Mənəviyyata Açılan Pəncərə

Həcərül-əsvəd

Həcərül-əsvəd Kəbənin sağ tərəfində yerdən 1,5 metr yüksəklikdə yerləşən təqribən 30 sm böyüklüyü olan qara rəngli daşdır. Gümüş təbəqə ilə örtülmüşdür. Həcər kəlməsi ərəb dilində “daş” deməkdir. Həcərül-əsvəd isə “qara daş” mənasındadır. Rəsulullah (s.ə.s) bir hədisində Həcərül-əsvədin Cənnətdən endiyini və tədricən rənginin qaraldığını bildirir: “Həcərül-əsvəd Cənnətdən endi. Enərkən süd kimi ağappaq idi. İnsanların günahı səbəbilə qaraldı”.[1]

Başqa bir hədisdə isə bu daşın rənginin ağlığı və Cənnətdən endirildiyi belə bildirilir: “Həcərül-əsvəd və Məqami-İbrahim Cənnət yaqutlarındandır. Allah onların parlaqlığının üzərini örtmüşdür. Əgər onların parlaqlığı görünsəydi şərq və qərb arasındakı hər yer işıqlanardı”.[2] Elə bu xüsusiyyətindən dolayı Həcərül-əsvəd daşına “ən bəxtəvər daş” mənasında Həcərül-əsad da deyilmişdir. Bəli, o həqiqətən ən bəxtəvər daşdır. Ona görə ki, bir çox peyğəmbər və Peyğəmbərimiz (s.ə.s) ona toxunmuş və öpmüşdür.

Kəbə tikilərkən Hz. İsmayıl (ə.s) ətrafdan daş daşıyır, Hz. İbrahim (ə.s) də Kəbə divarlarını hörürdü. Divarlar yüksəlib əlçatmaz olunca, İsmayıl (ə.s) indi “Məqami-İbrahim” olaraq ziyarət edilən daşı gətirdi. Hz. İbrahim (ə.s) bu daşın üzərinə çıxaraq qalan hissəni hördü. Əbu Qübeys dağından gətirilən Həcərül-əsvəd inşası tamamlanandan sonra tavafın başladığı yeri bildirmək məqsədilə Hz. İbrahim (ə.s) tərəfindən Kəbədəki yerinə qoyuldu. “Hz. İbrahim (ə.s) Kəbənin inşasını tamamladıqdan sonra oğlu İsmayılı (ə.s) bir daş gətirmək üçün göndərdi. Hz. İsmayıl (ə.s) daş axtarmaq üçün getdikdə Hz. Cəbrayıl Həcərül-əsvədi gətirdi. Hz. İsmayıl (ə.s) geri qayıdanda daşı gördü və təəccüblə “bu daş hardan gəldi, bunu kim gətirdi?” deyə soruşdu. Atası Hz. İbrahim (ə.s) ona belə cavab verdi: ‘Məni sənə və gətirəcəyin daşa möhtac etməyən Zat göndərdi’”.[3] Bu ifadələrdən də göründüyü kimi Kəbə o qədər əhəmiyyətlidir ki, tavafın başlanğıc nöqtəsini bildirəcək daş Allah tərəfindən Cənnətdən göndərilmişdir.   

Həcərül-əsvədin müqəddəsliyi

Həcərül-əsvəd daşı Allah və Rəsulu (s.ə.s) tərəfindən mübarək qılınmışdır. Şeytan bir daşın ehtiram görməsi xüsusunda insana vəsvəsə verə, ağlına müəyyən şübhələr gətirə bilər. Unutmamalıyıq ki, Allahın əmrlərinə sayğı göstərmək lazımdır. “(Ey insanlar! Sizə əmr etdiyim) budur. Hər kim Allahın ayinlərinə hörmət etsə, (bilsin ki,) bu, qəlblərin təqvasındandır.” (Həcc, 22/32). Məhz bu hörmət insanı şübhə və vəsvəsədən qoruyar. Necə ki, səhabələr də Rəsulullahın (s.ə.s) dəyər verdiyi hər şeyə dəyər vermişlər. Məsələn, Hz. Öməri (r.a) ümrə ziyarəti edərkən görən Abis ibn Rəbiə nəql edir ki, “Mən Hz. Öməri Həcərül-əsvədi öpərkən gördüm. Onu öpdü və ardınca, “Bilirəm ki, sən bir daşsan. Nə bir faydan, nə də bir zərərin var. Əgər Rəsulullahın (s.ə.s) səni öpdüyünü görməsəydim səni əsla öpməzdim”, – dedi”.[4]

