6. 969 dəfə oxunub ,   0 şərh   Çap et

Həcc lüğətdə “niyyət etmək, yönəlmək” mənalarına gəlir. Bir fiqh termini olaraq tərifi belədir: “Məkkə şəhərindəki Kəbəni və ətrafındakı müqəddəs sayılan xüsusi yerləri, müəyyən vaxtda, əvvəlcədən həcc niyyəti ilə ehrama girərək üsuluna görə, yəni vəqfə və təvaf edərək ziyarət etməkdən ibarət, şərtlərindən biri sayılan mal və bədənlə yerinə yetirilən ibadətdir.

Həcc əsnasında Kəbə, Ərəfat və ətrafındakı digər müqəddəs məkanlar ziyarət edilir. Vaxtı isə həcc ayları adı verilən; Şəvval, Zilqədə və Zilhiccə aylarıdır. Hər bir həcc ibadətinin xüsusi vaxtı var. Ziyarət təvafının vaxtı, Qurban bayramı səhərindən etibarən, ömrün sonuna qədər; Ərəfatda vəqfənin vaxtı isə, Ərəfə günü zəvaldan, Qurban bayramı səhərində şəfəq doğana qədər edilməsi kimi. Digər tərəfdən bu böyük ziyarətə həcc niyyəti ilə və ehramlı başlamaq lazımdır. Həcc ərəfəsində yerinə yetrilən bu əməllər və ziyarətlərə “həcc mənasiki” deyilir ki, bu da “həcc adətləri” deməkdir.

Məkkə və Mədinə şəhərlərinin ətrafından ibarət olan müəyyən bir əraziyə “Hərameyn” (iki haram yer, bölgə) deyilir. Məkkə şəhəri və onun ətrafından ibarət olan həram ərazisi Məkkəyə Mədinə tərəfindən təxminən 5,5 km, Yəmən tərəfdən 13 km, Məkkədən Taif və Ərəfata gedən yolun üzərində yerləşən Nəmirə vadisi tərəfindən 13 km, Ciranə tərəfdən 16,6 km və Ciddə tərəfdən isə 18,5 km uzaqlıqdakı sahənin əhatəsindədir.

Məkkə şəhərinin ətrafındakı haram bölgəsinin sərhədlərini Cəbrail (ə.s), Hz. İbrahimə göstərmiş, Rəsulullah (s.ə.s) eyni sərhədləri bir daha müəyyənləşdirmiş, Hz. Ömər, Hz. Osman, Hz. Müaviyə bu sərhədin bizə gəlib çatmasında rol oynamışdır. Buna görə də Məkkə Haram bölgəsinin təyin edilməsi ta qədimlərə qədər gedib çıxır. Elə buna görə, Hz. Peyğəmbər Məkkə fəth edildiyi vaxt belə buyurmuşdur: “Bura, Allahın göyləri və yerləri xəlq etdiyi gündə müqəddəs yaratdığı bir bölgədir. Bura, qiyamət gününə qədər də, müqəddəs qalacaq bir yerdir.”[1]

Məkkədə Kəbə və Məscidi-Həram, Həram bölgəsinin mərkəzini təşkil edir. Yer üzərində, insanların ibadət etməsi üçün ilk dəfə tikilən məbəd, Kəbeyi-Müəzzəmədir. Buna Beytul-Həram və ya Beytullah yəni Allahın evi də deyilir.

Həcc və ya ümrə məqsədi ilə Məkkəyə gəlmək istəyən bir müsəlman, miqat (ehrama girmə yerləri) deyilən yerdə ehrama girməlidir. Bundan sonra ehram qadağanları başlayır. Məsələn, yoldaşıyla cinsi münasibətdə olmaq, üzündən başından və bədəninin hər hansı bir yerindən saç və tük qırxmaq, ov etmək, haram bölgəsindəki yaşıl ot, bitki və ağacları qoparmaq və kəsmək kimi hal və hərəkətlər qadağandır.

Haram bölgəsinin ərazisini təşkil edən sərhəd zolağı ilə ehrama girmə yerləri olan miqatlar arasında qalan əraziyə “Hil bölgəsi” deyilir.

