3. 292 dəfə oxunub ,   0 şərh   Çap et

Gecə ibadəti

Allah Rəsulu (s.ə.s.) Hirada yaşadığı vüslət və ondan sonra olanlar barədə Məkkə müşriklərinə danışmasa da, onlar bəzi məsələləri artıq eşitmişdi, öz aralarında bu haqda danışırdılar. Onlara görə Məkkədə artıq yeni bir vəziyyət meydana gəlmişdi və bu durum onların iradəsi xaricində formalaşır, hadisə heç kimdən asılı olmadan cərəyan edirdi. Elə ilk gündən məkkəlilər bu hadisəyə bir qulp qoyub onun qarşısını almaq üçün planlar qurmağa, dünənə kimi “Əmin” adlandırdıqları Peyğəmbərimizə “məcnun, kahin, sehrbaz” kimi ləqəblər qoymağa başlamışdılar.

Əlbəttə ki, bu danışıqlar Peyğəmbərimizin qulağına çatmış və hələ ilk gündən məruz qaldığı bu çirkin düşmənçiliyə çox kədərlənmişdi. Evinə qayıdanda üstünü örtmüş və dərin bir fikrə dalmışdı ki, Cəbrailin yanında dayandığını görmüşdü.[1] Yeni bir vəhy gəlirdi:

− Ey əbasına bürünən Peyğəmbər! Gecəni − az bir hissəsi istisna olmaqla − qalxıb ibadətlə keçir! Vəziyyətə görə gecənin yarısına qədər, yaxud bir qədər ondan az və ya bir qədər ondan çox! (“Müzzəmmil” surəsi, 73/1−4).

Allah (cəllə cəlaluhu) Rəsuluna bir bəyan göndərər, O da (s.ə.s.) bu bəyana biganə qalardımı heç? Artıq bundan sonra Onun gecələri gündüzləri qədər aydın, gündüzləri də gecələri kimi fəzilətlə dolu olacaqdı. Gecə ayağa qalxıb ibadət etmək Allahın əmri olduğuna görə Kainatın Fəxrinə ilk könlünü açan hər kəs bu yolu məslək seçəcək və gecələri gündüzlər kimi aydınlaşdırmaq naminə bir-biri ilə yarışacaqdılar. Çünki bu əmr fərz kimi qəbul edilmişdi və ilahi əmri yerinə yetirməmək olmazdı. Artıq gecə ibadəti mömin üçün şərəf idi. Gündəlik məşğuliyyətlərdən usanıb ruhun və qəlbin özünü dinlədiyi bu səssiz dəqiqələrdə isti yataqlar tərk ediləcək, sevgi və qorxu hissləri içində Rəbbə yönələrək əllər açılacaq, səmimi duyğularla dua və niyaz ediləcəkdi.[2] Çünki Rəhmanın mərhəməti gecənin zülmət qaranlığında fəzilət ovuna çıxan insanların üstünə leysan kimi yağar və rəhmli Rəbbimiz də bu anlarda Ona yönələn əlləri boş qaytarmazdı.[3]

Nəhayət, aradan bir müddət də keçəcək və Allah Rəsulunun Cəbraillə görüşdüyü bir gün bu  vəhy nazil olacaqdı:

− Gecənin bir vaxtı durub ancaq Sənə xas olan əlavə (təhəccüd) namazı qıl. Ola bilsin ki, Rəbbin Səni qiyamət günü hamı tərəfindən bəyənilib təriflənən bir məqama − axirətdə ən böyük şəfaət məqamına göndərsin![4]

Artıq təhəccüd bir anlayış idi və gecə yuxudan qalxılmaqla qılınan namazı ifadə edirdi. Ancaq əhəmiyyətli fərq vardı: təhəccüd namazı yalnız Allah Rəsuluna fərz qılınmışdı, ümməti isə onu qəbir və bərzəx yoluna işıq tutan, təşviq edilən bir namaz  kimi əda edirdi. Çünki təhəccüd Məqami-Mahmuda (Məqami-Mahmud − Allah tərəfindən Peyğəmbərimizə (s.ə.s.) vəd edilən ən yüksək şəfaət məqamı ) çatmağın da ən böyük vəsilələrindən biri idi.

Eyni surənin sonrakı ayələrində Quranın tərtillə (Tərtil − Qurani-Kərimi üsul və qaydasına görə, tələsmədən, aramla, anlaya-anlaya oxumaq. Qurani-Kərim tərtil üzrə nazil olmuşdur) oxunması təşviq edilirdi. Buna görə Rəsulullah (s.ə.s.) həm namaz qıldığı vaxt, həm də namazdan kənar vaxtlarda Quranı yüksək səslə və aramla, oxuyurdu. “Bismillah” deyib dayanır, sonra “ər-Rahmən” və “ər-Rahim” deyərək davam edirdi.[5] Eyni diqqəti və həssaslığı ümmətindən də istəyən Allah Rəsulu (s.ə.s.) bunu edərkən belə deyirdi:

− Oxu və yüksəl! Həmçinin dünyəvi işlərində nizam-intizama və tərtibata həssas yanaşdığın kimi, onu (Quranı) da tərtillə oxu. Çünki sənin mənzilin, oxuduğun axırıncı ayə qədərdir.[6]

Demək ki, Quranın əhatə etdiyi həqiqətlərin yaşanması qədər, onun cəmiyyətdə inikası və icrası da əhəmiyyətli idi. Səs Allahın verdiyi böyük bir nemət idi və bu nemət Quran oxunarkən özünü göstərməli, səsin gözəl ahəngi və harmoniyası ortaya çıxmalı idi. “Quranı səsinizlə gözəlləşdirin (zinətləndirin)”[7] mənasındakı hədis də bunu ifadə edirdi. Səhabələrinin arasında Quranı gözəl səslə oxuyan gördükdə başını sığallayar və:

− Davudun (əleyhissalam) səsindəki ahəngə oxşar bir qabiliyyət verilmişdir,[8] − deyə tərifləyərdi. Çünki O (s.ə.s.), ətrafa nizamsız səpələnən qum dənələri kimi Quran hərflərinin ağızdan ahəngsiz çıxmasını xoşlamır və:

− Oxuyarkən onun məna dərinliklərinə dalıb əsas yerlərində dayanıb təfəkkür edin, onunla qəlblərinizi hərəkətə gətirin və “Bir qurtarıb örtsəm” düşüncəsi ilə əndişəyə qapılmayın,[9] − deyə buyururdu.

