1. 794 dəfə oxunub ,   0 şərh   Çap et

Həzrət Hafsa Allah Rəsulunun dostu, məşhur səhabə həzrət Ömərin qızıdır.[1] Anası Zeynəb binti Mazundur. Zeynəb binti Mazun həzrət Ömərin ilk həyat yoldaşıdır. O, ilk müsəlmanlardan Osman ibn Mazunun bacısıdır.

 Hafsa peyğəmbərlikdən beş il əvvəl (605-ci ildə) Kəbə inşa edildiyi il anadan olmuşdur.[2] O, həzrət Ömərin ilk övladıdır. Hafsa anadan olanda atasının 15 yaşı vardı. Ərəblərdə ilk övladın adı valideynlərinə künyə olaraq verilirdi. Həzrət Ömərin künyəsi də Hafsaya nisbətlə Əbu Hafs olmuşdur.[3] Onun uşaqlığı və gəncliyi haqqında mənbələrdə demək olar ki, məlumat yoxdur.

Hafsanın birinci əri Həbəşistan hicrətində iştirak edən Hüneys ibn Hüzafə olmuşdur.[4] O, peyğəmbərliyin altıncı ili Həbəşistan hicrətindən qayıdanda Hafsa ilə ailə qurmuşdur. Həzrət Ömər də həmin il müsəlman olmuşdur.

Həzrət Hafsa əri Hüneys ilə birgə Mədinəyə hicrət etmişdir.[5] Hüneys Bəni-Səhm qəbiləsindən Bədir döyüşündə iştirak edən yeganə şəxsdir.[6] O, həmin döyüşdə şəhid[7] olmuşdur.[8] Cənazə namazını Rəsulullah (s.a.s.) qıldırmış və Baqi qəbiristanlığında dəfn etmişdir.[9]

Əri vəfat edəndə Hafsanın 22 yaşında olduğu bildirilir. Hüneysdən övladı olmamışdı.[10]Elə həmin vaxt həzrət Osmanın zövcəsi Ruqiyyə də vəfat etmişdi. Həzrət Ömər dul qalan qızını həzrət Osmana ərə vermək istəyirdi. Lakin Osman buna razı olmadı.[11] Bundan sonra Ömər eyni təklifi Əbu Bəkrə etdi, o da heç bir cavab vermədi. Əbu Bəkrin susması həzrət Öməri narahat elədi. Əslində Rəsulullah (s.a.s.) Əbu Bəkrə Hafsa ilə evlənmək istədiyini demiş, Əbu Bəkir də Onun sirrini açmamaq üçün susmuşdu. Həzrət Ömər isə bunu sonradan biləcəkdi.[12] Həzrət Ömər narahatlıq içində Rəsulullahın yanına gəlib[13] baş verənləri danışdı. Gileylənərək belə dedi: “Kim Hafsaya tay ola bilər? Gənclilk, təqva və şərəf… hamısı onda var.” Onun bu narahatlığını görən Rəsulullah: “Ey Ömər! Osman sənin qızından daha xeyilisi ilə, sənin qızın da Osmandan daha xeyirlisi ilə ailə quracaq. Bunu bilmək istəyirsən?” – deyə soruşmuşdu. Həzrət Ömər bilmək istədikdə Rəsulullah (s.a.s.): “Sən qızını mənə, mən də qızımı Osmana ərə verim”, – dedi.[14] Beləcə Rəsulullah (s.a.s.) Hafsa ilə ailə qurdu.

Rəsulullah (s.a.s.) iki ən yaxın dostunun (Əbu Bəkir və Ömərin) qızı ilə ailə quraraq həm onlarla qohum olmuş, həm də dostlarına verdiyi dəyəri göstərmişdir.[15]

Allah Rəsulu (s.a.s.) həzrət Hafsa ilə Uhud döyüşündən əvvəl hicrətin üçüncü ilinin şaban ayında[16] (625-ci ilin yanvarı) ailə qurmuşdur.[17] Bu vaxt Rəsulullahın 56 yaşı vardı.

