Sual: Günahlar neçə növdür?
Günahlar böyük və kiçik olaraq iki qismə ayrılır. Qurani-Kərimdə: “Əgər günahların böyüklərindən uzaqlaşsanız, sizin kiçik günahlarınızı örtüb bağışlayar və sizi dəyərli məqamlara yüksəldərik!”[1] – buyurulur. İslam alimləri böyük günahlar haqqında kitablar yazmış, sayı ilə bağlı fərqli fikirlər irəli sürmüşlər. Bəzi alimlər dörd yüzə qədər böyük günahın adını çəkmişdir. Peyğəmbərimiz bir hədisində böyük günahları belə sıralayır:
1. Allaha şərik qoşmaq
2. Sehrlə məşğul olmaq
3. İnsan öldürmək
4. Faiz almaq
5. Yetim malı yemək
6. Döyüşdən qaçmaq
7. Namuslu qadına iftira atmaq[2]
Əslində, kiçik günah yoxdur. İnsanın tutduğu mövqe və mənəvi səviyyə baxımından işlədiyi kiçik bir günah, bəlkə də, böyük günah sayılır. Məşhur bir təsbit var: “Əbrarın[3] yaxşı əməlləri müqərrəbinlər (Allaha yaxınlaşmış möminlər) üçün günah ola bilər”. Buna görə də “Müntəzəm işlənən günah kiçik günah deyildir, tövbəsi edilmiş günah da böyük günah deyildir” – demişlər.[4] Böyük günahlara gedən yol kiçik günahlardan keçir. “Bu kiçik yalanı söyləsəm, nə olacaq” deyirik, sonra da böyük yalanlar danışmağa başlayırıq. Çünki kiçik günahlar işlənə-işlənə ruhu qaraldır və insanı tövbədən uzaqlaşdırır.
[1] “Nisa” surəsi, 4/31
[2] Müslim, “Səhih”, 1, 244
[3] Əbrar – bütün yaxşı cəhətləri şəxsində toplayan, sağlam etiqada malik,
doğru sözlü, ibadətlərində səmimi olan bəndələr.
[4] “İthaf”, 2, 396