3. 326 dəfə oxunub ,   0 şərh   Çap et

Kəbənin təmiri

Həmsöhbətini yaxşı tanıması

Həmsöhbətin səviyyəsinə uyğun danışma

Huneyndə mühacir və ənsara xitabı

Fətanət ağılla ağılı geridə qoymaq, ötüb keçmək deməkdir. Ona peyğəmbər məntiqi də deyə bilərik. Bu məntiq hər məsələyə ruh, qəlb, hiss və qəlbə xas incə duyğuların (lətaifin) birgə iştirakı ilə baxmaq deməkdir.

Fətanət quru ağıl və məntiq deyildir. Ona görə də İslamı belə bir ağıl və məntiqə istinadən “İslam ağıl dinidir”, “İslam məntiq dinidir” kimi iddialar irəli sürmək İslamı bilməməkdən də əlavə böyük bir təhrifə ilk addım sayılır. Xeyr, İslam nə ağıl, nə də məntiq dinidir, o, birbaşa vəhy dinidir.

İslami məsələlərin ağıl və məntiqlə ziddiyyət təşkil etməməsi həm onun “Elmi-Muhit”dən (Hər şeyi əhatə edən Allahın elmindən) gəlib hər məsələni ağıla da təsdiq etdirməsindən, həm də onu səmaviliyə uyğun şərh edən peyğəmbər məntiqinin əhatəsindən qaynaqlanır. Yəni fətanət peyğəmbər ilhamı və peyğəmbər məntiqidir, başqa bir şey deyil. O məntiq ki vəhyi dərk etməyə uyğun yaradılmışdır. Və yenə o məntiq ki hissi, mühakiməni, qəlbi, incə duyğuları və hikmətli fəlsəfəni də əhatə edir. O, məntiq fövqü məntiqdir və ya daha konkret “Fətanəti-Əzəm”dir.

Allahdan gələn hər vəhyin əvvəlcə bu məntiqdə əks olunması bir zərurət və ehtiyacdır. Ancaq bu ehtiyac insanlara aiddir. Çünki vəhy başlanğıcda belə bir məntiq əsasında tənzim edilmədən insanlara çatsaydı, bəşəriyyət o ən müqəddəs feyzdən gələn vəhy və ilhamlardan od tutub yanardı. Necə ki Allah cəlalının üzündən pərdələri qaldırsa, bütün mövcudat yanıb külə dönər: eyni şeyi vəhyin gəlişinə də aid etmək olar.[1]

Bəli, vəhyin yandırıcı şahabları (axan ulduzları) peyğəmbərlərin fətanət atmosferində ram olur. Buna da biz din deyirik. İlahi bəyanlar bəşərin idrak səviyyəsinə uyğun təqdim edilir ki, bunu edən də peyğəmbər məntiqi, yəni fətanətdir. Fətanət yalnız peyğəmbərlərə xas məntiqdir və bu məntiqin “düha” sözü ilə ifadəsi doğru deyildir. Yəni peyğəmbərin məntiqi bütün məntiqlərin fövqündə dayanır ki, ona da fətanət deyilir.

Fətanət olmasaydı, düşmənlərin etirazlarına, dostların da suallarına məruz qalan bu insanların bu qədər məsələni izah və təfsir etməsi mümkün olardımı?! Məsələlərin izah və təfsir edilməməsi də dinin başa düşülməməsinə gətirib çıxaracaqdı. Belə olanda da dini vəzifə və mükəlləfiyyətlərin bir mənası qalmaz, dini mükəlləfiyyət olmadan da insanın yaradılışı bir anlam ifadə etməzdi. Bütün bu mənfi nəticələrin hasil olmaması peyğəmbərlərə xariqüladə məntiq verilməsindən asılıdır. Bəli, peyğəmbərlər onlara verilən fətanətlə bütün müşkülləri asanlıqla həll etmişlər.

Peyğəmbərimizin yaşadığı dövrü təsəvvürümüzdə canlandıraq:

Bir tərəfdən səhabə həll etməkdə çətinlik çəkdiyi şəriət məsələlərini Allah Rəsuluna bildirib həllini istəyir, digər tərəfdən də İslama girmək istəyən bəzi insanların tərəddüd və şübhələri cavab gözləyirdi. Üstəlik Allah Rəsuluna qısqanclıqla yanaşan Kitab Əhli insanları İslamdan uzaqlaşdırmaq üçün əlindən gələni edir, bəzi məsələlərdə insanların içinə şübhə toxumları səpirdi. Bütün bunların öhdəsindən gəlmək və suallara doğru və tutarlı cavab vermək ancaq və ancaq peyğəmbər məntiqi, yəni fətanətlə mümkün idi.

