7. 172 dəfə oxunub ,   0 şərh   Çap et

Dil xeyirli sözlər söyləmək üçün istifadə olunarsa insanın dəyərini yüksəldən, onu mələklərdən də üstün səviyyəyə qaldıran orqan olar. Əgər dil nalayiq sözlər söyləmək üçün istifadə olunarsa, onda insanın şəxsiyyətini qiymətdən salan, alçaldan hətta onu heyvanlardan daha aşağı səviyyəyə  −  əsfələ səfilinə düşməsinə səbəb olar.

Hədislərdə əxlaqın yeri və əhəmiyyəti

Hədislərdə “dil əxlaqı” mövzusuna keçməmişdən əvvəl qısa da olsa hədislərdə “əxlaqın yeri və vacibliyi”nə toxunmaq yerinə düşər.

Əxlaq insanın hal və hərəkətlərinə istiqamət verməsi baxımından böyük əhəmiyyətə malikdir. İnsanın hərəkət vı davranışları onun əxlaq və anlayışına uyğun formalaşır. Böyük İslam alimi Qəzzalinin də dediyi kimi, qəlbdə olan əxlaqi keyfiyyətlər insanın davranışları vasitəsilə təzahür edir. Yəni insanın hərəkət və davranışları mütləq surətdə qəlbində yerləşən əxlaqi keyfiyyətlərə uyğun formalaşır.[1]

Əxlaq mövzusu İslamda əhəmiyyətli mövzulardan biridir. Allahın Rəsulunun (s.ə.s) uca əxlaq üzrə olduğunu[2] bəyan etməsi və Rəsullahın da (s.ə.s) əxlaqi gözəllikləri tamamlamaq üçün göndərildiyini[3] bildirməsi İslamın əxlaqa nə qədər əhəmiyyət verdiyini göstərir. Elə buna görə də Rəsulullah (s.ə.s) dualarında çox vaxt “gözəl əxlaq üzrə olmağı” istəmişdir.

Bu dualardan bəziləri aşağıdakılardır:

(Hz. Əlinin nəql edir ki, Rəsullah (s.ə.s) namaz qılacağı zaman belə dua edirdi:)

 اَللَّهُمَّ أَنْتَ الْمَلِكُ لاَ إِلَهَ إِلاَّ أَنْتَ وَاهْدِنِي لِأَحْسَنِ الْأَخْلاَقِ لاَ يَهْديِ لِأَحْسَنِهاَ إِلاَّ أَنْتَ وَاصْرِفْ عَنِّي سَيِّئَهاَ لَا يَصْرِفُ عَنّيِ سَيِّئَهاَ إِلاَّ أَنْتَ

Allahım! Məlik yalnız Sənsən! Səndən başqa heç bir ilah yoxdur. Allahın məni gözəl əxlaq sahibi et. Onu edə bilən yalnız Sənsən. Allahım məni pis əxlaqdan uzaqlaşdır. Onu da yalnız Sən edə bilərsən.”[4]

اَللَّهُمَّ إِنِّي أَسْأَلُكَ الصِّحَّةَ وَالْعِفَّةَ وَالْأَماَنَةَ وَحُسْنَ الْخُلُقِ وَالرِّضاَ بِالْقَدَرِ

Allahım səhhət, iffət, əmanət, gözəl əxlaq və qədərə rızanı istəyirəm.”[5]

 اَللَّهُمَّ اغْفِرْ خَطاَياَيَ وَذُنُوبِي كُلَّهاَ اَللَّهُمَّ وَأَنْعِشْنِي وَاجْبُرْنِي وَاهْدِنِي بِصاَلِحِ الْأَعْماَلِ وَالْأَخْلاَقِ لاَ يَهْدِي لِصاَلِحِهاَ وَلاَ يَصْرِفُ سَيَّئَهاَ إِلاَّ أَنْتَاَللَّهُمَّ أَحْسَنْتَ خَلْقِي فَأَحْسِنْ خُلُقِي  

Allahım yaradılışımı (surətimi) gözəl etdiyin kimi, əxlaqımı da gözəlləşdir.”[6]

