2. 932 dəfə oxunub ,   0 şərh   Çap et

İnsan yaşadığı həyatı və hadisələri hiss etmək və bunların fərqində olmaq üçün nə etməlidir?  

İnsan əşya və hadisələrin “dilini” düzgün oxumalı, doğru anlamalı, həmişə makro və mikro aləmi haqqında təfəkkür etməli, bilik “heybə”sini yeniliklərlə doldurmağa çalışmalıdır. İstədiyi əşyanı almaq istəyən uşaq özünə verilən xərclikləri yığaraq hədəfinə çatmağa çalışır. Bunun kimi inandım deyən mömin də hər gün yeni şeylər öyrənərək mənəviyyatını inkişaf elətdirməyə çalışmalıdır.

Bir müddət sonra dini elmlərdə biliklərini artıran, öz üzərində işləyən möminin mərifət dünyası zənginləşməyə başlayacaq. Daxili aləmi zəngiləşdikcə mənəvi məsələlərə rəğbəti və sevgisi artacaq. Sevgi artdıqca daha çox şey öyrənmək istəyəcək. Mərifət məhəbbəti, məhəbbət də Allaha qovuşma iştiyaqını[1] artıracaq.[2] Bu cür yüksəliş əbədi həyat, yəni axirət yurdu üçün əhəmiyyətli sərmayəyə çevriləcək.

Afaqi və ənfüsi təfəkkür[3]

Əvvəlcə təfəkkür kəlməsinin nə mənaya gəldiyinə nəzər salaq. İnsan fərqində olmadan bəzi kəlmələri sözgəlişi işlədir. Təfəkkür sözünün lüğəvi mənası hər hansı mövzuda, geniş, dərin və sistemli düşünmək deməkdir. Dini termin olaraq təfəkkür, varlıq pəncərəsindən Allahın isim və sifətlərini görə bilməkdir. Bu pəncərəyə və pəncərədən baxmağa bənzəyir. Pəncərəyə baxmaqla pəncərədən baxmaq eyni şey deyil. Pəncərəyə baxanlar ləkələri, pəncərədən baxanlar isə, gözəllikləri görərlər. 

Ənfüsi təfəkkür insanın özünə baxaraq düşünməsidir. İnsan sadə nəzərlə öz anatomiyasına baxaraq ənfüsi təfəkkür etsə, çox fərqli şeylər görə bilər. Məsələn, insanın ağzı, burnu və sair orqanları hərəsi öz yerindədir. Üstəlik hər bir orqan ondan gözlənilən funksiyanı, vəzifəni qüsursuz şəkildə icra edir. Nəfəs alıb-vermək, yemək yemək, fasiləsiz və səlis danışmaq; beyin, sinir sistemi və orqanlar arasındaki siqnal və direktivlərin sürətli və ahəngli ötürülməsi kimi fizioloji fəaliyyətlər ənfüsi təfəkkürə az da olsa qapı aralayır.  

 Eyni şəkildə varlıq və kainatın insanın düşüncələri, gözləntiləri və ehtiyacları ilə tam uyğunluq göstərməsi, kainatdakı hər bir varlığın ehtimal hesablarını da aşan nisbətdə mükəmməl və əlaqəli olduğu digər varlıqlarla tam ahəng içində yaradılması, kainatın kiçik bir xülasəsi olan insana bəxş edilən təchizat və qabiliyətlər hər şeyi proqramlayan, nizama salan Nazimin (nizamlayıcının) varlığına açıq dəlildir.

Təəssüf ki, bəzi insanlar bu açıq-aydın ayələri, işarələri görə və oxuya bilmir, həyatını yalnız bu dünyaya həsr edirlər. Kor-koranə və mənasız ömür sürürlər. Bitməz-tükənməz arzuların (tuli-əməl) xəyalı ilə sonsuzadək yaşayacaqmış (təvəhhümi-əbədiyyət) kimi hərəkət edirlər. Bu qəbil insanlar nəzərə almadıqları çox ağır məsələlərlə axirətə gedəcəklər. (Allah qorusun!) Buna görə rəhməti sonsuz Rəbbimiz insanları, onların gözündə həyatı xoşagəlməz edən və acı verən bəzi xəstəliklərə, bəlalara, müsibətlərə düçar edir. Beləcə insanlarda kök salmış bu mənfi hisləri uzaqlaşdırmağa, düşdükləri qəflətdən ayıltmağa, bir daha əsl yaradılış qayəsini gözdən keçirməyə sövq edir.  