Peyğəmbərimiz müxtəlif təbəqələrin insanları ilə görüşür, onları İslam dininə çağırırdı. Bunların bir qismi din xadimləri idi. Ruhun dərinliklərinə dalan bu insanlar kilsə və monastırlarda heç olmazsa müəyyən sahələri dərindən öyrənmişdilər. Həmsöhbətlərindən bir qismi sırf fəlsəfi məsələlərlə  maraqlanan, tamamilə məntiq və mühakiməyə söykənən insanlar idi. Həmçinin onların arasında ticarəti yaxşı bilən tacirlər, hərb meydanlarında yetişmiş nadir sərkərdələr, böyük siyasi dühalar və hətta mədəni səviyyəsi sıfıra bərabər olan bədəvilər də vardı və hamısı da öz sualları ilə gəlir, cavab tələb edirdi. Bu vəziyyətdə Allah Rəsulu məsələləri elə izah etməli, elə söz söyləməli idi ki, bədəvisindən aliminə qədər hər kəs sualına cavab tapmış olsun və qiyamətə qədər hər dövrdə insanlar müşküllərini bu cavablar əsasında həll edə bilsinlər. Çünki İslam cahanşümul və ümumbəşəri bir din idi.

İnsan danışan, düşünən bir varlıqdır. Bu xüsusiyyəti ilə də Allah-Təalanın bir vəsfini təmsil edir. Düşüncələr sözlərə, sözlər də yazıya əmanət ediləndə uzunmüddətli olur. Danışılmayan və yazılmayan fikirlər yaşamaz, sahibi ilə birlikdə torpağa qarışıb fani olar. Düşünmə qabiliyyəti kimi danışma və fikri ifadə də Allahın insanlara böyük lütfüdür. Buna görə də Qurani-Kərim Allahın rəhmaniyyətinə işarə olaraq insanı yaratdığını bildirdikdən sonra: “Ona danışmağı (fikir və hislərini bəyan etməyi) öyrətdi”[2], – deyir. Həzrət Adəmdən bəri insanlar düşünür, danışır və qiyamətədək də düşünüb danışacaqlar. Ancaq nə düşünmə, nə də anlatma və danışma tükənməyəcəkdir. Bu da Rəbbin sonsuz mərhəmətinin bir əsəridir.

Bu ilahi mərhəmətə ən çox peyğəmbərlər və onlar arasında da ən çox Həzrət Məhəmməd (s.a.s.) layiq görülmüşdür. Bu lütf ancaq onların fətanəti ilə izah oluna bilər. Fətanət olmadan bu səviyyəni əldə etmək qeyri-mümkündür. Elə isə fətanət peyğəmbərlərin çox əhəmiyyətli bir xüsusiyyətidir.

Hər peyğəmbər üstün idraka və bəyan qabiliyyətinə malikdir. Ən mürəkkəb və qəliz məsələləri belə asanlıqla həll edirlər. Məsələləri aydın ifadələrlə izah edirlər və onların bütün bəyanları bir mənada “səhli-mümtəni”dir. Yəni bu sözü dinləyənlər elə sanırlar ki, özləri də belə sözlər deyə bilərlər. Ancaq cəhd göstərsələr, görərlər ki, onlar kimi söz söyləmək mümkün deyildir. Çünki Allah-Təala onlara ən çətin məsələləri izah etmək üçün xüsusi qabiliyyət vermişdir. Bəli, nəbilərin bəyan çiçəyinə xas rövnəqlik və gözəlliyə başqa insanlarda rast gəlmək mümkünsüzdür!..

Nəbinin hüzuruna gətirilən hər problem həllini tapmadan geri qayıtmır. O məsələ nə qədər çətin olur-olsun, peyğəmbər onu qırx illik təcrübəsi olan adamlar kimi asanlıqla həll edir. Buna görə də Bernard Şou Allah Rəsulunun böyüklüyünü etiraf etməyə məcbur olmuşdu: “Bu gün problemlər üst-üstə yığılıb həllini gözləyir və bütün problemləri qəhvə içmə rahatlığı ilə həll edən Həzrət Məhəmmədə indi hər dövrdən daha çox ehtiyac duyuruq”. Bəli, bu gün nə qədər iqtisadi, ictimai və siyasi problemlər öz həllini gözləyir. Və hal-hazırda artıq dost-düşmən – hər kəs anlayır ki, Allah Rəsulunun dupduru bəyan bulağına müraciət etmədən bu problemləri yoluna qoymaq əsla mümkün olmayacaq.