Hz. Əbu Darda bir gecə səhərə qədər “Allahım yaradılışımı (surətimi) gözəl etdiyin kimi, əxlaqımı da gözəl et” − deyə dua etdi. Ondan “nə üçün gecəni səhərə qədər yalnız gözəl əxlaqlı olmağı arzu etdin?” − deyə soruşdular. O, “Müsəlman bəndə əxlaqını gözəlləşdirərsə, gözəl əxlaqı onun Cənətə girməsinə vəsilə olar, əxlaqını çirkinləşdirdiyi zaman isə, bu əxlaqı onun Cəhənnəmə düşməsinə səbəb olar.” −  deyə cavab verdi.[7]

Bir gün bir nəfər Rəsulullahın (s.ə.s) yanına gələrək “İslam nədir?” − deyə soruşdu. Rəsulullah (s.ə.s) da “Gözəl əxlaq” − deyə cavab verdi. Həmin şəxs ya daha çox məlumat almaq ya da fərqli bir cavab eşitmək üçün eyni sualı dörd dəfə təkrarladı. Lakin hər dəfə Rəsulullah (s.ə.s) eyni cavabı verdi.[8] Peyğəmbərimizin qətiyyətlə hər dəfə eyni cavabı verməyi dinimizin gözəl əxlaqa nə qədər çox əhəmiyyət verdiyini göstərir. Bundan əlavə Rəsulullahın (s.ə.s) İslamı “gözəl əxlaq” kimi təsvir etməsi, İslamı yaşamağın ancaq gözəl əxlaqla mümkünlüyünü, bunun dinin əsasında olduğunu bildirir.[9]

Rəsulullah (s.ə.s) daima möminlərin gözəl əxlaq üzrə olmalarını tövsiyə etmiş, əxlaqı gözəl olanın xeyirli insan olduğunu[10], mizanda əməllər ölçülərkən gözəl əxlaqdan daha ağır əməlin olmadığını[11], kamil imanın gözəl əxlaqlı olmaqla təmin ediləcəyini[12], mömin gözəl əxlaqı ilə gündüzləri (nafilə) oruc tutan, gecələri də (nafilə) ibadət edən kimsələrin çatdığı dərəcəyə çatacağını[13], qiyamət günü Ona (s.ə.s) ən yaxın kəslərin əxlaqı ən gözəl olanlar olduğunu[14], insanların Cənnətə girmələrinə ən çox vəsilə olan əməllərin təqva və gözəl əxlaq olduğunu[15] bəyan etmişdir. Başqa hədisdə də Rəsulullah (s.ə.s) “Sizin ən xeyirliniz, əxlaqı ən gözəl olanınızdır.”[16] və “İçinizdən ən çox sevdiklərim, əxlaqı ən gözəl olanlarınızdır.”[17] − buyuraraq gözəl əxlaq üzrə olmağı tövsiyə etmişdir.

Hədislərdə “dil əxlaqı”nın yeri və əhəmiyyəti

Şübhəsiz əxlaqi davranışların sərgilənməsində orqanlar içində “dil”in özünəməxsus yeri var. Bu səbəblə Rəsulullah (s.ə.s) “dil”in əxlaqi baxımdan tərbiyə edilməsi, dinin haram hesab etdiyi (qeybət, böhtan və s.) şeylərdən uzaq tutulması üçün müəyyən tövsiyə və xəbərdarlıqlar etmişdir.

Dil, Allahın insana bəxş etdiyi ən böyük nemət və Onun yaratdığı ən incə sənət əsərlərindən biri olmaqla yanaşı yerində istifadə edilmədiyi zaman potensial təhlükəyə çevrilmə xüsusiyyətinə də malikdir. Dil insan üçün istifadə məqsədindən asılı olaraq yerinə görə rəhmət, yerinə görə də bəla və müsibət səbəbi ola bilər. Dil bədəndə kiçik orqan olmasına baxmayaraq yerinə yetirdiyi funksiya və səbəb olduğu işlər etibarilə böyük təsirə malikdir. Dil − Yeni Əhddə (İncil) də (Yaqubun Məktubu 3:4-12) ifadə edildiyi kimi − bir gəmini idarə edən sükan, bir meşəni yandıracaq kiçik qığılcım kimidir. Bədəndə kiçik bir orqan olan dil, bədəni idarə edəcək gücə malikdir.

