Mənəviyyata Açılan Pəncərə

Həvazindən gələn xəbərlər

Məkkənin fəthindən on doqquz gün keçmişdi.[1] Məkkədə qalmaq niyyəti yox idi, bu səbəbdən namazları da qısaldaraq qılırdı. İdarəetmə işlərini quracaq və geri qayıdacaqdı. Ancaq belə olmur: Həvazın istiqamətindən yaxşı xəbərlər gəlmirdi.

Gələn xəbərlərin doğruluğunu dəqiqiləşdirmək məqsədilə Abdullah ibn Əbi Hadrəd adlı səhabəni:

– Get və onlardan bir xəbər gətir, – deyib Həvazinə göndərir. Abdullah ibn Əbi Hadrəd onların yurduna qədər gedib bir müddət orada qalacaq, vəziyyəti öyrənib geri qayıdacaqdı!

Peyğəmbər əmrini alar-almaz yola düşən Hz.Abdullah Həvazinə çatdığı zaman Həvazinin, həqiqətən, ciddi şəkildə döyüşə hazırlaşdığını görür və daha çox məlumat toplamaq üçün bir-iki gün onların arasında qalır. Həvazində fitnə qazanı çoxdan qaynamışdı. Məkkənin fəthi ilə bərabər Allah Rəsulunun onların üzərinə də hücum edəcəyini düşünən Həvazin və Saqif qəbilələri bir-biri ilə danışıqlar aparmağa başlamış və:

– İndi növbə bizə çatdı! Üstümüzə  hücum etməsinə heç bir əngəl qalmayıb. Ən yaxşısı, birləşib onların üstünə hücum edək və buna son qoyaq! Çünki vallah, Məhəmməd bu günə qədər döyüş bilməyən insanlarla vuruşdu. Haydı, ordunu hazırlamağa başlayın. O, bura gəlmədən, biz Onu qabaqlayaq! – deyirdilər.

Əslində, hazır idilər, təqribən bir il idi bu anı gözləyir və digər qəbilələrdən də dəstək almağa çalışırdılar. Sadəcə Məkkənin fəthi o günə qədərki hazırlıqları sürətləndirməyin “vacibliy”ini göstərirdi və onlar da belə edəcəkdi.

Həvazinlər qısa vaxtda Saqif, Nasr və Cüşəm qəbilələrini də inandırmış, hamısının dəstəyini alıb geri dönmüşdülər. Sad ibn Bəkir və Bəni-Hilal qəbilələri onlara güclü dəstək vermir. Bu zaman həmçinin Həvazinin qəbiləsinin öz içindən Kab və Kilab boyları:

– Vallah, siz lap şərqdən qərbə hər kəsi özünüzlə götürüb Məhəmmədin üstünə getsəniz də, O, yenə də qalib gələcəkdir, – deyib Həvazinin elçilərini qovmuş, bu çağırışa məhəl qoymamışdılar.

Bu qədər dağınıq ordunu nizama salmaq üçün Cüşəm qəbiləsindən yaşı yüzü ötmüş Düreyd ibn Simmə adlı biri nəfəri ordu başçısı seçmək istəsələr də, o, gözlərinin zəif gördüyünü deyib təklifi qəbul etmir. Onun əvəzinə Malik ibn Avf adlı otuz yaşlarında bir gənci qoşun başçısı seçirlər. Ancaq Malik ibn Avf Düreydə böyük rəğbət bəsləyirdi, buna görə də onunla məsləhətləşməmiş qərar qəbul etmək istəmirdi. Bir dəfə Düreyd Malikə:

– Ey Malik – deyir, – sən hal-hazırda ərəbləri bir yerə toplamış, Əcəm və Şamı qorxuya salmış və Hicaz yəhudilərini də yurdlarından çıxarmış çox kərim, əziz insana qarşı döyüşə gedirsən. Unutma ki, Məhəmmədlə müharibən bununla bitməyəcək və mütləq sonrası da olacaqdır!

Təcrübəsiz sərkərdə Malik ona:

– Sabah səni sevindirən hadisəni görəcəksən, – deyə cavab verir. Gözü dönmüş, gəmiləri yandıraraq döyüş meydanına çıxmağı düşünürdü.

Ona yaxınlaşmağı bacaran Rəsulullahın elçisi Hz.Abdullah Malikin belə dediyini eşitmişdi:

– Məhəmməd əslində heç döyüşmədi. Onun qarşılaşdığı insanlar döyüşün nə olduğunu bilməyən təcrübəsiz kimsələrdi, ona görə qalib gəlirdi! Sabah olunca siz heyvanlarınız və qadınlarınızı da götürüb cərgələrə düzülün. Sonra birlikdə hücuma keçərik! Qılınclarınızın qınlarını da qırın. Unutmayın ki, Onu qını qırılmış iyirmi min qılıncla qarşılayacaqsınız! Hamı bir nəfər kimi eyni anda həmlə etsin! Yaxşı bilin ki, qələbə birinci hücum edənlərindir!

Malikin məqsədi bütün qiymətli mal-mülkünü özləri ilə götürən bu adamların qarşısına qalibiyyətdən başqa heç bir seçim qoymamaq idi. Düşünürdü ki, bu insanlar ailə və mülkü qorumaq üçün var güclərini sərf edəcək. Və məhz bunu möminlər qarşısında ən böyük üstünlük hesab edirdi.

Beləliklə, Evtas adlı yerdə qərargah qurulmuş, ordunun toplanması əmri verilmişdi. Buraya gəlib qadınlarla uşaqların səslərini, qoyunların mələşməsini, dəvələrin böyürməsini eşidən Düreyd bu işə qarşı çıxsa da, Malikin israrları nəticə verir və Həvazin ordusu ərazilərində hərəkət edən hər canlıya ümumi hücum qərarını qəbul edir. Qərar Düreydi özündən çıxarır. Malik də onun bu inadından narahat olmağa başlayır.

– O artıq qocalımış, – deyir və məsələni “ya o, ya mən” müstəvisinə çəkib insanların yalnız özünü dinləməsi məsələsində israr edirdi. Nəhayət, onun dediyi olur; xalq sabah ölüb gedəcək bir insanın arxasınca düşməkdənsə, gələcəyi olan gənci – Maliki seçir. Baş verənləri inciklik və üzüntü ilə izləyən yaşlı döyüşçü Düreyd gənclik həsrətini dilə gətirdikdən sonra bir cəhd də edir və Malikə heç olmasa, bir süvari dəstəsi ayırıb dağ başlarına yerləşdirməyi və beləcə gələn müsəlmanlara tələ qurub mühasirəyə salmağı məsləhət görür.

Huneynə doğru

Kəşfiyyat vəzifəsini yerinə yetirib geriyə dönən Hz.Abdullah eşidib-gördüklərini Allah Rəsuluna danışır. Təəssüf ki, gələn xəbərlər doğru çıxmışdı! Göz görə-görə üstlərinə düşmən ordusu gəlirdi və bu xəbəri alan Allah Rəsulu (s.ə.s.) əshabına dönüb döyüşə hazırlaşmağı əmr edir:

– Sabah bizim qərargahımız müşriklərin bir zamanlar əleyhimizə qərar qəbul etdiyi Bəni-Kinanə yurdudur!

Fəthlə rahat nəfəs aldığını düşünən əshab yeni və ağır bir döyüşlə üz-üzə idi. Düşmən Məkkəyə hücum etməmiş müsəlman ordusunu qarşısında görməli və bu döyüş mütləq Məkkədən kənarda baş verməli idi!

Bunun üçün daha çox silaha ehtiyac vardı və Allah Rəsulu (s.ə.s.) Safvan ibn Ümeyyəyə xəbər göndərib onunla görüşür:

 – Ya Əba Ümeyyə! – deyir, – düşmənlərimizlə qarşılaşmaq üçün bizə borca silah verərsənmi?

Savfan hələ müsəlman olmamışdı, ancaq Allah Rəsulu (s.ə.s.) onda müsəlman olma potensialı görürdü və bəlkə də, belə önəmli vaxtlarda onunla oturub danışa, birlikdə zaman keçirib İslamın gözəlliklərini göstərə biləcəyi, hal və davranışları ilə qəlbinə sirayət edəcəyi müştərək anları çoxaltmaq istəyirdi! Savfan isə başqa şeylər düşünürdü və:

– Onları bir daha qaytarmamaq şərtilə alırsan? – deyə suala sualla cavab verir.

– Xeyr, – deyir Allah Rəsulu (s.ə.s.), – əksinə, əmanətlərini bir müddət istifadə edib qaytaracağam!

– Onda mümkündür, – deyə razılaşır Safvan ibn Ümeyyə və gedib yüz zireh[2] və  bir çox qılınc qalxan növündən silah gətirərək Rəsulullaha verir. Eyni zamanda Allah Rəsulu (s.ə.s.) əmisi oğlu Nəvfəl ibn Harisdən üç min nizə borc alır və iltifat olsun deyə:

– Sənin bu nizələrinin müşriklərin belini qırdığını görürəm, – deyir.

Şəvval ayının altısı,[3] şənbə günü idi. Bəni-Kinanə yurdunda on dörd min nəfərlik bir ordu[4] Allah Rəsulunun (s.ə.s.) əmrini gözləyirdi. Rəsulullah da əmrini verir. Artıq ordu Həvazin istiqamətində irəliləyirdi! Səfərdə Rəsulullahın (s.ə.s.) məiyyəti olaraq Ümmü Sələmə və Meymunə validələrimiz iştirak edirdi.

İyirmi yaşlı Attab ibn Əsidi Məkkəyə əmir təyin etmiş, Muaz ibn Cəbələ isə insanlara İslamı öyrətmə vəzifəsini tapşırmışdı. Artıq axşam olmuş, fasilə verilirdi. Bu vaxt bir atlı Rəsulullahın hüzuruna gələrək:

– Ya Rəsulullah, – deyir, – mən Sizdən əvvəl gəlib bu dağların təpəsinə çıxmışdım. Həvazinlilər özləri ilə götürdükləri qoyun və dəvələrlə, arvad-uşaqlarla gözləyirlər. Bütün ailə üzvləri ilə orada toplanıblar.

Atlının həyəcanla dediklərini dinləyən Allah Rəsulu (s.ə.s.) gülümsəyərək:

– İnşallah, sabah onların hamısı Müsəlmanların qəniməti olacaq, – deyir. Sonra da üzünü əshabına tutub:

– Kim bu gecə keşikçimiz olar? – deyə soruşur. Demək ki, Allah Rəsulu (s.ə.s.) insanlara  vacib və təhlükəli işlərdə tapşırıq verərkən könüllülüyü əsas götürürdü. Suala Ənəs ibn Əbi Mərsəd cavab verir:

– Mən, ya Rəsulullah!

– Onda atına min, – buyurur Rəsulullah. Hz. Ənəs dərhal ata minib Allah Rəsulunun  hüzuruna gəlir. Peyğəmbərimiz (s.ə.s.):

– Bu vadidən dağın təpəsinə doğru dırman ki, o tərəfdən qəfil hücuma məruz qalmayaq,– deyə tapşırıq verir.

Sabah namazının vaxtı girincə namazı qıldırmaq üçün çıxan Sultanlar Sultanı öncə iki rükət namaz qıldıqdan sonra səhabələrdən:

– Süvarinizdən bir xəbər varmı? – deyə soruşur. Heç kimin xəbəri yox idi və:

– Xeyr, ya Rəsulullah! Heç bir xəbərimiz yoxdur, – deyə cavab verirlər. Sonra da sübh namazına dururlar. Namaz bitən kimi Sultanlar Sultanı (s.ə.s.) əshabına dönüb:

–Müjdələr olsun! Süvariniz gəlir, – deyir. Dağa tərəf diqqətlə baxanda atlının gəldiyini görürlər!

Bir qədər keçmiş Hz.Ənəs gəlib çatır. Rəsulullahın qarşısında dayanır və gecənin hesabatını verir:

– Mən Rəsulullahın tapşırdığı kimi, bu dağın təpəsinə qədər çıxdım və sübh tezdən də o biri dağa dırmaşdım, hər ikisindən də diqqətlə baxdım, amma heç kimi görə bilmədim.

Demək ki, gizləniblər və Hz.Ənəs sözünü bitirər-bitirməz Allah Rəsulu (s.ə.s.):

– Yaxşı, bəs de görüm bu gecə heç atından düşdünmü? – deyə soruşur.

– Xeyr, yalnız namaz qılmaq və ehtiyacımı ödəmək üçün atdan düşmüşəm, – cavabını verir Hz.Ənəs. Gözəl məziyyət idi: verilən tapşırığın əhəmiyyətini dərk edib vəzifəsini məsuliyyətlə yerinə yetirmək və göstərilən həddi keçməməyin, demək ki, Allah və Rəsulu qatında xüsusi  yeri vardı və buna cavab olaraq Allah Rəsulu Ənəs ibn Əbi Mərsədə:

– Bundan sonra başqa bir əməlin olm,asa belə cənnət sənə vacib oldu, – buyurur.

Evtas adlı yerə çatanda Rəsulullah (s.ə.s.) böyük bir ağacın altında girir, qılınc və qalxanını budaqlardan asaraq bir az dincəlmək istəyir. Bir qədər sonra qəfildən:

– Ey Əba Büreydə, – deyə çağırır. Mübarək səsi eşidən Hz.Əbu Büreydə:

– Buyur, ya Rəsulullah, – deyib dərhal Allah Rəsulunun hüzuruna gəlir. Ağacın altında oturan Allah Rəsulunun hüzurunda bir adam dayanmışdı! O da məəttəl qalmışdı və Rəsulullah (s.ə.s.) hüzura gələn Əbu Büreydəyə bunları danışır:

– Mən burada yatarkən bu adam peyda oldu. Qılıncımı götürüb başımın üstünü kəsdirdi: “Ya Məhəmməd! Səni mənim əlimdən kim qurtacaq?” – deyə qışqırdı. Səsə oyandım və “Allah-taala!” cavabını verdim.

