Mənəviyyata Açılan Pəncərə

Hər peyğəmbərin arzusu

Son Peyğəmbərin gəlişi ilə bağlı müjdələr həzrət Adəmdən (ə.s.) başlayaraq ondan sonra gələn bütün peyğəmbərlər vasitəsi ilə bildirilmişdir. Çünki bu, onlar üçün bir vəzifə idi. Allah (c.c.) onlara səslənərək hər birindən bu barədə söz almışdı:

– And olsun ki, sizə kitab və hikmət verdim. Sonra yanınızda olan kitabları doğrulamaq üçün bir elçi gəldikdə Ona inanacaq və kömək edəcəksiniz. Bunu qəbul etdiniz və bu haqda əhdimi üzərinizə aldınızmı?

Hamısı birlikdə cavab verdilər:

– Bəli, qəbul etdik.

Bunun üzərinə Allah da:

– Elə isə şahid olun, mən də sizinlə birlikdə şahidəm, – dedi və əlavə etdi:

– Əgər bundan sonra kim sözündən dönsə, onlar yoldan çıxmış kəslərdir.[1]

Həzrət Adəm bir gün iftarı gözləyərkən biraz tələsmiş və tövbə üçün əllərini qaldırıb Rəbbinə yalvararkən qəflətən gözləri ərşin dirəkləri üzərindəki yazıya ilişərək duasını dəyişmiş və belə demişdi:

– Allahım, məni “Muhammədin Rəsulullah” haqqı üçün bağışla!

Duanın edildiyi məqamdan gələn səs belə buyurdu:

– Hələ yaratmadığım halda sən Muhammədi hardan tanıyırsan?

Buna müqabil olaraq həzrət Adəm hörmətlə bunları dedi:

– Ey Rəbbim, qüdrətinlə məni yaratdığın və pak ruhundan mənə üfürdüyün vaxt başımı qaldıranda ərşin dirəkləri üzərində bu yazını gördüm: “Lə İlahə İllallah, Muhammədin Rəsulullah”. Bilirəm ki, sən adının yanına ancaq yaradılmışların ən xeyirlisinin adını yaraşdırar və onun adını öz adınla yan-yana nəqş edərsən!

Bu qədər səmimi və ürəkdən edilmiş istək qarşılığında belə bir nida yüksəldi:

– Doğru deyirsən ey Adəm! Şübhəsiz ki, O, mənim üçün məxluqatın ən sevimlisidir. Onun haqqı üçün istədiyin müddətcə səni bağışlayaram. Çünki Muhamməd olmasaydı Mən səni də yaratmazdım.[2]

Bəli, O (s.a.s.), ilk yaradılan ruhun sahibi idi[3]. Hələ o vaxtlardan bəri adı əsas kitabda “Abdullah” deyə qoyulmuş, “Xatəmün-Nəbiyyin” deyə zikr edilmişdi[4]. Buna görə də bədəni ilə ruhunun qovuşması sonda olacaqdı. Varlığın xəmirində Onun mayası olduğu kimi, sona möhürünü vuran da yenə O (s.a.s.) olacaqdı. Çünki O, ilk yaradılan son Sultan idi.

Həzrət Adəmdən sonra gələn hər peyğəmbər də Allaha verdikləri sözü yerinə yetirəcək və hər zaman Ondan (s.a.s.) bəhs edərək ümmətlərini Onun gəlişinə hazırlayacaqlardı.

Həzrət Nuh (ə.s.) vəzifəsini layiqi ilə icra etdiyinə görə Muhamməd ümmətini şahid tutacağının sürurunu yaşayır, həzrət Davud isə (ə.s.) məlahətli səs tonu ilə Zəbur oxuyarkən: “Allahım, fətrət dövründən sonra bizə Muqimus-Sünnəni lütf et”[5] – deyə dua edir və həzrət Əhmədin gəlməsi üçün Rəbbinə yalvarırdı.

Həzrət Yəhya eyni duanı səsləndirir, həzət Musa bacardığı qədər bunu İsrail oğulları ilə paylaşır və həzrət İsa hər fürsətdə eyni bəstəni dilə gətirirdi.