Dil elmin şamil olduğu hər şeyi ifadə edə bilir. Bu səbəbdəndir ki, dilin göz, qulaq kimi orqanlara nisbətdə istifadə və təsir dairəsi daha geniştir[18]. Bədən üzvləri içərisində üsyan etməyə ən çox meylli olan da dildir. Çünki o, asanlıqla istədiyi tərəfə yönələ bilər. Bundan əlavə dil, şeytanın insanı aldatmaq üçün istifadə etdiyi ən böyük vasitələrdən biridir.

Bir kimsənin küfr və ya şahidliyi ancaq dilindəki ifadəsi nəticəsində aydın olur. İman və inkarın ifadəsindən başqa bunlara bağlı bir çox xüsusun ifadəsi də dil vasitəsilə mümkündür. Təsbehlər, təhmidlər, təkbirlər, zikirlər, tövbə, İslam həqiqətlərini insanlara çatdırılmaq yolunda edilən irşadlar, təbliğ, dinin dirəyi sayılan və gündə beş dəfə mənəvi təmizlənmənin təminatçısı namaza çağırış − azan və s. hamısı dil vasitəsilə yerinə yetirilir. Digər tərəfdən insanın əbədi həlakına səbəb olan Allah və Rəsulunu inkar, ictimai həyatı zəhərləyən yalan, böhtan, qeybət, məsxərəyə qoymaq  və s. hərəkətlər də dil ilə icra olunur.

Əxlaqi davranışlar baxımından da dilin digər orqanlar içərisində xüsusi yeri və əhəmiyyəti var. Dil digər orqanlara nisbətən daha böyük, dərin, təsirli və qalıcı funksiyalara malikdir. Funksiyaları böyük olan dilin məsuliyyəti də böyükdür. Dildən çıxan hər bir söz, insanın lehində və ya əleyhində ola bilər. Rəsulullah (s.ə.s) bir hədisində: “İnsan səhər yuxudan oyandığı zaman bütün orqanlar, dilə yalvararaq belə deyərlər: “Bizim haqqlarımızı qorumaqda Allahdan qorx. Biz ancaq sənin söyləyəcəklərinlə cəza görərik. Biz sənə bağlıyıq. Əgər sən doğru olsan, biz də doğru olarıq. Əgər yoldan çıxsan biz də sənin kimi olarıq”.[19]” − buyurmuşdur. Rəsulullah (s.ə.s), özünə “Mənim üçün ən çox qorxulacaq şey nədir?” − deyə soruşan Süfyan ibn Abdullaha (r.a) mübarək dilini göstərərək “Bax budur!” − cavabını vermiştir.[20]

Rəsulullah (s.ə.s) insanın dilini doğru istifadə etdiyi təqdirdə Cənnəti (əbədi səadəti) qazana biləcəyini, əks təqdirdə isə Cəhənnəmə girəcəyini bildirmişdir. Muaz ibn Cəbəl (r.a) bir dəfə Rəsulullahdan (s.ə.s) “Cənnətə girməyə vəsilə olacaq, Cəhənnəmdən də uzaqlaşdıracaq bir əməl” − söyləməsini istədi. Rəsulullah (s.ə.s) da belə dedi: “(İnsanların etməyə çətinlik çəkəcəyi) çox böyük şey istəyirsən. Amma bu Allahın asanlaşdırdığı kimsələr üçün çox asandır. Bunun üçün yalnız Allaha itaət etməli, Ona heç bir şeyi ortaq qoşmamalı, namaz qılmalı, zəkat verməli, Ramazan orucunu tutmalı, həcc etməlisən.” Sonra belə davam etdi: “Sənə xeyir yollarını göstərəcəyəm. Oruc qalxandır. Sədəqə suyun odu söndürdüyü kimi günahları silib süpürər. İnsanın gecə qıldığı namaz da günahların silinməsinə səbəb olar.” Sonra Rəsulullah (s.ə.s) “Onlar yataqlarından gecələri qalxaraq qorxu və ümid içərisində Rəbbinə yalvaranlardır …”[21] ayəsini oxudu və belə buyurdu: “Sizə bütün işlərin əvvəlini, dirəyini və ən üstün mərtəbəsini xəbər verim?” Muaz: “Bəli, ey Allahın Rəsulu!” − dedi. O (s.ə.s) da belə buyurdu: “Hər işin əvvəli İslam, dirəyi namaz, zirvəsi və ən üstün mərtəbəsi də cihaddır.” Sonra belə davam etdi: “Sənə bütün bunların özünə bağlı olduğu əsası xəbər verim?” Muaz: “Bəli, bildir, ya Rəsulullah!” − dedi. Bunun üzərinə Rəsulullah (s.ə.s) dilini tutdu və “Bunu qoru!” − buyurdu. Muaz “Ya Rəsulullah! Biz söylədiklərimizdən də sorğu-sual ediləcəyik?” − dedi. Rəsulullah (s.ə.s) da: “Ey Muaz! İnsanlar ancaq dilləri ilə (küfr, böhtan, qeybət və s.) söylədikləri ucbatından üzü üstə Cəhənnəmə sürüklənərlər.” − buyurdu[22].