Tükləri ürpərən Hz.Əbu Büreydə özünü güclə saxlayır. Əlini qılıncının qəbzəsinə uzadıb Allah Rəsuluna (s.ə.s.):

– Ya Rəsulullah! İcazə ver, bu adamın başını bədənindən ayırım, görünür, müşriklərin casuslarındandır, – deyir. Şəfqət Peyğəmbəri Rəsulullah:

– Sus, ya Əba Büreydə,  qılıncını da qınına qoy! – deyir. Hz.Əbu Büreydə Peyğəmbərimizdən açıq əmr aldığı üçün bu adama heç nə edə bilmir və çarəsiz-çarəsiz müsəlmanlara səslənir: bu işi başqa bir səhabənin yerinə yetirməsini istəyir. Ancaq nəbəvi şəfqət bunların heç birinə yol vermir və:

– Ya Əba Büreydə! Bu adamla işin olmasın, çünki Məni qoruyan bir Allah var və O (c.c.) da dinini bütün dinlərin üzərində hakim edənə qədər Məni qoruyacaqdır, – deyərək özünə sui-qəsd hazırlayan bu adamı bağışlayır!

Huneyndə qarşılıqlı hazırlıq  

Şəvvalın onuncu günü axşam Huneynə çatırlar. Çərşənbə axşamı idi! Həvazinlilərin başçısı Malik ibn Avf da kəşfiyyat məqsədilə müxtəlif istiqamətlərə üç atlı göndərmişdi. Rəsulullah və əshabı barədə məlumat toplayıb geriyə – qoşun başçısı Malikin yanına qayıdan  Həvazin casuslarının rəngi ağappaq olmuşdu. Qorxudan tir-tir əsirdilər!

Bundan narahat olan Malik:

– Bu nə haldır? – deyə soruşur.

– Vallah, biz atlar üstündə ağ paltarlı adamlar gördük, – deyə sözə başlayırlar, – Allaha and olsun ki, gördüklərimiz canımıza vəlvələ saldı. Çünki biz yer üzündə yaşayan insanlarla deyil, sanki, yeddinci qat səma sakinləri ilə döyüşə hazırlaşırıq! Bizi dinləsən, qövmünlə geri dönərsən! Çünki sabah insanlar da gördüklərimizdən xəbər tutunca, bizim halımıza düşəcək, onların da əl-ayağı tutulacaq!

Qəribə mənzərə vardı. Bədir, Uhud və Xəndəkdə olduğu kimi, yenə mələklər gəlmiş və Allah Rəsuluna (s.ə.s.) dəstək olmaq üçün xəfifcə düşmənin gözünə görünmüşdülər! Ancaq bu sözlər Malikin canını sıxmışdı:

– Canınız cəhənnəmə, qorxaqlar! Siz nə qədər qorxaq əsgərsinizmiş! – deyib dərhal onları həbs etdirir və digər insanların əhvali-ruhiyyəsinə mənfi təsir etməsinlər deyə onlarla görüşməyi qadağan edir.

Bu dəfə də:

– Yanıma bir cəsur əsgər göndərin! – deyə səslənir.

Çox keçmədən bir əsgər gətirirlər. Malik onu da eyni məqsədlə göndərir. Ancaq nəticə əvvəlkindən fərqlənmir. O da gedib gəlir, eyni şeyləri təkrarlayıb tir-tir əsir, gördüyü mənzərəni təsvir edib geri dönməyi tövsiyə edir! Ancaq bunların heç biri Maliki yolundan döndərə bilmir. Gecə yarısı əsgərlərinə əmr verən Malik vadinin iki tərəfinə dağılışıb gizlənməyi, döyüş başlayıb müsəlmanlar onlara tərəf gələnə qədər gizləndikləri yerdən çıxmamağı tapşırır. Məqsədi Allah Rəsulu və əshabını mühasirəyə alıb, ani bir basqınla yox etmək idi!

Səhər erkən Fəxri-Kainat Allah Rəsulu da əshabını döyüş vəziyyətinə gətirir, bayraqları bayraqdarlara əmanət edir. Əynində iki zireh və bir dəbilqə, əlində qalxan, ağ miniyinin üstündə əsgərlərə xitab edib onları cihada səsləyir, səhərə qədər dözəcəkləri təqdirdə qələbə  müjdəsini verir.

Artıq ordu hazır idi və Huneyin vadisinə doğru hərəkət başlayır. Bu əsnada Rəsulullah (sallallahu əleyhi və səlləm) yenə əshabının arasına girir və cərgələri dönə-dönə gəzərək yol göstərir. Birdən:

– Bu gün əsla say azlığına görə məğlub olmarıq, – sözlərini  eşidir.

Məkkə və Mədinə əhli çiyin-çiyinə vermiş və artıq məğlubiyyət üzü görməyəcəyini  düşünməyə başlamışdı. Halbuki sayı az olan neçə-neçə ordu özündən çox və güclü ordulara qalib gəlmiş və Bədirdən Huneynə qədər Hicaz da bunlara şahid olmuşdu! Qələbə hər zaman Allahın inayətindən asılı idi. Heç kim Onun əziz etdiyini zəlil edə bilmədiyi kimi zəlil etdiyini də əziz edə bilməzdi! Əsas məsələ ilahi inayətə güvənib bir qul kimi lazım olanı yerinə yetirdikdən sonra Allaha təvəkkül etməkdi və Allah Rəsulu da belə yanlış düşüncədən çox narahat olmuşdu. Dərhal səs gələn tərəfə dönür. Sanki, baxışları ilə deyilənlərin yanlış olduğunu bildirir və əshabının bir xətasını düzəldir.

Həqiqətən, düzəldilməli xəta idi. Çünki müvəffəqiyyət çoxluqla deyil, ixlasla qazanılır. Nəhayət, Huneyn vadisinə enişdə pusquya düşürlər. Əvvəlki döyüşlərdəki kimi cərgələr düzüləndən sonra döyüşün başlayacağını düşünürdülər. Bu zaman düşmən əsgərləri vadinin iki tərəfindən çəyirtkə sürüsü kimi axın etmiş və İslam əsgərlərini atəş çənbəri ilə əhatələmişdilər! Meydanda nə təkbətək döyüş, nə də söz deyişməsi vardı! Bu gün Həvazin  əsas döyüş qaydalarını, adətlərini bir kənara qoyub, mərd-mərdanə vuruşmaq əvəzinə tələ quraraq kəsə yolla qalib gəlməyi düşünürdü. İslam ordusu hələ qılıncını çəkməmişdi, çünki ordunun önündə gedənlərin əksəriyyəti təcrübəsiz cavanlar idi. Çoxunun əlində silahı da yox idi və ya olsa da, döyüş üçün yararlı deyildi. Sağına-soluna baxan hər kəs özünü dörd tərəfdən düşmən əhatəsində görürdü. Çünki Həvazinlər özləri ilə cəbhəyə gətirdikləri qadınlarını da dəvələrə mindirmişdilər; onları da arxa cərgələrdə döyüş vəziyyətində saxlayır, özləri ilə götürdükləri qoyun və dəvələri də müsəlmanların üstünə sürürdülər.

Huneyndə dəhşətli mənzərə vardı və bu həngamədə öndə gedən süvari birliklərinin nizamı pozulmuş, çarəni geri çəkilməkdə görmüşdülər. Onların ardınca qənimət niyyəti ilə orduya qatılmış məkkəlilər gəlirdi! Bu mənzərə digər insanların da əhvali-ruhiyyəsini sarsıtmış və müsəlmanların taleyi məchul istiqamətə yönəlmişdi! Görünür, bu say çoxluğuna güvənmənin bir nəticəsiydi![5]

Hətta bu əsnada fürsət tapıb qarışıqlıq içində Rəsulullahı öldürmək istəyənlər də vardı. Onlardan biri də Nadir ibn Haris idi. Məkkəlilərlə birlikdə Həvazin səfərinə çıxmış və İslam ordusunun ən cüzi zəifliyində qarşı tərəfə keçməyi planlaşdırmışdı. İndi onun kimilərin – qara niyyətlilərin əlinə fürsət düşmüşdü. Elə bu vaxt Allah Rəsulu müşriklərin üstünə gedirdi. Arxadan yaxınlaşıb qılıncını qaldıran Haris “Ey, sən! Yerində qal” deyə bir səs eşidir. Bu səsin dərinliyi beyninə işləmiş, qorxudan tir-tir əsməyə başlamışdı. Səs gələn tərəfə dönüb baxanda Bədirdəki kimi ağ paltarlı adamlar görür. Nadirin əl-qolu tutulur, addım atmağa taqəti də qalmır. Anlamışdı; öldürmək istədiyi şəxs Allahın qoruduğu, mələklərdən yardım etdiyi Rəsulullahdır və qılıncını qınına qoyub gözdən itir.

Bu arada meydanda gəzən söz-söhbət müsibəti ikiqat artırırdı. Müsəlman olmadığı halda, qənimət həvəsi ilə orduya qatılan və ya hələ İslamın mahiyyətini mənimsəməyə imkan tapmayanlar: “Bu gün cadu pozulmuşdur, artıq hər şey bitdi,” deyərək digər insanların da əhvali-ruhiyyəsinə mənfi təsir edirdilər. Bu sözlər müşrik olduğu halda, Rəsulullahla (s.ə.s.) Huneynə qədər gələn və hadisələri uzaqdan seyr edən Savfan ibn Ümeyyəni belə hövsələdən çıxarır. Onun yanına qaçaraq:

– Müjdələr olsun, Məhəmməd və yoldaşları məğlub olurlar! Vallah, artıq heç vaxt özlərinə gələ bilməzlər, – deyirlər. İbn Ümeyyə bunları eşidincə yerindən qalxır və xəbəri gətirən ögey qardaşı Kəldə ibn Hənbəlin üstünə:

– Səsini kəs və ağzını yum! – deyə çığırır, – Sən mənə səhra bədəvilərinin qələbə xəbərinimi gətirirsən? Vallah, mən həvazinlilərin əli altında yaşamaqdansa, bir qureyşlinin mənə ağa olmasını üstün tuturam!

Bunu deyəndə hirsindən əsirdi: Rəsulullahın məğlub olmasını istəmirdi. Vəziyyəti öyrənmək üçün kölələrindən birini yanına çağırır və:

– Get, gör meydanda parol nədir? – tapşırığı ilə döyüş meydanına göndərir.

Bu əsnada sağ tərəfdən bir səs yüksəlir:

– Ey insanlar! Mənə tərəf gəlin! Mən Allahın qulu və Rəsuluyam, bunda yalan yoxdur! Mən Abdulmuttalibin oğlu Məhəmmədəm!

Ətrafında yüzə yaxın səhabəsi qalan Rəsulullah bu çıxışı ilə dönüş nöqtəsini başladır. Sultanlar Sultanı əshabına səslənməklə kifayətlənmir, düşmən üzərinə həmlə edərək yol göstərirdi! Rəsulullahın miniyinin cilovundan tutan Hz.Abbas və bir yanda Ondan ayrılmamağa and içmiş Əbu Sufyan qan tər içində idi! Digər tərəfdən Allah Rəsulu Rəbbi ilə irtibatını da unutmur və döyüşün yenidən qızışdığı bu dəmlərdə əllərini qaldırıb:

– Allahım! Nüsrətinlə imdadımıza yetişib Mənə vəd etdiklərinin xətrinə qələbə ehsan et! Allahım! Bizə onların qarşısında məğlubiyyət yaşatma! Allahım! Əgər məğlub olarsaq, yer üzündə Sənə ibadət edən kimsə qalmaz. Allahım! Həmd yalnız Sənədir, şikayətlər Sənə edilir və yardım da yalnız Səndən istənilir, – deyə dua edir. Bu vaxt Cəbrailin ümid verən səsini eşidir:

– Sən önündə dəniz və arxasında da Firon olarkən dəniz yarılıb dalğalardan qurtulduğu vaxt Allahın Hz.Musaya öyrətdiyi kəlmələrlə dua etdin, – deyir.

Rəsulullahı sevindirən bu sözlər eyni zamanda zəfərin müjdəsi idi. Ancaq yenə də səbəbələri yerinə yetirməkdə qüsura yol verilməməliydi və bu mənada iş düşünüldüyündən də ciddi idi. Allah Rəsulu (s.ə.s.) üzünü  Hz.Abbasa tutub:

– Ey Abbas, – deyir,– ənsara səslən: “Ey Hudeybiyyədə söz verənlər! Ey “Bəqərə” surəsində səxavət və qonaqpərvərliyindən bəhs olunan insanlar!” – deyə onlara nida et! Hz.Abbas tapşırığı dərhal yerinə yetirir. Onun gur səsi Huneyn vadisinə yayılır:

– Ey Ənsar! Ey Səmurə xalqı! Ey Bəqərə əshabı!

Abdullah ibn Məsuda da “ənsar və mühacirlər haradadır” deyib onları çağırmağı tapşırır. İbn Məsud kimi bu səsi dalğa-dalğa yayılanların nidası Hz.Abbasın harayına qoşulur:

– Ey ənsar topluluğu! Ey xazrəclilər! Anam, atam sizə fəda olsun! Rəsulullahın olduğu yerdən heç qaçarlarmı! – deyə geri çəkilənləri haraylayır.

 Bu səsləniş bəhrəsini verir. Səsi eşidənlər:

– Ləbbeyk (baş üstə), ya Rəsulullah! Hamımız Səninləyik, – deyib pətəyinə qayıdan arılar kimi ər meydanına tələsir, Rəsulullahın səsini eşidən hər səhabə geri dönub düşmənin üstünə yeriyirdi. Bunu görən Allah Rəsulu (s.ə.s.):

– Bax əsl döyüş indi başladı, – buyurur. Rəsulullah (s.ə.s.) düşmən üzərinə yeriməkdə davam edirdi. Bu vaxt yerdən bir ovuc çınqıl daşı götürüb düşmənin üstünə sovurur və:

– Üzlər qara olsun! Ha-Mim! Onlar əsla nüsrət üzü görməsinlər! Məhəmmədin Rəbbi adına hamınız yerlə-yeksan olun! – deyə dua edir. Sanki, hər bir daş kükrəyən köhləntək düşmən üstünə şığıyır, onlar da bunu qarşısıalınmaz bir ordu kimi görürlər.