Onun fətanəti haqqında çox söz deyilmişdir. Bu sözləri bir yerə toplasaq, iri həcmli kitab çıxar. Bunların bir-ikisini nəql edərək bu əngin mövzunu da nöqtələməyə çalışaq:

“Ümmətin Fəqihi” və ən böyük alimi ünvanlarının sahibi Abdullah b. Abbas həzrətləri buyurur: “Ən fəzilətli insan və yenə ən ağıllı insan peyğəmbərimiz Həzrət Məhəmməd Mustafadır”.[3]

Tövrat və İncili ələk-vələk eləmiş tabiun alimlərindən Vəhb b. Münəbbih Allah Rəsulunun fətanətini bu cümlələrlə dilə gətirir: “Dünyadakı bütün qumlar bir qum dənəsindən nə qədər çoxdursa, Allah Rəsulunun idrak və fətanəti də bütün insanların idrakından o qədər böyükdür….”[4]

Kəbənin təmiri

Cahiliyyə insanı fitnə-fəsadın övladı idi. Elə bil fitnə çıxarmaq üçün yaradılmışdılar. Üçü bir yerə yığışan kimi bir fitnə salmadan ayrılmazdılar. Məhz bu insanları gələcək mədəniyyətlərin müəllimi kimi yetişdirmək yalnız Allah Rəsuluna xas bir möcüzə idi və bütün bunları da o, səmavi fətanəti ilə həyata keçirirdi.

Kəbənin təmiri peyğəmbərlikdən əvvəlki illərə düşür. Kəbə təmir edilmiş, növbə Həcərül-Əsvədin yerinə qoyulmasına çatanda qəbilələr bir qərara gələ bilməmişdilər. Hər qəbilə istəyirdi ki, daşı yerinə qoymaq şərəfinə özü nail olsun. O əsnada Allah Rəsulu hələ risalət (peyğəmbərlik) vəzifəsi ilə şərəfləndirilməmişdi. Bu müqəddəs vəzifə hələ yetişib meyvə verməsə də, Onun ruhunda çəyirdək halında mövcuddu. Cücərib boy atmaq üçün baharın gəlişini gözləyirdi.

O əsnada qılıncları qınından sıyırmış, oxları sadağından çıxarıb yaya keçirmişdilər. Əgər çarə tapılmazsa, kim bilir, neçə il davam edən, nə qədər can və mal itkisi ilə nəticələnən müharibə qapını kəsdirmişdi.  Bu vaxt bir nəfər necə oldusa, belə bir təklif irəli sürdü:

“Gəlin Kəbənin bu qapısından ilk girən adamı hakim təyin edək və nə desə, razılaşaq”, – dedi. Təklifi hamı qəbul etdi. Hər kəs maraqla gözləməyə başladı və ilk gələn insan Həzrət Məhəmməd Mustafa oldu. “Əl-Əmin gəlir”, – deyib məsələni danışdılar. Allah Rəsulu dərhal: “Böyük bir bez gətirin”, – dedi, gətirildi. Həcərül-Əsvəd bezin ortasına qoyuldu. Hər qəbilənin böyüyü parçanın bir ucundan tutub qoyulacaq yerə qədər apardılar. Allah Rəsulu da daşı götürüb yerinə yerləşdirdi.[5]

Və beləcə böyük bir müharibənin qarşısı alınmış oldu. Bu qədər qarmaqarışıq hadisəni təklif edilər-edilməz dərhal həll etməsi peyğəmbər məntiqindən başqa nə ilə izah oluna bilər? Hələ peyğəmbər deyildi ki, vəhylə izah edilsin. Bu işin öhdəsindən ancaq peyğəmbərlik kimi böyük bir məsuliyyəti götürməyə qadir olan fövqəladə məntiq və fətanət sayəsində rahatlıqla gəlir. Bəli, Onda məntiq fövqü məntiq, mühakimə fövqü mühakimə və idrak fövqü idrak vardı. Əslində, Quran kimi müqəddəs əmanət üçün bu, vacib şərt idi.

Həmsöhbətini yaxşı tanıması

Husayn Allah Rəsulunun hüzuruna gəlir. Niyyəti Ona “ağıl verib– fikrindən daşındırmaqdı. İki Cahan Sərvəri insanları tanımaqda və onların səviyyəsini müəyyən etməkdə bir möcüzə idi. Həmsöhbətinə elə sözlərlə xitab edir ki, siz o sözlərin bəzilərinin yerini dəyişdirsəniz və ya fərqli xarakterə malik bir insana eyni ifadələrlə xitab etsəniz, aləmi bir-birinə qatar, üstəlik məqsədinizə də çata bilməzsiniz. Həm söz seçimində, həm də həmsöhbətin səviyyə və xarakterinin müəyyən edilməsində Allah Rəsulunun tayı-bərabəri yoxdur. Ona oxşar ikinci bir insan da tapmaq mümkün deyil. Kiminlə, harada və necə danışılacağını çox sürətlə təyin edir. Danışarkən fikirləşməyə ehtiyac duymur, nə lazımsa, dəqiq və aydın çatdırırdı. O, cümlədə sözləri zərgər dəqiqiliyi ilə düzür, nə artıq, nə də lüzumsuz kəlmələr işlədirdi. Hər cümləsini kəlmə-kəlmə gözdən keçirin, bir dənə də olsa, artıq sözə rast gələ bilməzsiniz. Bu fətanət deyilsə, bəs nədir? Husaynı məhz bu fətanətlə görün necə əridib muma döndərir:

Husayn sözlərini bitirincə Allah Rəsulu ədəb və zərafətlə soruşur:

– Ey Husayn, sən neçə ilaha ibadət edirsən?

