Sual:Heyvan haqları hansılardır, heyvanlarla necə rəftar etməliyik?
Heyvanlar da insan və bitkilər kimi canlıdır. Elə “heyvan” sözünün kökündə də “canlı” mənası var. İslam ümumbəşəri dindir, dolayısilə, haqq məsələsinə verdiyi əhəmiyyət və haqqa baxışı təkcə insanları deyil, bütün varlığı əhatə edir. Bəli, İslamda bütün haqlar qorunur. İslamiyyətdə heyvan haqları da mühüm yer tutur. Allah Rəsulunun (s.a.s.) qiymətli həyatında bu mövzu ilə əlaqədar bir çox hadisə vardır: Bir dəfə Sevgili Peyğəmbərimiz əshabı ilə birlikdə döyüşdən qayıdırdı. Yolda dayanıb dincələrkən səhabələrdən bir neçəsi quş yuvası tapmış, yuvadakı balaları götürmüşdü. Bu vaxt özünü yetirən ana quş balalarını onların əlində görüb havada dövrə vurmağa başladı. Allah Rəsulu (s.a.s.) bundan xəbər tutduqda bərk cəlallandı və quş balalarını dərhal yuvasına qoymağı əmr etdi.[1] Allah Rəsulunun (s.a.s.) bu reaksiyası belə İslamın başqa mövzularda olduğu kimi, haqq məsələsində də hər şeyi ehtiva edən bir sistem olduğunu isbat edir. Heç bir sistemdə bu qədər əngin və mükəmməl haqq anlayışı tapmaq mümkün deyil.
Bəşər övladı heyvanlara insanlara faydalı olub-olmaması aspektindən baxdığı üçün onların yaradılış hikmətini gözdən qaçırır. Ən müasir toplumlarda və İslamın heyvanlara verdiyi haqları bilməyən müsəlmanlar arasında belə heyvanlara xor baxanlar olmuşdur. Hər məsələ kimi, heyvanlara da Qurani-Kərim və Peyğəmbərimizin sünnəsi əsasında münasibət bəsləməliyik.
Birinci növbədə bilməliyik ki, Qurani-Kərim heyvanların da insanlar kimi, bir ümmət olduğunu və onların da müəyyən haqlara malik olduğunu bəyan edir: “Yerdə gəzən elə bir canlı, uçan elə bir quş yoxdur ki, sizin kimi cəmiyyətlər təşkil etməsinlər. Biz Kitabda (Quranda) heç bir şeyi nəzərdən qaçırmadıq. Sonra onlar (bütün canlılar, bütün məxluqat) Rəbbin hüzuruna toplanacaq”.[2] Nümunə verdiyimiz bu ayə “Ənam” surəsindəndir. Ənam “iribuynuzlu heyvanlar” deməkdir. Surədə çox yerdə iribuynuzlu heyvanların yaradılış hikmətlərindən bəhs edildiyi üçün bu cür adlandırılmışdır. Seyyid Qutub insan və heyvanların növ kimi oxşarlığından bəhs edən bu ayə haqqında yazır: Ayə bütün canlıları əhatə edir. Yer üzündə nə qədər canlı varsa, hamısı ortaq xüsusiyyətə və həyat tərzinə sahib bir cəmiyyətə mənsubdur. Onlar bu baxımdan insanlar kimidir. Allahın rübubiyyəti “Rəhman” və “Rəhim” isimləri ilə hamısını və elmi də bütün canlıları əhatə etmişdir. Ayədə buyurulduğu kimi, insanlarla digər canlılar arasında bu cür bənzərlik vardır. Əgər hər cəhətdən bənzərlik axtarıb ifrata girsəydik, onda, gərək insanların əti də yeyiləydi. Peyğəmbərimiz də mübarək bəyanı ilə bu həqiqəti dilə gətirir: “Əgər itlər də digər ümmətlər kimi, bir ümmət olmasaydı, onları öldürməyi əmr edərdim”.[3]
Həzrət Ömərin (r.a.) xəlifəliyi dövründə Mədinədə çəyirtkə qıtlığı baş verdi. Çəyirtkələr birdən-birə yoxa çıxdılar. Həzrət Ömər (r.a.) buna çox üzüldü. Yəmən, Şam və İraqa gedənlərə: “Oralarda çəyirtkə görsəniz, mənə xəbər verin”, – deyə tapşırıq verdi. Bir müddət sonra Yəməndən gələn bir nəfər gətirdiyi bir ovuc çəyirtkəni xəlifəyə göstərdi. O da: “Allahu Əkbər” – dedi. Orada olanlar: “Ey Allahın Peyğəmbərinin xəlifəsi, niyə belə etdiniz?” – dedilər. Həzrət Ömər belə cavab verdi: “Allah Rəsulundan (s.a.s.) eşitmişəm. Buyurdu ki, “Allah min ümmət yaratmışdır. Bunların altı yüzü dənizdə, dörd yüzü də qurudadır. Ümmətlərdən biri də çəyirtkədir. Yer üzündə ən birinci çəyirtkə ümməti həlak olacaq. Onlar yox olduqdan sonra digərləri də onun ardınca bir-bir həlak olacaqlar”.[4] Mən də aləmin nizamının mənim zamanımda pozulmasından və qiyamətin qopmasından qorxdum”.