 Yenidən meydana qayıdan əshab həmin gün Rəsulullah qədər cəsarətlə, qorxmadan düşmənin üzərinə yeriyən başqa bir insana şahid olmamışdı! Rəsulullahın hüzuruna qovuşmuşdular: buradakı mənəvi rahatlığı heç yerdə tapmaq olmazdı. Əvvəlki təhlükəli anlarda olduğu kimi, yenə də qəlblərinə bir əminlik hakim olur və savaş meydanının çətinlikləri tamamilə unudulur! Bu vaxt göy gurultsu qopur, hasil etdiyi qorxu ilə düşmənin canına vəlvələ salır. Səmadan vadiyə bir ilahi nüsrət yayılır: Allah (c.c.) möminlərin əhvali-ruhiyyəsini yüksəltmək üçün beş min mələklə görünməz ordular göndərmişdi. Bölük-bölük gəlir, başlarındakı sarıqları çiyinlərinə aşıraraq düşmənin qəlbinə qorxu salırdılar! Hətta bu qorxunun vahiməsi ilə arxasına baxmadan qaçıb Taif qalalarına sığınan həvazinlilər vardı!

Eyni zamanda Rəsulullahın ovuclayıb atdığı çınqıl daşının hər biri, sanki, bir müşrikin gözünə tuş gəlmiş və qarşılarını görməz olmuşdular.

Gözü dönmüş Malik və Həvazin ordusu üçün məğlubiyyət zamanı idi. Bayaq dağılmış ordu indi nəfəslərini kəsirdi; qaçmaqdan başqa çarələri qalmamışdı.

Bu arada Safvan ibn Ümeyyənin göndərdiyi kölə də geri qayıdıb meydandakı parolun “Ya Bəni Abdirrahman! Ya Bəni Ubeydullah! Ya Bəni Abdullah” olması xəbərini gətirir.

Belə ki, həmin vaxtlar bunlar İslam mücahidlərinin parolu idi. Bunu eşidən Safvan:

– Məhəmməd qalib gəldi, çünki bu, onların döyüş meydanındakı paroludur, – deyib rahat nəfəs alır.

Birdən Allah Rəsulu (s.ə.s.) arxaya dönüb:

– Ey Şeyb! Yaxınlaş, – deyə səslənir.

Bu sözlərdən Şeybə ibn Osmandan başqa heç kim bir şey anlamır; belə ki, Şeybə ibn Osman həmin an Rəsulullahı öldürmək üçün arxadan Ona yaxınlaşırdı. Sağ tərəfdən yaxınlaşmaq istəmiş, Hz.Abbası görüb cəsarət etməmişdi. Sol tərəfdən hücum etmək istəyincə Əbu Sufyanın əlindən fürsət tapa bilməmişdi! Bircə çarəsi qalmışdı: arxadan qəfil hücum edib atasının və əmilərinin qisasını almaq. Ancaq bu vaxt qarşısında şımşək kimi çaxan alovlar yüksəlmiş və qılıncı əlində qalmışdı. Gözlərini əli ilə qapayır və qorxudan  geri addımlayır! Belə ki, heç tanımadığı alaca atlı süvarilər görmüş  və qorxudan içini yemişdi.[6]  Rəsulullaha heç bir zərər verə bilməyəcəyini və bunun da heç kimə müyəssər olmayacağını anlayır. Çünki Allah Rəsulu (s.ə.s.) ilahi inayət altında qorunurdu! Yer üzündə hər kəs müsəlman olsa belə, heç vaxt İslamı seçməyəcəyini düşünən Şeybə ibn Osmana da vədə çatmışdı və onu çağıran Allah Rəsuluna (s.ə.s.) yaxınlaşır. Rəsulullah əvvəlcə mübarək əllərini Şeybənin sinəsinə qoyub:

– Allahım! Şeytanı ondan uzaqlaşdır! – deyə dua edir. Şeybə ibn Osmanın qəlbindəki buzlar əriməyə başlayır. İçində fırtınalar qopurdu və başını qaldıranda artıq Rəsulullahı hər şeydən çox sevdiyini hiss edir! O da öldürmək üçün gəlmiş, amma indi özü yenidən dirilirdi. Rəsulullah (s.ə.s.) yenə səslənir:

– Ey Şeybə! Haydı indi kafirlərlə döyüş!

Bu necə böyüklük, bu necə müsamihə, bu necə etibar idi! Bir anda İnsan sərrafı Könüllər Sultanının əlində daş qəlblər əriyib muma dönmüşdü. Üstəlik bu adamlar Onun müdafiəsi naminə öz köhnə cəbhələrinə qarşı döyüşə atılırdılar!

Həmin gün döyüş meydanında həddini aşanlar da vardı: bəziləri əli qılınc tutan qadınlar və uşaqları da qılıncadan keçirirdilər. Halbuki Rəsulullah daha əvvəl də bir qadının öldürüldüyünü görmüş, səhabələrdən birini Xalid ibn Validin yanına göndərib döyüş olsa belə, qadınlara və uşaqlara toxunmamağı əmr etmişdi. İndi də eyni vəziyyətlə təkrar qarşılaşan Allah Rəsulu (s.ə.s.) dərhal xəbərdarlıq edir: düşmən ordusuna yardım etmək üçün döyüş meydanına gəlmiş olsalar da, məsum insanlara toxunulmasını istəmirdi  və:

– Bu insanlara nə olur ki, düşmənin uşaqlarına çatan kimi onları öldürmək istəyirlər! Diqqətli olun və nəbadə heç kim onların uşaqlarına toxunmasın, – deyir. Bunu eşidən Üseyd ibn Hudayr:

– Ya Rəsulullah, onlar müşriklərin uşaqları deyilmi? – deyə soruşur.

 Bununla o, müşrik uşaqlarının sabah müşrik kimi qarşılarına çıxacağına eyham vurur və bəlkə də, gələcək nəsillər üçün Rəsulullahın fikrini eşitmək istəyirdi. Huneyn vadisi yenə də nəbəvi cəlala şahid olur. Cəlalından boyun damarları şişən Rəsulullah:

– Sizin ən yaxşılarınız da müşriklərin övladları deyilmi? – buyurur. Sözlər sarsıdır onları, çünki orada atası müşrik olaraq vəfat edən neçə-neçə öndər səhabə vardı. Allah Rəsulu əlavə edir:

– Dünyaya gələn hər bir insan tərtəmiz fitrətlə doğular, dil açana qədər də pak qalar. Onu Xristian və ya Yahudi edən isə ata-anasıdır!

Allah Rəsuluna xəbər gətirirlər ki, böyük qəhrəmanlıq göstərən bir döyüşçü yaralanıb.

Rəsulullah: “O, cəhənnəm əhlindəndir,” – buyurur. Ürəklərinə şübhə dolur: savaş meydanında bu qədər qəhrəmanlıqlar göstərən bir adam necə cəhənnəmlik ola bilərdi?!  Ancaq bunu Rəsulullah (s.ə.s.) söyləyirdisə, demək ki, bir mənası vardı. Uhud günü intihar edən Quzmanı xatırlayırlar. Bu adam da Quzman kimi ağrılara dözməyib sadağından çıxardığı oxu qarnına sancmışdı. Xəbəri bir göz qırpımında Rəsulullaha çatdırırlar. Allah Rəsulu  hüzuruna çağırdığı Hz.Bilala “Cənnətə yalnız möminlər girəcək! Unutmayın ki, Allah (c.c.) bu dini  günahkar bir adamla da qüvvətləndirər” sözlərini elan etdirir.

Artıq Həvazin ordusunun kitabı bağlanmışdı; qoşun başçısı Malik ibn Avf bəzi adamları ilə qaçıb Taifə sığınmaq məcburiyyətində qalmış, arxada qalanlar müsəlmanlara əsir düşmüşdülər. Eyni zamanda Huneyn vadisi qızıl dəvə, qoyun sürüləri və digər heyvanlarla dolu idi. Bunlara şahid olan və indiyə qədər tərəddüd keçirən məkkəlilərin əksəriyyəti döyüş vaxtı gördükləri ilahi inayət və Allah Rəsulunun zəfəri qarşısında təsirlənib müsəlman olacaqdılar! Belə ki, Allah naminə vuruşan süvarilər Lat və Uzza yolunun yolçularına qalib gəlmiş, onlara ağlasığmaz məğlubiyyət yaşatmışdılar!

Əsir və qənimətlər

Artıq döyüş bitmiş, qaçan qaçmış, çoxlu insan da əsir alınmışdı. Ailə və bütün var-dövlətləri ilə Huneynə gələn həvazinlilər böyük bir sərvət qoyub getmişdilər. Döyüş meydanında toplanmış mallar arasında iyirmi dörd min dəvə, qırx mindən çox qoyun və təqribən dörd min uqiyyə civarında gümüş vardı! Altı min də əsir alınmışdı və Allah Rəsulu (s.ə.s.) yenə də əshabına qadınlara toxunmamağı tapşırmışdı. Onların payına düşən bir əsir olsa da, hamilə qadınlara övladını dünyaya gətirənə və müəyyən müddət keçənə (istibrai-rahim) qədər yaxınlaşmağı qadağan etmişdi. Çünki həmin gün gələn Cəbrail də eyni mövzuda xəbərlər gətirib Allah Rəsuluna bundan sonrakı fəaliyyətlər haqqında məlumatlar çatdırmışdı.[7] Əsirlərlə bağlı işləri Əbu Sufyana[8] tapşıran Allah Rəsulu (s.ə.s.) qənimət mallarına aid işlərin başına da Məsud ibn Amrı təyin edir. Ələ keçən bütün qəniməti Ciranəyə daşımağı və özü geri qayıdana qədər heç bir müdaxilə etməməyi tapşırır. Əshabına müraciət edərək:

– Ey insanlar, Allahın sizə qənimət kimi bəxş etdiyi malların beşdə birindən əlavə bir iynə qədərini belə götürmək Mənə halal deyil. Beşdə biri də yenə sizə qayıdır! Ona görə də əlinizdə qənimət malından bir iplik və ya bir iynə – nə varsa, hamısını gətirin. Əsla hesabınıza qənimət malı yazmayın, çünki o, bunu edən üçün qiyamət günündə böyük bir xəcalətə səbəb olacaq! – buyurur.

Rəsulullahın (s.ə.s.) bu sözlərini eşidənlər Xeybərdəki xəbərdarlığı xatırlayır və bölgü həyata keçirilməmiş qənimət malından bir iynə belə götürməkdən çəkinirlər. Ancaq əsgərlərin içində həmin xəbərdarlığa şahid olmayanlar da vardı və kiçik də olsa, bəzi əşyaları özlərinə götürmüş, bunu öz şəxsi haqları bilirdilər. Hz.Əlinin qardaşı Uqayl da onlardan biri idi. Xanımının yanına qayıdanda qılıncından qan damırdı. Arvadı ondan:

– Aydındır ki, bu gün müşriklərlə döyüşmüsən. Bəs onlardan nə qənimət gətirmisən? – soruşur.

Uqayl əlindəki iynəni ona uzadıb: “Bununla sökükləri tikə bilərsən,” – deyir. Ancaq bir azdan bayıra çıxınca carçının səsini eşitmiş, sanki, yuxudan oyanmışdı: çünki carçı iynə-sap olsa belə, bölgü aparılmadan götürülən malların geri qaytarılmasını elan edirdi! Səhabə həssaslığı ilə dərhal xanımının yanına qayıdır:

– Vallah, sənin bu iynən də əlindən çıxdı, – deyib iynəni xanımından alıb geri qaytarır.

Taif

 Yenilən pəhləvan güləşdən doymurdu: Huneyndən qaçanlar Taifə sığınmış və qalaların qapılarını bağlayaraq yenidən toplanıb Allah Rəsulu (s.ə.s.) və müsəlmanların üzərinə hücum çəkməyə hazırlaşırdılar. Bilirdilər ki, müsəlmanlar gec-tez bundan xəbər tutub gələcəklər. Mühasirəyə alınmaq qorxusu ilə bir illik ərzaq ehtiyatı və tapa bildikləri hər cür silahı içəri yığmışdılar. Başqa qəbilələrdən də kömək istəmiş və buna qismən nail olmuşdular!

Hər şey göz qabağında idi və xəbərləri isti-isti alan Allah Rəsulu (s.ə.s.) üzünü əshabına tutub hədəfin Taif olduğunu göstərir. Xalid ibn Vəlidi min nəfərlik qoşunun başında öncül qüvvə kimi göndərir.

Taiflilər qalalarına sığınmış və bayırda bir bəni-adəm qalmamışdı. Qalanın qarşısına qədər gələn Hz.Xalid əvvəlcə ətrafı nəzərdən keçirir. Ancaq heç kimə rast gəlmir. Bunu görub qalanın qapısına yaxınlaşır və uca səslə deyir:

– Biriniz aşağı düşsün, onunla danışım. Arxayın olun ki, geri dönənə qədər təhlükəsizliyi təmin olunacaq. Və ya siz mənim təhlükəsizliyimə təminat verin, yanınıza gəlim orada danışaq!

Qaladan cavab gəlir:

– Nə bizdən biri gəlib səninlə danışacaq, nə də sənin buraya gəlməyinə izin verəcəyik! Ey Xalid! Dostunuz bu günə qədər biz istisna olmaqla döyüşə bilməyən insanlarla qarşılaşdı!

Bu açıq-aydın meydan oxumaq, “hələ bir gəlsin, savaş necə olur görsün” demək idi. Gözlərini kin, nifrət örtmüş, sabahlarından bixəbər idilər.

Buna görə də Hz.Xalid əvvəlcə nəsihət etməyi düşünür:

– Sözlərimə qulaq asın və məni yaxşı-yaxşı dinləyin! Rəsulullah möhtəşəm Yəsrib və Xeybər qalalarında neçə-neçə qəbiləni mühasirəyə aldı, Fədəkə sadəcə bir adam göndərdi və onlar da Onun hökmünə tabe olmaq məcburiyyətində qaldılar. Bəni-Qureyzənin başına gələnlərin başınıza gəlməməsi üçün sizə xəbərdarlıq edirəm! Rəsulullah onları günlərlə mühasirədə saxladı və nəticədə onlar da Onun hökmü ilə razılaşmağa məcbur oldular. Kim döyüşmüşdü, cəzasını aldı, arvad-uşaqları da əsir düşdü! Daha sonra Məkkəyə girdi və onu da fəth edib xalqını diz çökdürdü. İndi də Həvazinin üstünə hücum edib onlara da boyun əydirdi. Siz elə vəziyyətdəsiniz ki, hətta O, sizi sərbəst buraxsa belə, ətrafınızdakı insanlar sizi rahat buraxmaz və hamınızı qılıncdan keçirərlər!

