Mənəviyyata Açılan Pəncərə

Fil hadisəsi

Abdulmuttalibin başqa bir qayğısı da var idi. Həbəşistan məliki (kralı) Nəcaşinin Yəməndəki valisi Əbrəhə ordusunu toplayıb Kəbəni dağıtmağa gəlirdi. Bu adam insanların ibadət məqsədi ilə Kəbəyə üz tutmasına qısqanclıqla yanaşır, alternativ kimi öz torpaqlarında yerləşən Sənada böyük məbəd tikdirir. Ehtişam və əzəmətini tamamlamaq üçün bütün imkanlarını səfərbər etmiş və məbədi o dövrün ən məşhur bəzəkləri ilə süslətmişdi. O, bunları edərkən Bizans imperatorundan da dəstək alırdı. Məqsədi həcc ibadəti üçün Kəbəyə gedən insanların istiqamətini bu kilsəyə tərəf döndərmək idi. Bunu Həbəşistan hökmdarı Nəcaşiyə yazdığı məktubda açıq-aşkar bildirirdi:

− Ey məlik! Sənin üçün elə bir kilsə inşa etdirdim ki, səndən əvvəl heç bir məlik üçün ona oxşar məbəd tikilməmişdir. Həcc vəzifələrini yerinə yetirmək üçün ərəbləri bura cəlb etməyincə niyyətimdən əsla dönməyəcəyəm.[1]

Ancaq bünövrəsi təqva və səmimiyyətlə qoyulan bir məkana (Kəbəyə) alternativ məbəd tikdirib insanların ayağını oradan kəsmək mümkün deyildi. Eyni zamanda bu dəvəti heç kim qəbul etməmişdi.

Həccə gələnlərin yönünü dəyişdirmək üçün Əbrəhənin kilsə tikdirdiyini eşidən Kinanəoğullarından bir nəfər xəlvətcə gedib həqarət məqsədilə həmin kilsənin içini və çölünü murdarlamış, üstəlik əlinə keçən pis, murdar şeyləri gətirib kilsənin içinə tökmüşdü.

Bu hadisə Əbrəhəni hövsələdən çıxarmış, səbir kasasını daşdıran son damla olmuşdu. O dərhal böyük ordu hazırlanması əmrini verir.

− Şübhəsiz ki, ərəblər bu kilsənin öz evlərinə bənzədiyi üçün bunu tikdilər, and olsun ki, mən də onların Kəbəsindəki daşları bir-bir söküb yerlə-yeksan edəcəyəm,[2] − deyərək təhdid edirdi.

Əbrəhə Həbəşistan hökmdarı Nəcaşiyə ünvanladığı məktubunda ondan bu hücumda istifadə etmək üçün Mahmud adlı məşhur filini göndərməsini istəmişdi.

Əbrəhə altmış min nəfərlik böyük bir ordu hazırlayıb Məkkə üzərinə yürüşə başlayır. Orduda fillər də var idi. Məlikin  göndərdiyi Mahmud adlı filə şəxsən özü nəzarət edirdi.

Məkkənin yaxınlığındakı Muğammıs adlı yerə çatanda  orduya dayanmaq əmri verən Əbrəhə Əsvəd ibn Maqsud adlı sərkərdəsinin başçılığı ilə Məkkəyə bir dəstə öncül qüvvə göndərir. Məkkə hüdudlarına qədər soxulan bu hərbi dəstə  Qureyşə,  Hüzeylə və Tihaməlilərə məx­­­sus qiymətli mal-dövlət və sürüləri,  həmçinin o dövrdə  Məkkənin rəhbəri olan Abdulmuttalibin iki yüz dəvəsini qəsb edərək geri qayıdır. Qureyş, Hüzeyl və Tihaməlilər bu hadisə ilə qapılarını dö­yən təhlükədən xəbər tutmuşdular. Ancaq gələn ordunun gücünü eşidən­­­­­­də heç nə edə bilməyəcəklərini başa düşmüş, çarəsizlik içində gözləməyə başlamışdılar.

Əbrəhə bundan sonra Hunata adlı bir elçi ilə Abdulmuttalibə bu xəbəri göndərmişdi:

− Mən sizinlə döyüşmək üçün gəlməmişəm. Mənim gəlişimin məqsədi Kəbəni dağıtmaqdır. Əgər bu məsələdə mənə qarşı çıxıb mane olmasanız, mənim də sizinlə heç bir işim olmayacaq.

Elçi bu xəbəri Abdulmuttalibə çatdıranda aldığı cavab  gözləniləndən çox fərqli idi:

− Vallah, bizim də onunla döyüşmək fikrimiz yoxdur. Heç buna gücümüz də çatmaz. Bu ev isə Allahın haram evi və Onun xəlili İbrahimin yadigarıdır. Əgər bu evi qoruyacaqsa, yalnız O qoruyacaqdır. Əgər Allah dağıtmasına icazə verəcəksə, bu gün onu qorumaq üçün  bizim edə biləcəyimiz  heç bir şey yoxdur.