Bir qərbli alim qaraleyləklər kütləvi şəkildə ölən ərəfələrdə çox narahat olmuşdu. Narahatçılığının səbəbini soruşanlara: “Uca Yaradanın kainatda yaratdığı hər şey bu kainatın tamamlayıcı hissəsidir. Bunlardan biri yox olanda dünyada da bir natamamlıq əmələ gəlir. İlan, əqrəb, bit, birə və parazitlərin belə varlıq içində özünməxsus yeri vardır və bunlar da kainatın tamamlayıcı ünsürləridir. Uca Xaliq kainatı bunlarla tamamlamış və hikmətini kamala yetirmişdir. Buna görə də birinin sıradan çıxması kainatda da çatışmazlıq əmələ gətirir; bunlar bir-birinin ardınca məhv olur və kainatın sonu yaxınlaşır. Necə ki, insan orqanizmində zəruri maddələrdən biri çatışmayanda başqa xəsarətlərə də yol açır. Beləcə, vücudun ahəngi pozulur, başqa maddələr də bir-bir əskilməyə başlayır və inkişaf dayanır, tənəzzül başlayır. Kainat da onu tamamlayan parçalardan birinin sıradan çıxması ilə eyni aqibətə düçar olur”.
Qurani-Kərim bir çox ayədə heyvanlardan bəzən adlarını çəkərək, bəzən onların xüsusiyyətlərini sadalayaraq, bəzən də gördükləri işləri bildirməklə bəhs edir. Heç bir ayədə heyvanları pisləyən, alçaldan ifadə keçmir. Əksinə, bir çox ayədə heyvanlar təriflənir və hətta bəzən insani dəyərlərini itirən bir çoxundan daha üstün olduqları vurğulanmaqla heyvanlara baxış tərzi ortaya qoyulur.
Qurani-Kərimdə iyirmi səkkiz heyvanın adı çəkilir. Bunlardan on üçü məməlidir: Dəvə, qoyun, keçi, sığır (inək), şir, canavar, it, meymun, donuz, at, qatır, uzunqulaq və fil. Doqquzu həşəratdır: Ağcaqanad, milçək, birə, bit, kəpənək, çəyirtkə, arı, hörümçək və qarışqa. Üçü də quşdur: Qarğa, şanapipik (hüd-hüd) və bildirçin. Balıqların adı bir növ kimi çəkilir. Sürünənlərdən isə təkcə ilanın adı var. Bir də həm suda, həm də quruda yaşayan qurbağanın adı var. Bundan başqa, Qurani-Kərimin heyvanlara xüsusi dəyər verdiyini görürük. Belə ki, biri Quranın ən uzun surəsi olmaqla düz altı surənin adı heyvanlardan götürülmüşdür: “Bəqərə” (sığır, inək) surəsi, “Ənam” surəsi, “Nəhl” (bal arısı) surəsi, “Nəml” (qarışqalar) surəsi, “Ənkəbut” (hörümçək) surəsi və “Fil” surəsidir. Qurani-Kərim insanın ən böyük köməkçisinin heyvan olduğunu deyir. Heyvanların həm estetik baxımdan, həm də bir çox cəhətdən faydalarından bəhs edərək, onların insanlar üçün nə qədər önəmli olduğuna işarə edir. “Davarı da (dəvə, inək, kəl, qoyun, keçi və s.) O yaratdı. Bunlarda (onların yununda) sizin üçün istilik, cürbəcür mənfəət (südünü içmək; özlərini minmək, yer şumlamaq) vardır, həm də onlardan (onların ətindən) yeyirsiniz. Onları səhər naxıra, axşam axura gətirdikdə (səhər otlamaq üçün çölə göndərib axşam tövləyə qaytardıqda) baxıb zövq alırsınız. Onlar sizin yüklərinizi elə uzaq diyarlara aparırlar ki, onlarsız xeyli zəhmət və məşəqqət çəkməli olardınız. Həqiqətən, Rəbbin şəfqətlidir, mərhəmətlidir! Həm minməkdən ötrü, həm də zinət üçün atı, qatırı və uzunqulağı (O yaratdı). (Allah) hələ sizin bilmədiyiniz neçə-neçə şeylər də yaradacaqdır!”[5]