Rəsulullahın (s.ə.s) dili, dinin zirvəsi sayması, iman və İslam əsaslarının şahdamarı olaraq ifadə etməsi, İslam dininin dilə verdiyi qiymət və əhəmiyyəti göstərməsi baxımından təqdirəlayiqdir. Təkcə bu hədis belə dilin, insan və din nəzdindəki yerini, təsirini və funksiyasını ifadə etmək üçün kifayətdir.

Rəsulu Əkrəmə (s.ə.s) bir qadının gecələri ibadətlə, gündüzləri də oruc tutaraq keçirdiyini, lakin pis əxlaqa sahib olduğunu və qonşularına diliylə əziyyət verdiyini dedilər. Bunun üzərinə Rəsulullah (s.ə.s) “O qadında (etdiyi əməllərdə) xeyir yoxdur, o qadın Cəhənnəmlikdir.” − buyurdu. Bu dəfə beş vaxt fərz namazını iqamə edən, Ramazan orucunu tutan, əlindəki bir parça çörəyi də başqasına verən və heç kimə zərər verməyən başqa qadından bəhs edildi. Bu dəfə Rəsulullah (s.ə.s) “O qadın Cənnətlikdir.” − buyurdu[23].

Rəsulullahın (s.ə.s) burada verdiyi cavablar göstərir ki, müsəlman gözəl əxlaq üzrə olmadıqca etdiyi ibadətlərin ona heç bir faydası yoxdur və o, gözəl əxlaq sahibi olmadan qurtuluşa çata bilməz. Digər tərəfdən yalnız dinin fərzlərini yerinə yetirib gözəl əxlaqa sahib olan şəxs də qurtuluşa çatmışdır. Dilin nə qədər əhəmiyyətli olduğu yuxarıdakı hədisdə açıqca ifadə edilmişdir. Belə ki, bir kimsənin ibadətlərinin qəbulu, əxlaqının gözəlliyinə bağlanmışdır. Hədisdən də aydın olduğu kimi, gözəl əxlaq rəftar və davranışlarında əks olunmayan kimsəyə ibadətlərinin heç bir faydası yoxdur. Bu xüsusu təsdiq edən başqa hədisdə Rəsulullah (s.ə.s): “İnsanın qəlbi istiqamət üzrə olmadıqca dini istiqamət üzrə olmaz. İnsanın dili istiqamət üzrə olmadıqca qəlbi də istiqamət üzrə olmaz. Qonşusu şərindən əmin olmayan kimsə də Cənnətə girə bilməz.[24]” − buyurmuşdur. Rəsulullah (s.ə.s) dinin kamilliyini sanki dilin düzgünlüyünə − yəni pisliklərdən uzaqlaşıb xeyir üzrə olmağına bağlamışdır.

