. ( Əbu Davud, Mənasik 56; İbn Macə, Mənasik 84) Unutmayaq ki, onlara deyilən hər bir pis söz, edilən hər bir pis rəftar, pis hərəkət Rəsulullahın (s.a.s.) əmanətinə xəyanətdir. Elə isə insan doğru-dürüst düşünməli, doğru-dürüst davranmalı və “Allahın əmanətinə)” xəyanət etməməlidir.
Unutmayaq ki, bu dünyada əbədi qalmayacağıq. Əbədi olan Axirət həyatı, Hesab günü var. Allah mütləq ədalət sahibidir. Bütün günahları bağışlandığı halda şəhidlər belə qul haqqından məsuldur. “O gün insan öz qardaşından/ dostundan, atasından-anasından, həyat yoldaşından və övladlarından qaçacaq. O gün hər kəsin belini bükən ağır məsuliyyəti olacaqdır.” (Əbəsə surəsi 80/34-37) Qul haqqı ailədə başlayır. Bu dünyada kim kimə haqsızlıq edərsə, o gün etdiyinin əvəzini ödəyəcək. Qadın ərinə üsyan edibsə, maaşına, əlindəki peşəsinə arxayın olub ona həqiqi mənada qadınlıq etməyibsə, o dünyada bunun hesabını verəcək. Ər də xanımına zülm edib, üzərinə düşən məsuliyyətini yerinə yetirməyibsə, varına-dövlətinə, imkanına arxayın olub xanımını yarı yolda qoyubsa o dünyada bunun hesabını əlbət verəcəkdir. Allah hamını o günün dəhşətindən qorusun!