8. 292 dəfə oxunub ,   0 şərh   Çap et

Sual: Bəzən bilərək, bəzən də bilməyərək günah işləyirik. günahlardan arınmaq üçün nə etməliyik?

İnsan yaradılış etibarilə günah işləməyə meyillidir. Həzrət Adəmin Cənnətdə olarkən Allah-Təalanın əmrini unudaraq zəlləyə düşməsi,[1] sonra da tövbə edib bağışlanma diləməsi bizə günahlardan  arınma yolunu göstərir.

Günah mənəvi boşluq, bir təzad və yaradılışın ziddinə get­məkdir. Günah işləyən bir insan  özünü vicdan əzabının və qəlb sı­xıntısının qoynuna atmış bir bədbəxt, bütün ruhi-mənəvi qabi­liyyətlərini şeytana satmış bir zavallıdır. Üstəlik insan həmin günahı işləməkdən əl çəkməzsə, ixtiyarı tamam əldən verər; nə günahlara müqavimət göstərməyə iradəsi, nə də özünü toparlamağa gücü qalar. Günahlar insanın ruhuna bulaşan mənəvi kirlərdir. Vücudumuzun kirini su ilə təmizlədiyimiz kimi, günahlarla kirlənmiş mənəviyyatımızı da tövbə ilə təmizləyirik. Tövbə arınma və təmizlənmə yoludur.

İnsan mələk kimi yaradılmamışdır. Mələklər Allah-Təalanın bütün əmrlərini qüsursuz yerinə yetirirlər. İnsan isə mahiyyət eti­barilə mələklərdən də üstün səviyyəyə yüksələ bilər. Yəni insan Allah qatında mələklərdən də yüksək məqamlara ucala bilər.

İnsan üçün əsl qayə axirət səadətidir. Mömin mənəvi səviyyə­sinə görə bu yolda ya şeytanın, ya da nəfsin hiylələri ilə üz-üzə gəlir. Allah Rəsulu şəfaət hədisində bütün peyğəmbərlərin aqi­bət­lərindən narahat olduğunu bildirir. Bütün peyğəmbərlər işlədikləri zəllədən bəhs edəcək, buna görə də insanlara vasitəçilik edə bilməyəcəklərini deyəcəklər. Təkcə Kainatın Fəxri Həzrət Məhəmməd (s.a.s.) qiyamətin o çətin anlarında bəşərin əlindən tutacaq, onların əfvi üçün Allah-Təalaya yalvaracaqdır. Peyğəmbərimiz haqqında Qurani-Kərimdə belə buyurulur: “Allah (bununla) Sənin keçmiş və gələcək günahlarını bağışlayar!”[2]

İnsan xəta edəcək, günah işləyəcək, amma əfv yollarını da unut­mayacaq. Allah Rəsulu (s.a.s.) buyurur: “Bütün insanlar xəta işləyir. Xəta edənlərin ən xeyirlisi tövbə edənlərdir”.[3]

Günah nədir?

Günah Allah-Təalanın istədiyi şeyləri  etməmək və ya istəmə­diyi şeyləri etməkdir. Namaz qılmaq bir əmrdir. Namaz qılmayan bir adam günah işləmiş olur. Ata-anaya hörmət Allahın bir əmridir. Kim valideynlərinə qarşı hörmətsizlik edərsə, günah işləmiş olar. Peyğəmbərimiz günahı belə təsvir etmişdir: “Günah sənin vicdanını narahat edən və başqalarının bilməsini istə­mədiyin şeydir (əməldir)”.[4]

Günahlar neçə növdür?

Günahlar böyük və kiçik olaraq iki qismə ayrılır. Qurani-Kərimdə: “Əgər günahların böyüklərindən uzaqlaşsanız, sizin kiçik günahlarınızı örtüb bağışlayar və sizi dəyərli məqamlara yüksəldərik!”[5] – buyurulur. İslam alimləri böyük günahlar haqqında kitablar yazmış, sayı ilə bağlı fərqli fikirlər irəli sürmüşlər. Bəzi alimlər dörd yüzə qədər böyük günahın adını çəkmişdir. Peyğəmbərimiz  bir hədisində böyük günahları belə sıralayır:

1.   Allaha şərik qoşmaq

2.   Sehrlə məşğul olmaq

3.   İnsan öldürmək

4.   Faiz almaq

5.   Yetim malı yemək

6.   Döyüşdən qaçmaq

7.   Namuslu qadına iftira atmaq[6]

Əslində, kiçik günah yoxdur. İnsanın tutduğu mövqe və mə­nəvi səviyyə baxımından işlədiyi kiçik bir günah, bəlkə də, böyük günah sayılır. Məşhur bir təsbit var: “Əbrarın[7] yaxşı əməlləri müqərrəbinlər (Allaha yaxınlaşmış möminlər) üçün günah ola bilər”. Buna görə də “Müntəzəm işlənən  günah kiçik günah deyildir, tövbəsi edilmiş günah da böyük günah deyildir” – demişlər.[8] Böyük günahlara gedən yol kiçik günahlardan keçir. “Bu kiçik yalanı söyləsəm, nə olacaq” deyirik, sonra da böyük yalanlar danışmağa başlayırıq. Çünki kiçik günahlar işlənə-işlənə ruhu qaraldır və insanı tövbədən uzaqlaşdırır.
Böyük günah işləyənlərin axirətdə halı necə olacaq?