Bir dəfə Rəsulullah (s.ə.s), yoldaşı Ümmü Sələmənin (r. anha) otağının qarşısında səs-küy eşitdi. Mübahisə edənlərin yanına gedərək belə dedi: “Şübhəsiz mən də sizin kimi bir insanam. Ola bilər ki, yanıma sizin kimi iki nəfər gələr, biri haqsız olduğu halda digərindən yaxşı (doğru) danışmış ola bilər! Mən də həmin sözləri (danışdıqlarını) doğru sanaraq onun lehinə hökm verə bilərəm. Buna görə də kimin lehinə bir müsəlmanin haqqına hökm etdimsə, bilsin ki bu haqq, atəşdən bir parçadır. İstər onu götürsün, istər götürməsin.”[25]

Bu hədis, bəyan gücünü istifadə edərək haqsızlıq etməyin nə qədər dəhşətli olduğunu bildirir. İndiki zamanda xüsusilə qəzet, televiziya və internet vasitəsilə yalan, uydurma və təhrif edilmiş xəbərlərlə insanların şərəf və ləyaqətləri alçaldılmaqdadır. Dövrümüzdə tez-tez meydana gələn bu cür hadisələr, sanki Rəsulullahın (s.ə.s) bu mövzudakı sözünü təsdiq edir.

Rəsulullah (s.ə.s) dilindən və əlindən müsəlmanların əmin olduğu kimsəni həqiqi (kamil) müsəlman[26] saymaqda[27], dili və əli ilə müsəlmanlara zərər verməməyin İslamda ən böyük fəzilət olduğunu bildirməkdədir[28]. Bu hədislərdə dil və əlin qeyd edilməsi, insanlara ən çox bunlarla zərər verilməsindən irəli gəlir. Dilin əvvəl qeyd olunması isə, ələ nisbətlə dil ilə verilən zərərin daha böyük olduğuna diqqət çəkmək üçündür.

Rəsulullah (s.ə.s) insanın səhvlərinin əksəriyyətinin dildən qaynaqlandığını[29] ifadə edərək onları dilin müsibətlərinə qarşı xəbərdar etmişdir. Bir dəfə Rəsulullaha (s.ə.s) insanlara ən çox cənnəti qazandıran əməlin hansı olduğu soruşuldu. O (s.ə.s), “Gözəl əxlaqdır.” − buyurdu. Bu dəfə insanların ən çox Cəhənnəmə girmələrinə səbəb olan əməl haqqında soruşuldu. O (s.ə.s), “Ağız (dil) və ayaq arasıdır.” buyurdu[30].

Bir nəfər Rəsulullahdan (s.ə.s) tösiyə istəmiş, Rəsulullah (s.ə.s) da bütün xeyrləri ehtiva edən “Allaha qarşı təqva” üzrə olmağı nəsihət etmiş ardından da “Dilini yalnız xeyirdə istifadə et, ancaq bu şəkildə şeytana qələbə çala bilərsən!” − buyurmuşdur. Göründüyü kimi dil, insanı xeyirxahlığa aparan əhəmiyyətli yoldur. Onu qorumaq da şeytana qalib gəlməyin mühüm əsaslarından biridir. Rəsulullah (s.ə.s) qurtuluşun hansı yolla mümkün olduğunu soruşan Ukbə ibn Amirə “Dilini (xeyir gətirməyən və sənin əleyhində olacaq sözlərdən uzaq) tut…”[31] − buyurmuşdur.

Rəsulu Əkrəm (s.ə.s) bir hədisdə “Bir müsəlman, Allahın sevdiyi bir sözü söylədiyi zaman nəticənin nə qədər əhəmiyyətli olduğunu və nə qədər böyük bir təsirə sahib olduğunu bilmədən söyləyər. Allah da o kimsəni bu söz səbəbi ilə bir çox dərəcələrə yüksəldər. Bir bəndə də Allahın qəzəbinə səbəb olacaq sözlərdən birini heç əhəmiyyət vermədən söyləyərsə, həmin söz səbəbilə Cəhənnəmə düşər!”[32] − buyurmuşdur. Dilin insanın Cənnətə və ya Cəhənnəmə girməsindəki bu təsirli funksiyasına görədir ki, Rəsulullah (s.ə.s), “Kim iki çənə sümüyü arasındakı dilini və iki budu arasındakı (cinsi) orqanını günahlardan qorumağa söz verərsə, mən də ona Cənnəti vəd edərəm!”[33]− buyurmuşdur.