Beləcə, başda Allah Rəsulu olmaqla artıq hər bir mömin gecələr durur və Rəbbin rizası üçün namaz qılıb Quran oxuyurdu.

Gecə ibadəti ilə bağlı gələn ayələrdəki ardıcıllıq da çox maraqlı idi. Əvvəlcə gecənin böyük hissəsini qulluqda keçirməyin zəruriliyi qeyd edilmiş, sonra da bu iş üçün gecənin yarısının kifayət edəcəyi buyurulmuşdu. Buna görə də bəzi səhabələr oyaq qalmağın çətin olduğu uzun gecələrdə dirəklərin arasına iplər çəkir və özlərini bu iplərə bağlayaraq ibadət etməyə çalışırdılar.[10] Sonralar isə təhəccüdün ancaq Rəsulullaha (s.ə.s.) məxsus ibadət olduğu vurğulanır, başqa insanlar üçün nafilə olması şərtilə gecənin müəyyən vaxtında ibadət etmənin yetərli olduğu bildirilirdi. İlk əmrlə onu yüngülləşdirən vəhyin arasından təxminən bir ilə yaxın vaxt ötmüşdü. Səhabələr bu müddət ərzində ayaqları şişənə qədər gecə ibadətlərini əda edir, səhərə kimi ibadət edirdilər.

Demək, işin başlanğıcında və öndərlər üçün gecənin qaranlığında yerinə yetirilən bu cür ibadət Allahın dərgahında ayrı bir məna ifadə edirdi. Deməli, hamının ölümün kiçik qardaşı olan yuxuya dalıb rahat döşəklərdə uzandığı vaxtlarda möminlər gələcək günlərdə qarşıya çıxan çətinliklərə sinə gərib mətanətlə irəliləmək üçün belə bir ibadətə böyük ehtiyac duyurdular. Çünki uzun və məşəqqətlə dolu bu qulluq yolunda dayanmadan və sürəti azaltmadan gedə bilməyin zəmini Haqla münasibətlə yaxından bağlı idi.

Bununla yanaşı, Allah (c.c.) yenə mərhəmət göstərir, qullarının arasındakı mətanəti əsas götürür və hər kəsin imanın qüvvətlənməsi dolması  zərurətini ifadə edirdi.[11]



[1]. Bəzi rəvayətlərdə eyni hadisənin “Muddəssir” surəsinin nazil olmasının səbəbi kimi qeyd olunduğunu görürük. Bax:İbn Kesir, Tefsir, 4/441, 442

[2]. Bax: Ebu Nuaym, Hilyetu’l-Evliya, 6/267; İbn Hacer, Fethu’l-Bari, 1/466

[3]. Bax: ibn Hibban, Sahih, 1/444 (212); İbn Mace, Sünen, 1/435 (1366)

[4]. Bax: “İsra” surəsi, 17/79

[5]. Bax: İbn Kesir, Tefsir, 4/558; İbn Sa’d, Tabakat, 1/376

[6]. Bax: İbn Kesir, Tefsir, 4/558; İbn Hibban, Sahih, 3/43 (766); Tirmizi, el-Camiu’s-Sahih 5/177 (2914)

[7]. Buhari, Sahih, 6/2742 (4653); Ebu Davud, Sünen, 1/464 (1468)

[8]. Bu səhabə Əbu Musa əl-Əşari idi. Peyğəmbərimizin bu iltifatının müqabilində o da: “Əgər Sizin qulaq asdığınızı bilsəydim, bir az da məşq edər, daha yaxşı oxumağa çalışardım,” – demişdi. Bax: Buhari, Sahih, 4/1925 (4761); İbn Mace, Sünen, 1/425 (1341)

[9]. Heysemi, Mecmaü’z-Zevaid, 7/167; Ahmed b. Hanbel, Müsned, 3/428

[10]. Bax: İbn Hibban, Sahih, 6/239 (2492); Muslim, Sahih, 1/541 (784)

[11]. Məlum olduğu kimi, Allah Rəsulu (sallallahu əleyhi və səlləm) dini ən ağır formada yaşayır, amma ümməti üçün qaydaların yüngülləşdirilməsinə, asanlaşdırılmasına çalışırdı. Başlanğıc etibarilə, fərz olan gecə ibadəti (təhəccüd namazı) üçün də sonralar ümmətinin Onu gözlədiyini görüb yenidən fərz olacağını və bunun da insanlara çətin olacağını nəzərə alaraq etiraz etmiş və:

− Ey insanlar! Gücünüz çatan əməlləri edin, çünki Allah siz əməldən bezmədiyiniz müddətdə sizə savab verməkdən bezməz. Əməllərin də ən fəzilətli olanı az da olsa, davamlı olanıdır, – buyurmuşdu. Bax:İbn Hibban, Sahih, 6/309 (2571); Beyhaki, Sünenu’l-Kubra, 3/109 (5020)




Şərh yaz