Paxıllıq və qısqanclıq kimi də xarakterizə edilən “həsəd” bir insanın malik olduğu məziyyət və fəzilətləri, qazandığı nailiyyətləri həzm etməməkdir. Başqa sözlə, bir kəsin özündə olmasını istədiyi qabiliyyət və ehsanların başqasında olmasına görə keçirdiyi narahatlıq hissidir.
Həsəd hiddət hissi ilə özünü büruzə verən və zaman keçdikcə kinə çevrilən qəzəbin bir nəticəsidir və od odunu yandırıb kül etdiyi kimi paxıllıq da yaxşı əməllərin axırına çıxır[1]. Həsəd qəlb diyarında imanla qonşu olmaq istəməz[2]. Həsədi izhar etmək və başqalarının gözdən düşməsini istəmək yanğını körükləmək, içdə bəsləmək isə qəlbin feyzlərə ayna olmasına əngəl törətməkdir.
Həsəd bir mənada Allahın qədərinə etiraz etmək, qarşı çıxmaqdır. Çünki kimə nə və nə qədər verəcəyini müəyyən edən yeganə zat Allahdır. Uca Alahın təqdiri ilə razılaşmayıb həsəd etmək mənəvi xəstəlik əlamətidir və ən çox da həsədkara zərər gətirir. Bəli, Muallim Nacinin “Az bəla sanma həsədi, əfəndi/Məhv edər hasidi (həsədkar) öz həsədi” dediyi kimi paxıllıq həsədin yönəldiyi adamdan çox həsdkarın özünün axırına çıxır. Həsədkar rahatlıq üzünə həsrət qalar, paxıllıq etdiyi insanın nailiyyətlərinə, fəzilətlərinə baxıb səhər-axşam qeyz və nifrətdən çatlayar, Allahın lütfünə etiraz edər, həmin adama bəddua tökər və nəticə etibarilə öz həyatını zəhərə döndərər. Belə ki, bəzən paxıllığını çəkdiyi insanı saymaz, onun qeybətini edər, bəzən də iftira atar, düşmənçilik hissi ilə oturub durar.
Hər bir xəstəlik kimi həsədə də əvvəlcədən və düzgün diaqnoz qoymaq çox önəmlidir. Ona görə də bu mərəzə düçar olanlar əvvəlcə həsədi sezməyə çalışmalı, daha sonra tolerantlıq və başqalarının yaxşı məziyyətlərinə dözüm bacarığını üzə çıxarmalı, ən əsası da öz məziyyət və qabiliyyətləri ilə məşğul olmalıdır. İnşallah, bu yolla paxıllıqdan əl çəkər. Həmçinin xəstəlik üzə çıxmadan sezilsə və paxıllıq edən adam müxtəlif yollarla qəlb və ruhi-mənəvi həyata yönəldilsə, Allahın izni ilə, müəyyən səviyyədə də olsa, həsəd hissi nəzarət altına alınmış olar.
Bəli, mömin din qardaşının fəzilətinə, bəlkə də, qibtə ilə baxa bilər, lakin paxıllıq və qeybətə sürükləyən hislərin təsiri altına düşməz və düşməməlidir. Bəlkə də, “Kaş ki, Allah məni də o qardaşım kimi edəydi…” deyərək dua ilə təqdirini dilə gətirməlidir. Təqdirini birbaşa din qardaşının üzünə, ya da ona çatacaq şəkildə deməsi də son dərəcə önəmlidir. Bir səhabə başqa bir səhabəni çox isətdiyini demiş, bunu eşidən Allah Rəsulu (s.a.s): “Get və ona çox istədiyini de”, – buyurmuşdu.[3] Din qardaşlarımız və ümumən insanlar haqqında daim xeyirli və müsbət şeylər danışsaq, onlar da bizimlə gözəl münasibətlər qurar və gün gələr, könül qapılarını üzümüzə taybatay açarlar.
Özümüzü həsəddən qorumaq üçün, paxıllıq xəstəliyinin dəqiq “diaqnozunu” qoymalı, sonra da müalicə yollarını axtarmalıyıq. Bu müalicədə nə qədər uğur qazansaq, kamillik yolunda bir qədər müsbət nəticə əldə edərik. Rəbbim hamımıza mənəvi mərəzlərə həssas yanaşmağı və onlardan qorunmağı nəsib eyləsin!
[1] Əbu Davud, “Ədəb” 44; İbn Macə, “Zühd” 22
[2] Nəsai, “Cihad” 8
[3] Əbu Davud, “Ədəb”, 22.