Həzrət Hafsa Allah Rəsulunun dostu, məşhur səhabə həzrət Ömərin qızıdır.[1] Anası Zeynəb binti Mazundur. Zeynəb binti Mazun həzrət Ömərin ilk həyat yoldaşıdır. O, ilk müsəlmanlardan Osman ibn Mazunun bacısıdır.
Hafsa peyğəmbərlikdən beş il əvvəl (605-ci ildə) Kəbə inşa edildiyi il anadan olmuşdur.[2] O, həzrət Ömərin ilk övladıdır. Hafsa anadan olanda atasının 15 yaşı vardı. Ərəblərdə ilk övladın adı valideynlərinə künyə olaraq verilirdi. Həzrət Ömərin künyəsi də Hafsaya nisbətlə Əbu Hafs olmuşdur.[3] Onun uşaqlığı və gəncliyi haqqında mənbələrdə demək olar ki, məlumat yoxdur.
Hafsanın birinci əri Həbəşistan hicrətində iştirak edən Hüneys ibn Hüzafə olmuşdur.[4] O, peyğəmbərliyin altıncı ili Həbəşistan hicrətindən qayıdanda Hafsa ilə ailə qurmuşdur. Həzrət Ömər də həmin il müsəlman olmuşdur.
Həzrət Hafsa əri Hüneys ilə birgə Mədinəyə hicrət etmişdir.[5] Hüneys Bəni-Səhm qəbiləsindən Bədir döyüşündə iştirak edən yeganə şəxsdir.[6] O, həmin döyüşdə şəhid[7] olmuşdur.[8] Cənazə namazını Rəsulullah (s.a.s.) qıldırmış və Baqi qəbiristanlığında dəfn etmişdir.[9]
Əri vəfat edəndə Hafsanın 22 yaşında olduğu bildirilir. Hüneysdən övladı olmamışdı.[10]Elə həmin vaxt həzrət Osmanın zövcəsi Ruqiyyə də vəfat etmişdi. Həzrət Ömər dul qalan qızını həzrət Osmana ərə vermək istəyirdi. Lakin Osman buna razı olmadı.[11] Bundan sonra Ömər eyni təklifi Əbu Bəkrə etdi, o da heç bir cavab vermədi. Əbu Bəkrin susması həzrət Öməri narahat elədi. Əslində Rəsulullah (s.a.s.) Əbu Bəkrə Hafsa ilə evlənmək istədiyini demiş, Əbu Bəkir də Onun sirrini açmamaq üçün susmuşdu. Həzrət Ömər isə bunu sonradan biləcəkdi.[12] Həzrət Ömər narahatlıq içində Rəsulullahın yanına gəlib[13] baş verənləri danışdı. Gileylənərək belə dedi: “Kim Hafsaya tay ola bilər? Gənclilk, təqva və şərəf… hamısı onda var.” Onun bu narahatlığını görən Rəsulullah: “Ey Ömər! Osman sənin qızından daha xeyilisi ilə, sənin qızın da Osmandan daha xeyirlisi ilə ailə quracaq. Bunu bilmək istəyirsən?” – deyə soruşmuşdu. Həzrət Ömər bilmək istədikdə Rəsulullah (s.a.s.): “Sən qızını mənə, mən də qızımı Osmana ərə verim”, – dedi.[14] Beləcə Rəsulullah (s.a.s.) Hafsa ilə ailə qurdu.
Rəsulullah (s.a.s.) iki ən yaxın dostunun (Əbu Bəkir və Ömərin) qızı ilə ailə quraraq həm onlarla qohum olmuş, həm də dostlarına verdiyi dəyəri göstərmişdir.[15]
Allah Rəsulu (s.a.s.) həzrət Hafsa ilə Uhud döyüşündən əvvəl hicrətin üçüncü ilinin şaban ayında[16] (625-ci ilin yanvarı) ailə qurmuşdur.[17] Bu vaxt Rəsulullahın 56 yaşı vardı.