– Yeddisi yerdə, biri də göydə olmaqla səkkiz ilaha ibadət edirəm.

“Göydə – dediyi qəlblərdən heç cür silinməyən Allahdı. Allah düşüncəsi vicdanlarda kök atmış elə bir inancdır ki, əsrlər sürən cahiliyyə belə onu qəlblərdən qopara bilməmişdi. Vicdan yalan danışmaz. Yetər ki, dil o vicdanın səsinə düzgün tərcüman olsun. Allah Rəsulu sual verir,  Husayn da cavab:

– Sənə bir zərər dəyəndə kimə yalvarıb dua edirsən?

– Göydəkinə.

– Malın tələf olanda kimə yalvarırsan?

– Göydəkinə.

Allah Rəsulu suallarını beləcə sıralayır və hamısında da “Göydəkinə” cavabını alır. Husayn bunların arxasınca deyiləcək cümlədən hələ bixəbərdir. Allah Rəsulu isə son nöqtəni qoyur:

– O, sənin dualarını təkbaşına cavab verir, sənsə lüzumsuz yerə Ona şərik qoşursan! Mən də elə bunu deyirəm! Müsəlman ol, qurtul![6]

Bu dialoqda sadə cümlələr seçilmişdir. Ancaq həmsöhbətin xarakteri düzgün təyin edilmişdir: Husayn Allah Rəsulunun son cümləsindən sonra deməyə söz tapmır. Bəli, Allah Rəsulunun son ifadəsi qarşısında Husaynın “Lə iləhə illəllah Məhəmmədun Rasulullah” deməkdən başqa çarəsi qalmır. Ya bu cümləni söyləyib əbədi qurtuluşu qazanacaq, ya da inadından əl çəkməyəcək, çıxıb gedəcəkdi. Başqa bir seçim mümkün deyil.

Həmsöhbətin səviyyəsinə uyğun danışma

Bədəvi səhrada yaşayır. Çox vaxt dəvəsini itirir, əşyasını bir yerdə unudur və ya bir qum fırtınasına düşür, sonra da fəryad və fəğan etməyə başlayır. Belə bir insanın halını düşünün. Bu insan dara düşəndə nə deyəcək? Hər halda, Həzrət Həmzənin bir gün gəlib Allah Rəsuluna dediklərini..! “Ya Məhəmməd! Səhrada gecənin zülmət qaranlığında anladım ki, Allah çox böyükdür, dörd divar arasına sığmaz”.

Bəli, Latın, Uzzanın, Hübəlin işə yaramadığını görən, demək olar, hər kəs eyni şeyi söyləyirdi. Çünki onların ruhun dərinliklərində bu həqiqəti hayqıran vicdan idi və vicdan doğru söyləyirdi. Neçə-neçə belə insan Allah Rəsulunun hüzuruna gəlmiş, bədəvicə suallarına ən gözəl cavablar alandan sonra hidayətə çatmış və səhabə kimi şərəfli bir məqama yüksəlmişdi.

Əhməd b. Hənbəl Əbu Təmimədən (r.a.), o da bir başqa səhabədən rəvayət edir: “Bir gün Peyğəmbərimizin hüzurunda oturmuşduq. Bu əsnada bir bədəvi gəldi. Birbaşa Allah Rəsuluna xitab edərək: “Sən Məhəmmədsənmi?” – dedi. Allah Rəsulu mülayim səslə: “Bəli, mən Məhəmmədəm”,  – dedi.

– Nəyə dəvət edirsən?

– Əziz və Cəlil olan Allaha dəvət edirəm. Amma təkcə Ona. Başqa şeyləri şərik qoşmadan bir və tək olan Allaha. O, elə bir Allahdır ki, başına bir iş gələndə Ona yalvararsan və O da sənin çətinliyini aradan qaldırar. Qıtlıq və bəla üz verəndə yalnız Ona dua edirsən. Yağışı O göndərir və otları O bitirir. Sən ucsuz-bucaqsız səhrada bir şey itirəndə Ona əl açır, Ona yalvarırsan və O da itirdiyin şeyi rastına çıxarır.