  Onlar bu qədər açıq və səmimi nəsihətə cavabən:

– Biz heç vaxt dinimizi buraxmarıq, – deyir və döyüşdən başqa alternativ düşünmədiklərini açıq-aşkar bəyan edirlər. Bütün bunlardan sonra Xalid ibn Vəlid də geriyə – qərargahına qayıdır.

Allah Rəsulu (sallallahu əleyhi və səlləm) Hz.Xalidə verilən bu cavabın müqabilində Taifə yönəlir. Huneyndən yola düşüb Taif istiqamətinə irəliləyən Allah Rəsulu Nəhlətül-Yəmaniyyə, Qarn, Müleyh və Liyyədəki Buhratür-Ruqa məntəqələrindən keçir. Buhrətür-Ruqaya çatanda fasilə verir və bir məkanı məscid kimi hazırlayıb əshabına namaz qıldırır. Bu vaxt Ona bir məsələ ərz edirlər həll etsin deyə. Leysoğullarından bir nəfər bir hüzeyllini öldürmüş, hadisə şahidlər tərəfindən də təsdiqlənmişdi! Bir insanı öldürmək bütün insanları öldürmək qədər böyük günah idi və cəmiyyətdə yeni ölümlərin baş verməməsi üçün bir dəfə qatilin öldürülməsi lazım idi: haqsız yerə adam öldürmənin əvəzini qatil öz canı ilə ödəməli idi. Rəsulullah da Allahın təbliğ etdiyi bu hökmü tətbiq edərək qatilin edam hökmünü verir. Eyni zamanda bu, İslamda ilk qisas alma hökmü idi.

Bu zaman orada yerləşən Malik ibn Avfın qalasını dağıtmaq əmrini verir və yola  düzəlib  Dayqa və Nahb istiqamətindən Taifə doğru irəliləməyə başlayır. Rəsulullah üçün Taif kədərli xatirələrlə dolu bir şəhərdi. Təxminən on il əvvəl buraya necə böyük ümidlərlə gəlmiş, amma gözləmədiyi münasibətlə qarşılaşıb al-qan içində geri qayıtmağa məcbur olmuşdu! Ogünkü Taif bu gün də həmin rəftarı göstərir və bu qədər hadisələrə, dəyişikliklərə baxmayaraq, küfrün mərkəzi olma yolunu seçirdi!

Allah Rəsulu (s.ə.s.) bir qəbrin başında dayanıb əshabına deyir:

–Bu, saqiflilərin babası Əbu Riqalın qəbridir. O, Səmud qövmündəndir və qövmünün başına gələn müsibətdən Hərəmə girərək qurtulmuşdu! Ancaq daha sonra Hərəmdən çıxdı və buraya qədər gəldi. Fəlakət onu da burada yaxaladı və elə burada da dəfn edildi. Bunun sübutu onunla birlikdə basdırılmış qızıl budaqdır. Əgər məzarı açsanız, onu görəcəksiniz!

 Saqiflilərin üzərinə gedən Allah Rəsulu onların babası Əbu Riqalın qəbrini ortaya çıxarır və bununla məsələni sülhlə həll etməyin vacibliyi istiqamətində bir addım da atmış olur. Həqiqətən, əshab məzarı açmağa başlayacaq və çox keçmədən də qızıl budağı çıxarıb Rəsulullahın verdiyi xəbərin doğruluğuna şahid olacaqdılar!

Mühasirə

Taifdə qalaya yaxınlaşıb danışıq istəyir, cavab olaraq onları ox yağışına tuturlar. Məlum idi ki, döyüşməkdən başqa bir yol seçməmişdilər və mühasirə də artıq başlamışdı. Qala divarları üzərinə çıxan taiflilər İslam əsgərlərini oxa tutur, mancanaqlarla daş atır, ocaqda qızdırılmış, alov saçan dəmir çubuqlardan istifadə edirdilər. Bu müqavimət on iki səhabənin  şəhid olması ilə nəticələnir.

İlk qarşılaşmadan sonra ordusunu geri çəkən Allah Rəsulu bir qədər də geridə qərargah qurur və bundan sonra mühasirəni oradan davam etdirir. Burada Ümmü Sələmə və Zeynəb validəmiz üçün iki çadır qurulmuşdu: Rəsulullah (s.ə.s.) da namazlarını bu iki çadır arasında qılırdı.

Heç kim qaladan çıxıb üzbəüz vuruşmağa cəsarət etmir. Xalid ibn Vəlid:

– Mərd-mərdanə vuruşan döyüşçünüz yoxdurmu? – deyə səslənir, ancaq cavab gəlmir.

O gün bunu dəfələrlə təkrarlayır, qaladan ox, daş və alov saçan dəmirlərdən başqa bir şey gəlmir. Nəhayət, Əbdü Yaleyl adlı biri nəfərin səsi eşidilir:

– Bizim heç birimiz Sənin qarşına çıxmayacaq, qalamızda gözləməyə davam edəcəyik. Burada illərə çatan ərzağımız var və əgər sən bu ərzağımızın tükəməsinə qədər burada gözləsən, o zaman qılınclarımızı çəkib son damla qanımıza qədər səninlə üz-üzə vuruşacağıq!

Ox yağışına oxlarla cavab verməkdən başqa çarə görünmürdü. Artıq əshab da mövqelərini gücləndirmiş, atılan oxlara cavab verir – qalaya ox yağdırırdı!

Mühasirə müddətinin uzanmasına baxmayaraq, içəridən hələ də bir səs çıxmadığını görən Allah Rəsulu səhabələrindən birini hüzuruna çağırıb belə səslənməsini tapşırır:

– Qaladan çıxıb bizə qoşulan hər kölə azaddır!

Bu taktiki gediş çiyin-çiyinə müdafiə olunan saqiflilərin ahəngini pozur. Çünki çağırışdan sonra azadlıq eşqi ilə alışıb-yanan kölələr qaladan enməyə başlamış, Rəsulullahın hüzuruna üz tutmuşdular. Az vaxtda gələnlərin sayı iyirmi üçə çatır. Sultanlar Sultanı gələni azadlığına qovuşdurur və Quranı öyrənib İslamı mənimsəmək üçün hər birini bir səhabəyə təhkim edir. Bu, saqiflilərə çox ağır gəlir, kölələrin onları tərk edib Rəsulullahın hüzuruna getməsini heç cür həzm edə bilmirdilər![9] Hər nə qədər kölə gəlib təslim olsa da, hələ saqiflilərdən bir səs çıxmır, ox atışları davam edirdi. Allah Rəsulu bir tərəfdən əshabını ox atmağa təşviq edir, digər yandan da insanları alçaldan köləlik anlayışının ortadan qaldırılması üçün onlara yeni hədəflər göstərirdi. O, gün buyururdu:

– Kim bir oxu hədəfə vursa, cənnətdə onun üçün bir dərəcə vardır! Kim Allah yolunda bir ox atarsa, onun üçün bir kölə azad etmək qədər savab vardır! Kim Allah yolunda saçlarını ağartsa, qiyamət günündə bu, onun üçün bir nur olacaqdır! Sizin biriniz Müsəlman köləni azadlığa qovuşdurarsa, azadlığa qovuşdurduğu insanın sümükləri qədər öz sümükləri ilə cəhənnəm arasında pərdə yaranar! Hər hansı bir Müsəlman qadın özü kimi Müsəlman bir qadını azadlığa qovuşdursa, Allah onun üçün də azad etdiyi qadının sümükləri qədər qalxan yaradaraq onun sümüklərini cəhənnəm atəşindən hifz edər!

Bu ifadələrlə eyni zamanda azadlığın bir əsas olduğunu öyrədir və yalnız saqiflilərdən gələnlər deyil, öz kölələri haqqında da əshabı dərindən düşünməyə sövq edirdi.

Allah Rəsulu (s.ə.s.) günlər keçsə də, heç cür nəticə görməyincə bundan sonrakı strategiyanı əshabı ilə bir daha müzakirə edir. Səlmani Farisi irəli çıxır və Xəndəkdə olduğu kimi yenə də Fars diyarındakı tətbiqatlara istinadən qala divarları qarşısına mancanaq qurulması təklifini verir. Təklif qəbul edilir və Rəsulullahın da razılığı ilə qısa vaxtda bir mancanaq qurulur. Artıq daha böyük daşlar ata və ardıcıl atışlar apara bilirdilər. Bu əsnada yuxarıdan atılan ox, daş və qızdırılmış dəmirlərdən qorunmaq üçün iki “dəbbabə” – qoruyucu da inşa edir, bunlarla qala divarlarına yaxınlaşıb içəri girməyə cəhd göstərirlər. Ancaq təbii ki, əshabın qala divarlarına yaxınlaşmasını istəməyən saqiflilər də müqaviməti artırır, dəbbabə və mancanaqları hədəfə alır! Çox keçmədən dəbbabələr də od tutub yanmağa başlayır və ona sığınan səhabələr da çölə çıxmağa məcbur olur. Bu həmlə də bir neçə səhabənin şəhadəti ilə və nəticəsiz yekunlaşır.

Vaxt irəliləyir, amma saqiflilər heç cür təslim olmaq istəmirdilər. Bunu görən Allah Rəsulu (s.ə.s.) yeni bir taktikaya əl atır və təslim olmadıqları təqdirdə üzüm bağları ilə xurma ağaclarının məhv ediləcəyini elan etdirir. Çünki üzüm və xurma bağları taiflilərin şah damarı idi! Bu arada səhabələrə də işarə edib bir kənardan ağacların kəsilməsi əmrini verir. Onların dünyasında mal canın bir hissəsi idi, sanki, ağac deyil, damarları kəsilirdi. Ancaq buna baxmayaraq, qalanın divarları üstünə çıxıb meydan oxumağında olanlar vardı!

 Nəhayət, bir nəfər ağıllısı çıxır və:

– Mallarımızı nə üçün kəsirsən? Əgər bizə qalib gəlsən, onlar, onsuz da Sənin olacaq, – deyir və Allaha and verərək onlara toxunmamasını xahiş edir.

Bunu cavabında Allah Rəsulu:

– Onlara Allah üçün və qohumluq xətrinə əl dəymirəm, – deyərək işlərin dayandırılmasını əmr edir.

Bu vaxt Uyeynə ibn Hısn Rəsulullaha yaxınlaşır, qalaya girib taiflilərlə danışmaq üçün izin istəyir. Bu yolla onları Allaha dəvət edəcəyini söyləyir, onlardan bəzilərinin müsəlman olacağına ümid etdiyini bildirir. Allah Rəsulu (s.ə.s.) izin verən kimi birbaşa qalaya yönəlir. İçəri girər-girməz başına yığışan saqiflilərə səslənir:

– Atam sizə fəda olsun! Nəbadə yerlərinizi tərk edəsiniz! Vallah, biz kölələrdən daha zəifik! Allaha and olsun ki, Onun başına bir iş gəlsə, ərəblər yenidən izzət və şərəf sahibi olacaq! Ağacların kəsilib məhv edilməsi nəbadə sizin gücünüzə təsir göstərməsin və əsla özünüzü təslim etməyin!

Bunları söylədikdən sonra qalanı tərk edib hüzura gələn Uyeynə Allah Rəsulunun sualı ilə qarşılaşır:

– Onlara nə dedin, ey Uyeynə?

Bunu söyləyərkən hiss olunurdu ki, Allah Rəsulu Uyeynənin göründüyü kimi, olmamasına vaqifdir. Görünür, məsələni başa düşmüş və ya Cəbraildən xəbər almışdı! Ancaq Uyeynə hələ də bunu sezmirdi və:

– Onlara İslamdan danışıb imana dəvət etdim, cəhənnəm barədə xəbərdarlıq edib cənnətə çatmanın yollarını göstərdim, – deyir. Demək ki, anlamamışdı və onunla daha açıq danışmağa lüzum vardı. Buna görə də Allah Rəsulu əvvəlcə:

– Yalan söyləyirsən, – deyir.

 Ardınca da qalada söylədiklərini bircə-bircə təkrar edir. Sanki, qalaya birlikdə girmişdilər. Bunları eşidən Uyeynə rəngdən-rəngə düşür. Kiminsə gəlib xəbər verməsi mümkün deyildi. Demək, Məhəmmədül-Əmin, həqiqətən də, səmalardan  dəstək alırdı. Xəcalətdən Rəsulullahın üzünə baxa bilmir və:

– Doğru deyirsən, ya Rəsulullah, – deyə Uyeynə sözə başlayır, – bu xətamdan Allaha tövbə edir və Səndən də üzr istəyirəm!

Zahirən belə bir istək, tövbə etmək, əlbəttə, müsbət hal idi. Allah Rəsulu (s.ə.s.) da Uyeynənin üzrünü xoş qarşılayıb qəbul edir.

Mühasirənin sonu 

Mühasirənin başlanmasından iyirmi[10] gündən çox keçmişdi. Bir gün Peyğəmbərimiz əshabına yuxusunda “Ona südlə dolu bir qabın hədiyyə edildiyini, ancaq bir xoruzun onu dimdiklədiyini, sonra da südün dağıldığını” görməsini danışır. Görünür, qabdakı südün tamam dağılmaması üçün daha həssas davranmaq lazım idi. Risalətin qırxdan çox parçasından birini ifadə edən sadiq (doğru) yuxular Rəsulullah baxımından, əlbəttə, xüsusi məna kəsb edirdi. Allah Rəsulu da yuxunun mənasını anlamışdı və strategiyasını buna uyğun, yenidən qurur. Ancaq bunun üçün əshabı da işin içinə cəlb etmək lazım idi və bu vaxt Hz.Əbu Bəkrə tərəf dönüb onun yuxunu yozmasını istəyir.

– Bu gün Sənin Taif məsələsində məqsədinə çatacağını sanmıram, – deyə Hz.Əbu Bəkir cavab verir.

Allah Rəsulu (s.ə.s.) da:

– Mən də! – deyir və Nəvfəl ibn Muaviyəyə dönüb ondan:

– Ya Nəvfəl! Mühasirəni davam etdirib etdirməmək barəsində nə düşünürsən? – deyə soruşur.

