Əvvabin kəlməsi “günahlardan bağışlanmaq üçün tövbə edən, Allahı çox zikr edən, bütün işlərində Allaha itaət (təvəkkül) edən, heç kəsin olmadığı yerdə gizlicə tövbə edən, çox mərhəmətli olan və çox namaz qılan” mənalarındadır. Əvvabin namazı tövbə edən və Allaha sığınanların namazı deməkdir. Qurani-Kərim əvvabin namazından belə bəhs edir: “Rəbbiniz ürəklərinizdə olanları (qəlblərinizin sirlərini) ən yaxşı biləndir. Əgər əməlisaleh olsanız (bilin ki) Rəbbiniz, həqiqətən, tövbəkarları (əvvabin) bağışlayandır!”[1]
Əvvabin namazı haqqındakı hədislərdən bəziləri bunlardır:
Abdullah ibn Ömər (r.a) Rəsulullahın (s.ə.s) “Kim axşam namazı ilə yatsı namazı arasında altı rükət namaz qılarsa bağışlananlar (əvvabin) zümrəsinə yazılar.” – buyurduğunu demişdir.[2]
Əbu Hüreyrə (r.a) isə, Rəsulullahın (s.ə.s) “Kim axşam namazından sonra, nalayiq söz söyləmədən altı rükət namaz qılarsa, bu, həmin şəxs üçün on iki illik (nafilə) ibadətə bərabərdir.”[3]
Hz. Aişə (r.anha) Rəsulullahın (s.ə.s) belə buyurduğunu deyir: “Kim axşam namazından sonra iyirmi rükət (nafilə) namaz qılarsa Allah onun üçün Cənnətdə bir köşk inşa edər”.[4]
Hz. Huzeyfə (r.a) nəql edir ki, bir gün Rəsulullahla (s.ə.s) birgə axşam namazını qıldım. Axşam namazını qılandan sonra Rəsulullah (s.ə.s) yatsı namazına qədər namaz qılmağa davam elədi.[5]
Ammar ibn Yasir axşam namazından sonra altı rükət namaz qıldı. Yanındakılar bu namaz haqqında soruşdular. O belə cavab verdi: “Rəsulullahın (s.ə.s) axşam namazından sonra altı rükət namaz qıldığını gördüm. Namazdan sonra “kim axşam namazından sonra altı rükət qılarsa dəniz köpüyü qədər günahları olsa da bağışlanar.” – dediyini eşitdim”.[6]
Əbu Übeydəyə Rəsulullahın (s.ə.s) fərz namazlardan əlavə namaz qılmağı tövsiyə edərdimi deyə soruşulanda o belə cavab vermişdir: “Bəli, Rəsulullah (s.ə.s) axşamla yatsı arasında namaz qılmağımızı tövsiyə edərdi”.[7]
İslam alimləri axşam namazı ilə yatsı namazı arasında qılınan namazı əvvabin namazı adlandırmışlar. Amr ibn As (r.a) “axşam namazıdan sonra ta yatsı namazının vaxtına qədər olan müddət əvvabin namazının vaxtıdır” – demişdir.[8]
Əvvabin namazı neçə rükətdir?
Təravih və təhəccüd kimi nafilə namazların neçə rükət olması haqqında Rəsulullahın (s.ə.s) tətbiqatı mövcuddur. Nafilə ibadətlər şəxsin ixtiyarına buraxılmışdır. Yəni nafilə ibadət eləmək istəyən şəxs istədiyi və ya gücünün çatdığı qədər ibadət edə bilər. Lakin nafilə namazlar üçün minumum hədd iki rükət olaraq qəbul edilmişdir. İstənilən nafilə namaz ən azı iki rükət qılınmalıdır ki, nafilə sayılsın. Əvvabin namazı üçün də bu qayda keçərlidir. Əvvabin namazını bir və ya iki salamla qılımaq mümkündür.
Nəticə olaraq onu deyə bilərik ki, nafilə ibadətlərin ən fəzilətlilərindən sayılan əvvabin namazını ən az iki rükət olmaqla hədislərdə bildirildiyi kimi dörd rükət qılmaq olar.[9]
[1] İsra, 17/25
[2] Əl-Bəhrur-Raiq, IV, 234.
[3] İbn Macə, İqamə, 185, H. No: 1374: Tirmizi, Səlat, 204, H. No: 435. Tirmizi bu hədisə “qərib” demişdir.
[4] Tirmizi, Məvaqit, 204; Əbu Yala, Müsnəd, X, 205.
[5] Əhməd İbn Hənbəl, Müsnəd, V, 392.
[6] Əbu Nuaym əl-İsfahani, Mərifətus-Səhabə, XIV, 486.
[7] Əhməd ibn Hənbəl, Müsnəd, V, 431.
[8] Qurtubi, XIV, 101.
[9] Ətraflı məlumat üçün bax: Bədaius-Sənai, III, 130; Bəhrur-Raiq, IV, 249; Məcməul-Ənhur, I, 411.