Bədəviyə deyilmiş bu sözlər necə də gözəldir! Bütün cümlələr sırf onun həyatı ilə bağlıdır. Qıtlıq, bəla, müsibət və səhranın ortasında çəkilən səfalət. Bunları yaxşı bilən bədəviyə dara düşəndə yeganə kömək və pənah yerindən – Sonsuz Qüdrət Sahibindən bəhs edir. Elə bədəvinin vicdanından da bu sədalar yüksəlir. Lakin bədəvi bu sədanın mənasını hələ qavraya bilməmişdi. Allah Rəsulu bu sözləri ilə onun vicdanından yüksələn sədanın mənasını öyrədirdi. Deyilən sözlər bədəviyə elə təsir etmişdi ki, Allah Rəsuluna təslim olub İslama girməkdən başqa çarəsi qalmamış və beyət edib səhabə olma şərəfinə çatmışdı.[7] Burada çox sadə məsələlərə toxunulmuşdur. Üslubda bəlağət və fəsahətdən istifadə edilməmişdir. Ancaq bir həqiqət göz qabağındadır ki, həmsöhbətin dünyagörüşünə tam uyğun hərəkət edilmiş və bədəvi də iman gətirmişdi…

Daşqəlbli insanları mələklərə çevirmək yer üzündə Həzrət Məhəmməd Mustafadan (s.a.s.) başqa heç kimə nəsib olmamışdır! O, Allahın bəxş etdiyi qabiliyyətləri elə yerli-yerində və məharətlə istifadə etmişdir ki, etdiyi inqilab tarixçi və sosioloqlar üçün hələ də bir müəmma olaraq qalır. Allah Rəsulunun ictimai həyat dəryasına atdığı cövhərlərdən meydana gələn dalğalar gəlib bu dövrə çatmış və əsrimizin sahillərini döyəcləməyə başlamışdır və bu, qiyamətə qədər davam edəcəkdir.

Bu gün dünyanın hər yanında insanlar axın-axın İslamı qəbul edir. Bu, Allah Rəsulunun ictimai həyat dəryasına atdığı cövhərlərdən əmələ gələn o böyük dalğaların əsrimizin sahilinə vurmasından başqa bir şey deyil. Təsir gücünü əsrlərdir itirməyən bu qüdsi cazibə başqa kimə aid ola bilər? Həzrət Məhəmməd Mustafadan (s.a.s.) başqa bu qədər cazibəsi olan ikinci bir şəxs varmı ki, onun olsun? Əsla! O ki, fəridi-kövnü zamandır.[8] Hər şey Onun hörmətinə yaradılmışdır.

Huneyndə mühacir və ənsara xitabı

Nəbilər Sultanı ən çətin problemləri çox asanlıqla həll etdiyi və çözülməz görünən məsələləri rahatlıqla və dərhal yoluna qoyduğu kimi, ən zəkalı insanları belə tərəddüdə sövq edən, hətta həyəcanlandıran ani və gözlənilməz hadisələr qarşısında soyuqqanlılığını qoruyaraq sürətlə hərəkət edir, düyünləri bir su içimində çözür və vəziyyətə hakim olurdu. Onun hər hərəkətini, hər addımını, hər cümləsini və hər sözünü diqqətlə gözdən keçirsək, bütün hərəkət, davranış və sözlərinin yerinə, saniyə və salisələrinə[9] qədər həssaslıqla nizamlandığını, planlandığını görərik. Əgər bir hərəkət bir saniyə geciksəydi və ya bir söz deyilməsəydi, bu qədər böyük müvəffəqiyyət əldə etmək mümkün olmazdı. Halbuki Allah Rəsulu heç bir hərəkətini ölçüb biçməmiş, uzun-uzadı düşünməyə macalı olmamışdı. İndi bu kimi hadisələri Onun fətanəti ilə deyil, başqa nə ilə izah edəcəksiniz?

Bəli, O, bir peyğəmbər idi, məntiqi də peyğəmbər məntiqi idi. Peyğəmbər kimi düşünür, peyğəmbər kimi hərəkət edir, bircə təşəbbüsdə də xətaya yol vermirdi. Xəta bir yana qalsın, daima müvəffəqiyyətlərin zirvəsində idi. Yəni başqa bir insanın Onun üfüqünə çatması, Onun kimi müvəffəq olması mümkün deyildi. Bu mövzuda yüzlərlə nümunə və hadisələr vardır. Amma biz ən əhəmiyyətli gördüyümüz bir nümunəni  nəql edəcəyik:

Hadisə Huneyn müharibəsindən sonra baş vermişdir. İbn İshaq nəql edir, eyni rəvayətə Buxari və Müslimdə də rast gəlirik:

Huneyn müharibəsi Məkkə fəthindən sonra olmuşdur. Allah Rəsulu burada əldə edilən qənimətlərin çoxunu yeni müsəlman olmuş insanlara vermişdi. Onların imanının oturuşmasını istəyirdi. Bunların çoxu qövm və qəbilələri arasında sözükeçən, hörmətli, izzətli insanlardı. Məkkənin fəthindən sonra bu insanların inancının dərinləşməsi fəthlərin davam etməsi baxımından da zəruri idi. Çünki bir çoxu İslamı könülsüz qəbul etmişdi. Zaman keçdikcə İslama möhkəm bağlanmasaydılar, əvvəlkindən daha təhlükəli ola bilərdilər. Bəli, bu yerdə də Allah Rəsulunun fətanəti açıq-aşkar görünür.