Hunata Abdulmuttalibin də onunla birlikdə getməsini istəmiş və o da yola düşüb  Muğammısa qədər getmişdi. Əbrəhənin niyyəti aydın idi və bu məqsədini həyata keçirmək üçün səfərə çıxanda səbəblər baxımından qarşısında dayanacaq heç bir güc yox idi. Ancaq çıxmayan candan da ümid kəsilməz. Abdulmuttalib bu vəziyyətdə də bir yol arayırdı. Əvvəlcə yaxın adam axtarır və Zi-Nəfr adlı keçmiş bir dostunun da burada olduğunu öyrənir. Sevinmişdi, ancaq Zi-Nəfr adlı bu adam da Əbrəhənin əsirləri arasında idi. Yenə də Abdulmuttalib Zi-Nəfrdən Əbrəhə ilə görüşüb onu bu işdən imtina etdirmək istəyir.

− Ey Zi-Nəfr! Bu işə mane olacaq bir yol tapa bilməzsənmi? − deyir.

− Səhər-axşam − nə vaxt öldürüləcəyi bilinməyən bir əsir nə edə bilər ki? Bu vəziyyətdə sizin üçün heç nə edə bilmərəm, − deyə cavab verir Zi-Nəfr. Sonra da:

− Ancaq fillərə baxan çoban mehtər mənim dostumdur. Ona xəbər verib sizin istəklərinizi məlikə çatdırmaq, haqqınızı qorumaq və məliklə danışmaq üçün şərait hazırlamaq xüsusunda  ondan kömək istəyə bilərəm, − deyir.

Belə şəraitdə hər bir işarə böyük ümid idi və dərhal həmin adama xəbər çatdırılıb  məqsəd bildirilir. Artıq həmin adam Əbrəhənin qarşısında idi:

− Ey məlik! Bu adam Qureyşin rəhbəridir, hüzuruna gəlmək üçün səndən izin istəyir. O, eyni zamanda Məkkə karvanlarının sahibi insanlara bol-bol ikram edən, hətta dağların yırtıcı heyvanlarına da yemək paylayan şərəfli bir şəxsdir. Onu qəbul edib danışsanız, sizə istəyini ərz edərdi, − deyir.

Görüş istəyi qəbul edilir. Əbrəhə iri gövdəli, heybətli və yaraşıqlı olan Abdulmuttalibi qarşısında görəndə əvvəlcə ona ehtiram göstərir, oturduğu hündür mövqedən düşüb ona yaxınlaşır, Abdulmuttaliblə birlikdə yerdə oturur və tərcüməçi vasitəsilə soruşur:

− Nəyə ehtiyacın var, məndən nə istəyirsən?

Cavab adət etdiklərindən fərqli  idi:

− Məndən götürülən və şəxsi əmlakım olan iki yüz dəvəni qaytarmağını istəyirəm.

Əbrəhə heyrətlənir. Bu, necə rəhbər idi! O, bura qarşısıalınmaz bir ordu ilə gəlmişdi, onun rəhbərlik etdiyi bölgəni yerlə-yeksan edəcəyini hayqırırdı. Amma qarşısındakı bu rəhbər şəxsi malının  arxasına  düşmüş, baş verəcək hadisələrə laqeyd yanaşırdı.

− Doğrusu, səni ilk dəfə görəndə görkəmindən təsirlənmişdim,− deyə Əbrəhə əvvəl düşüncəsini  dilə gətirir və  əlavə edir:

− Lakin səninlə danışdıqca başa düşdüm ki, fikirləşdiyim kimi deyilmişsən. Səndən götürdüyüm iki yüz dəvəni məndən istəyirsən, amma sənin və babalarının ibadətgahı olan bir evi dağıtmaq üçün gələn bir ordudan heç nə demirsən.

Abdulmuttalib təmkin və ciddiyyətini dəyişmədən bü­­­­­­tün səmimiyyəti ilə:

− Mən yalnız dəvələrimin sahibiyəm. Şübhəsiz, o evin də onu qoruyacaq bir Sahibi var, − deyir. Bu cavab “Bu anda “istədiyim hər şeyi edərəm” deyə düşünürsən, amma iş sənin zənn etdiyin qədər asan deyil” mənasına gəlirdi. Çünki güc və qüvvətin həqiqi sahibinə sığınan zəifə Onun xaricində heç bir güc zərər verə bilməzdi və Abdulmuttalib Əbrəhəyə məhz bu gücü xatırladırdı.

Təbii ki, Əbrəhə əsəbiləşir:

− Onu məndən heç kim qoruya bilməz, − deyə qəzəblə  qışqırır…

Təmkinini pozmayan Abdulmuttalib arxayın səs tonu ilə və “bunu zaman göstərəcək” mənasında:

− Madam ki elədir, buyur, bu ev, bu da sən, − deyir. Kəlmələri ilə, sanki: “Madam, elədir, nəticəsinə də qatlanarsan,” − deyirdi.

Vəziyyət olduqca gərginləşmişdi. Aldığı cavablardan qəzəblənən Əbrəhə buna rəğmən, Abdulmuttalibin dəvələrinin  qaytarılmasını əmr edir.

