Günah qəlbə işləyib onu qaralda-qaralda iman nurunu söndürənədək qatılaşdırır. Hər bir günahda küfrə gedən yol var. Günah tövbə edilib dərhal təmizlənməsə, kiçik bir mənəvi ilan olub qəlbi yaralayır.
“Mütəffifin” surəsində buyurulur: “Vay halına o günü yalan sayanların! O kəslər ki, haqq-hesab gününü yalan sayarlar. Bunu isə ancaq həddini aşan, günaha batan yalan sayar. Ayələrimiz ona oxunduğu zaman: “(Bunlar) əvvəlkilərin əfsanələridir” deyər. Xeyr (belə deyildir). Əslində onların “qəlblərini qazandıqları (günahlar) örtmüşdür”. (“Mütəffifin” surəsi, 83/10-14).
Ayələrdən aydın olur ki, dini yalan sayanlar həddini aşan, günaha düşkün insanlardır. Haqq-hesab gününə, qiyamət gününə inanmaq ürəklərincə olmadığı və əhvallarını pozacağı üçün, “din gününün əsli, əsası yoxdur” deyirlər. Allahın ayələrinə keçmişin nağıl və əfsanələri kimi baxırlar. Və bütün bunların səbəbi müntəzəm işlədikləri və qazanc saydıqları günahların qəlblərin üzərində pas bağlamasıdır. O qəlblər çirk bağlamış güzgülər kimi günah işləyə-işləyə qaralmışdır, nə bir şey hiss edər, nə də göstərər. İmam Əhməd və Tirmizi Əbu Hureyrədən belə bir hədisi-şərif rəvayət edir:
“Qul bir günah işləyəndə qəlbində qara bir ləkə əmələ gələr. Əgər tövbə edərsə, o ləkə silinər və qəlb yenə parlayar. Lakin yenə qayıdıb günah işlərsə, o ləkə artar, nəhayət, bütün qəlbi tutar”. (İbn Macə, Zöhd, 29)
Zaman keçdikcə günah ləkələrinin qəlbi tamamilə qaraltması nəticəsində inkar duyğusu meydana gəlir. Məsələn, gizlicə çirkin bir günah işləyən bir insan bu günahdan başqasının xəbər tutmasından utanır, buna görə də onu hər zaman görən və əməllərini yazan mələklərin və ruhani varlıqların mövcudluğunu qəbul edə bilmir. Kiçik bir dəlil tapıb dərhal onların varlığını inkar etmək istəyir. Məsələn, cəhənnəm əzabı ilə nəticələnəcək böyük bir günahı işləyən insan cəhənnəmin təhdidlərini eşitdikcə tövbə edərək özünü qorumazsa, bütün ruhu ilə cəhənnəmin yoxluğunu arzu edər. Ona görə də kiçik bir şübhə və əlamət onu cəhənnəmin inkarına sövq edər. Və yaxud da fərz namazını qılmayan və ibadət vəzifəsini yerinə yetirməyən bir insan Əzəli və Əbədi Sultan Allahın əmrlərini yerinə yetirməkdə tənbəllik etdiyi üçün sıxıntı çəkər və mənən: “Kaş bu ibadət vəzifəsi olmayaydı…” deyər. Bu istəkdən isə Allaha qarşı mənəvi düşmənçilikdən xəbər verən inkar arzusu doğur. Qəlbinə Allahın varlığına zidd bir şübhə gəlsə, mütləq dəlil kimi ona meyil edir və bununla da böyük bir fəlakət (həlak) qapısı açılır. O bədbəxt bilmir ki, ibadətdə cüzi zəhmət, sıxıntı olsa da, inkarda ondan milyon qat artıq dəhşətli sıxıntılar var. Bu da milçəyin dişləməsindən şikayətlənib ilanın sancmasını qəbul etmək deməkdir.