Rəsulullah (s.a.s.) Hafsaya 400 dirhəm mehr verdi.[18]

Həzrət Hafsa gözəl camalı ilə seçilirdi. Atası kimi sərt xarakterli idi. Həqiqəti deməkdən əsla çəkinməzdi. Elə buna görə də atası arada ona Rəsulullahı incitməməyi tapşırardı.[19] Belə ki, bir dəfə həzrət Ömər qızına Aişə ilə bağlı bu tövsiyəni vermişdi:

− Qızım, Rəsulullahın sevgisini qazanan Aişənin xətir-hörməti səni nə badə yanlış hərəkətə sövq edə![20]

Hafsa anamızın həzrət Aişə ilə çox mehriban münasibəti vardı. Onların bu cür yaxın münasibətlərinə yaş fərqinin də təsiri az olmamışdır. Ataları arasındakı dostluq və ülfət, sanki qızlarına da sirayət eləmişdi. Tez-tez oturub məsləhətləşər və bir-birinin fikrinə olduqca hörmətlə yanaşardılar. Elə buna görə də Hafsa Allah Rəsulunun ona verdiyi və heç kimə açmamağı tapşırdığı sirri özünə daha yaxın bildiyi həzrət Aişəyə demişdi.[21] Bu səbəbdən Rəsulullah Hafsanı rici[22] talaqla boşadı.[23] Atasının bundan çox narahat olduğu və əsəbindən başına torpaq tökdüyü bildirilir.[24] Rəsulullah Hafsanın bəzi hərəkətlərinə qəzəblənmiş və Onu boşadıqdan sonra belə xəbərdarlıq etmişdi: “Aişəyə baxıb aldanma. Rəsulullahın qəzəbindən və Allahın cəzasından çəkin”. Daha sorna Cəbrayıl gələrək Rəsulullaha: “Hafsa ilə yenidən ailə qur, o, savvamə (çox oruc tutan) və qavvamədir (çox namaz qılan). Cənnətdə də sənin zövcəndir”, – demişdi. Rəsulullah (s.a.s.) da Hafsanı evinə qaytardı.[25]

O dörvdə oxuma-yazma bilənlər çox az idi. Hafsa anamız da oxuma-yazma bilirdi. Rəsulullah (s.a.s.) bu səbəbdən Hafsaya gənc qızlara yazı öyrətməyi tapşırmışdı.[26]
O, ruqyə[27] etməyi də bacarırdı. Bunu Rəsulullahın (s.a.s.) göstərişi ilə Şəfa binti Abdullahdan öyrəndiyi bildirilir.[28] Belə ki, Rəsulullah (s.a.s.) Şəfaya: “Ona oxuma-yazma öyrətdiyin kimi ruqyəni də öyrət”, – deyə tapşırmışdı.

Hafsa anamız həmçinin hafiz səhabələrdəndir.[29] Zeyd ibn Sabitin başçılığı ilə toplanan “Müshəf” Əbu Bəkrin vəfatından sonra həzrət Ömərə verilmişdi.[30] Atasının vəfatından sonra həmin “Müshəfi” həzrət Hafsa saxlayırdı. Həzrət Osmanın dövründə Quranın çoxaldılması zamanı həmin “Müshəf”i Hafsadan götürmüş sonra geri qaytarmışdılar.[31]

Həzrət Hafsa Rəsulullahdan (s.a.s.) 60 hədis nəql etmişdir.[32] Hicri 45-ci ilin şaban ayında[33] (miladi 665 oktyabr) Müaviyənin xilafəti dövründə 63 yaşında vəfat etmiş[34], cənazə namazını Mədinə valisi Mərvan ibn Hakəm qıldırmış və Əbu Hüreyrə torpağa tapşırmışdır. Məzarı Baqi qəbiristanlığındadır. [35]