Huneyn döyüşündə 6000 nəfər əsir alınmış, 24000 dəvə, 40000 qoyun və keçi qənimət götürülmüşdü. Bundan başqa qənimətlər arasında 4000 oqqa ağırlığında qızıl və gümüş vardı. Allah Rəsulu qənimətlərin çoxunu məkkəlilər arasında bölüşdürmüş, bəzi şəxslərə xüsusi pay ayırmışdı. Bir az əvvəl də qeyd etdiyimiz kimi, bu insanların İslama isinişməsi zəruri əhəmiyyət kəsb edirdi. Məsələn, Əbu Süfyan və ailəsinə 300 dəvə, 120 oqqa gümüş, Hakim b. Xatimə 200 dəvə, Nadr b. Harisə 100 dəvə, Qeys b. Adiyyə 100 dəvə, Safvan b. Ümeyyəyə 100 dəvə; Xuvaytib b. Əbdüluzzaya 100 dəvə, Əqra b. Xabisə 100 dəvə; Uyeynə b. Xısna 100 dəvə və Malik b. Avfa da yenə 100 dəvə verilmişdi. Bunlarla yanaşı, bəzi qəbilə böyüklərinə də  əlli-əlli, qırx-qırx dəvə paylanmışdı.[10]

Allah Rəsulu dəvə verirdi, qızıl, gümüş verirdi, ancaq əsas məqsədi dini qorumaq və insanların qəlbini İslama isinişdirmək idi. Çünki Məkkənin fəthindən çox keçməmişdi və bəzi məkkəlilərdə bir narazılıq, bir nisgil qalmışdı. Şəhərin fəthi az da olsa, məkkəlilərin qüruruna toxunmuşdu. Qürur isə məkkəlilər üçün hər şey demək idi. Rəsulullahın Rəbbinin lütf etdiyi bu imkanı yaxşıca dəyərləndirmiş, beləcə yaralara məlhəm olmuşdu. Ancaq qənimətin bu cür bölüşdürülməsi ənsardan, xüsusilə, gəncləri bir az narahat etmişdi. Hətta bəziləri: “Onların qanı hələ qılıncımızdan damcılayır, amma bizdən çox pay alırlar”, – demişdilər. Bu isə bir fitnənin başlanğıcından xəbər verirdi. Bunu bir-iki nəfərin dilə gətirməsi mühüm deyildi. Bu fitnə vaxtında söndürülməsə idi, alovlanıb qarşısıalınmaz yanğına çevrilə bilərdi. Üstəlik Allah Rəsuluna ən kiçik etiraz belə insanı dindən-imandan çıxarar, əbədi ziyana düçar edərdi. Bu isə fitnədən daha böyük müsibət idi.

Sad b. Ubadə bu vəziyyəti dərhal Allah Rəsuluna bildirdi. Hərçənd bunu deyənlərin hamısı gənclər idi, yaşlılardan heç birinin ağlından belə bir şey keçməmişdi, ancaq qarşısı alınmazsa, böyüyə bilərdi.

Allah Rəsulu dərhal ənsarın bir yerə yığışmasını və orada başqa müsəlmanların olmamasını  əmr etdi. Ənsar toplandı və Allah Rəsulu onlara səsləndi:

“Ey Ənsar camaatı! Eşitdim ki, ürəyinizdə mənə qarşı bir inciklik var”.

Belə bir xitab toplum psixologiyası baxımından möhtəşəm başlanğıc idi. Çünki çoxu nə üçün çağırıldığını bilmir, belə bir söz gözləmirdi. Rəsulullahın xitabı onları silkələyib özünə gətirdi.

Səhabə, onsuz da, Allah Rəsuluna etiraz edə bilməzdi. Uzağı azacıq inciyə bilərdilər ki, bunun  da aradan qalxması üçün Rəsulullahın kiçik müdaxiləsi kifayət idi. Bunun əlamətləri elə ilk sözdə görünməyə başlamışdı. Bəli, Allah Rəsulunun bu ilk cümləsi azacıq incikliyi olan ənsara bərk təsir etdi. Hər kəs özünə toparladı və gözlər diqqətlə Rəsulullaha dikildi. Bundan sonra, şübhəsiz, mühüm şeylər deyəcəkdi Rəsulullah. Hər kəs diqqət və maraqla nə deyəcəyini gözləyirdi. Allah Rəsulunun bu ilk həmləsi istənilən nəticəni vermişdi, amma bir neçə həmlə də etməli idi. Əgər həmlələri hədəfə dəyməsə, faydadan çox zərər gətirə bilərdi. Beləliklə, burada tarazlığı saxlamaq da vacib idi. Bu da Allah Rəsulunun söz həmlələri:

– Mən gələndə siz zəlalət içində deyildinizmi? Allah mənim vasitəmlə sizi hidayətə çatdırmadımı?