Çox yemək və yatmaq kimi, çox danışmaq da kamilliyə gedən yolda insanın qarşısındakı ən böyük maneələrdən biri sayılır. İnsan ifadə etdiyi bütün kəlmələrdən məsuliyyət daşıyır. “Dediyi hər sözü (yazmaq üçün) onun yanında hazır durub gözləyən (iki mələk) vardır!”[34] ayəsi də ağızdan çıxan hər sözdə təmkinli olmağı və Allah Təalanın xoşlanmayacağı danışıqlardan uzaq qalmağın vacibliyini bildirir.

Yuxarıdakı hədislərdən də göründüyü kimi dil insanın dünya və axirətdəki vəziyyətini təyin etməkdə əhəmiyyətli mövqeyə sahibdir. Dilin təhlükələrindən qorunmaq və onunla xeyirlərə çatmaq üçün möminlər az və mənalı sözlər danışmalı, boş və lüzumsuz danışıqlardan uzaq durmalıdırlar. Əgər danışığımız savab və xeyir gətirəcək və Allahın rizasına səbəb olacaq mövzulardırsa bu təqdirdə danışmalı, əks halda susmalı və ya həmin mövzuda bəyan sahiblərinin danışmasına zəmin hazırlamalıyıq. Rəsulullahın (s.ə.s) yuxarıdakı xəbərdarlıq və tövsiyələri ilə yanaşı “Allaha və axirət gününə iman edən ya xeyr danışsın ya da sussun.”[35] və “Allahın zikri xaricində başqa (mövzularda) çox danışmayın. Çünki Allahın zikri xaricində edilən söhbətlər qəlbə narahatıq verər. Allaha ən uzaq kəslər qəlbi qatı olanlardır.”[36] hədislərini də yaddan çıxarmamalıyıq. Unutmamalıyıq ki, dilimizi mənfiliklərə qarşı cilovlamağın yeganə yolu bu mövzudakı dini əmrlərə tabe olmaqdan keçir.

Bəyanın təsir gücü hər zaman olduğu kimi, dövrümüzdə də öz əhəmiyyətini qorumaqdadır. Hətta demək olar ki, bəyanın əhəmiyyəti indiki dövrdə daha çox artmışdır. Bir çox əhəmiyyətli məsələ bəyan yolu ilə həll edilir. Digər tərəfdən özünü ifadə və qarşılıqlı ünsiyyət, dil ilə yanaşı bədən, yazı, elektron cihazlar və s. kimi vasitələrlə də həyata keçirilir. Buna görə də kütləvi informasiya vasitələrindən sayılan internet, televiziya, radio, qəzet və jurnal kimi vasitələr də qarşılıqlı ünsiyət vasitəsi hesab olunur. Nəticə etibarilə qarşılıqlı ünsiyəti təmin edən hər bir vasitə “dil”in funksiyasını yerinə yetirməsi baxımından “dil”ə bənzədiyi üçün Rəsulullahın (s.ə.s) onun haqqında söylədiklərinin digər vasitələr üçün də keçərli olduğunu deyə bilərik. Hətta fəaliyyəti və məşhurluğu nəzərə alınanda kütləvi informasiya vasitələrinin məsuliyyəti daha ağırdır. Buna görə də onlara nəzarət daha çox olmalıdır.

[1]Qəzzali, İhyayı-ulumid-din, III, 77.

[2]Qələm,68/4.

[3]İmam Malik, Hüsnül- Xuluq, 8; Əhməd ibn Hənbəl, II, 381.

[4]Müslim, Müsafirin, 201.

[5]Nurəddin əl-Heysəmi, Məcmauz-Zəvaid, X, 274; Əli əl-Muttəqi, Kənzül-ummal, II, 183, 204, 690.

[6]Əhməd ibn Hənbəl, I, 403, VI, 68, 155.

[7]Əli əl-Muttəqi, e.a.ə., III, 666.

