“Elə bir dövr gələcək ki, heç kim malı halaldanmı, yoxsa haramdanmı qazandığına diqqət etməyəcək”.
(Buxari, Büyu, 7, 23; Əhməd ibn Hənbəl, Müsnəd, 2/435, 452; Darimi, Büyu, 5)
Dinimiz möminlərə halal, şəriətə uyğun hədəflər göstərməklə yanaşı, bu hədəflərə aparan yolların da halal olmasını xüsusi xatırladır. Bu baxımdan, ticarət bir sənət kimi nə qədər təşviq edilsə də, ticari prinsiplərin Allahın hökmlərinə və rizasına uyğun müəyyən olunması çox əhəmiyyətlidir. Yoxsa “nəticəyə aparan bütün yollar doğrudur” anlayışı ilə hərəkət etmək və haram-halal demədən dünya malı arxasınca qaçmaq heç bir vəchlə xoş qarşılanmır. Çünki halal qazanc yolu axtarmaq hər bir müsəlmana fərzdir. Hətta Allah Rəsulunun mübarək bəyanları çərçivəsində halalı istəmək və axtarmaq fərz üstü fərzdir. (Təbərani, Mücəmül-kəbir, X, 74)
Allahın Elçisi biz möminlərə: “Ey insanlar! Allah hər cür nöqsan və qüsurdan uzaq və pakdır. Buna görə də yalnız təmiz və pak olanı qəbul edər. Allah peyğəmbərlərinə əmr etdiyi şeyi möminlərə də əmr etmişdir. Uca Allah peyğəmbərlərə: “Ey peyğəmbərlər! Təmiz (halal) nemətlərdən yeyin” (“Muminun” surəsi, 23/51), möminlərə də: “Ey iman gətirənlər! Sizə verdiyimiz ruzilərin (təmiz və) halalından yeyin! (“Bəqərə” surəsi, 2/172) buyurmuşdur”, – dedi. Ardınca da uzun səfər etmiş, saçı-saqqalı bir-birinə qarışmış, toza-torpağa batmış bir şəxsin əllərini səmaya qaldırıb “Ya Rəbbi! Ya Rəbbi!” deyə dua etməsindən söz açdı və belə buyurdu: “Halbuki onun yediyi haram, içdiyi haram, geydiyi haramdır. Belə bir insanın duası necə qəbul edilsin”. (Müslim, Zəkat, 65)
Səhabə Ənəs ibn Malik Rəsuli-Əkrəmə: “Ya Rəsulallah! Dualarımın qəbul olunmasını istəyirəm. Mənə bunun yolunu göstərərsinizmi?” – demiş, Peyğəmbərimiz (s.ə.s) də: “Ənəs! Halal qazan, duan qəbul olunar. Çünki insan ağzına haram bir loğma apararsa, duası qırx gün qəbul olunmaz”, (Təcrid tərcüməsi, VI, 357) – buyurmuşdu.
Bəli, ibadət və dualarımızın qəbul olunması başqa işlərimizin Allahın diləyinə uyğun olması ilə yaxından bağlıdır. Bazarda Allahı unudub, məsciddə xatırlamaq natamam və qüsurlu dindarlıqdan xəbər verir. Həyat bir bütöv olduğu kimi, din də bir bütövdür. Allahın hüzurunda əl açıb etdiyimiz duaların qəbul olunmasını istəyiriksə, gündəlik həyatımızda dinin hökmlərinə uyğun hərəkət etməli, halal qazanmalıyıq.
Allah Rəsulu harama girmə əndişəsi ilə əlaqədar bu mühüm xəbərdarlığı edir: “Halal da məlumdur, haram da, ancaq bu ikisinin arasında, ikisinə də bənzəyən bəzi şübhəli şeylər vardır ki, insanların çoxu bunları bilmir, ayırd edə bilmir. Bu şübhəli şeylərdən çəkinən insan dinini, namusunu və heysiyyətini qorumuş olar. Şübhəli məkanlara girən şəxs isə heyvanlarını qoruğun kənarında otaran çobana bənzəyir. Qoyunların hər an qoruğa girməsi ehtimal olduğu kimi, o da hər an haram işləmə ehtimalı ilə üz-üzədir. Bilin ki, hər hökmdarın xüsusi bir sahəsi (qoruğu) vardır, Allahın sahəsi də haramlardır. Bunu da unutmayın ki, insan bədənində bir ət parçası vardır; o sağlam olanda bədən də sağlam olur, o pozulanda bədən də pozulur. O, ürəkdir (qəlbdir)!” (Buxari, İman, 39; Müslim, Müsaqat, 107)
Yenə Peyğəmbərimiz Həzrət Cabir ibn Abdillahdan (r.a) rəvayət edilən hədisində belə buyurur. “Ey insanlar! Allahdan qorxaraq məsuliyyətinizin şüurunda olun və ruzi istəyəndə orta yolu tutun. Çünki heç kim ruzisini gecikmiş də olsa, tam şəkildə əldə etmədən ölməyəcək. O halda Allahdan qorxaraq məsuliyyətinizin şüurunda olun və ruzi istəyəndə orta yolu tutun. Halal olanı götürün, haram olandan da uzaqlaşın!” (İbn Macə, Ticarət, 2; Hakim, Müstədrək, II, 4, IV, 361)
Allaha və axirət gününə inanan bir ticarətçi qeyd edilən xəbərdarlıqları nəzərə alaraq hərəkət etməli və ticarətdə haqsız qazanc, faiz, rüşvət, qumar, içki və s. haram malların satışı kimi işlərdən uzaq olmalıdır. Çünki axirətə haradan və necə qazanıldığı məlum olmayan mal deyil, yalnız qəlbi-səlim (sağlam qəlb) gedəcək. İnsan özünü Allahın hüzurunda xəcalətli edən şeylərlə axirətə köçməkdən çəkinməli, özünün, ailə və uşağının boğazından keçən tikənin halal olmasına maksimum dərəcədə diqqət yetirməlidir. Bu həssaslığın mükafatını həm dünyada, həm də axirətdə görəcəyinə də qəlbən iman etməlidir.
Bəhsimizi Allah Rəsulunun o gözəl sözlərindən biri ilə bitirək: “Qiyamət günü heç bir qul ömrünü harada keçirdiyinə, elmini nəyə sərf etdiyinə, malını hansı yollarla qazanıb haralarda xərclədiyinə və vücudunu hansı işlərdə əldən saldığına görə hesaba çəkilmədikcə bir addım da ata bilməz”. (Tirmizi, Qiyamət, 1)