Bu mövzu hər kəsi maraqlandırır. “Görəsən, günahlarım bağışlanacaqmı?”, “Günahlarım bağışlanmasa, nə edəcəyəm?”.  Allah-Təala günahları bağışlayacağını müxtəlif ayələrdə bildirir. “Nisa” surəsində belə buyurur: “Şübhə yoxdur ki, Allah Ona şərik qoşanlar istisna, istədiyi qulunu bağışlayar. Kim Allaha şərik qoşarsa, böyük iftira atmış olar”.[9] Böyük günahlar da olsa, tövbə etmək şərtdir. Yox əgər insan tövbə etməmişsə, üç haldan biri ilə qarşılaşacaq:

1. Ya Allah rəhməti və mərhəməti ilə o günahkarı bağılşayacaq.

2. Ya Peyğəmbərimiz şəfaətçi olacaq.

3. Ya da günahlarının cəzasını çəkəcək. Cəzasını çəkdikdən sonra imanı varsa, Cəhənnəmdən çıxarılıb Cənnətə göndəriləcək.

Günah işləməmək üçün  hansı tədbirləri görmək lazımdır?

Milçəkləri bir-bir öldürməkdənsə, ən yaxşısı, bataqlığı qurut. Günahları işləyib sonra da onlardan bir-bir uzaqlaşmaqdansa, ən doğru yol günaha gedən yolları bağlayıb günah işləməməkdir.

Günahlardan qorunmaq üçün fərdi və ictimai tədbirlər gör­mək vacibdir. Fərd olaraq aşağıdakı tədbirləri görə bilərik:

Bacardıqca tək qalmamalı.

Günahların göz açmasına imkan verməməli, boy atmamış kökündən çıxarıb atmalı.

Günah əməllərdən çəkindirən xeyirxah insanlarla dostluq et­məli.

Günaha əlverişli yerlərdən uzaq olmalı.

Hər an zikr, təsbeh və s. çəkməklə Allahı xatırlamalı.

Günaha meyil edib fasid dairəyə düşməməli.

Qeybətin, böhtanın, təhqirin, mənəm-mənəmliyin – xülasə günahın meydan suladığı məclisləri tərk etməli.

Peyğəmbərimizin tövsiyəsinə əməl edərək oruc tutmaqla nəfs tərbiyəsi ilə məşğul olmalı.


[1] Zəllə – Peyğəmbərlərin xətalarına deyilir. Peyğəmbərlər günah işləməkdən qorunmuşdur.

[2] “Fəth” surəsi, 48/

[3] “Müstədrək”, 4, 272

[4] Müslim, “Səhih”, 12, 403

[5] “Nisa” surəsi, 4/31

[6] Müslim, “Səhih”, 1, 244

[7] Əbrar – bütün yaxşı cəhətləri şəxsində toplayan, sağlam etiqada malik,
doğ­ru sözlü, ibadətlərində səmimi olan bəndələr.

 [8] “İthaf”, 2, 396

[9] “Nisa” surəsi, 4/48



Açar sözləri

günah günah nədir

Bənzər məqalələr

Merac zamanı Peyğəmbərimizə (s.ə.s) bəzi günahların cəzası olaraq nələr göstərilmişdir?

Allah-Təala Meracda Rəsuluna (s.ə.s) bəzi günahlara Cəhənnəmdə verilən cəzaları göstərmişdir. Bu haqda Peyğəmbərimiz (s.ə.s) buyurur:

Necə tövbə etməliyik

“Ey insanlar! Allaha tövbə edib, ondan əfv olunmağı diləyin. Çünki  mən ona gündə yüz dəfə tövbə edirəm.” “Hər insan xəta işləyə bilər. Ancaq xəta işləyənlərin ən xeyirlisi, xətalarına tövbə edənlərdir.” 

Oruc və günahlardan təmizlənmə

Hər kim inanaraq və mükafatını yalnız Allahdan gözləyərək Ramazan orucunu tutarsa, onun keçmiş günahları bağışlanar.

İfk hadisəsindən alınacaq dərslər

Nur surəsindəki İfk hadisəsi ilə əlaqəli ayədən möminlər hansı dərsləri almalıdırlar?

Qeyrətullah

Qeyrətullah nə deməkdir? Bəzi günahların qeyrətullaha toxunacağı bildirilir. Bunun mənası nədir?


Şərh yaz