[8]Beyhaki, əl-Cami, li-Şuabil-iman, X, 375.

[9]Zeydan, Üsulüd-davə, s. 78.

[10]Buxari, Ədəb, 38.

[11]Tirmizi, Birr, 62; Əbu Davud, Ədəb, 8.

[12]Əbu Davud, Sünnə, 14; Əhməd ibn Hənbəl, II, 250.

[13]Tirmizi, Birr, 62; Əbu Davud, Ədəb, 7.

[14]Tirmizi, Birr, 71; Buxari, Ədəbul-mufrəd, s. 91.

[15]Tirmizi, Birr, 62.

[16]Buxari, Ədəb, 39.

[17]Buxari, Fəzailus-səhabə, 27.

[18]Qəzzali, e.a.ə., III, 131.

[19]Tirmizi, Zühd, 60: İbn Macə, Fitən, 12.

[20]Tirmizi, Zühd, 60.

[21]Səcdə 32/16-17.

[22]Tirmizi, İman, 8; İbn Macə, Fitən, 12.

[23]Hakim, e.a.ə., IV, 280; Beyhəqi, e.a.ə., XII, 94-95.

[24]Əhməd ibn Hənbəl, III, 198.

[25]Buxari, Şəhadət, 27, Məzalim, 17, Hiyəl, 9; Müslim, Əqd, 4.

[26]Bax.: İbn Həcər, Fəthul-Bari, I, 69; Ayni, Umdətul -qari, I, 217, 218.

[27]Buxari, İman, 3, Riqaq, 26; Müslim, İman, 64-66.

[28]Buxari, İman, 4; Müslim, İman, 66.

[29]Nurəddin əl-Heysəmi, e.a.ə., X, 538; Əli əl-Muttəqi, e.a.ə., III, 549, 556.

[30]Tirmizi, Birr, 62; İbn Macə, Zühd, 29.

[31]Tirmizi, Zühd, 60.

[32]Buxari, Riqaq, 23; Tirmizi, Zühd, 12; İbn Macə, Fitən, 12.

[33]Buxari, Riqaq, 23.

[34]Qaf, 50/18.

[35]Buxari, Ədəb, 31, 85; Müslim, İman, 74, 75, 77.

[36]Tirmizi, Zühd, 61.




Bənzər məqalələr

İnsanların bir-birinə qarşı vəzifələri, mahiyyəti və növləri

Vəzifə dinə görə yerinə yetirilməsi zəruri olan və ya tövsiyə edilən hər hansı xeyirli iş və gözəl əməl deməkdir. Vəzifələr iki növ olur

Düşüncə təmizliyi

Ey iman gətirənlər! Çox zənnə-gümana qapılmaqdan çəkinin. Şübhəsiz ki, zənnin bəzisi günahdır. (Bir-birinizin eybini, sirrini) arayıb-axtarmayın, bir-birinizin qeybətini qırmayın! Sizdən biriniz ölmüş qardaşının ətini yeməyə razı olarmı? Bu sizdə ikrah hissi oyadar (qeybət də belədir). Allahdan qorxun. Həqiqətən, Allah tövbələri qəbul edəndir, rəhmlidir.

Cütlüyün müraciət şəkli

Ər-arvad arasında ünsiyyətin müxtəlif yönləri var. Bunlardan biri də ailədaxili ünsiyyətdə cütlüyün bir-birinə xitab şəklidir.

Peyğəmbərimizin ailədaxili ünsiyyəti

Əsrlər əvvəl Peyğəmbərimiz (s.a.s.) həm gözəl ailə həyatı, həm də tövsiyələri ilə xoşbəxt ailənin sirlərini göstərmişdir. Rəsulullah (s.a.s.) ailədaxili ünsiyyətdə nələrə diqqət etmişdir?

Ailədaxili ünsiyyət

Ailədaxili ünsiyyət dedikdə də ər-arvadın biri-biri və əgər varsa, uşaqları ilə münasibəti nəzərdə tutulur. Bu ünsiyyət ən azı iki nəfər arasında cərəyan edir və müəyyən məqsəd daşıyır.


Şərh yaz