Həzrət Musa göndərilən bütün möcüzələrə üz çevirən İsrail oğulları arasından yetmiş nəfər seçərək Tih çöllərində doğru yönəlir və qırx günlük təlimdən sonra dayanmaq üçün Tur dağına çıxıb burada ümməti ilə birlikdə doyumsuz bir vüslət yaşayırdı. Tur dağında dumandan göz gözü görmürdü. Elə bu vaxt Allah lüft edərək bizə naməlum olan səsini onlara eşitdirdi. Gözləri kəlləsinə çıxan bu insanlar belə bir lütf qarşısında tərəddüd edib səs ilə o səsin Sahibini ayırd edə bilməyəcəklərini iddia edib birbaşa özünü göstərməsini tələb etdilər.

Halbuki görmə potensialı məhdud olan məxluqun, sonsuz Varlığı görməsi mümkün deyildi. Bu, hər kəsə məlum idi. Deməli, onların məqsədi Rəbbi görmək deyildi. Bəlkə də görsəydilər yenə bir bəhanə tapar və boyun qaçırardılar. Belə yaşadıqları həyat artıq onlar üçün bir vərdişə çevrilmişdi.

Allaha qarşı edilən bu hörmətsizlik qarşılıqsız qalmadı. Birdən-birə Tur dağı böyük bir sarsıntı ilə silkələnməəy başladı. Dağda olan yetmiş insan olduğu yerə pərçimləndi və huşlarını itirmiş halda yerə sərildilər.

Baş verən hadisələri diqqətlə izləyən həzrət Musanın isə sanki qol-qanadı sınmışdı. Bu qədər böyük bir lütfün qarşılığında edilən bu nankorluğa görə utanc hissi keçirirdi. Halbuki onlar üçün bütün səylərini ortaya qoymuş və doğru yola gəlmələri üçün nə qədər əmək sərf etmişdi. Doğulduğu andan etibarən İlahi bir qundaqda böyüdülən peyğəmbərə, qövmünün arxasını çevirdiyi hər yerdə belə reaksiya verməsi onu məyus edirdi. Amma eyni münasibəti Allaha da göstərəcəklərini heç gözləmirdi. Yönələcəyi yalnız bir qapı vardı. Ora yönəldi və əllərini açaraq:

– Ey Rəbbim, – dedi titrəyən səs tonu ilə.

– Diləsəydin məni də, bunları da daha əvvəl məhv edərdin. Allahım aramızdaki nadan insanların etdikləri ucbatından bizi də həlak edəcəksən? Bu, Sənin imtahanındır. İstədiyini imtahanla cəzalandırar, istədiyinə də yol göstərərsən. Sən bizim Rəbbimizsən, bizi bağışla, bizə mərhəmət et. Sən mərhəmət edənlərin ən xeyirlisisən. Bizə bu dünyada da, axirətdə də xeyirlər nəsib et. Biz Sənə yönəldik və Sənin yolunu tutduq.

Bunları bütün varlığı ilə istədikdən sonra Musa (ə.s.) yenə Allaha yönəlir:

– Mərhəmət et, Allahım!

Ancaq İlahi təqdir fərqli idi. Sonsuz mərhəmət Sahibindən gələn səs belə deyirdi:

– Əzabı dilədiyimə göndərəcəm. Ancaq rəhmətim də hər şeyi və hər yeri əhatə edir. Onu da, müttəqilərə, zəkatını verənlərə və ayələrimizə inananlara göndərəcəm.

Rəhmət qapısından heç vaxt ümidini kəsməyən həzrət Musa qövmü üçün yeni bir qapı açılacağını düşünərək çox sevinidri. Ancaq məsələ bununla bitmir. Ardınca bunları da əlavə etdi həmin səs:

O kəslər ki, Tövrat və İncildə bəhs edilən o Ümmi Peyğəmbərə itaət edib Onun izindən gedər, hansı ki, həmin Peyğəmbər onlara yaxşılığı əmr edər və onları şərdən uzaqlaşdırar, təmiz və pak şeyləri onlara halal buyurar, mundar və pis şeyləri də onlara qadağan edər, çiyinlərindəki ağır yüklərdən onları xilas edər və üzərlərindəki bağ və zəncirləri qırıb atar. Həmin Peyğəmbərə iman edən, Ona hörmət və sevgi bəsləyən, həmçinin ona həmrəy olan  və Onunla birlikdə endirilən Qurana tabe olan kəslər qurtulacaq və muradına çatacaqlar.[6]

Bu, əsrlər əvvəl Tur dağında eşidilən İlahi səslə son Peyğəmbərin gəlməsinin elanı idi.  Beləliklə nəzərlər gələcəyə çevrilir və müjdələnən günlərə işarə edilirdi. Artıq ən əhəmiyyətli məsələlər müzakirə edildikdə də, sözü Ona gətirmək adətə çevrilmişdi. Qövmü ilə danışarkən Musa (ə.s.) Ondan (s.a.s.) ondan bəhs edir, həzrət İsa da həvariləri ilə söhbət edərkən sözü Ona gətirirdi. Faran dağlarından Ərafata, doğacağı mühitdən hicrət edəcəyi yerə və ailə həyatından yerinə yetirəcəyi vəzifələrə qədər hər məsələdə Ondan  bəhs edilir və zehinlər onun gəlişinə hazırlanırdı.