Əslində insana bəxş edilən ömür illəri, ayları, günləri, saatları mənasız bir şəkildə bir-birinə calamaq üçün verilməyib. Ömür ciddi şəkildə təhlil edilərək, düşünərək, hiss edərək yaşamaq üçün gərək olan ilahi nemətdir.  Bu insan olmağın ayırdedici özəlliyidir. Bununla insanın mahiyyəti və yaradılışı dəyər qazanır.  Bunu dərk etmək insanı mələklərdən də üstün hala gətirir. Əks halda isə onu heyvandan aşağı səviyyə salır.[4] Çünki heyvanlar üçün zaman məfhumu bir məna kəsb etmir. Buna görə də onlar qeyri-iradi davranışlarla şüursuzca həyatlarını başa vurular. Mələklər də zamanın fövqündə yaşayırlar.[5] Bu aspektdən baxdıqda, tarixdə iz qoyan insan və davranışlarıdır. Sadalanan həqiqətdən uzaq keçirilən ömür, əslində yaşanılmış sayılmır.

Mömin maddi bədəni ilə yanaşı mənəviyyatını da qidalandırmalıdır. Nəfsini anlamağa çalışmalı, ruhunu düşünməli və bunların Allah ilə əlaqəsinə nəzər yetirməlidir. Bir çox ağıllı elə insanlar var ki, inkar və zəlalət bataqlığına doğru addım-addım gedirlər. Məntiq və mühakimə qabiliyyəti çox dərin elə insanlar var ki, əfsuslar olsun, Qurani-Kərimdən və Həzrət Məhəmməddən (s.a.s.) bixəbərdir. Mömin isə bunlardan fərqli olaraq ilahi lütflə iman etmişdir. Buna da şükür etmək lazımdır. Mömin Allahın qarşılıqsız bəxş etdiyi hidayət nemətinin qədrini bilməli, həmişə onu artırmağa çalışmalıdır. İman cücərməyə meyilli toxum kimidir. Mömin də öz imanı üzərində işləməli, əks təqdirdə bir müddət sonra çürüyə biləcəyini unutmamalıdır.

İnsan həyatı və ətrafında baş verənləri anlamağa çalışmalı və təfəkkür edərək diqqətli yaşamalıdır ki, ayağı büdrəyib yolda qalmasın. Bunun üçün geridə buraxdığı illəri (keçmişi), içində olduğu anı (indini) və gələcək planlarını (gələcəyi) süzgəcdən keçirərək təhlil etməlidir. Buna fərqindəlik də demək olar. Bəli, mömin maddi və mənəvi yönü ilə həm özünün, həm də ətrafında baş verənlərin fərqində olmalıdır. Bir tərəfdən aciz, gücsüz, hər yönü ilə möhtac olduğunu dərk edərək Yaradanına yönəlməli, o biri tərəfdən də insan-kainat (içində yer alan hər şey) münasibətini tənzimləməlidir.

Mömin əşya və hadisələrə baxışını tənzimləmək üçün ölçü (nümunə) olaraq, hər yönü ilə rəhbərimiz sayılan Həzrət Muhammədin (s.a.s.) həyatına nəzər salmalıdır. Məsələn: O (s.a.s.), həmişə ətrafındakı gözəl şeyləri görmək və eşitmək istəmişdir. Səfərdə olduğu zamanlarda qarşılaşdığı yer və dağ adlarından məna çıxarmış, baş verən hadisələri xeyrə yozmuşdur.[6] Allahın qəzəbinə tuş gələrək həlak olmuş qövmlərin yurdlarından sürətlə keçmişdir. Bəzi dağ-təpə adlarını yeniləri ilə əvəz etmişdir. Hətta bəzi səhabələrin adlarını dəyişmişdir. Bütün bunlar Onun (s.a.s.) nə qədər diqqətli yaşadığını, ətrafında baş verən hadisələr qarşı nə qədər həssas yanaşdığının bariz nümunələridir.