Əmrlərini insanlara çatdırmaq üçün vəhy vasitəsilə ən seçkin qullar – peyğəmbərlərlə danışan Allah-Təala heyvanlara da (sövqi-ilahi mənasında) vəhy etdiyini, ilham verdiyini Quranda bəyan edir. “Rəbbin bal arısına belə vəhy (təlqin) etdi: “Dağlarda, ağaclarda və (insanların) qurduqları çardaqlarda (evlərin damında, üzümlüklərdə) özünə göz-göz evlər tik (pətəklər düzəlt); Sonra bütün meyvələrdən ye və Rəbbinin sənə göstərdiyi yolla rahat (asanlıqla) get! (O arıların) qarnından insanlar üçün şəfa olan müxtəlif rəngli (ağ, sarı, qırmızı) şəfalı bal çıxar. Şühəsiz ki, bunda düşünüb dərk edənlər üçün bir ibrət vardır!”[6] Quran heyvanların da insanlar kimi Allahı təqdis və təsbeh etdiyini xəbər verir: “(Ya Rəsulum!) Məgər göylərdə və yerdə olanların (mələklərin, insanların, cinlərin), qanadlarını açıb (qatar-qatar) uçan quşların Allahı təqdis edib şəninə təriflər dediklərini görmürsənmi?! Allah onlardan hər birinin duasını, şükür-sənasını bilir. Allah onların nə etdiklərini (layiqincə) biləndir!”[7]
Dinimizin heyvanlara verdiyi haqları aşağıdakı kimi sadalaya bilərik:
Həyat haqqı: Hər bir canlı kimi heyvanların da yaşamaq haqqı vardır. Hər varlıq yaradılış məqsədinə uyğun istifadə edilməlidir. Bir canlı insan həyatının davam etməsi üçün yaradılmışsa, o vəzifəni yerinə yetirməlidir. İnsan ondan (ətindən, südündən, yunundan və s.) istifadə edəndə həyatına son qoyma haqqına sahibdir. “(Ya Rəsulum!) De: “Gəlin Rəbbinizin sizə nələri haram etdiyini deyim: Ona heç bir şərik qoşmayın; ata-anaya yaxşılıq edin; kasıblıq üzündən uşaqlarınızı öldürməyin. Sizin də, onların da ruzisini Biz veririk. Açıq və gizlin pis işlərə yaxın düşməyin. Allahın möhtərəm etdiyi cana qıymayın. (Allah) bunları sizə tövsiyə etmişdir ki, bəlkə, düşünüb anlayasınız!”[8] Ayədə “cana qıymayın” ifadəsi daha çox insan həyatı kimi təfsir edilsə də, “Ənam” surəsində keçdiyinə görə, heyvanlara da aid etmək olar. Peyğəmbərimiz də bir hədisində belə buyurur: “Kim bir quşu boş yerə öldürərsə, o quşun səsi ərşin ətrafını bürüyər və qiyamət günü məhşərə gəlib belə deyər: “Ey Rəbbim! Filankəs məni faydalanmaq üçün deyil, lüzumsuz yerə öldürdü!”[9]
Bir başqa hədisdə isə bunu görürük: “Canı olan heç bir canlını nişangah etməyin”.[10] Cabir ibn Abdullah bu hədisi rəvayət edir: “Allah Rəsulu (s.a.s.) heyvanlardan hansı olur-olsun, “sabran” öldürməyi qadağan etdi”.[11] “Sabran” öldürmək heyvanı bir yerə bağlayıb nişangaha çevirməkdir. Buna görə də canlı heyvanları atış təlimlərində nişan kimi istifadə etmək olmaz. Bu, heyvana əziyyət verməklə yanaşı, eyni zamanda ətinin yararsız hala düşməsinə də səbəb olur. Çünki bəzi hədislər bu cür heyvaların ətinin yeyilməsini qadağan etmişdir.