– Ya Rəsulullah, – deyə Nəvfəl sözə başlayır, – onlar hal-hazırda küncə sıxışdırılmış tülkü kimidir, əgər üstünə getsən, yaxalayarsan, buraxıb getsən, Sənə heç bir zərəri dəyməz!

Bu arada Osman ibn Mazunun xanımı Havlə binti Hakim Allah Rəsulunun hüzuruna gəlir və Taifin fəthi müyəssər olarsa, Badiyə binti Qalyan və ya Faria binti Aqilin cəvahirlərini istəyir. Çünki bu cəvahirlər dillərdə dastan idi və bir qadın olaraq Hz.Havlə də şöhrətini eşitdiyi bu ləl-cəvahirata sahib olmaq istəyirdi! Bunun cavabında Allah Rəsulu ondan:

– Saqif üzərinə gedib qalalarını fəth etmək məsələsində bizə izin verilməmişsə, onda nə olacaq, ey Havlə? – deyə soruşur.

 O da çaşıb qalır: bir tərəfdən mühasirə davam edir, digər tərəfdən də Rəsulullah bu mühasirə barədə ilahi iznin olmadığını söyləyirdi! Oranı tərk edən Hz.Havlə dərhal Hz.Ömərin yanına gəlib eşitdiklərini ona danışır. Hz.Ömərin də fikri qarışır. Tez özünü Rəsulullahın hüzuruna çatdırır və:

– Ya Rəsulullah, – deyir, – Havlənin danışdıqları doğrudurmu? O deyir ki, bunları ona Sən söyləmisən!

– Bəli doğrudur, – deyir Allah Rəsulu (s.ə.s.), – onu Mən söylədim!

– Yəni onlara qarşı döyüşməyə  izin yoxdurmu? – deyə yenidən sual edir Hz. Ömər:

– Xeyr, – buyurur Rəsulullah.

– Onda geri qayıtmaq üçün  insanlara səslənim? – deyə Hz.Ömər izin istəyir.

– Bəli! – Allah Rəsulu cavab verir.

Bir hadisə baş verirdi ki, heç kim bundan xəbərdar deyildi. Allah Rəsulu əshabına sabah erkən mühasirəyə son qoyacağını və geri çəkiləcəklərini bildirir. Bu vəziyyət bəzilərinə çox ağır gəlmişdi. Üzə-üzə sahilə qədər gəlmişdilər, amma indi heç bir səbəb olmadan mühasirədən əl çəkəcək və əliboş geri qayıdacaqdılar! Bəziləri:

– Yəni buranı fəth etmədən geri qayıdacağıq? – deyə soruşur və Taifi fəth etmədən geri qayıtmayacaqlarını söyləyirdilər.[11] Buna baxmayaraq, Allah Rəsulu əshabına minik dəvələrini buraxmamağı və sabah erkən geri dönəcəklərini elan etməkdə davam edir.

 Hz.Cabir kimi insanlar səhər olunca dəvəsinə minən Rəsulullaha yaxınlaşıb günlərdir, onlara əzab-əziyyət verən və bəzi səhabələrin də şəhadətinə[12] səbəb olan Saqif xalqı üçün bəddua etməsini istəyir, ancaq Peyğəmbərimiz bu istəklərə müsbət cavab vermir. Əksinə üzünü Taif qalalarına tutan Allah Rəsulu  əllərini açıb:

 – Allahım! Saqiflilərə də hidayət nəsib et və onların dolanışığını yaxşılaşdır. Onları da aramıza gətir, – deyə dünənə qədər döyüşdüyü insanlara dua edir. Əshabının da bunu deməsini istəyirdi:

 – O Allah ki özündən başqa ilah yoxdur və şəriki də ola bilməz, vədini yerinə yetirmiş, verdiyi sözü gerçəkləşdirmişdir. Quluna da yardım edib ordusunu əziz edərək Əzhab qoşununu da təkbaşına məğlubiyyətə uğratmışdır!

Yola düşüb Ciranəyə doğru irəliləyərkən də onların:

– İndi biz geri dönürük, inşallah, bizlər tövbə edənlərik və Rəbbimizə qulluqla təmənnada durur, həmd ilə iki büküm oluruq, – deyib niyaz etməsini istəyir.

Dönüş yolunun səmərələri

Taifdən Ciranəyə doğru güzərgah olaraq Dəhna, Qarnül-Mənazil və Nəhlə istiqamətini seçmişdi Allah Rəsulu (s.ə.s.). Səhabələr hər addımda yeni şeylər öyrənir və qarşıya çıxan hər məsələ din naminə yeni bir tətbiqat mənasına gəlirdi. Həyatın hər sahəsini bilən Allah Rəsulunu həssaslıqla izləyən səhabələr görüb eşitdikləri məsələlərin detallarını yaxşıca mənimsəyir, bu gözəllikləri başqaları ilə bölüşür, bunları özləri üçün də vazkeçilməz bir əsas kimi qəbul edirdilər. Yolçuluq zamanı səhabə Əbu Ruhmun dəvəsi Rəsulullahın (s.ə.s.) dəvəsini sıxışdırmış və ayağındakı sərt çəkmələr Rəsulullahın baldırına xətər yetirmişdi. Buna görə Əbu Ruhma dönən Allah Rəsulu (s.ə.s.):

– Ayaqlarını çək, canımı incidir, – demiş və qırmancla Əbu Ruhma yüngülcə toxunmuşdu.

 Əbu Ruhmun ürəyi ağzına gəlmişdi. Keçmiş-gələcək günahlarını düşünür, haqqında bir ayə gələcəyindən qorxurdu. Ciranəyə çatanda Əbu Ruhm dəvələri otlatma növbəsi olmadığı halda, xəcalətindən onları sürüb otlamağa aparır. Rəsulullahın da onu axtarmasından xəbəri yox idi! Xəbər ona gəlib çatanda qorxduğu işin baş verdiyini düşünüb daha da təlaşlanır  və ürəyi titrəyə-titrəyə hüzura gəlir. Onu görən Allah Rəsulu:

– Sən Mənim ayağımı əzmiş və Mən də əlimdəki qamçı ilə səni incitmişəm. Mənim o vurmağımın əvəzi olaraq bu qoyunları al, – buyurur və Əbu Ruhma qamçı ilə yüngülcə vurmasının əvəzinə səksən qoyun verir.

Əbu Ruhm rahat nəfəs alır: heç gözləmədiyi halda, ehsana layiq görülmüşdü. Halbuki onun üçün Rəsulullahın narazı qalmaması dünya və dünya nemətlərindən daha əziz idi. Demək, bir müsəlman qul haqqı məsələsində bu qədər həssas olmalı, qardaşının halal etməsi üçün belə səy göstərməli idi.

Yolçuluq davam edir. Elə Ciranəyə çathaçatda bir nəfərlə qarşılaşırlar. Əshab Allah Rəsuluna yaxınlaşmasın deyə onu karvandan uzaqlaşdırmağa çalışır, bir yandan da kim olduğunu soruşur. Nəhayət, gələn adam barmağının ucundakı məktubu havaya qaldırıb Allah Rəsulunun da eşidə biləcəyi səslə:

– Mən Süraqa übn Cüşumam. Bu da məktubumdur,[13] – deyə çığırmağa başlayır. Səsi Rəsulullah da eşidib:

– Bu gün vəfa və yaxşılıq günüdür, onu Mənim yanıma gətirin, – buyurur. Hüzura yaxınlaşan Süraqa əvvəlcə Allah Rəsuluna salam verir və sonra da gətirdiyi zəkat mallarını təqdim edir. Ardınca da: “Ya Rəsulullah”, – deyir, – “əgər sahibsiz dəvələr gəlib öz heyvanlarım üçün ayırdığım hovuzdan su içər və istifadə edərsə, bundan mən də mükafat əldə edərəmmi?”

– Bəli, – buyurur Allah Rəsulu, – susayan hər ciyərli canlıya su verməkdə savab vardır.

Yenə Ciranə və Həvazin heyəti

Yenidən Ciranəyə gəlmişdilər. Altı min əsir, dörd min uqiyyə gümüş, iyirmi dörd min dəvə və qırx mindən artıq qoyun hələ də gözləyirdi. Allah Rəsulu əsirlər və qənimət malları məsələsindəki qərarını bilə-bilə gecikdirirdi. Görünür, bir hikməti vardı! Elə də olur. On gündən çox idi Taifdən çıxdıqları… Və bir gün Züheyr ibn Suradın başçılığı ilə on dörd nəfərlik Həvazin heyətinin Ciranəyə tərəf gəldiyini görürlər. Onların içində Allah Rəsulunun  süd əmisi Əbu Burqan da vardı. Müsəlman olmuşdular! Fasiləsiz savaşların bir nəticə vermədiyini anlamış və Müsəlmanlığı qəbul edərək hallarını Rəsulullaha ərz etməyə gəlmişdilər. Öncə:

– Ya Rəsulullah, – deyirlər, – biz əsil-nəcabətli xalqıq, ancaq Sən də bilirsən, başımıza gələn bəla və müsibəti. Bizə yaxşılıq və ehsan et ki, Allah da Sənə lütf etsin!

Məqsəd aydın idi. Allah Rəsulu bu mənzərədən çox sevinir. Bütün dünyanı Ona versəydilər, bu qədər sevinməzdi!

Ancaq bir şey onu maraqlandırırdı və  soruşur:

– Malik ibn Avf nə edir?

Malik ibn Avf Həvazin xalqını Huneyn vadisinə töküb başına bu müsibəti gətirən gənc sərkərdə idi. Rəsulullah onu da unutmamış, Həvazin heyətindən soruşurdu.

– Ya Rəsulullah, – deyirlər, – o, saqiflilərlə birlikdə qaçıb Taifə sığındı.

Yıxılanın əlindən tutmaq lazım idi və Allah Rəsulu da onlara:

– Gedib ona xəbər verin, əgər müsəlman olaraq o da Mənim yanıma gələrsə, malları ilə arvad uşaqlarını ona qaytarar və əlavə yüz dəvə də verərəm, – buyurur.

Belə ki, O, Malik ibn Avfın ailəsini Məkkəyə göndərmiş, xüsusi baxsınlar deyə bibisi Abdillah binti Əbi Ümeyyənin yanında saxlayırdı. Allah Rəsulunun (s.ə.s.) niyyətindəki səmimiyyəti görən Həvazin heyəti:

– Ya Rəsulullah, – deyir, – onlar bizim böyüklərimiz və ən çox sevdiyimiz insanlardır!

– Elə Mən də onlara xeyir murad edirəm, – buyurur Allah Rəsulu (s.ə.s.).

Əshab baş verənləri təəccüblə seyr edirdi! Demək ki, bu günə qədər Allah Rəsulunun (s.ə.s.) Huneyndə əldə edilən əsirlər və qənimət məsələsində tələsməməsinin kökündə bilmədikləri bəzi həqiqətlər vardı. Rəsulullahın onlara şəfqətli olacağı hələ əsirlərə pambıq və kətan geyimlər paylamasından hiss olunmuşdu. İndi isə bir neçə həftə əvvələ qədər onlara qılınc çəkən adamlar öz iradələri ilə gəlib müsəlman olduqlarını elan edirdilər! Bu arada sözə başlayan heyətin rəhbəri şair Züheyr ibn Surad Peyğəmbərimizə (s.ə.s.):

–Ya Rəsulullah, – deyir, – burada olan əsirlərin bir qismi Sənin süd xalaların, süd bibilərin və Səni əmizdirib böyüdən dayələrindir. Əgər biz Şam hökmdarı Haris ibn Əbi Şimr və ya İraq padşahı Numan ibn Münziri əmizdirmiş olsaydıq və bu hadisə onlarla bizim aramızda baş versəydi, biz onlardan şəfaət və ehsan gözlər, çətinliklərdən qurtulmağı umardıq. Halbuki Sən, ya Rəsulullah, baxılıb böyüdülənlərin ən xeyirlisisən, bizə ehsan et!

Züheyr sözlərini deyib məqsədini şeir dili ilə də ifadə edir! Allah Rəsulu elə bunu gözləyirdi və öncə:

– Mənim və Abdulmuttaliboğullarının payına nə düşürsə, hamısı sizindir, – buyurur.

Əshabına bir məsələdə də öndərlik edəcək, haqlarından könüllü vaz keçmələri üçün ilk addımı yenə özü atacaq və yenə onlara yol göstərəcəkdi. Bunu görən Qureyş də:

– Bizim payımıza düşənlər də Allah Rəsuluna aiddir, – deyir və haqqından vaz keçdiyini elan edir. Bu mənzərəyə şahid olan Allah Rəsulu (s.ə.s.):

– Hansını seçirsiniz, – deyə soruşur, – Mənim üçün ən sevimli şey sözün ən doğru olanıdır. Sizin üçün arvad-uşaqlarınız, yoxsa mallarınız daha qiymətlidir? İkisindən birini seçin! Elə Mən də sizin gələcəyinizi gözləyib onların bölüşdürülməsini gecikdirmişəm!

Döyüş meydanında itirdiklərini geri qayatara bilməyəcəyini və ikisindən birini seçmək məcburiyyətində qaldığını görən Həvazin heyəti:

 – Ya Rəsulullah, – deyir, – görürük ki, Sən ailələrimizlə mallarımız arasında seçim təklif edirsən. Bizim üçün qadınlarımızla uşaqlarımız daha vacibdir və dəvələr və qoyunlar barədə Səninlə danışıb israr edəsi deyilik!

Bu cavab Allahı Rəsulu üçün gözlənilməz deyildi və:

– İnsanlarla namaz qıldıqdan sonra yanıma gəlin, hər kəsin qarşısında müsəlman olduğunuzu elan edin və: “Biz sizin din qardaşlarınızıq. Uşaqlarımız və qadınlarımız barədə Rəsulullahı şəfaətçi edərək müsəlmanlardan və Rəsulullahdan şəfaətçi olmalarını diləyirik!” – deyin! O zaman öz hissəmi sizə bağışladığım kimi, insanlardan da öz hissəsini sizə bağışlamasını istəyərəm, – deyərək onlara yol göstərir. Bundan başqa onlara kəlmeyi-tövhid söyləyib şəhadət gətirmək və namazdan sonra insanlarla necə danışmaq barədə məsləhətlər verir.