Əşyanın mələkuti[7] cəhəti

Bu dünyada hər şey ilahi plan və proqram daxilində cərəyan edir. Bu gün əksər insanlar (inananlar da daxil) yaradan olaraq Allahın varlığını qəbul edir. Ancaq kainatı, əşya və hadisələri birbaşa idarə edənin O olduğu xüsusunda bir inanc boşluğu var. Halbuki, kainatda təsadüfi meydana gələn heç bir hadisə yoxdur. Müsəlman buna inam etməlidir. Məsələn, əlimizdəki iynənin gözünə sap keçirərkən qəfildən iynə əlimizdən düşərsə, bunu təsadüfi baş vermədiyini bilməliyik. Misalları artırmaq olar. Stəkana çay süzərkən çatlaması, yanan lampanın partlaması, ayağımızın qəfildən büdrəməsi və s. Bəli, ətrafımızda baş verən heç bir hadisə təsadüfi olmur, əksinə hər bir şey qədər proqramına uyğun işləyir. Ancaq imanda dərinləşərək hadisələrin pərdə arxasındakı bu həqiqəti anlamaq və görmək mümkündür.

Buna başqa bir misal: Bir insanı iclasda çıxış edərkən qəfildən tərləsə,  üzərinə ağırlıq çöksə, əli toxunaraq su stəkanı yerə düşsə, yolda yürüyərkən ayağı büdrəsə, bilmək lazımdır ki, bunlar hər biri işarədir. Bu cür hadisələrə xəta və yanlışlara görə edilən xəbərdarlıq kimi baxmaq lazımdır. Ayədə ifadə edildiyi kimi, başa gələn hər bir müsibət, öz əllərimizlə hörüb başımıza keçirdiyimiz papaq kimidir.[8] Əgər  baş verən hadisələrin sadəcə zahiri tərəfinə baxıb, səbəb axtararsaq düzgün nəticə çıxarmaq çətinləşər. Halbuki hadisələrə geniş perspektivdən baxsaq, maddi səbəblərin yanında mənəvi yönünü də görə bilərik.

Bir yerimiz ağrıyanda zahiri səbəblərlə baxaraq müalicə almalıyıq. Öz bədənimiz də bizə aid deyil, əmanətdir. Verilən əmanəti  qorumaq üçün də “müalicə olunmaq” vacibdir. Fəqət, maddi səbəblərə ilişib qalsaq, baş verən çətinliyin arxasındakı əsas təsiredici Müsəbbibul-əsbabı (əsl səbəbkarı) görməsək xəta etmiş olarıq. Başa gələn müsibətlər, bizim mənəvi büdrəməyimizin nəticəsi ola biləcəyi üçün, insan dərhal tövbə və istiğfara yönəlməli, Allahdan əfv, bağışlanma diləməlidir. Bəli bunların hamısı, doğru oxuya bilənə, bir işarədir. Əgər başa dəyən toxmaqla qəflətdən oyanmasaq daha böyük çətinliklərlə üzləşə bilərik.

Məruz qaldığımız hər çətinlik, sıxıntı rəhmət dəryasının damlası kimi görülməli, bizi Allaha yaxınlaşdırmalıdır. Bu dünyada verilən kiçik cəzalar bizim günahlarımızın bu dünyada bağışlanmasına, axirətə qalmamasına vəsilə ola bilər. Unutmayaq ki, axirətin cəzası daha şiddətlidir. Bəzən zahirən kədərli görünən hadisələr Allahın rəhmət təcəlliləri ilə dolu olur. Bu cür baxmağı öyrənmək hadisələri yaxşı təhlil etməyə, fiziki dünyadan metafizik aləmə açılan mənfəz və kanalları görə bilməyə bağlıdır. Belə olarsa, edilən xəbərdarlıq özümüzə gəlməyimiz üçün fürsətə çevrilər.   

Əşya və hadisələrin arxasındakı sirli pərdəni aralayaraq əsl səbəbkarın kim olduğunu dərk etsək, maddi səbəblərə ilişib qalmarıq. Uca Allaha yönələr, ona təvəkkül edərik. Bu şəkildə formalaşan təvəkkül duyğusu acizlik deyil. Əsl “mühərrikin” kim olduğunu dərk etməkdir. Bu, subyektiv fikirdir. Hər kəs başa düşməyə bilər. İmani mövzularda dərinləşən şəxslər nə deyilmək istədiyini imanlarının dərinliyi nisbətində hiss edərlər. 