Mədinə şəhərinin ətrafında da haram bölgəsi vardır. Bu bölgə şəhərin cənubundakı Ayr və şimalındakı Sevr dağı arasındakı ərazisiylə, şərqindəki və qərbindəki qara daşlıq ərazilərdən ibarətdir. Hz. Peyğəmbərin “Mədinə Ayrdan və Sevrə qədər haramdır.” hədisi ilə “Rəsulullah (s.ə.s) Mədinənin şərq və qərbindəki qara daşlıq arasındakı əraziləri haram (müqəddəs) elan etdi” hədisi bunun dəlilidir.[2] Hz. Peyğəmbərin təyin etdiyi bu Mədinə haram bölgəsi 22 km-dir. Bu bölgənin mərkəzi Məscidi-Nəbəvidir.

Mədinə haram bölgəsi də müqəddəs bir bölgə olduğu üçün burda edilən ibadətlər Məkkədən başqa yerlərdə edilənlərdən daha fəzilətlidir.

Həcc çoxlu pul xərcləməklə və çətinliklərlə edilən bir ibadət olduğu üçün, səvabı da fəziləti də o qədər çoxdur.

Qurani-Kərimdə belə buyurulur:

“Həqiqətən, insanlar üçün ilk bina olunan ev (məbəd) Bəkkədəki evdir ki, o, şübhəsiz, bütün aləmlərdən ötrü bərəkət və doğru yol qaynağıdır. Orada aydın nişanələr-İbrahimin məqamı vardır. Ora daxil olan şəxs əmin-amanlıqdadır (təhlükədən kənardır). Onun yoluna (ərzaq, minik, və sağlamlıq baxımından) gücü çatan hər bir kəsin həccə gedib o evi ziyarət etməsi insanların Allah qarşısında borcudur.”[3], “Yadına sal ki, İbrahim; “Ey Rəbbim, buranı bəladan asudə (uzaq) bir şəhər et!”[4] “(Ya Rəsulum!) Yadına sal ki, Biz evi (Kəbəni) insanlar üçün savab (ziyarətgah) və əmin-amanlıq yeri etdik.”[5] “Məgər Biz onları Özümüzdən bir ruzi olaraq hər yerin meyvəsinin (hər cür meyvənin) daşınıb gətirildiyi, (daxilində Kəbə yerləşən) qorxusuz-xətərsiz (müqəddəs) bir yerdə (Məkkədə) sakin etmədikmi?”[6], “Məgər (müşriklər) ətraflarındakı (başqa şəhərlərdəki) adamlar qamarlanıb götürüldüyü (əsir alındığı, öldürüldüyü, qarət edildiyi) halda, (içərisində yaşadıqları Məkkəni) onlar üçün müqəddəs, qorxusuz-xətərsiz bir yer etdiyimizi görmürlərmi? İndi batiləmi inanırlar? Allahın nemətinimi danırlar?.”[7]

Hədislərdə belə buyurulur:

“Həcc mənasikini məndən öyrənin, məndən gördüyünüz kimi edin.”[8]

Allah Elçisindən hansı əməlin daha fəzilətli olduğu soruşulunca: “Allaha və Rəsuluna iman, sonra Allah yolunda cihad və sonra məbrur həcc”[9] cavabını vermişdir.

“Ümrə, ikinci bir ümrə edilincəyə qədər olan günahlara kəffarədir, Məbrur həccin qarşılığı isə ancaq cənnətdir.”[10] Məbrur həcc günah qarışmayan, nöqsansız olaraq ifa edilən və Allah tərəfindən qəbul edilən həcc deməkdir. Başqa bir hədisdə həcc və ümrənin fəziləti belə ifa­də edilir:

“Həcc və ümrə edənlər Allahın qonaqlarıdır. Ondan bir şey istəyərlərsə (onlara) verər. Əfv olunmalarını istəyərlərsə əfv edər.”[11]

Həcc insanı günahlarından təmizləyir. Hədisdə belə buyurulmuşdur: “Kim Allah rizası üçün həcc edərsə və həcc edərkən pis söz və dav­ra­nışlardan və Allaha üsyan etməkdən çəkinsə, (qul haqqından başqa) ana­sından doğulduğu kimi günahlarından təmizlənib (həcdən) qayıdar.[12] 

Həcc ibadəti dünyanın müxtəlif yerlərindən rəng, irq və ölkələrindən asılı olmayarq milyonlarca müsəlmanı cəmləşdirir. Müsəlmanların görüşüb, tanış olmalarına imkan verir. Ticarət, iqtisadiyyat, mədəniyyət, ortaq düşmənə qarşı mübarizə kimi xüsuslarda fikir mübadiləsi aparılır və bir­-birinə dəstək olmaq üçün ortaq addımlar atılır.

