Sual: Gəlin qayınana və qayınatasına baxmağa məcburdur?
Cavab: Yaşlı valideynlərə baxmaq, onların qeydinə qalmaq, onlara yardım əlini uzatmaq övladın vəzifəsidir. Necə ki, valideynlər vaxtilə, onu böyüdüb boya-başa çatdırmaq üçün min cür əzab-əziyyətə qatlanmışlar. Övlad da yaşlananda valideynlərinə baxmaq məcbiriyyətindədir. Əgər övlad ailəlidirsə valideynlərinə necə baxmalıdır?
Kişilər evli olsalar da valideynlərinə baxmaq məsuliyyəti onların üzərindədir. Odur ki, evli olduqları təqdirdə ya özləri baxmalı, ya da ki, həyat yoldaşlarından bunu xahiş etməlidirlər. Gəlin qayınana və qayınatasına baxmağa məcbur deyil. Ancaq gəlinin hörmət və anlayış göstərərək ailədəki böyüklərə-qayınana və qayınataya baxmağı daha yaxşıdır.
Əgər qadın müəyyən səbəblərdən (işləmək, baxmaq istəməmək və s.) qayınana və qayınataya baxa bilmirsə, bu təqdirdə məsuliyyət yenə kişinin üzərinə düşür. Kişi övladı olaraq özünü dünyaya gətirən insanlara olan borcunu yerinə yetirməli, onlara ya özü baxmalı, ya da ki, baxmaq üçün qulluqçu tutmalıdır. Valideynlərin harda (öz yanında və ya başqa yerdə) yaşmasından asılı olmayaraq övlad olaraq üzərinə düşəni yerinə yetirməlidir. Bir evdə birgə yaşamaq oğul, valideyn və nəvələr nöqteyi-nəzərindən daha yaxşıdır. Adət-ənənəmizdə də bunun faydalarını görə bilərik.
Ailəli qızlar da öz valideynlərinə baxmaqla mükəlləfdirlər. Doğrudur, kişilərə nisbətən onların üzərinə daha az məsuliyyət düşür. Amma bu o demək deyil ki, onlar bundan azaddırlar. Əgər evli qadının qardaşı yoxdursa valideyninə baxmaq onun vəzifəsidir. Lazım gələrsə ərindən bunun üçün icazə almalı, ehtiyac olarsa valideynini öz evinə gətirməli və ya evlərinə gedərək onların qayğısına qalmalıdır. Kişi də bu məsələdə həyat yoldaşına qarşı anlayışla rəftar etməli, onun da bir övlad olduğunu əsla unutmamalıdır.
Əgər qadının həyat yoldaşı ona icazə vermirsə[1] qadın valideynlərinə imkanı nisbətində maddi yardım eləməyə çalışmalıdır. Özünün buna imkanı çatmırsa aidiyyatı dövlət qurumlarına müraciət edə bilər.
Nəticə etibarilə onu demək olar ki, qayınata və qayınanaya baxmaq bəy və gəlin üçün məcburi olmasa da, övladlar üçün məcburidir. Buna görə də qadın ərini, kişi də həyat yoldaşını razı salaraq valideynlərinə baxmalı və ya baxdırmalıdır. Çünki, Quranda onlara “of” deməyin doğru olmadığı bildirilir. O ki, qaldı onları qocalar və kimsəsizlər evinə qoymaq, bu əsla doğru deyil və böyük günahdır. Ana-ata da öz növbəsində özünə qulluq edən gəlinindən xoş sözlərini əsirgəməməlidir.