Bəzən elə olur ki,  əşya və hadisələrin hikmətlərini həmin an tam qavraya bilmirik. Yəni Qüdrəti Sonsuzun rəhmət təcəlliləri bəzən tam idrak edilmir. Belə hal baş verdikdə, Allahın – haşa – əbəs iş görməyəcəyini düstur kimi qəbul etməli və nəticəni görmək üçün səbir etməliyik.    

 Sistemli və metodlu yaşamaq

Yaşadığımız cəmiyyət çox sürətlə inkişaf edir . İnsanlar harasa, nəyi isə yetişdirmə çalışdıqları üçün bir işdən başqa bir işin dalınca qaçırlar. Belə olan təqdirdə də, insanlar fərqində olmadan ətrafda baş verən hadislərdən bixəbər qalır, çox şeyi itrirlər. Yaşadığımız həyatın fərqində ola bilmək, həyatı süzərək, hiss edərək və düşünərək yaşamaq istəyiriksə, onu yenidən çərçivələməli, proqramlamalı və ciddi şəkildə sistemləşdirməliyik.

Əgər görüləcək işləri aramızda ədalətli bölüşdürsək, işdə yardımlaşsaq, iş vaxtını düzgün tənzimləsək, görüləcək işlər planlaşdırsaq və konkret olaraq həmin işlərə diqqətimizi yönəltsək, telekommunikasiya əsrinin töhfəsi olan “sürət” lehimizə işləyər.

Laqeyidliyi, ləng hərəkət etməyi bir tərəfə qoyaraq potensialımızı səmərəli istifadə etməli, görüləcək işi vaxtında tamamlamaq üçün sistemli və metodlu yaşamalıyıq. Gün ərzində müxtəlif vaxtlara təyin edilən beş vaxt namaz möminlərə vaxtdan səmərli və düzgün istifadə etməyi və planlı, proqramlı yaşamağı öyrədir.

Aşağıdakı xüsuslara diqqət etmədikdə nə qədər çalışqan olsaq da fərqində olmadan gündəlik hadislərin arasında “əzilər”, gördüyümüz iş bizdə yorğunluq və bezginlik yaradar, işimiz və qarşılaşdığımız problemlərlə bağlı düzgün düşünə və doğru qərar qəbul edə bilmərik. Bu da öz növbəsində görülən işin faydalılığını azaldar, nəticədə əliboş, qanadı qırıq yolda qalarıq.

Bu nöqteyi-nəzərdən əgər yaşadığımız həyatı gözəl dəyərləndirmək və faydalılıq əmsalını artırmaq istəyiriksə, mütləq sistemli, proqramlı və metodlu işləmək məcburiyyətindəyik. Bu cür işləməklə, bizdən on qat sürətli işləyən birindən daha çox kar əldə edər, hədəfə daha qısa yoldan çatar, nisbətən az enerji sərf edərik.

Həyatı süzərək yaşamaq üçün tarazlığa da diqqət etmək lazımdır. Yemək yeməkdən yatmağa, çalışmaqadan ibadətlərə qədər edilən bütün işlərdə həssas bir nizam-intizam olmalıdır. Biri digərinə mane olmamalıdır. Nə bədənin təbii ehtiyacları, nə ailə həyatı, nə sosial vəzifələr, nə də Allaha qarşı məsuliyyət ehmal edilməməlidir. Tarazlığı pozmadan və hər haqq sahibinin də haqqını vermək lazımdır.

Quranı-Kərimin, “Elə ki, bir işi qurtardın, qalx başqa işə bax.”[9] əmrinə əsasən, bir işdən yorulanda başqa bir işə yönəlmək lazımıdır. Bu prinsipə riayət etsək bir çox işi birlikdə görə bilərik.

Həyatın planlı və proqramlı yaşanması eynı zamanda ilahi əxlaqa yiyələnmənin bir gərəyidir. Çünki Rəbbimiz kanatı yaradarkən müəyyən plan və proqramla yaratmışdır. Dində buna qədər deyilir. İnsanın görmə, eşitmə, həzm, tənəffüs sistemindən, yer, ay, günəşə, oradan qalaktikaların hərəkətinə qədər hər şey Allahın sonsuz elmi tərəfindən ortaya qoyulan müəyyən proqrama görə, sistem və uyğunluq içərisində hərəkət edir. Uca Allah bəndələrində öz əxlaqı ilə əxlaqlanmağı tələb edirsə, insanlara düşən vəzifə də onun qədər proqramına uyğun şəkildə hərəkət etməkdir.