Beləliklə, günorta namazı qılınır və növbə Allah Rəsulunun (s.ə.s.) təlimatlarının yerinə yetirilməsinə gəlir. Ayağa qalxıb danışmaq üçün icazə istəyirlər! İzin verilincə xatiblərini irəli çıxarıb Rəsulullahın buyurduğu kimi, məqsədlərini dilə gətirirlər. Üzlərini əshaba tutub əsirlərinin azad edilməsini istəyirlər! Hamının gözü önündə yeni bir səhifə açılırdı və bu çıxışdan sonra Şəfqət Nəbisi (s.ə.s.) üzünü insanlara tutur. Allaha həmd etdikdən sonra:

 – Şübhəsiz ki, onlar sizin qardaşlarınızdır. Tövbə edib yanımıza gəlmişlər. Mən öz payıma düşən əsirləri tərəddüdsüz onlara qaytarmağın doğru olduğunu düşünürəm. Sizin hansınız bunu könüllü etmək istəyirsə, buyursun! Kim Allahın bizə ehsan etdiyi ilk qənimətlərdən ona verənə qədər öz payına düşəni əlində saxlamaq istəyirsə, elə də etsin! – buyurur.

Əshab Allah Rəsulunun (sallallahu əleyhi və səlləm) sözlərindəki incəliyi dərhal başa düşmüş, əsirləri azad etmək istəyirdi! Ona görə də hamısı bir ağızdan:

– Biz də bununla razıyıq, ya Rəsulullah, – deyir. Könüllü olaraq öz haqlarından vaz keçirlər!

Ancaq Rəsulullah (s.ə.s.) bunu yalnız məsciddəkilərin deyil, bütün camaatın qəbul etməsini istəyirdi. Ona görə də:

– Bu vəziyyətdə biz kimin razı olub, kimin olmayacağını tam şəkildə bilə bilmərik. Yaxşısı budur, siz evinizə gedin və məsələni öz aranızda yenidən müzakirə edin. Sonra nümayəndələrinizi göndərib bizə xəbər verin, – buyurur.

 Bir müddət sonra ənsar və mühacirlərin təmsilçiləri Allah Rəsulunun hüzuruna gəlir və:

 – Bizim haqqımız Allah və Rəsulu üçün halal olsun, – deyir və hər kəsin bu təklifi qəbul etdiyini müjdələyir.

Həmin gün səhabələr arasında bu təklifi yalnız Bəni-Təymin təmsilçisi Aqra ibn Habis, Bəni-Fəzaranın  başçısı Uyeynə ibn Hısn və Bəni-Süleymin təmsilçisi Abbas ibn Mirdas qəbul etməmişdi. Onlar öz haqları olan əsirləri azad etməyəcəyini deyir və mənsub olduqları qəbilələrin də eyni cür hərəkət edəcəyini bildirirlər! Bunu eşidən Allah Rəsulu (s.ə.s.) onlara azad edilən hər bir əsirin müqabilində ilk qənimət malından altı dəvə veriləcəyini vəd etdikdə Uyeynə ibn Hısndan başqa hər kəs razı olur. Ancaq Uyeynə bununla razılaşmır! Bu mənasız inadkarlıq və dünya malına bağlılığı görən Sultanlar Sultanı (s.ə.s.) Uyeynəni nəzərdə tutaraq:

– Allahım! Onun payına düşəni azalt, – deyə dua edir.

 Bütün təklifləri rədd edən Uyeynə özü üçün əsirlər arasından bir qadını varlı bir qəbiləyə mənsubdu  deyə seçir. Məqsədi onu geri almaq üçün gələnlərdən böyük miqdarda pul qoparmaq idi! Ancaq o, tamahkarlığının qurbanı olur və nə bu əsirdən, nə də onu azad etmək istəyənlərdən bir qəpik də ala bilir!

Digər tərəfdə isə Həvazin heyəti Allah Rəsulunun xəbərini Malik ibn Avfa çatdırır və onun da bundan yararlanmasını istəyir. Malik ibn Avf müsəlman olaraq gəldiyi təqdirdə ailəsi və var-dövlətini geri alacaqdı. Və saqiflilərin bundan xəbər tutub qaçmamaq üçün onu qalada həbs edəcəyindən qorxurdu! Hamıdan xəbərsiz bir dəvə hazırlatdırıb Dəhnaya göndərir. Dəvə ilə göndərdiyi köləyə özü gələnə qədər gözləməyi tapşırır! Özü də gecə bir ata minib Dəhnaya gəlir. Malik ibn Avfın getməsindən heç kim xəbər tutmur. Dəhnaya çatıb dəvəsinə minən Malik Ciranəyə üz tutur və Allah Rəsulunun hüzuruna gəlir. Onun gəlişinə sevinən Allah Rəsulu da vəd etdiyi kimi, ailəsini, var-dövlətini özünə qaytarır və əlavə olaraq yüz dəvə də verir! Bu səxavət və qonaqpərvərlikdən təsirlənən Malik ibn Avf hislərini şeirin qəliblərinə tökməyə çalışır, yer üzündə Rəsulullah kimi xeyirxah və səxavətli insan görmədiyini ifadə edir, Rəsulullahın gələcəyə dair hadisələri bir-bir xəbər verməsindən bəhs edir.

Allah Rəsulu (s.ə.s.) Ciranədə qaldığı müddətdə bir-birinin ardınca xoş hadisələrlə qarşılaşır. Belə ki, günlərin birində bir vaxtlar Onu da özü ilə götürüb Bəni-Sad yurduna aparan süd anası Həlimeyi-Sadiyə, əri Haris ibn Abdiluzza və süd qardaşı Abdullah gəlib çıxır. Bu görüş Allah Rəsulunu (s.ə.s.) kövrəldir. O, tez əynindəki cübbəni çıxarır, bir ucunu süd anasına, digər ucunu Haris ibn Abdiluzzaya uzadaraq sərib üstündə oturmağı xahiş edir. Süd qardaşı Abdullahı isə qarşısında oturdur.

Qənimətlərin bölüşdürülməsi

Beləliklə, əsirlər sahiblərinə qaytarılmış, ortada yalnız qənimət malları qalmışdı. Az qala bir aya yaxın gözləyən Həvazin mallarının tezliklə bölüşdürülməsini istəyən bəzi insanlar tez-tez Allah Rəsuluna yaxınlaşır və:

– Ya Rəsulullah! Artıq paylarımızı bölüşdür, bizə çatanı götürüb gedək, – deyirdilər. İş o yerə çatır ki, dəvəsini minib gedərkən arxadan ridasını (xirqəsini) çəkir və bir ağacın altında dəvədən enməyə məcbur edirlər! Bunun müqabilində Allah Rəsulu (s.ə.s.):

– Ey insanlar, – deyə onlara xitab edir, – xirqəmi qaytarın! Allaha and olsun ki, yanımda Tihamə ağacları qədər belə dəvə sürüsü olsaydı, bu gün onların hamısını sizin aranızda bölüşdürər və siz də Mənim xəsis və sözünün üstündə durmayan bir yalançı olmadığımı görmüş olardınız!

Daha sonra dəvəsinə yaxınlaşıb yükündən bir iynə çıxaran Allah Rəsulu (s.ə.s.) onu barmaqlarının ucunda yuxarı qaldırıb:

– Ey insanlar! – deyə səslənir, – vallah, Mənim qənimətlərinizdə beşdə birdən başqa bu iynə qədər haqqım yoxdur. Beşdə bir də nəticədə yenə sizə qayıdır! Dolayısilə, əlinizdə qənimət mallarından; iynədən ipliyə nə varsa, hamısını gətirin, nəbadə onlardan öz hesabınıza bir şey qatasınız! Çünki o, qiyamət günündə onu oğurlamış insan üçün ən çirkin qəbahətə çevriləcəkdir!

Bunları dinləyən səhabələr Onun Taifə gedərkən də buna bənzər xəbərdarlıqlar etdiyini xatırlayır. Hətta Mədinədən bu yana Onunla olanların çoxu buna oxşar xəbərdarlıqları Xeybər qənimətlərinin bölgüsü zamanı da eşitmiş və o gündən bəri ümumi mala əl uzatmaqdansa, acından ölməyi üstün tutmuşdular. Allah Rəsulunun (s.ə.s.) bu xəbərdarlığdan çox keçməmiş səhabələrdən biri bir yumaq ipliklə hüzura gəlir. Ağappaq ağarmışdı, xəcalətindən Rəsulullahın mübarək üzünə baxa bilmirdi:

– Ya Rəsulullah, – deyir, – bu yumağı mən beli yara olan dəvəmə çul tikmək üçün götürmüşdüm!

– Onda mənə aid olan haqqı halal edirəm, – buyurur Allah Rəsulu. Ancaq səhabənin qərarı qəti idi və  axirətdə ağır nəticələri olan məsələdə geri dönmək niyyəti yox idi. Yumağı təhvil verir.

Artıq növbə qənimətlərin bölüşdürülməsinə gəlmişdi. Bölgüdən əvvəl Allahın əmri olan beşdə bir hissəni bir tərəfə ayırırlar! Hər kəs maraqla kimə nə qədər düşəcəyini gözləyirdi! Allah Rəsulu (s.ə.s.) əvvəlki bölgülərin əksinə o gün heç kimin gözləmədiyi bir bölgüyə başlayır. Ərəblərin əyan-əşrəfi sayılan bəzi insanları irəli çəkir, qəlbləri İslama isinsin deyə və onların şəxsində qəbilələrinin qəlbini də yumşaltmaq üçün böyük paylar verir![14]

Hakim ibn Hizama yüz dəvə verincə yüz dəvə də istəyir və bunun müqabilində Allah Rəsulu deyir:

– Ey Hakim! Dünya malı çox şirin və cazibədardır. Kim onu könül xoşluğu ilə alarsa, o mal alan üçün bərəkət vəsiləsi olur, ancaq kim onu nəfsinin arzularına qapılıb ciddi-cəhdlə istəyərsə, bərəkəti gedər və o insan daim yesə də, heç cür doymayan adam kimidir! Üstdə olub hər zaman verən əl altda duran və həmişə alan əldən daha xeyirlidir! Və ilk növbədə sənə ən yaxın olanlara ver!

Hakim ibn Hizamın xəcalətdən rəngi ağarır, Rəsulullahın (s.ə.s.) üzünə baxa bilmir! Başını yavaşca qaldırıb deyir:

– Səni haqq ilə göndərən Allaha and olsun ki, mən Səndən sonra heç kimdən bir şey istəməyəcək və heç nə almayacağam!

Hadisələri diqqətlə izləyən Safvan ibn Ümeyyənin Rəsulullahın insanlara yüz-yüz heyvan verdiyini görüncə Ona olan heyranlığı qat-qat artır, vadidəki qoyunlarla dəvələri süzməyə başlayır. Onun bu halını görən Allah Rəsulu (s.ə.s.) yaxınlaşır və :

– Vadidəki bu mənzərə, yəqin, çox xoşuna gəlir, ey Əba Vəhb, – deyə soruşur.

– Bəli, – deyir Safvan. Bu vaxt Allah Rəsulu (s.ə.s.):

– Hamısı sənin olsun, – deyir. Belə bir səxavəti, belə bir comərdliyi gözləməyən Safvan heyrətə gəlir. Az qala nitqi tutulur, özünü toplayıb:

 – Mən şəhadət edirəm ki, Allahdan başqa ilah yoxdur və Sən də Onun Rəsulusan, çünki belə bir səxavətliliyi ancaq bir peyğəmbər göstərə bilər, – deyir.

O vaxtadək qəlbindən heç cür ata bilmədiyi düşmənçilik və nifrət hisləri bir anda silinib getmiş, yerini Allah və Rəsulullah sevgisi doldurur! Məkkənin fəthi zamanı öldürülmək qorxusu ilə qaçan və Ümeyr ibn Vəhbin səyləri ilə yenidən Məkkəyə gələn, hətta düşünmək üçün iki ay möhlət istəyən, əvəzinə dörd ay müddət verilən Safvan ibn Ümeyyə aradan qırx gün keçməsinə rəğmən, təslim bayrağını  qaldırmış və səmimi bir müsəlman olmuşdu.

Digərlərinə nisbətən daha az pay alan Abbas ibn Mirdas bundan çox inciyir və caamatın içində şeir söyləyib Allah Rəsulunu tənqid etməyə başlayır. Çünki Safvan ibn Ümeyyə, Aqra ibn Habis, Uyeynə ibn Hısn və Hakim ibn Hizam kimi insanlara yüz dəvə verildiyi halda, ona qırx dəvə verilmiş və o da bunu məqam fərqi kimi qəbul etmişdi. Şeirində öz payına düşməli olan hissənin Aqra ibn Habis və Uyeynə ibn Hısn arasında bölüşdürüldüyünü  söyləyir və haqqının qəsb edilməsindən şikayətlənirdi! Halbuki nə Aqra ibn Habis və Uyeynə ibn Hısna verilənlər onların haqqı idi, nə də müəllifeyi-quluba (o insanlara deyilirdi ki, müsəlmanlar onların qəlbinin İslama isinməsini istəyirdi) daxil olmayanlara verilənlər zülüm sayıla bilərdi! Belə bir vəziyyətdə hər kəs payına düşənlə kifayətlənməli və özünü başqaları ilə müqayisə etməməli idi. Çünki Allah Ona qənimətlərdən müəllifeyi-qulub statuslu insanlara da pay verməyi əmr edir, Allah Rəsulu (s.ə.s.) da onları İslamiyyətə daha möhkəm bağlamaq üçün daha çox verirdi! Mirdasın düşündüklərini şeirindən anlayan Allah Rəsulu əvvəlcə onu hüzura çağırır və:

 – “Sonra da mənim payımla atım Ubeydə düşən hissəni Aqra ilə Uyeynə arasında bölüşdürür!”– deyən sənsənmi? – soruşur.

Bu yerdə hüzurda olan Hz.Əbu Bəkir Abbasın nə şeir söyləmə, nə də nəql etmə qabiliyyətinin olduğunu, onun belə bir şeir qoşmasının qeyri-mümkünlüyünü dilə gətirərək həmin şeiri bir dəfə də özü orada oxuyur. Ancaq bu şeiri Abbas ibn Mirdasdan başqa heç kim  söyləməmişdi və Allah Rəsulu (s.ə.s.) əshabına dönüb:

– Gedin onun dilini kəsin, – buyurur.