Rəsulullah (s.a.s.) Hafsaya 400 dirhəm mehr verdi.[18]
Həzrət Hafsa gözəl camalı ilə seçilirdi. Atası kimi sərt xarakterli idi. Həqiqəti deməkdən əsla çəkinməzdi. Elə buna görə də atası arada ona Rəsulullahı incitməməyi tapşırardı.[19] Belə ki, bir dəfə həzrət Ömər qızına Aişə ilə bağlı bu tövsiyəni vermişdi:
− Qızım, Rəsulullahın sevgisini qazanan Aişənin xətir-hörməti səni nə badə yanlış hərəkətə sövq edə![20]
Hafsa anamızın həzrət Aişə ilə çox mehriban münasibəti vardı. Onların bu cür yaxın münasibətlərinə yaş fərqinin də təsiri az olmamışdır. Ataları arasındakı dostluq və ülfət, sanki qızlarına da sirayət eləmişdi. Tez-tez oturub məsləhətləşər və bir-birinin fikrinə olduqca hörmətlə yanaşardılar. Elə buna görə də Hafsa Allah Rəsulunun ona verdiyi və heç kimə açmamağı tapşırdığı sirri özünə daha yaxın bildiyi həzrət Aişəyə demişdi.[21] Bu səbəbdən Rəsulullah Hafsanı rici[22] talaqla boşadı.[23] Atasının bundan çox narahat olduğu və əsəbindən başına torpaq tökdüyü bildirilir.[24] Rəsulullah Hafsanın bəzi hərəkətlərinə qəzəblənmiş və Onu boşadıqdan sonra belə xəbərdarlıq etmişdi: “Aişəyə baxıb aldanma. Rəsulullahın qəzəbindən və Allahın cəzasından çəkin”. Daha sorna Cəbrayıl gələrək Rəsulullaha: “Hafsa ilə yenidən ailə qur, o, savvamə (çox oruc tutan) və qavvamədir (çox namaz qılan). Cənnətdə də sənin zövcəndir”, – demişdi. Rəsulullah (s.a.s.) da Hafsanı evinə qaytardı.[25]
O dörvdə oxuma-yazma bilənlər çox az idi. Hafsa anamız da oxuma-yazma bilirdi. Rəsulullah (s.a.s.) bu səbəbdən Hafsaya gənc qızlara yazı öyrətməyi tapşırmışdı.[26]
O, ruqyə[27] etməyi də bacarırdı. Bunu Rəsulullahın (s.a.s.) göstərişi ilə Şəfa binti Abdullahdan öyrəndiyi bildirilir.[28] Belə ki, Rəsulullah (s.a.s.) Şəfaya: “Ona oxuma-yazma öyrətdiyin kimi ruqyəni də öyrət”, – deyə tapşırmışdı.
Hafsa anamız həmçinin hafiz səhabələrdəndir.[29] Zeyd ibn Sabitin başçılığı ilə toplanan “Müshəf” Əbu Bəkrin vəfatından sonra həzrət Ömərə verilmişdi.[30] Atasının vəfatından sonra həmin “Müshəfi” həzrət Hafsa saxlayırdı. Həzrət Osmanın dövründə Quranın çoxaldılması zamanı həmin “Müshəf”i Hafsadan götürmüş sonra geri qaytarmışdılar.[31]
Həzrət Hafsa Rəsulullahdan (s.a.s.) 60 hədis nəql etmişdir.[32] Hicri 45-ci ilin şaban ayında[33] (miladi 665 oktyabr) Müaviyənin xilafəti dövründə 63 yaşında vəfat etmiş[34], cənazə namazını Mədinə valisi Mərvan ibn Hakəm qıldırmış və Əbu Hüreyrə torpağa tapşırmışdır. Məzarı Baqi qəbiristanlığındadır. [35]