İnsan kiçik bir daxma tikmək üçün əvvəlcə onun sxemini cızır. Böyük bir binanın inşaatına başlamadan öncə ərazi yaxşı araşdırılır və təməl ona görə atılır. Eyni şəkildə toxum tarlaya necə gəldi əkilmir. Torpağın tərkibi analiz edilir, sulama imkanları gözdən keçirilir, daha sonra yer şumlanır, dırmıq çəkilir və ən sonda toxum səpilir. Yəni şüurlu şəkildə müəyyən ardıcıllığa riayət olunur.

İnsanın yaşadığı ömürlə müqayisədə bu işlər əslində çox sadədir. Yaradılış qayəsi bu dünyanı tramplin kimi istifadə edərək axirət yurdunu qazanmaq olan mömin kor-koranə həyat yaşaya bilməz. Buna görə də o, atdığı və atacağı addımları ciddi şəkildə götür-qoy etməlidir. Bir sonrakı addımının ona nə qazandırıb-itirəcəyini bilməlidir ki, hesab günü başıaşağı, üzüqara olmasın.


[1] İştiyaq “şövq, həvəs, şiddətli arzu, həsrət” deməkdir. 
[2] Həzrət  Ənəs (r.a.) nəql edir: Rəsulullah (s.a.s.): “Kim Allaha qovuşmağı istəyərsə, Allah da ona qovuşmağı istəyər. Kim də Allaha qovuşmaqdan xoşlanmazsa, Allah da ona qovuşmaqdan xoşlanmaz.” – dedi. Bunu eşidincə mən: “Ya Rəsulullah! Heç kim ölmək istəmir” – dedim. Belə cavab verdi: “Bu, ölümdən xoşlanıb-xoşlanmamaq məsələsi deyil. (Demək istədiyim budur ki) Mömin ölüm anında Allahdan müjdə alanda, artıq onun üçün Allaha qovuşmaqdan daha sevimli bir şey olmaz. Möminin həmin andakı iştiyaqına müqabil Allah da ona qovuşmaq istəyər. Facir (günahlara batmış, tövbə etməmiş fasiq) və kafir, ölüm anında – bir az sonra qarşılaşacağı – pis vəziyyəti gördüyündən ötrü, Allaha qovuşmaq istəməz, onun bu xoşnudsuzluğuna qarşı Allah da ona qovuşmaqdan xoşlanmaz.” ( Buxari, Riqaq: 41; Müslim, Zikir: 15; Tirmizi, Cənazələr: 67; İbn Macə, Zöhd: 31.)
[3] Afaq üfüq, ənfus da nəfs sözünün cəm şəklidir. İnsan bu iki növ təfəkkürü etməklə mükəlləfdir. Quranda bu iki təfəkkür əksər hallarda birlikdə sadalanır. Bax: Göylərin və yerin yaradılışı, dillərinizin və rənglərinizin müxtəlifliyi də Onun dəlillərindəndir. Həqiqətən, bunda bilənlər üçün ibrətamiz dəlillər vardır! ( Rum surəsi 30/22)
[4] Tin surəsi 95/4-5.
[5] Məaric surəsi 70/4.
[6] Buna təfəül deyilir. İslamda ancaq xeyrə yozma var, şərə yozma yoxdur.
[7] Gözlə görülməyən aləm, ruh və məna aləmi.
[8] Baxın: Şura surəsi, 42/30.
[9] İnşirah surəsi, 94/7.



Bənzər məqalələr

Düşüncə qabiliyyəti və oruc

Orucun beyin hüceyrələrinə bu baxımdan müsbət təsiri çoxdur. Çünki oruc əsnasında çoxlu miqdarda qan qəbul edən beyin daha dinamik və fəal işləyir.

Qurandan faydalanmaq

Qurandan faydalanmaq üçün nələrə diqqət etmək lazımdır?

Orucun xatırlatdıqları

Nemətə səbəb olana təşəkkür edib, bu nemətin həqiqi sahibi olan Allahı unutmaq, qiymətli hədiyyə gətirən elçinin əlini öpüb, hədiyyə sahibini tanımamaq kimidir.


Şərh yaz