– Mən gələndə siz kasıblıq və yoxsulluq içində zillət çəkmirdinizmi? Allah mənim vasitəmlə sizə var-dövlət nəsib etmədimi?

– Mən gələndə siz bir-birinizə düşmən deyildinizmi? Allah mənim vasitəmlə sizi bir-birinizə sevdirmədimi?

Peyğəmbərimiz hər sualını bitirdikcə bütün ənsarın səsi yüksəlirdi: “Bəli, bəli, minnət (təşəkkür) yalnız Allah və Rəsuluna aiddir!”

Peyğəmbərimiz lap vaxtında və yerində sözün məcrasını dəyişdi. Hislərin cuşa gəldiyi bu məqamda ənsar adından da danışdı. Allah Rəsulu onlardan – ən pis ehtimalla – gözlənilən sözləri də özü dilə gətirdi. Düzdür, bu, mümkün deyildi, çünki bir müsəlmanın peyğəmbərinə bu cür xitab etməsi onun məhvi deməkdi. İki Cahan Sərvəri davam etdi:

– Ey ənsar birliyi! İstəsə idiniz, mənə başqa cür də cavab verə bilərdiniz. Məsələn, belə deyə bilərdiniz: “Məkkə səni qəbul etmədi, amma biz sənə inandıq. Məkkə səndən üz döndərdi, ancaq biz sənə arxa olduq. Yurdundan çıxarıldın, biz sənə qapılarımızı açdıq. Möhtac vəziyyətdə gəldin, biz sənin bütün ehtiyaclarını təmin etdik!” Mənə bu cavabı vermiş olsaydınız, doğru söyləmiş olacaqdınız. Sizi inkar edən də olmayacaqdı.

Ey ənsar camaatı! Müsəlman olmasını istədiyim bəzi kəslərə bir miqdar dünya malı verdim deyə incidinizsə, hər kəs evinə dəvə ilə, qoyunla dönəndə siz Rəsulullahla qayıtmaq istəmirsinizmi? Nəfsim qüdrət əlində olan Allaha and içirəm ki, insanların hamısı bir vadidə, ənsar da başqa bir vadidə olsa, mən tərəddüd etmədən ənsar tərəfi seçərəm. Əgər hicrət hadisəsi olmasaydı, mən ənsardan olmağı çox arzu edərdim. Ey Allahım! Ənsarı, övladlarını və nəvələrini Sən hifz elə!”

Hər kəs hıçqıra-hıçqıra ağlayır və var gücləri ilə “Allah və Elçisi bizə yetər. Biz başqa şey istəmirik”, – deyə hayqırırdı.[11]

Allah Rəsulunun bu qısa, amma mənalı danışığı, ehtimal olunan bir fitnəni beşiyində boğması və ənsarın qəlbini bir daha fəth etməsi elə müdhiş hadisədir ki, bunu izah etmək üçün, zənnimcə, “fətanət”dən başqa çarə yoxdur…

Cümlələri, onların düzülüşünü bir-bir təhlil edin. Başlanğıc cümlə ilə beş on sətir sonra, yəni son cümlə arasında səhabənin ruhunda baş verən dəyişiklikləri ölçün, sonra bunların yüz ölçülüb bir biçilmədən vaxtında və yerli-yerində deyilməsini də buna əlavə edin və vicdanınızdan: “Bu söz sultanı kimdir?” – deyə soruşun. Hər halda مُحَمَّدٌ رَسُولُ اللّٰهِ “Məhəmmədun Rasulullah” cavabından başqa bir şey eşitməyəcəksiniz. Və vicdanını itirməmiş hər bir insan eyni cavabı öz vicdanından dinləyə bilər. Təki inadkarlıq və qərəzdən əl çəkib hadisələri daha obyektiv təhlil edə bilsin…

Biz indi bu qısa nitqi təhlil edib məsələnin təfsilatını gələcəyin bəxtiyar psixoloq və sosioloqlarına həvalə edirik. Bəli, qoy hadisəni öz sahələri üzrə izah etsinlər və Peyğəmbərimizin fətanətini başqa aspektlərdə işıqlandırsınlar.

Birincisi, bu nitq tamamilə ənsara ünvanlanmışdır. Çünki məkkəlilərin və mühacirlər onlar kimi düşünməmişdilər. Başqa sözlə, onlar belə bir müraciəti ilk anda anlamazdılar. Beləliklə, onların orada olması ənsarın diqqətlə dinləməsinə, hadisənin mahiyyətini dərk etməsinə mənfi təsir göstərərdi.

İkincisi, təkcə ənsarın bir yerə toplaşması onlar üçün bir mənada şərəf idi: Peyğəmbərimizlə bir arada olmaq və başqalarının bu yığıncağa çağırılmaması onlara müsbət mənada ciddi təsir etmişdi.