İnsanlar Onun gəlişinə o qədər hazır idi ki, bir vaxtlar Onu (s.a.s.) gözləyənlər gəlişindən xəbərdar olmaq üçün “misfa” adlandırılan yüksək qüllələr inşa etmiş və üzərində də növbətçilər yerləşdirərək “Mustafa”nın gəlişini gözləyirdilər…[7]


[1] Bax: Ali İmran, 3/81, 82.
[2] Bax: İbn Kəsir, əl-Bidayə vən-nihayə, 1/75; Qurtubi, əl-Cami li əhkamil-Quran, 1/324; Kəstallani, Məvahib, 1/7, 16.  Əslində bu ifadələr “Ey Həbibim, Sən olmasaydın aləmələri də yaratmazdım” həqiqətinin fərqli şəkildə ifadəsidir.
[3] Bunu bildirmək üçün bir gün Rəsulullah (s.a.s) “Allahın ilk yaratdığı şey mənim nurumdur”. (Alusi, Ruhul-məani, 8/71) buyurmuşdur. Başqa bir gün də ilk yaradılanın nə olduğunu soruşan Cabir ibn Abdullaha: “Ey Cabir, Allah əşyanı yaratmamışdan əvvəl nurundan sənin Peyğəmbərinin nurunu yaratmışdır.” – dedi və daha sonra həmin nurdan kövnü-məkanın varlığa büründüyünü dedi (Kəstallani, Məvahib, 1/7). Allahın ilk yaratdığı şeyin ağıl və qələm olduğuna dair də rəvayətlər var. Başlanğıc etibarı ilə fərqli kimi görünən bütün bu rəvayətlər əslində hər zaman eyni yerə işarə edir və Rəsulullahın bunlardan xəbərdar olduğunu bildirirdi. Çünki kainat səhifə-səhifə oxunmalı olan kitab, Rəsulullah da o kitabın silinməz bir qələmidir. Bir gün Rəsulullah: “Hələ Adəm palçıqla torpaq arasında gedib-gələrkən Mən Allah qatında Onun qulu və Xatəmün-Nəbiyyini idim.” – demişdir (İbn Hişam, Sirə, 1/175; Təbəri, Tarix, 2/128)
[4] Əhməd isə Onun peyğəmbərlərin dilində gəzən adı idi. Ona görə həzrəti İsanın “Ey İsrail oğulları, mən Allahın sizə göndərdiyi elçiyəm. Məndən əvvəlki Tövratı təsdiq etmək və məndən sonra gələn və adı “Əhməd” olacaq bir Rəsulu müjdələmək üçün göndərildim” (Saff 61/6) dediyini Quranda açıq-aydın göstərir. Başqa hədislərdə Rəsulullah (s.a.s.): “Mənim Qurandaki adım Muhamməd, İncildə Əhməd, Tövratda isə Əhyəddir.” – buyurur (əl-Hindi, Kənzul-ümmal, 1/356 (1021)).
[5] Qadı İyaz, Şəfa, 1:176 “Muqimüs-sünnə” “Sünnəni yerinə yetirən” deməkdir və Rəsulullahın adlarından biridir.
[6] Əraf, 7/157.
[7] Rəsulullah dünyaya gəlməmişdən əvvəl vəziyyət belə olduğu üçün, qiyamətdən sonra da fərqli olmayacaq. Çünki şəfaətlə bağlı uzun bir hədisdə Rəsulullah (s.a.s) qiyamət günü qurtuluş üçün çarə axtaran adəm oğullarının həzrət Adəmdən başlayaraq getdikləri hər peyğəmbər tərəfindən digərinə göndəriləcəklərini və nəticədə Özünə qədər gələcəklərini bildirir. Bu da şəfaətin ünvanının həzrət Muhamməd olduğunu göstərir (Buxari, Səhih, 4:1745 (4435))
Exit mobile version