1] Ahmet Arpa, “Ümmehatül-Müminin”, ŞİA, VI, 268.
[2] İbn Sad, Təbəqat, VIII, 65; Asım Köksal, İslam tarixi, IV, 96.
[3] İbn Sad, III, 201.
[4] İbn İshak, Sirət, 318. A. Köksal, İslam tarixi, III, 38.
[5] İbn Sad, III, 300.
[6] əd-Dəməşqi, Peygamber külliyatı, XI, 209.
[7] İbn Kəsir, əl-Bidayə vən- nihayə, III, 477.
[8] Bəzi mənbələrdə döyüşdə aldığı yaralardan hicrətdən 25 ay sonra Mədinədə şəhid olduğu bildirilir. (İbn Sad, III, 300.)
[9] İbn Sad, III, 300; Köksal, III, 38.
[10] Hamidullah, İslam peygamberi, II, 679.
[11] İbn Sad, VIII, 60; Kandemir, “Hafsa binti Ömer”, DİA, XV, 120.
[12] İbn Sad, X, 80. İbn Hacər, əl-İsabə, VII, 581.
[13] Kandemir, “Hafsa binti Ömer”, DİA, XV, 120.
[14] Köksal, e. a. ə., IV, 96.
[15] Adnan Demircan, “Câhiliye ve hz. Peygamber döneminde çok kadınla evlilik”, II, s. 27.
[16] Bu nikahın Ramazan ayında olduğunu deyənlər də var. (əz-Zehebi, Tarixul-İslam, s.131.)
[17] Köksal, e. a. ə., IV, 96; İbnul-Əsir, Kamil, II, 148.
[18] Kandemir, “Hafsa binti Ömer”, DİA, X, 120.
[19] Kazıcı, s. 191.
[20] Müslim, “Talaq”, 30 (1479); Tirmizi, “Təfsirül-Quran”, 387 (4629); Əbu Yala, “Müsnəd”, 1/149 (164)
[21] Quran bu sirrin kimə açıldığı və həmin adamın sirri kiminlə bölüşdüyü barədə ad vermir, məsələ təfsilatı ilə hədis kitablarında əksini tapır. Məlumata görə, Allah Rəsulunun sirr verdiyi şəxs həzrət Hafsa, onun sirri açdığı qadın isə həzrət Aişədir. Peyğəmbərimizin Hafsa anamıza verdiyi bu sirlə bağlı müxtəlif fikirlər irəli sürülmüşdür. Ən mühümləri bunlardır: 1. Bal şərbəti içməməyə and içməsi. Bax: Buxari, “Təfsirü-surə”, 386 (4628); “Talaq”, 7 (4966); Müslim, “Talaq”, 21 (1474); Nəsai, “Talaq”, 17 (3421). 2. Sənədi zəif bir rəvayətə görə, həzrət Mariyaya yaxınlaşmayacağına dair andı. Bax: Beyhəqi, “Sünən”, 7/353 (14854); Nəsai, “əs-Sünənül-kübra”, 5/286 (8907); 6/495 (11607); Məqdisi, “əl-Əhadisül-muxtara”, 5/69 (1694). Burada diqqət çəkən digər məqam da Quranın “sirr” adlandırdığı məsələnin sirr olaraq qalması, vəhyin ailəyə aid bu sirri faş etməməsidir. Bu baxımdan Quran ayələri ailənin məhrəm məsələlər ilə bağlı möminlərə yol göstərir. 
[22] Nikahın bərpası mümkün olan
[23] Əbu Davud, Talaq, 13; Nəsai, Talaq, 27.
[24] İbn Həcər, əl-İsabə, VII, 581.
[25] Nəsai, Talaq, 27. İbn Sad, VIII, 67; İbn Həcər, VII, 581.
[26] Abdullah Birışık, “Kuran”, DİA, XXVI, 385.
[27] Ruqyə Quran və dua oxumaqla müalicə üsuludur. Cahiliyyə dövründə də buna bənzər adət var idi. İslam alimləri Rəsulullahın Sünnəsinə əsaslanaraq ruqyənin caiz olduğunu bildirmişlər.
[28] Dəməşqi, Peygamber külliyatı, XII, 101.
[29] İbn Həcər, Fətlhul-bari, VIII, 669.
[30] Birışık, “Kuran”, DİA, XXVI, 385.
[31] Buxari, Fəzailul-Quran, 3.
[32] Zəhəbi, Siyər, II, s.139.
[33] Onun hicri 41-ci ildə (miladi 661) vəfat etdiyini deyənlər də var. (İbn Həcər, VII, 581.)
[34] Şibli , Asrı saadet, II, 1018.
[35] İbn Həcər, VII, 581; İbn Sad, VIII, 69.



Bənzər məqalələr

Peyğəmbərimiz və səhabələrin namazı

Möminin meracı sayılan namaz imanın əkiz qardaşı kimidir. Başqa sözlə, imanın əməli şəkli namaz, namazın da nəzəri şəkli imandır.

Cütlüyün müraciət şəkli

Ər-arvad arasında ünsiyyətin müxtəlif yönləri var. Bunlardan biri də ailədaxili ünsiyyətdə cütlüyün bir-birinə xitab şəklidir.

Ailədə nəyi necə etməli?

Ailə ağac kimidir. Bir dəfə əkməklə qurtarmır. Suyunu, qidasını vaxtında vermək lazımdır.

Rəsulullah (s.ə.s) peyğəmbər olacağını əvvəlcədən bilirdimi?

Rəsulullah (s.ə.s) peyğəmbərliyindən əvvəl özünə vəhy olunacağı haqqında heç nə bilmirdi. Ona (s.ə.s) özünün xəbəri olmadan vəhy gəlmişdir.

Evdarlıq qabiliyyətiniz nə qədərdir?

Qadınlara on üç sual: Həyat yoldaşınızla dünyagörüşünür və fikirləriniz (elmi səviyyəniz) düz gəlirmi? Məsələn, Onun oxuduğu qəzet, jurnal və ya kitabı maraqla oxuyub başa düşə bilirsinizmi? Dini və elmi mövzularda fikir mübadiləsi aparırsınızmı? Hər hansı qəzet xəbəri və ya lətifə haqqında özünüzə xas fikriniz olurmu?


Şərh yaz