Günlərin bir günü dörd kəpənək alovları səmaya yüksələn bir od gördülər. Bu odun nə olduğnu öyrənmək istəyən kəpənəklər bir-bir ona yaxınlaşaraq fikirlərini bölüşmək qərarına gəldilər. Birinci kəpənək oda yaxınlaşdı və üzərinə işıq düşdüyünü gördü. Dostlarının yanına qayıdıb: “Bu od işıqlı bir şeydir”, – dedi. İkinci kəpənək bununla qane olmadı. Daha çox şey öyrənmək üçün oda bir az da yaxınlaşdı. Bu dəfə kəpənək isindiyini hiss etdi. Dostlarının yanına qayıdıb: “Bu od həm də isti bir şeydir”, – dedi. Üçünçü kəpənək də bununla kifayətlənmədi. O, oda bir az da yaxınlaşdı. Bu vaxt odun qanadlarını yandırdığını hiss etdi və geri qayıdıb: “Bu od həm də yandırır”, – dedi. Sonuncu kəpənək də marağına güc gələ bilmədi. O, oda bir az yaxınlaşdı, üzərinə işıq düşdüyünü gördü. Bir az yaxınlaşdı, isindiyini hiss etdi. Bir az yaxınlaşdı, qanadları yandı. Bir az da yaxınlaşanda alovda yanıb kül oldu. Bəlkə də odun həqiqətən nə olduğıunu təkcə sonuncu kəpənək öyrəndi. Çünki bir şeyin nə olduğunu “yanmadan” öyrənmək mümkün deyil!..
Yaşamaq yanmaqdır, yanasan gərək
Həyatın mənası yalnız bundadır.
Şam, əgər yanmırsa yaşamır demək,
Onun da yaşamı yanmağındadır.
Bəxtiyar Vahabzadə