Rəsulullahın buyruğunu eşidən əshab Abbas ibn Mirdasın dilini kökündən kəsməyə hazırlaşır. Bu vaxt aydın olur ki, məsələ sözün həqiqi deyil, məcazi mənasındadır, yəni Abbasın istədiyi miqdarı verməklə dilini – səsini kəsmək. Beləliklə, o, digərləri kimi qənimətdən yüz dəvə alaraq razı salınmış və Rəsulullahın ifadəsi ilə “dili də kəsilmişdi”!

Müəllifeyi-quluba bölgüdən pay verilərkən Təmim qəbiləsindən Zül-Huveysıra adlı  şəxs Allah Rəsulunun (s.ə.s.) hüzuruna gələrək:

– Ya Məhəmməd! Bu gün mən Sənin etdiklərinə şahid oldum, – deyir. Səs gələn tərəfə dönən Allah Rəsulu da ondan:

– Bəli, nəyə şahid oldun? – deyə soruşur.

– Sənin ədalətli davranmadığını gördüm. Ədalətli ol! – deyə cavab verir.

Allah Rəsulu:

 – Əgər Mən də adil olmasam, demək işim bitmişdir, – buyurur, – əgər ədalət Mənim yanımda dəyəri olan fəzilət deyilsə, o zaman kimin yanında ədalətdən danışmaq olar!

Bütün bunlara şahid olan Hz.Ömər hövsələdən çıxır, Rəsulullaha yaxınlaşıb:

– Ya Rəsulullah! Bu münafiqi mənim öhdəmə burax, boynunu vurum, – deyə izin istəyir.

Hz.Ömərin bu sözləri də Allah Rəsulunu (s.ə.s.) əndişələndirir və öncə:

– Belə bir şey etməkdən Allaha sığınıram, – deyir. Onu bu qədər üzsə də, Allahın qeyrətinə (qayrətullaha) toxunan sözlər desə də, heç olmasa, zahirən səhabə sayılan bir insana qarşı qılınc qaldırılmasını istəmirdi.

Ancaq bir xəbərdarlığı vardı; gözünü gələcəyə dikib bunları söyləyir:

– Ona toxunmayın, çünki irəlidə onun kimi başqa insanlar da zühur edəcək! Onlar din məsələsində, bəlkə də, dərin biliklər əldə edəcəklər. Başlarını Qurandan qaldırmayacaqlar, amma bu, boğazdan aşağıya enməyəcək və onlar oxun yaydan çıxdığı kimi, dindən uzaqlaşacaqlar! Ox bir dəfə yaydan çıxdıqdan sonra nə ondan qoyulduğu yerdə, nə də kamanın olduğu yerdə əsər-əlamət qalır! Çünki o, çoxdan hədəfinə çatmış və heyvanın qarnını dəlib qana bulanmışdır! Eyni zamanda siz onların namazları yanında öz namazlarınızı, orucları yanında da öz oruclarınızı kiçik görərsiniz!

 Allah Rəsulu hələ o günlərdən gələcək ümmətinə xəbərdarlıq edərək İslam dininin daha çox insan tərəfindən mənimsənilməsi yolunda başqalarının da əlindən tutmaq üçün körpülər qurub qapılar açır, yeni dialoq zəminləri axtarır, o zaman da bəzi insanların bunu çox görəcəyini və yerli-yersiz danışacağını xatırladır və onların sözlərinə qulaq asmadan doğru hədəfə irəliləməyin vacibliyini bildirir.

Ənsarın dəyərləndirməsi

Bu arada qənimət bölgüsünün əks-sədası Ciranədə dalğa-dalğa gəzib-dolaşırdı. Hətta bir mədinəli müsəlman – ənsar  Rəsulullahın bu bölgüsünü nəzərdə tutaraq:

– Bu ədalətə riayət edilməyən bir bölgüdür və bunda Allahın rizası da nəzərdə tutulmamışdır, – demişdi.

Bunu eşidən İbn Məsud:

 – Vallah, bu sözü Rəsulullaha çatdıracağam, – deyib dərhal hüzura gəlir və Allah Rəsulunu vəziyyətdən xəbərdar edir. Rəsulullah çox kədərlənir. Üzünün rəngi qaçmışdı, sanki, damarlarındakı qan çəkilirdi! Ətrafına dönüb:

 – Allah və Rəsulu da adil olmayacaqsa, kim adil davrana bilər ki?! – buyurur,– Allah Musaya mərhəmət etsin! O, bundan da artığına məruz qalmış, daim səbirlə qarşılıq vermişdi!

Bu vaxt bəzi insanlar bir kənara çəkilib hadisələrə bir məna verməyə çalışırdı. Sad ibn Əbi Vəqqas Allah Rəsuluna (sallallahu əleyhi və səlləm) yaxınlaşaraq:

– Ya Rəsulullah! – deyir, – Uyeynə ibn Hısn və Aqra ibn Habisin hər birinə yüz dəvə verdiyin halda, Cuayl ibn Süraqaya niyə vermədin?– deyə soruşur.

 Bu sualla işin hikmət tərəfini öyrənmək istəyirdi. Buna görə üzünü Sad ibn Əbu Vəqqasa tutan Allah Rəsulu (s.ə.s.) buyurur:

– Allaha and olsun ki, Cuayl ibn Süraqa Uyeynə ibn Hısn və Aqra ibn Habis kimi minlərlə insandan daha xeyirlidir. Mən müsəlman olsunlar deyə onların könüllərini almaq üçün verdim! Cuayl ibn Süraqanı isə sağlam (əsl) müsəlmanlığına həvalə etdim! Belə ki, Mən bir insana ondan başqası Mənə daha sevimli olduğu halda, Allahın onu cəhənnəmə atmasından əndişə etdiyimə görə daha çox xətrini xoş tutur, qənimətdən daha çox pay verirəm!

Deməli, Rəsulullahın (s.ə.s.) onlara qənimətdən pay ayırması onların qəlbindəki iman duyğusunu canlandırma, İslama gəlişlərini sürətləndirmə, onların şəxsində qəbilələrindəki insanların da könüllərini alma, bəzilərinin də şərindən arxayın olma arzusundan irəli gəlirdi. Halbuki bir insana qənimətdən çox pay ayrılması Allah Rəsulunun o insanı daha çox sevməsi və ya o insanın din naminə daha faydalı işlər görməsi mənasına gəlmir, bəlkə də, gələcək etibarilə daha gözəl və din yolunda daha faydalı işlər görən insanlar yetişdirmək üçün əvvəlcədən verilmiş avans mənasını daşıyırdı!

Xas dairənin gözüyaşlı davamçıları

Ancaq hər kəs Sad ibn Əbu Vəqqas qədər yaxın deyildi və hələ işin həqiqi tərəfini anlaya bilməmişdilər. Buna görə də oturub danışırdılar:

– Allah (c.c.) Rəsullullahı bağışlasın, həqiqətən, bu, çox qəribə işdir! Yenicə azadlıq qazananlarla mühacirlərinə verir, amma qılınclarımızdan onların qanı damladığı halda bizə bir şey vermir! Təhlükəli vəziyyət olanda biz irəli çəkilirik, növbə qənimətin bölüşdürülməsinə gələndə isə onlar baş üstünə qaldırılır, hər şey verilir! Kaş bunun kimdən və haradan qaynaqlandığını biləydik. Əgər bu, Allahın əmridirsə, canımızı dişimizə tutub səbir edər, Rəsulullahın şəxsi istəyidirsə, vəziyyəti Ona ərz edib narazılığımızı bildirərik!

Bu vaxt, xüsusən, bəzi gənclər işlərin qaydasında olduğu vaxtlarda özlərinin kənarda qaldığını, başqalarına üstünlük verildiyini söyləmiş və vəziyyətin Rəsulullaha ərz ediləməsinin vacibliyini dilə gətirmişlər. Zahirən baxanda deyilənlərin haqlı olması qənaətinə gəlir və məsələ Rəsulullah qərarlarının tənqid edilməsi istiqamətinə gedirdi!

Bütün bunlar başdan-ayağa fitnə idi və bünyə içində baş qaldıran bu xəstəlik barədə Allah Rəsulu xəbərdar edilməli idi. Hadisələrin gedişatından narahat olan Sad ibn Ubadə özünü dərhal Rəsulullahın hüzuruna çatdırır:

– Ya Rəsulullah – deyir, – ənsar arasında bəzi insanlar Səndən çox narazı və incikdirlər!

Hz.Sadı dinləyən Allah Rəsulu: “Hansı məsələdə? – deyə soruşduqda:

– Qənimətləri öz qövmün və digər ərəb qəbilələri ilə bölüşdürdüyün halda, onlara bundan bir şey verməməyinə görə! – deyə Hz.Sad cavab verir.

– Bəs bu məsələdə sən nə düşünürsən? – Allah Rəsulu soruşur.

– Qövmüm içində sadəcə bir insanam, – deyir Hz.Sad utancaq halda.

Hiss olunurdu ki, Hz.Sad da bu xüsusu anlaya bilmir, digərlərindən də fərqli düşünmür! Bunun ardınca Allah Rəsulu:

– Onda qövmünü dərhal buraya yığ və hər kəs gəlincə də Mənə xəbər ver, – deyə əmr buyurur.

Hz. Sad çölə çıxmış, gözünə dəyən ənsarı həmin yerə toplamağa başlayır. Nəhayət, bütün ənsar bir yerə toplanınca gedib Allah Rəsuluna xəbər verir.

O da (s.ə.s.) gəlir:

– Aranızda başqaları da varmı? – deyə soruşur.

– Xeyr, Ya Rəsulullah! Yalnız bacım oğlanları var, – deyir.

– Bacın oğlu o qəbilədən sayılır, – buyurur Allah Rəsulu.

Dolmuşdu, görünür, qulağına çatanlardan çox üzülmüşdü! Üzündə bir hüzn, bir acı vardı – səkkiz ildir, dizinin dibində yetişən camaatından belə bir etiraz gözləmirdi! Bu günə qədər Onu qorumaq üçün sevə-sevə canını verən bu insanların dünya neməti üçün etiraz etməsinə çox kədərlənmişdi! Heç gözləmirdi bunu! Mücadiləsini, amalını sabahlara aparan bu insanlarla buna görə şəxsən görüşmək istəmişdi. Əvvəlcə Allaha həmd-səna edir, sonra:

– Ey ənsar camaatı, – deyə sözə başlayır, – Mən sizin yanınıza gələrkən zəlalət içində olduğunuz halda, Allah Mənim vəsiləmlə sizi hidayətə çatdırmadımı? Hamınız kasıb və fəqirkən Allah Mənim vəsiləmlə sizi varlı etmədimi? Siz bir-birinizə düşmən ikən Allah qəlblərinizi təmizləyib aranızdakı düşmənçiliyi yox etmədimi?

Heç kimdən səs çıxmır. Minnət dolu bu sözlərə cavab vardımı? Sükutu yenə Rəsulullah (sallallahu əleyhi və səlləm) pozur:

– Ey ənsar topluluğu! Mənə cavab verməyəcəksinizmi?

– Sənə nə deyə bilərik, ya Rəsulullah? – deyirlər, – Sənə necə cavab verək? Bütün bu nemətlər Allahdandır və hamısı da Onun Rəsulu sayəsindədir!

Bu razılıq əlaməti idi, amma Allah Rəsulu üçün hələ kifayət deyildi. Buna görə də daha da incəliklərə varır:

– Vallah, istəsəniz: “Sən qovulub bizə gəldin, biz Səni öz himayəmizə götürdük! Sən bizim yanımıza möhtac vəziyyətdə gəldin, biz Sənə kömək etdik! Sən bizə qorxu və əndişə içində gəldin, biz Sənə sahib çıxıb təhlükəsizliyini təmin etdik! Sən bizim yanımıza tərk edilmiş olaraq gəldin, biz Sənə dəstək verdik və yenə Sən bizə inkar edilərək gəldin, biz Səni təsdiq etdik!” – söyləyə bilərsiniz! Bu vəziyyətdə həm doğrunu söyləmiş olarsınız, həm də Mən bunu təsdiq edərəm!

Boynubükük ənsar:

– Minnət Allah və Rəsulundandır, – deyir, başqa bir şey söyləmirdi.

– Yaxşı əgər belədirsə, sizdən eşitdiyim sözlər nədir? – deyə soruşur Allah Rəsulu. Yenə də susurlar! O isə cavab gözləyirdi və sualı təkrar edir:

– Yaxşı əgər belədirsə, sizdən eşitdiyim sözlər nədir?

Yeni bir səhvə yol verməkdən çəkinirdilər. Öndər səhabələrə dikilir gözlər! Rəsulullaha onların cavab verməsini istəyirdilər. Buna görə də ənsarın öncülləri irəli çıxaraq:

– Bizim öncüllərimizə gəlincə onlar heç vaxt belə bir şey söyləməmişlər! Bunu deyənlər yalnız bığ yeri yenicə tərləmiş gənclərimizdir. Onlar da: “Allah Rəsulullahı bağışlasın! Qureyşə verir, amma bizi yada salmır! Halbuki onların qanı hələ də qılınclarımızdan damlayır!” –  demişdilər!