Canlı heyvanı bağlayıb nişangah kimi istifadə etmək bir çox fəsadları ilə yanaşı, mərhəmət hissini də zəiflədir. Aləmlərə rəhmət olaraq göndərilən Peyğəmbərimiz Həzrət Məhəmməd onu qadağan etməyə bilməzdi.
Həzrət Üsamə ordunu döyüşə apararkən xəlifə Həzrət Əbu Bəkir əsgərlərə bu nəsihəti vermişdi: “Mən sizə bu on şeyi tövsiyə edirəm: Günahsız qadınları, kiçik uşaqları, yaşlıları öldürməyin, meyvə verən ağacları kəsməyin, evləri dağıtmayın, qoyun, keçi və dəvələri başqa məqsədlə deyil, ancaq yemək üçün kəsin, xurma ağaclarını kəsib yandırmayın və ələ keçirdiyiniz malları mənimsəməyin”.[12]
Heyvanları yormadan işlətmək
Heyvanların yaradılmasının bir səbəbi də insanlara xidmət etməkdir. Bununla yanaşı uca dinimiz İslam təkcə insanlara deyil, heyvanlara belə gücü çatmayan yükü yükləməyi qadağan etmişdir. “Allah hər kəsi yalnız qüvvəsi yetdiyi qədər yükləyər (bir işə mükəlləf edər)”.[13]
Peyğəmbərimizin zamanında Abdullah ibn Cəfərin (r.a.) rəvayət etdiyi maraqlı bir hadisə var. Allah Rəsulu (s.a.s.) bir gün ənsardan bir gəncin bağçasına girdi. Bağçada bir dəvə var idi. Dəvə Allah Rəsulunu (s.a.s.) görən kimi inildədi, gözündən yaş axmağa başladı. Allah Rəsulu (s.a.s.) dəvənin ağladığını görüb ona yaxınlaşdı və gözünün yaşını sildi. Heyvan bir az sakitləşdi. Allah Rəsulu (s.a.s.) soruşdu:
– Bu dəvənin yiyəsi kimdir?
Ənsardan bir gənc irəli çıxıb:
– O dəvə mənimdir, ey Allahın Rəsulu, – dedi. Allah Rəsulu ona xəbərdarlıq edərək belə buyurdu:
– Allahın sənə verdiyi bu dəvəyə görə Ondan qorxmursan? Bax! Bu, heyvan mənə şikayət etdi. Sən onu ac saxlayır və həddindən artıq işlədib, yorursanmış.[14]
Heyvanların verilən əziyyəti hiss etdiklərini və bunun üçün şikayətçi olduqlarını göstərən bir başqa hadisəni Yəhya ibn Murrənin dilindən eşidək: “Bir gün Allah Rəsulu (s.a.s.) ilə birlikdə oturmuşduq ki, bir dəvə gəlib Onun qabağında çökdü. Peyğəmbərimiz (s.a.s.) də mənə:
– Allah sənə xeyirli əməllər nəsib eləsin, bax, gör bu dəvə kimindir? Ona nəsə olub, – dedi.
Mən də dəvənin yiyəsini axtarıb tapdım. Ona Allah Rəsulunun çağırdığını dedim. O da gəldi. Peyğəmbərimiz (s.a.s.) ondan dəvənin nə dərdi olduğunu soruşdu. Dəvə sahibi:
– Dəvənin dərdini bilmirəm. Ancaq biz onu işlətdik, onunla su daşıdıq. Ta ki su daşımağa taqəti qalmadı. Buna görə də qərara aldıq ki, bu axşam onu kəsib ətini aramızda bölüşdürək.