Yenidən Məkkəyə qayıdan Abdulmuttalib əhalini yığıb vəziyyətin təhlükəli olduğunu xəbər verir və təhlükələrdən xilas olmaq üçün hər kəsin Məkkəni tərk edib dağlara sığınmasını istəyir. Sonra Məkkənin nüfuzlu adamları ilə birlikdə Kəbəyə gəlir. Qapının halqasından tutur, Əbrəhə ordusuna qarşı onlara kömək etməsi və Hz. İbrahimin əmanətinə sahib çıxa bilmək üçün birlikdə, saatlarla Rəhim olan Allaha dua edir, yalvarırlar. Daha sonra onlar da Kəbəni tərk edib dağlara qalxır, gözləməyə başlayırlar.

Digər tərəfdən də Əbrəhə ordusunu hazırlamış və Kəbəni dağıtmaq üçün hərəkət əmrini vermişdi. Ancaq ordusunda onun əmrinə tabe olmayanlar da var idi. Fillərə baxan Nüfeyl ibn Həbib böyük ümid bəslədikləri Nəcaşinin hədiyyəsi − Mahmud adlı filin qulağına əyilərək:

− Olduğun yerə çök və qətiyyən qalxma! Sonra da sağ-salamat gəldiyin yerə qayıt. Çünki sən Allahın haram bölgəsindəsən, − demişdi.

Firon xanədanında mömin vəsfləri daşıyan bu adam üzərinə düşən vəzifəni yerinə yetirmənin rahatlığı ilə oranı tərk etmiş və dağlara sığınmışdı.

Müsəbbibül-Əsbab (səbəbləri yaradan) olan Allahın kimi hansı yolla xeyirə vəsilə edəcəyi bilinməz. Həqiqətən də, Mahmud adlı fil olduğu yerdə çökmüşdü, nə qədər məcbur etsələr də, ayağa qalxıb Məkkəyə tərəf yerimirdi. Bir ara istiqamətini dəyişdirib ayağa qaldırmaq istəyirlər. Heç gözləmədikləri halda fil qəfil yerindən qalxır və qaça-qaça irəliləyir. Mahmudu sağ və sol tərəflərə də çevirəndə eyni vəziyyət təkrar olunur. Filin ayaq basmadığı yeganə istiqamət Kəbədir. Yazıq heyvana dəhşətli əzab verərək döyürlər, amma nəticə dəyişmir. Mahmud al qana qərq edilir.

Bu zaman bir gözlənilməz hadisəyə də şahid olurlar. Sahil isti­qa­mətindən bir qaraltı onlara doğru gəlirdi. Bir az da yaxınlaşanda qaraltının böyük bir quş dəstəsi olduğunu görürlər. Gurultu ilə onların üstünə gələn bu quşlar, tövhid düşüncəsinə müharibə elan edən Əbrəhə ordusunu hədəf seçmişdi. Özləri ilə daşıdıqları noxud boyda daşlarla ordunun üstünə şığıyırdılar. Hər birinin dimdiyində və iki ayağında üç daş vardı. Atdıqları hər daş bir əsgərə dəyir və daşın dəy­diyi əsgər də yerindəcə yıxılıb qalırdı. Ordunu böyük qorxu və təlaş bürümüşdü. İndiyə kimi belə bir hadisəyə nə şahid olmuş, nə də eşitmişdilər. Əsgərlər qışqıra-qışqıra hara gəldi qaçır, amma hədəfi bəlli olan bir daşın onlara dəyməsindən qurtula bilmirdilər. Əbrəhə də bundan payını almışdı. Qaçarkən dəyən daşın təsiri ilə vücudu pul-pul olub tökülməyə başlamış və o da inilti, iztirab və qorxu ilə geri dönərkən son nəfəsini vermişdi.

Çox keçmədən heç kimin cəsarət tapıb qabağına çıxmadığı ehtişamlı Əbrəhə ordusu həqiqi qüvvət sahibindən (Allahdan) güc alanların qarşısında yerlə-yeksan olmuş və toxumları yeyilmiş əkin tarlası kimi dəlik-deşik olmuşdu. Sanki, gizli bir əl Əbrəhə ordusuna yönəlmiş, masanın üzərindəki kir-pas kimi, üstlərinə bir süngər çəkib  Hicazı kir və pasdan təmizləmişdi.

Bu təmizlik davam edəcəkdi. Belə ki, bunun ardınca gur yağış yağacaq və meydana gələn sel cəsədləri axarına alıb dənizə tökəcək və beləliklə, Allahın dəvətinə üsyan edən  küfr ordusunun zir-zibilindən təmizlənən Hicaz yenidən yaşayış üçün yararlı hala gətiriləcəkdi.

Çünki çox keçməmiş bu məkanı Aləmlərin Sultanı şərəflən­di­rəcəkdi.



[1]. İbn Sa’d, Tabakat, 1/91; Taberi, Tarih, 2/109

[2]. İbn Sa’d, Tabakat, 1/91-92

Exit mobile version