3. 000 dəfə oxunub ,   0 şərh   Çap et

Sual: Bildiyimiz kimi, istiğna adanmışlığın əsas sütunlarından biridir. İstiğna ruhunu ömür boyu qoruyub-saxlamaq üçün nələrə diqqət etməliyik?

Cavab: İlk öncə bir məqamı qeyd edim: istiğna elə bir var-dövlətdir ki, insan onunla kainata meydan oxuya bilər. Çünki istiğna ruhu ilə qanadlanıb maddi-mənəvi bütün arzu-istəklərdən fərsəx-fərsəx uzaqlaşan insan Allahdan başqa heç kimin qarşısında özünü minnətli saymaz.

Vəzifə üçün əyilənlər

Lakin unutmayaq ki, istiğna təkcə mal-mülk, sərvətə gözün ucu ilə baxmamaq deyildir. İstiğna şan, şöhrət, təqdir, alqış – bütün nəfsani arzu-istəkləri yaxın qoymamaq və onlara meydan oxumaq deməkdir. Məsələn, günü bu günü on nəfər gəlib israrla “Müdir ol, müşavir ol, millət vəkili ol” deyə sizi müəyyən bir vəzifəyə çağırsa, siz yenə də “Görəsən, bu vəzifədə istiğnamı qoruyub-saxlaya biləcəyəmmi?” deyib özünüzü sorğu-suala çəkməlisiniz. Başqa sözlə, “Görəsən, bu vəzifəyə getmək arzusu nəfsani istəkdəndir, yoxsa Allahın rizasını qazanmaq məqsədilə xalqa xidmət üçündür?” deyə dönə-dönə özünüzü hesaba çəkməli və əgər işə nəfis qarşmışsa, o istəyə qol qoymamağı bacarmalısınız.

Bu məqamda ağıla belə bir sual dagələ bilər: “Hamı vəzifədən, məqamdan uzaq dursa, bu işləri kim görəcək?” Halbuki əgər o vəzifəyə layiqli bir insan varsa, sizin ortaya atılmağınız ancaq rəqabət və qısqanclıq hissi doğurar, çəkişməyə və ixtilafa səbəb olar. Məsələn, namaz qılınan yerdə (məsciddə) imamlığa layiq on adam ola-ola “mehraba mən keçim” deyib irəli atılsanız, o vəzifəyə faydadan çox zərər vermiş olarsınız. Çünki onsuz da həmin on nəfərdən biri qalxıb mehraba keçəcək və namazı qıldıracaq. Üstəlik Həzrəti Pirin də dediyi kimi, kiməsə tabe olmaq kiməsə amir olmaqdan yaxşıdır, çünki amirlikdə böyük məsuliyyət və təhlükə var. Bəli, imamlıq (rəhbərlik) təhlükəli işdir. Çünki imam arxasına keçən hər bir insana görə məsuliyyət daşıyır. İmam bir səhv eləsə, bütün camaatın məsuliyyəti onun boynuna yazılar. O cümlədən vali işində bir səhvə yol versə, vilayətdə olan bütün insanların günahına batar. Həmçinin, bir dövlət başçısı bir ucu millətə toxunan xəta işləsə, axirətə xalqın günahı ilə gedər.

O halda insan seçilmə arzusuna düşməkdənsə, seçici olmağa üstünlük verməlidir. Zira seçilmək arzusu ilə alışıb-yananların, “Mütləq mən olmalıyam” deyənlərin içində səhv etməyən bircə adam da göstərə bilməzsiniz. Əksinə “Kim olur-olsun, təki layiq adam olsun” deyənlər arasında isə səhv edən azdır.

Ən çətin istiğna

Ən böyük istiğna isə insanın özünü göstərməməsi və təriflərdən, tədqir dolu sözlərdən narahat olmasıdır. Nəfsi-əmmarə alqışdan nə qədər xoşlansa da, kamil möminin vicdanı təqdiri təhqir kimi qəbul etməlidir. Hətta “Bu adamlar niyə axirətə aid mükafatı burada mənə təklif edirlər? Görəsən, onların belə düşünməsinin səəbəbkarı özüm deyiləm ki?” deyərək özünü sorğuya çəkməli, ardınca da “Allahım, məni mənə unutdur və özümdən danışmağı də mənə çirkin göstər” deyərək əczü-fəqr yolunu seçməlidir.

Bir insanda mal-mülkə qarşı gözütoxluq (istiğna) ola bilər. Hətta təklif edilən valilik, müşavirlik, millət vəkilliyi kimi vəzifələrdən də imtina edə bilər. Ancaq təqdir, alqış və rəğbətə gözü-könlü tox olmaq hər şeydən çətindir. Buna görə də, insan əvvəlcədən alqış, təqdir və təbcil qarşısında mətin dayanmalı, qəti münasibətini müəyyən etməli, heç vaxt bu cür təmənnaları ağlına gətirməməli, hətta təqdir edən insanları susdurmalıdır.