Həcc ibadəti inananların bir növ vəhdət halıdır. Dünyanın müxtəlif bölgələrində yaşayan möminlər arasında qardaşlıq əlaqələrini gücləndirir. Beləcə, insanlar həqiqətən də bərabər olduqlarını birlikdə yaşayaraq göstərirlər. Ərəb olanla olmayanın, dərisinin rəngi ağ olanla qara olanın arasında təqvadan savayı başqa bir üstünlüyünün olmadığı inancını vicdanlara yerləşdirib həkk edir.[13]


[1]Buxari, Elm, 37, Cənaiz, 76; Həcc, 43, Səyd, 8-10, Cizyə, 22, Məğazi, 51, 53; Tirmizi, Həcc, 1

[2]Buxari, Cihad, 71, 74, Mədinə, 1, Büyu, 53, Ənbiya, 10; Müslim, Həcc, 445, 446, 455, Tirmizi, Mənaqib, 67 

[3]Ali-İmran, 3/ 96-97.

[4]Bəqərə, 2/126.

[5]Bəqərə 2/125.

[6]Qəsas, 28/57

[7]Ənkabut, 29/67

[8]Müslim, Həcc, 310.

[9]Buxari, Cihad, 1, Həcc 4, 34, 102, Ümrə, 1; Müslim, İman, 135, 140; Tirmizi, Məvaqit, 13, Həcc, 6, 14, 88.

[10]Buxari, Ümrə, 1; Nəsai, Həcc, 3, Zəkat, 6; Ə.İbn Hənbəl, I, 387, III, 114.

[11]İbn Macə, Mənasik, 5.

[12]Buxari, Həcc, 4,  Müslim, Həcc, 438; Nəsai, Həcc, 4; İbn Macə, Mənasik, 3;  Ə.ibn, Hənbəl, II, 229, 410; 484.

[13] Həmdi Döndürənin, “Dəlilləriylə İslam Elmihalı” kitabından istifadə edilmişdir.




Bənzər məqalələr

Borc alaraq həccə getmək

maddi cəhətdən həcc etmə imkanına sahib olmayan şəxslərin borc alaraq həccə getmələri şərt deyildir. Buna baxmayaraq borc alaraq həccə gedilərsə, həcc ibadəti məqbul sayılır

Zilhiccə orucu

Rəsulullah (s.a.s.) dörd şeyi tərk etməzdi; Aşura orucu, zilhiccənin ilk on günü və hər ayda üç gün oruc tutmağı, sübh namazından əvvəl iki rükət namaz qılmağı.

Həccin növləri

Dini hökmlər baxımından həcc fərz, vacib və nafilə olmaqla üç yerə bölünür. Həcc fərz olan (yəni Həccə getməyin şərtlərinə cavab verən) Müsəlmanların bir dəfə həccə getməsi fərzdir. Həcc fərz olmayan Müsəlman həcc etməyi nəzir deyərsə, bunu yerinə yetirməsi vacibdir.

Həccin fərz olmasının dəlilləri

Beytullahı Hz. İbrahim (ə.s) və oğlu İsmail (ə.s) inşa etmiş və birinci həcc ibadəti o dövrdə başlamışdır. Aşağıdakı ayələrdə həccin başlanğıcı haqqında belə buyurulur: “Bir vaxtlar İbrahimə, Beytullahın yerini hazırlamış və (ona belə demişdik): “Mənə heç bir şeyi şərik qoşma Beytumi (evimi) təvaf edənlər, namaz qılanlar, rükü və səcdə edənlər üçün yaxşı bir şəkildə təmizlə.”

Həccin yerinə yetirilməsini fərz edən şərtlər

Həcc ibadəti fərz olan şəxslərin bu fərzi yerinə yetirməsi üçün müəyyən şərtlər tələb olunur. Bunlar sağlamlıq, yol təhlükəsizliyi,


Şərh yaz