Sevgili Peyğəmbərimiz ona bu tövsiyəni verdi:
– Onu kəsməyin, qoyun yaşasın”.[15]
Heyvanları yaradılış məqsədlərinə uyğun işlərdə istifadə etmək onların haqqıdır. Quran bu həqiqəti belə bəyan edir: “Sizin üçün minmək üçün heyvanlar yaradan Allahdır. Onlardan ətini yedikləriniz də var. Sizin üçün onlarda daha neçə-neçə mənfəətlər vardır (dərilərindən çadır qurur, yunlarından paltar, yorğan-döşək düzəldirsiniz). Bir işinizi onları minməklə və yükünüzü yükələməklə görürsünüz. (Quruda bir yerdən başqa yerə) onların üstündə, (suda isə) gəmilərlə gedirsiniz.”[16] Uçmaq üçün yaradılan quşu qəfəsə, balığı akvariuma salmaq heyvanlara əziyyət etməkdir. Təbii və fitri mühitindən uzaqlaşdırılan bu heyvanlar bir müddət sonra müqavimət və müdafiə gücünü itirir. Lakin ancaq akvariumda yaşaya bilən bir balıq, yaxud da yalnız qəfəsdə yaşaya bilən bir quş üçün akvarium və qəfəs təbii mühit sayılır.
Heyvanların yaşaması üçün lazımi tədbirləri görmək lazımdır. Belə ki, Abdullah ibn Ömər Peyğəmbərimizin (s.a.s.) qoyun sağan bir adamın yanından keçərkən belə buyurduğunu nəql edir:
– Qoyunları sağanda quzulara da süd saxlayın. Çünki qoyun heyvanların ən xeyirlisidir.[17]
Uca dinimiz heyvanların ətindən istifadə etmək üçün müəyyən şərtlərlə kəsilməsinə icazə vermişdir. Çünki heyvanların yaradılış qayələrindən biri də onlardan faydalanmaqdır. Səhabələrdən biri Allah Rəsuluna (s.a.s.):
– Ey Allahın Rəsulu! Mən qoyun kəsəcəyəm, onunla mərhəmətli rəftar etsəm, necə olar? – deyə soruşur.
Peyğəmbərimiz də:
– Ona mərhəmət etsən, Allah da sənə mərhəmət edər,[18] – deyə tövsiyə verir.
Başqa bir hədisdə belə buyurulur:
“Allahın dərgahında ehsan hər şeydən üstündür. Buna görə də öldürəndə gözəl şəkildə öldürün. Kəsəndə gözəl kəsin, bıçağı yaxşı itiləyin ki, heyvanı incitməsin”.[19]
Göründüyü kimi, heyvanlar da yaradılış silsiləsinin bir halqasıdır. Bu halqa nə məqsədlə yaradılıbsa, ona uyğun münasibət görməlidir. Hər canlı daşıdığı cana görə dəyərlidir.
Hər bir haqq yerli-yerində dəyərləndirilməlidir. İnsan varlıqlar arasında üstün məqama malikdir. İnsan həyatını, əlbəttə, bir heyvan, və ya bitkiyə tən tutmaq olmaz. Aclıq və səfalət içində yaşayan, daldalanmağa bir daxması belə olmayan insanlar dura-dura heyvan haqlarına insan haqlarından çox diqqət ayırmaq nə dərəcədə doğrudur?!
[1] Əbu Davud, “Ədəb”, 164
[2] “Ənam” surəsi, 6/38
[3] Əbu Davud, “Sünən”, 8, 26
[4] Bəyhaqi, “Şuabul-İman”, 7/234
[5] “Nəhl” surəsi, 16/5-8
[6] “Nəhl” surəsi, 16/68-69
[7] “Nur” surəsi, 24/41
[8] “Ənam” surəsi, 6/151
[9] Nəsayi, “Sünən”, 3, 73
[10] Müslim, “Səhih”, 10, 25
[11] İbn Macə, “Sünən”, 9, 367
[12] Kənzul-Ummal, 10, 579
[13] “Bəqərə” surəsi, 2/286
[14] Əbu Davud, “Sünən”, 7, 91
[15] Heysəmi, “Zəvaid”, 9, 4
[16] “Mömin” surəsi, 40/79-80
[17] Heysəmi, “Zəvaid”, 8, 196
[18] “Müsnəd”, 3, 436
[19] Əbu Davud, “Sünən”, 7, 485