Səhnənin arxasında dayanan məchul müəllimlər

Bu baxımdan Türk dili olimpiadalarında əməyi keçən müəllimləri əsrin ən fədakar insanları kimi görürəm. Çünki onlar çox çətin şəraitdə dünyanın hər yerinə gedib gələcəyin sevgi və insanlıq xadimlərini yetişdirmişlər. Ancaq tələbələri hər il milyonlarla insan tərəfindən ayaq üstə alqışlanan bu insanlar səhnənin arxasında qalmağa üstünlük verirlər. Rəbbim məni bu hüsnü-zənnimdə yanıltmasın. İndiyə qədər olduğu kimi, inşallah, bundan sonra da o müəllimlər işlərini səmimi qəlbdən davam etdirərlər. Düzü, bəzi qədirbilən insanlar “İşin əsl memarı onlardır” deyərək o müəllimlərə təşəkkür etdilər, lakin onlar səhnənin arxasından çıxmadılar, gizli qalmağa, görünməməyə üstünlük verdilər. Ən doğru hərəkət də elə budur. Bəli, toxumu torpağa səpdikdən sonra, görünmədən, bilinmədən bir məchula bürünüb axirətə köçmək lazımdır. Toxumu səpdikdən sonra yetişən sünbülləri kim biçəcək, kim xırmana daşıyacaq, kim döyəcək, kim məhsulu anbara yığacaq, qətiyyən bunlara qarışmamalı, hətta nəticəni görməyi belə arzulamamalıdır.

Allah Rəsulunun (sallallahu əleyhi və səlləm) uca adını bütün dünyaya çatdırmaq, bayraq kimi hər yanda dalğalandırmaq, “Muhammədun Rasulullah” həqiqətini möminlərin səsi-sədasına çevirmək inanan insan olaraq hamımızın ən böyük arzusudur. Min canımız olsa, bu məfkurə uğrunda qurban verə bilərik. Mənim kimi bir qitmirin belə, həyatının ən böyük qayə və arzusu budur. Bəzən gözlərim yaşla dolur və “Kaş, hər tərəfdən “Muhammədun Rasulullah” səsi yüksələydi” deyirəm. Amma belə bir arzu və eşqiniz olsa da, əgər bu xəyalın həyata keçməsində azca da olsa sizin bir əməyiniz varsa, siz də o karvanda yol getmisinizsə, mənə elə gəlir belə deməlisiniz: “Allahım! Mən o günlərin gəlməsini çox arzulayıram. Ancaq həmin gün gələndə insanların “Bu adamın da bu işdə əməyi var” deyə etdiyi təqdirləri, alqışları görmək istəmirəm. O uca qayənin dünyanın hər tərəfində bir bayraqtək dalğalanmasını o biri tərəfdən seyr etməyə üstünlük verirəm.” Hətta ciddi bir istiğna hissi ilə “Mən o işdə olsam, kim bilir, heyətdə nə problemlər çıxar. Ən yaxşısı mən torpağın altına gedim və Allahın icraatına o tərəfdən tamaşa edim” deməyi bacarmalı, bu səviyyədə bir istiğna anlayışına yiyələnməyə çalışmalıyıq.

Dünyadan uzaq, Allaha yaxın

Əslində istiğna ruhunun qorunmasında isar əxlaqı ilə yaşamaq mühüm rol oynayır. Ona görə də, könüllülər hərəkatının mənsubları “isar”laşmalı, yəni süfrə açmaq, çay içirmək, maaşı başqasına vermək kimi fədakarlıqlarla qane olmamalı, maddi-mənəvi füyuzat hislərini fəda etməyi bacarmalıdırlar. Bəli, onlar övliyalıq, qütblük, qövslük kimi məqamları, havada uçmaq, namazlarını mənən Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm) arxasında qılmaq, “Allahu əkbər” deyib namaza duranda özünü Rövzeyi-Tahirədə və ya Kəbədə görmək kimi kəramətlərə başqalarını layiq görərək, “Mənə Sən lazımsan, Sən” deyib yalnız Cənabi-Allaha yönəlməlidirlər. Həqiqi isar ruhu, həmçinin istiğna, məhz budur. Hazırda hər şeydən çox bizim belə bir anlayışa ehtiyacımız var.

Xülasə, nəinki şan-şöhrət, təqdir, təbcil və alqışın dünyəvi yaralarından üz döndərməlidir, hətta bir mənada bütün bunların uxrəvi faydalarından belə imtina edərək axirət nemətlərini Allahın əngin fəzli, kərəmi və rəhmətindən gözləməlidir. Çünki Allah inayət etməsə, insan qiymətli heç bir şey əldə edə bilməz. Nə cənnətə girə bilər, nə də cəhənnəmdən qurtula bilər. Bütün bunları ancaq Onun mərhəmət, inayət və kərəmi ilə əldə etmək mümkündür. Üstəlik maddi-mənəvi hər şeydən üz döndərən insana Allah əlli yerdən qapı açar. Siz qapılarınızı dünyanın üzünə bağlayın, bir də görəcəksiniz ki, Həzrəti Allah sizin örtdüyünüz bir qapıya min qapı lütf edəcək. Çünki O, Müfəttihül-əbvabdır, yəni qapıları açan yalnız Odur. Bəli, Allahın inayət, riza və təvəccöh qapılarının üzünüzə açılmasını istəyirsinizsə, ömür boyu qapılarınızı hər cür dünyəvi təmənnanın üzünə bağlayın.

İstiğna insanın Allahdan başqa heç kimə əl açmaması, yalvarıb-yaxarmaması, ac-susuz qalsa belə, el-aləmə ehtiyacanı bildirməməsi və ömrünü könül toxluğu ilə iffətli keçirməsi deməkdir.



Açar sözləri

konul

Şərh yaz