Həccin rükn və şərtləri ilə yanaşı, vacibləri də vardır. Bunları yerinə yetirməmək həcci batil etmir. Lakin üzrsüz olaraq yerinə yetirilməməsi təhrimən (harama yaxın) məkruhdur. Həccin beş vacibi var:
1. Səfa-Mərvə təpələri arasında səy (gedib gəlmək)
Kəbənin şərq tərəfində yerləşən Səfa və Mərvə təpələri arasında Səfadan başlayaraq Mərvədə tamamlamaq üzrə dörd gediş, üç gəliş, cəmi 7 dəfə gedib-gəlmək. Səfadan Mərvəyə hər gedişə və Mərvədən Səfaya hər dönüşə “bir şavt” deyilir.
*Səyi ehrama girdikdən sonra etmək.
*Həcc səyini həcc ayları başlandıqdan sonra etmək.
*Mötəbər bir təvafın ardınca etmək.
*Şavtların çox hissəsinin, yəni ən azı dördünün edilmiş olması.
*Səyə Səfa təpəsindən başlamaq.
2. Müzdəlifədə vəqfə
Həcdə Ərəfə günündən bayram gününə keçən gecəni Mina ilə Ərəfat arasında Harəm hüdudları içərisində, Müzdəlifə bölgəsində keçirmək sünnət, Qurban bayramının birinci günü dan yerinin ağarmasından günəşin doğuşuna qədər orada vəqfədə olmaq isə vacibdir.
Vəqfənin səhih olmasının şərtləri:
*Həcc niyyəti ilə ehramlı olmaq.
*Ərəfat vəqfəsini yerinə yetirmiş olmaq.
*Müəyyən edilmiş məkanda, yəni Müzdəlifə hüdudları daxilində etmək. Məşari-Haram (Məşari-Haram Ərəfatla Mina arasında, Müzdəlifədə olan bir yer) yaxınlığında etmək sünnətdir.
*Müəyyən edilmiş vaxtda etmək.
3. Şeytan daşlama
Zəvvarların bayram günlərində Minada birinci gün yalnız Əqabə cəmrəsinə, digər günlərdə ardıcıllıqla Kiçik, Orta və Əqabə cəmrəsinə öncədən hazırlanmış xüsusi daşları atmasıdır. “Şeytan daşlama” günləri bayramın birinci günü dan yerinin ağarmasından dördüncü günü günəş batanadəkdir.
“Şeytan daşlama”ın səhih olmasının şərtləri:
*Cəmrələrə daşlar əllə atılmalı.
*Atılan şeylər daş, qurumuş palçıq və bu kimi təyəmmüm edilməsi caiz olan maddələrdən olmalıdır.
*Daşlar bir-bir atılmalıdır.
*Daşlar müəyyən edilmiş yerlərə atılmalıdır, yəni daşlardan hörülmüş sütuna və ya çevrəsindəki hovuza düşməlidir.
*Atanın səyi nəticəsində daşlar hədəfə dəyməlidir.
*Daş atmağa gücü çatan daşları şəxsən özü atmalıdır.
*Daşlar təyin olunmuş vaxtlarda atılmalıdır.
4. Saçları dibdən qırxdırmaq və ya qısaltmaq
5. Vida təvafı
Harəm bölgəsi hüdudları daxilində yaşamayan, uzaqlardan gələn ziyarətçilərin vətənə dönməzdən əvvəl etdiyi təvaf Vida təvafı adlanır.