İndi növbə strategiyanı yaxın çevrəyə söyləməyə gəlmişdi. Rəsulullah qənimətlər məsələsində belə davranılma səbəbini izah edəcək, onların da qəlbinə yol tapacaqdı! Şəfqət dolu baxışlarla ənsarı süzən Allah Rəsulu (s.ə.s.) deyir:

– Həqiqətən, qureyşlilər çətinliklərdən yeni qurtulmuş və cahiliyyə dövrünü buraxıb İslama yenicə gəlmişlər. Əlbəttə, Mən onların küskünlüyü aradan qaldırıb, qəlblərini İslama isindirmək istədim! Yoxsa, ey ənsar camaatı, siz hələ yeni müsəlman olmuş bir qövmə qəlblərini fəth etmək üçün verdiyim dünya malına görə Məndən inciyib qara fikirlərəmi qapılırsınız?  Halbuki Mən sizi Allahın sizin üçün bölgüsünü buyurduğu İslamla baş-başa buraxaraq bunu etmək istəmişdim. Ey ənsar topluluğu! İnsanlar öz yurdlarına qoyun-dəvə ilə dönərkən siz evinizə Rəsulullahla getməyə, yurdunuza Onunla dönməyə razı deyilsinizmi? Vallah, sizinlə birlikdə geriyə dönən şey onların özləri ilə apardıqlarından olduqca xeyirlidir! Allaha and içirəm ki, bütün insanlar bir yolla getsə və ənsar da başqa bir yol tutsa, şübhəsiz, Mən heç tərəddüd etmədən ənsarın tutduğu yolu seçərdim! Çünki siz Mənim çevrəmin insanlarısınız, onlar isə bu məqamı mənimsəməmiş insanlardır! Mənim üçün ənsar ən seçilmiş və ən təmiz insanlardır! Əgər hicrət olmasaydı, Mən də ənsardan bir fərd olardım! Allahım! Sən ənsara mərhəmət et, onların övladlarına mərhəmətinlə davran!

Bu qədər səmimi cümlələri dinlədikcə riqqətə gəlib göz yaşı tökən ənsar:

– Biz bölgüdən payımıza düşəni Allah Rəsuluna verməyə can-dildən razıyıq, – deyir. Bir dünya malı üçün Rəsulullahı bu qədər üzdüklərinə o qədər peşman olurlar ki, ağlamaqdan saqqalları islanır, gözləri qıpqırmızı qızarır!

Hətta o gün Allah Rəsulu Bəhreyn tərəfdən əldə edilmiş bir qəniməti onlara vermək istəyir, onlar da:

– Səndən sonra bizim dünya nemətinə ehtiyacımız yoxdur, – deyirlər! Bu yerdə Allah Rəsulu onlara:

– Şübhəsiz ki, Məndən sonra da mal-mülk məsələsində başqalarının sizdən üstün tutulmasına şahid olacaqsınız. Ancaq siz hovzumun  başında Mənimlə görüşəcəyiniz ana qədər canınızı dişinizə tutub səbir edin, – deyə tövsiyə  edir!

 Müəllefeyi-qulubdan sonra növbə başlanğıcdan Peyğəmbərimizlə çiyin-çiyinə çarpışan səmimi insanlara gəlmişdi. Təbii ki, qoyun və dəvələrlə əsgərlərin sayı ortaya qoyulmuş və nəticədə hər bir piyadaya dörd dəvə ilə qırx qoyun, süvarilərə isə on iki dəvə ilə yüz iyirmi qoyun pay düşmüşdü.  Döyüşdə birdən çox atla gələnlər üçün ayrıca hissə ayrılmamış və beləliklə, səhabələr uzun müddət gözlədikdən sonra sərvətlə geri dönüşün həyacanını yaşamağa başlamışdı!

Ciranədən hərəkət

Məkkənin fəthindən səksən gündən çox keçmişdi. On üç günlük Məkkə yolçuluğu da nəzərə alınsa, Allah Rəsulu üç aydan çox idi Mədinədən ayrılmışdı. On üç gün idi ki,  Ciranədə idi. Zilqədə ayının bitməsinə on üç gün vardı və bir çərşənbə axşamı vadinin aşağı tərəfində yerləşən məsciddə ehrama girərək Məkkənin yolunu tutur. Kəbəyə gəlib onu təvaf edəcəkdi!

 Beləcə Kəbəyə gəlir və təvafını piyada tamamlayır. Daha sonra Səfa ilə Mərvə arasındakı sayını (Həcc və ya ümrədə Səfa ilə Mərvə arasında üsuluna görə yeddi dəfə gəlib getməkdir) da edib saçlarını təraş etdirməklə ümrə vəzifəsini bitirir və həmin gecə yenidən Ciranəyə yönəlir. Fəth günü müsəlman olan gənc Attab ibn Əsidi Məkkədə əmir təyin edir, Muaz ibn Cəbələ də insanlara İslamı təlim etmək tapşırığı verir. Səhərə yaxın çatdığı Ciranəni ertəsi gün tərk edib Mədinə istiqamətində hərəkətə başlayır. Ciranə vadisindən hərəkət edən Allah Rəsulu (s.ə.s.) Sərəf və Mərriz-Zəhran yolu ilə irəliləyir və zilqədə ayının bitməsinə üç gün qalmış Mədinəyə çatır. Məkkəni fəth etmək məqsədi ilə Mədinədən çıxdığı günlə Mədinəyə qayıtdığı gün təqribən üç aya yaxın bir zaman kəsimini əhatə etmişdi.[15] Bu müddətdə Məkkəni fəth etmiş, Taifi mühasirəyə almış, Taifin inaddan əl çəkib təslim olacağı günədək sülh qapılarını açıq qoyub geri dönmüşdülər. Ən əhəmiyyətlisi də o idi ki, hər fürsətdə Mədinəni istila etməyi düşünən məkkəlilər başda olmaqla minlərlə insan Müsəlmanlığı qəbul etmiş, Allah Rəsulu ilə birlikdə səfərə qatılanlar da böyük qənimətlərlə geri dönmüşdülər!

Uzun ayrılıqdan sonra Mədinəyə girən Allah Rəsulu hər zaman olduğu kimi, yenə də birbaşa  məscidinə – Məscidi-Nəbəviyə gedəcək və öncə Rəbbinə qulluqla şükrünü izhar edəcəkdi.

Bir  ziyarət və  gələcəyə açılan yeni bir qapı

Rəsulullah o gün səadət yuvasına dönməzdən əvvəl Fatimənin qapısını döyür, görünür, uzun sürən ayrılığın həsrətinə son qoymaq istəyirdi.

 Qapını açan Fatimə atasını qarşısında görüncə çox həyəcanlanır, həsrətlə Rəsulullahı süzür. Bir müddət donub qalır, özünə gəlincə Atasının mübarək əllərinə qapanır. Onları doyunca öpmək istəyirdi. Ancaq həsrətə su səpməyə bu da bəs deyildi və boynuna sarılıb hıçqırtı ilə ağlamağa başlayır. Vüslətin sevinci göz yaşlarına çevrilir, yanaqlardan inci damlaları süzülür! Allah Rəsulu (s.ə.s.) təsəlli verir sevimli qızına.

– Niyə ağlayırsan, ey Fatimə! – deyə soruşur. Hıçqırtılar boğazında düyümlənir, cavab verə bilmirdi! Bir xeyli özünü toplamağa çalışır və nəhayət:

– Tab gətirə bilmədim, ya Rəsulullah, – deyir, – çünki görürəm ki, çox əziyyət çəkmisən. Saçın-başın qarışıb, toz-torpaq içindəsən! Üzünün rəngi solmuş və əynindəki paltar da dağılıb, dözə bilmədim, ya Rəsulullah!

Peyğəmbərimizin zahirinə baxıb qiymət verirdi. Ancaq Allah Rəsulu onun görmədiklərini də görürdü. Buna görə də bir tərəfdən qızının başını sığallayıb təsəlli verir, digər yandan da deyir:

– Ağlama, qızım, ağlama! Çünki Allah sənin atanı elə bir məqsədlə göndərdi ki, gün gələcək, bu dava gecə və gündüz kimi yer üzünü örtəcək. Yer üzündə daşdan və kərpicdən tikilmiş elə bir ev qalmayacaq ki, ora girməsin! Dəvə tükündən, qoyun yunundan və keçi qılından hörülümüş elə bir çadır olmayacaq ki, içinə ayaq açmasın!

Qışda baharı görmək, gecənin qaranlığında gündüzün aydınlıq ritmini tutmaq kimi idi bunlar…Çünki Rəsulullah ən sıxıntılı anlarda gözünü gələcəyin aydınlığına dikib danışırdı! Eyni zamanda, Onu dinləyənlər bunları hədəf kimi götürür və Üsaməyə həvalə etdiyi, edəcəyi əmanəti “hər bir ev və çadıra çatdırın” bəyanını ehtiva edirdi!


[1]. Bu müddətin on səkkiz, on yeddi, on beş və on gün olduğunu da rəvayət edən səhabələr var. Ehtimal olunur ki, bu fərqlər giriş və ya çıxış günlərinin sayılmaması ilə bağlıdır. Ən dəqiq rəvayətdə on doqquz gün göstərilir. Bax: Salihi, Sübübül-Hüda ver-Reşad, 8/231

[2]. Başqa bir rəvayətdə dörd yüz göstərilmişdir. Bax: İbn Hazim, Cevamius-Sire,1/238; Salihi, Sübülül-Hüda ver-Reşad, 5/312

[3]. Bir rəvayət də var ki, ramazanın qurtarmasına iki  gün qalmış yola düşürlər. Çox güman ki, ramazanın son günlərində hazırlıqlar başlamış, şəvval ayının altısı da hərəkət etmişdilər. Bax: Vakidi, Megazi, 1/889; Salihi, Sübübül-Hüda ver-Reşad, 5/346

[4]. Bu rəqəmin on iki min olduğu da söylənilir. Ancaq Allah Rəsulu Mədinədən (Məkkəni fəth etmək üçün) on minlik ordu ilə hərəkət etmiş, bu rəqəm yol boyu Ona qatılanlar sayəsində on iki minə çatmışdı. Məkkənin fəthi ilə iki min nəfər də orduya qatılmış, ordunun sayı on dörd minə yüksəlmişdi. Bax: İbn Kesir, Sire, 3/615, el-Bidaye ve’n-Nihaye, 4/371; Salihî, Sübülü’l-Hüdâ ve’r-Reşad, 5/314

[5]. Bax: “Tövbə” surəsi, 9/25, 26, 27

[6]. Rəvayət olunur ki, Allah Rəsulu gördüklərini danışan Şeybəyə: “Ey Şeybə! Onları yalnız kafir olanlar görür!” – demiş və Şeybə ibn Osman da bundan sonra müsəlman olmuşdu. Bax: İbn Kesir, Sire, 3/632, el-Bidaye ven-Nihaye, 4/381; Zehebi, Tarihul-İslam, 1/325

[7]. Bax. “Nisa” surəsi, 4/24

[8]. Əsirlərin Büdeyl ibn Vərqa adlı səhabəyə də tapşırıldığı bildirilir. Bax: Belazuri, Ensabul-Eşraf, 1/161

[9]. Saqiflilər özləri müsəlman olduqdan sonra o gün azadlığa qovuşan kölələri geri istəyəcək, Peyğəmbərimiz (s.ə.s.) də: “Onlar Allahın azad insanlarıdır. Sizin onları yenidən kölə etməyiniz mümkün deyil!” – buyuracaq və bir dəfə azadlığı dadmış bu insanların yenidən kölə olmasına izin verməyəcəkdi. Bax: Vakidi, Megâzî, 1/932; Zeylaî, Nasbu’r-Râye, 3/280; İbn Kesir, el-Bidâye ve’n-Nihâye,  4/398, Sîre, 3/657

[10]. Taif mühasirəsinin on gecədən çox, on beş və iyirmi gün ilə iyirmi gündən çox, otuz və ya qırx gecə davam etməsinə dair müxtəlif məlumatlara rast gəlinir. Ehtimal ki, bu fərqlər Taif müharibəsinin Məkkənin fəthi və Huneynin davamı olmasından və bu məlumatı verənlərin hər birinin özü qatıldığı vaxtı əsas götürməsindən irəli gəlir. Bax: Salihi, Sübülül-Hüda ver-Reşad, 5/388

[11]. Hətta “Buranı fəth etmədən geri dönmərik,” – deyən bir dəstəyə Allah Rəsulu: “Onda haydı savaşın!”–  buyurur və onlar da böyük bir həvəslə döyüşə başlayırlar. Ancaq məsələ heç də gözlədikləri kimi olmur. Saqiflilər uğurla müdafiə olunur və hücuma keçənlərə ağır tələfata uğradırlar. Peyğəmbərimiz təbəssümlə baxır və mühasirədən çəkilmək tələbini təkrar edir. Digər mühasirə tərəfdarları da bundan əl çəkərək tələbi dərhal yerinə yetirirlər. Bax: Buhârî, Sahîh, 4/1572 (4070), 5/2259 (5736), 6/2719  (7042); Müslim, Sahîh, 3/1402 (1778); Said b. Mansûr, Sünen, 2/360 (2863); İbn Ebî Şeybe, Musannef, 7/410 (36952)

[12]. Taif mühasirəsində Urfuta ibn Hubab, Yezid ibn Zəma, Abdullah ibn Əbi Bəkir əs-Sıddıq (Hz.Abdullah mühasirə zamanı aldığı yaradan Mədinədə vəfat etmişdi), Abdullah ibn Əbi Ümeyyə, Saib ibn Haris və ya Abdullah ibn Haris, Güleyxa ibn Abdillah, Sabit ibn Cəza, Haris ibn Səhl, Münzir ibn Abdillah və Ruqaym ibn Sabit olmaqla cəmi on bir nəfər şəhid edilmişdi. Bax: Sâlihî, Sübülü’l-Hüdâ ve’r-Reşâd, 5/388-389. İbn Hişâm on iki nəfər şəhid olduğunu göstərir. Bax: İbn Hişâm, Sîre, 5/159-160

[13]. Xatırladaq ki, Hz.Süraqa Allah Rəsulunu başına qoyulan mükafatı almaq məqsədilə Onu arxadan təqib edən və müsəlman olaraq geri qayıdan şəxs idi və əlindəki məktubu da o gün Rəsulullahdan almışdı. Bax: İbn Kesir, el-Bidâye ve’n-Nihâye, 5/373, Sîre, 4/691; Sâlihî, Sübülü’l-Hüdâ ve’r-Reşâd, 5/389

[14]. Sayca əlli civarında olan bu insanlar və onlara verilən pay haqqında bax: Sâlihî, Sübülü’l-Hüdâ ve’r-Reşâd, 5/396 və b.

[15]. Bu müddətin iki ay on altı gün olduğu söylənilsə də, Rəsulullahın Mədinədən ramazan ayının on üçündə yola çıxdığını və Zilqədə ayının bitməsinə üç gün qalmış geri qayıtdığını nəzərə alanda aydın olur ki, bu müddət təximinən səksən dörd gün olmuşdur.

Exit mobile version