İmam Nəvəvi Hz. Ömərin (r.a) sözlərinə belə açıqlama gətirir: “Müsəlmanlar bütpərəstlikdən yeni qurtulmuşdular. Hz. Ömər (r.a) cahil insanların köhnə adətlərinə qayıdacağından qorxduğu üçün Həcərül-əsvədi öpdükdən sonra belə demişdir. Bu daşı salamlamaq və öpməkdə məqsəd yalnız Allaha təzim və Peyğəmbərimizin (s.ə.s) əmrinə itaət, həcc ayinlərindən birini yerinə yetirməkdən ibarətdir. Cahiliyyə dövründə ərəblər bütlərin insanı Allaha yaxınlaşdırdığına inanırdılar. Hz. Ömər (r.a) də bunu deməklə ibadətin ancaq Allah üçün ediləcəyini bildirmək istəmişdir”.[5] Hz. Ömər bu hərəkətilə həm də cahiliyyədəki adətlərin Allah və Rəsulunun əmri olan Həcərül-əsvədi salamlamaqla qarışdırılmaması gərəkdiyini vurğulamışdır.

“Uca Allahın hər işində bir hikmət var. Biz namazda Kəbəyə tərəf dönürük. Əslində biz Allaha yönəlir, rizasını qazanmaq üçün Ona üz tuturuq. Allah bəzi yerləri müqəddəs etmişdir. Məsələn, Məscidi-Əqsa, Məscidi-Haram və Ravzayı-Tahirə kimi yerlər müqəddəsdir. Mülk sahibi Allah olduğu üçün istədiyini istədiyi kimi etmək də Onun əlindədir. İnsanı yaradılmışların ən şərəflisi, İki Dünya Sərvərini (s.ə.s) də mələklərdən üstün yaratmışdır. O, istədiyini edəndir. Hər şey Onun əlindədir. Həcərül-əsvəd də Allah tərəfindən seçilmiş və buna görə də inananlar tərəfindən müqəddəs sayılmışdır. Bunun hikmətini anlasaq da, anlamasaq da həmin daşı qarşı sayğılı olmalıyıq”.[6]

Həcc ibadəti zamanı təvafa yaşıl xəttin üzərində Həcərül-əsvədin olduğu yerdən, onu salamlamaqla başlanılır. Hər dəfə Həcərül-əsvədin yanından keçdikcə əllər qaldırılır “Bismillah Allahu Əkbər” deyilir. Çünki Rəsulullah (s.ə.s) tavafın hər şavtında Rükni-Yəmani və Həcərül-əsvədi salamlayardı.[7] Həcərül-əsvədi salamlayarkən dayanmadan təvafa davam etmək lazımdır.

Nəticə olaraq onu deyə bilərik ki, Həcərül-əsvəd İslamın simvollarından biridir. Allah Rəsulunun (s.ə.s) dəyər verdiyi hər şeyə biz də dəyər verməyə çalışmalıyıq.


[1] Tirmizi, Həcc, 40
[2] Tirmizi, Həcc, 40; Saati, əl-Fəthur-Rəbbani, XII, 28. 
[3] Ətraflı məlumat üçün bax: İbrahim Canan, Hədis Ensiklopediyası,  XIV, 33.
[4] Buxari, Həcc 50, 57, 60; Müslim Həcc, 248, 120; Muvatta, Həcc 36; Tirmizi, Həcc 37; Əbu Davud, Mənasik 47; Nəsai, Həcc 147; İbn Macə, Mənasik, 27. 
[5] Nəvəvi, Şərhu Səhihi-Müslim, VII, 16-17.
[6] Əsrin gətirdiyi tərəddüdlər, III, 104-105.
[7] Əbu Davud, Mənasik 48; Nəsai, Həcc 156.
Exit mobile version