Üçüncüsü, Rəsulullahın bəzi sözləri məkkəliləri və mühacirləri küsdürə bilərdi. Məsələn: “Hər kəs evinə dəvə ilə, qoyunla dönəndə”  ifadəsi ..

Dördüncüsü, sözünün sonunda ənsarı tərifləyir və onlara dua edir. Bu, yurd-yuvasını atıb hicrət edən mühacirlərə ağır gələ bilərdi.

Beşincisi, bu nitqin ərəbcə orijinalı bəlağət və fəsahət baxımından da mükəmməldir.

Altıncısı, ifadələrin əvvəlində dinləyənləri silkələyib daha sonra onları yaxşıca yumşaltması, onların adından danışmaqla da onları sadəcə dinləyici vəziyyətində qoyması mükəmməl metoddur.

Yeddincisi, sözlərin vəziyyəti nəzarət altına almaq üçün deyil, ixlas və səmimiyyətlə deyilməsi ənsara başqa söz söyləməyə macal verməmişdi ki, bu da nəticənin əldə edilməsində çox əhəmiyyətli idi.

Səkkizincisi, sözlərin birbaşa və bədahətən deyilməsi təsirini daha da artırmışdır.

Bunlar və deyilməmiş bir çox məqamlar göstərir ki, Allah Rəsulu öz nəfsi ilə deyil, əksinə Ona bəxş edilmiş fətanətin vəhy və ilham yüklü mənaları ilə söz söyləyir və problemləri həll edirdi.


[1] Hicabı nurdur. (Başqa bir rəvayətdə atəşdir) Əgər onu açmış olsa, vəchinin sübuhatı(cəlalı), basarının(gözünün) əhatə etdiyi bütün məxluqatını yandırardı.” (Müslim, İman  293-294; İbn Macə, Müqəddimə 13; Əhməd b. Hənbəl, əl-Müsnəd, 4/401.)

 

[2]Rəhman surəsi, 55/4.

[3] İbn Həcər, əl-Mətalibül-aliyə, 3/214.

[4] Qazi İyaz, əş-Şəfa, 1/67.

[5]İbn Hişam, əs-Siratün-nəbəviyyə, 2/18-19; Təbəri, Tarixül-üməm vəl-müluk, 1/526.

[6]İbn Həcər, əl-İsabə, 2/87.

[7]Əhməd b. Hənbəl, əl-Müsnəd, 4/65. (Hədis, kiçik fərqlərlə Əbu Davud, Libas 25-də də keçir.)

[8]Bütün varlığın və zamanın yeganəsdir

[9]Saniyənin altmışda biri

[10]İbn Sad, ət-Tabaqatül-kübra 2/152-153.

[11]Buxari, Mənaqibül-ənsar, 1-2; Məğazi 56; Müslim, Zəkat, 132-140; Əhməd b. Hənbəl, əl-Müsnəd, 3/76-77; İbn Hişam, əs-Siratün-nəbəviyyə, 5/169-177; İbn Kəsir, əl-Bidayə vən-nihayə, 4/355-360.



Açar sözləri

ağıl fətanət məntiq söz

Bənzər məqalələr

Ağıllı və aciz insan

“Ağıllı insan, daim öz nəfsini qınayan və ölümdən sonrakı həyat üçün çalışandır. Aciz insan isə, öz nəfsinin arzu-istəklərinə boyun əyib onun ardınca gedən və buna baxmayaraq Allah Təalanın onu bağışlayacağına ümid bəsləyəndir.”

Peyğəmbərimiz və söz

Allah Rəsulunun söz sənətinə hakim olması peyğəmbər fətanətinin bir yönünü təşkil edir. Bəli, O, söz sultanı idi. Allah Onu ilahi kəlama tərcüman olmaq üçün göndərmişdi yer üzünə! Bu günə qədər hər kəs səviyyəsinə görə xeyli gözəl söz söyləmişdir, amma Söz Sultanının (s.a.s.) sözlərində bir başqa dərinlik, bir başqa ləzzət, bir başqa şirinlik vardır.

Allahın mahiyyətini ağılla qavramaq olarmı?

Əvvəlcə bunu aydın dərk etmək lazımdır ki, bir şeyin var olduğunu bilməklə mahiyyətini bilmək arasında fərq var. Kainatda çox şey var ki, ağıl onların var olduğunu açıq-aşkar bildiyi halda, mahiyyətini qavraya bilmir. Məsələn, insan yerin cazibə qüvvəsini bilməsinə, hətta o qanuna tabe olmasına baxmayaraq, onun mahiyyəti haqda məlumatı yoxdur.

Söz – əməl bütövlüyü

Siz insanlara yaxşı işlər görmələrini əmr etdiyiniz halda, özünüzü unudursunuz? Halbuki özünüz kitab (Tövrat) oxuyursunuz. Məgər (çirkin əməllərinizi) başa düşmürsünüz? {“Bəqərə” surəsi, 2/44}


Şərh yaz