1. 228 dəfə oxunub ,   0 şərh   Çap et

Peyğəmbərimizin Həzrət Xədicədən sonra ailə qurduğu ikinci qadın Həzrət Sevdadır. Həzrət Sevda ilə Həzrət Aişənin Allah Rəsulu (s.ə.s.) ilə izdivac məsələsi əslində eyni vaxtda danışılıb razılaşdırılmışdı. Ancaq Həzrət Sevda Həzrət Aişəni qabaqlamışdı. Belə ki, Sevda anamızın Rəsulullahla (s.ə.s.) nikahı peyğəmbərliyin onuncu ilində (620-ci ilin ramazan ayında) baş tutmuşdu. Rəsulullah Həzrət Aişə ilə yalnız hicrətdən sonra, həm də təxminən dörd illik[1] yubanma ilə ailə qurmuşdu. Bu vaxt Həzrət Sevdanın yaşı əllidən çox idi.

Sevda binti Zəma əmisi oğlu Sərkan ibn Amrla ailə qurmuş və əri ilə birgə müsəlman olmuşdu. Həzrət Sevda Məkkənin ən ağır günlərində iman gətirmiş və əri ilə Həbəşistana hicrət etmişdi. Lakin əri Sərkan ibn Amr Həbəşistanda vəfat etmiş, o da ürəyinə daş basıb yenidən Məkkəyə qayıtmaq məcburiyyətində qalmışdı.[2]

Osman ibn Mazunun həyat yoldaşı Havlə binti Hakimin tövsiyəsi ilə Rəsulullah (s.ə.s.) beş uşaq anası Sevda binti Zəma ilə ailə qurmaq qərarına gəldi. Havlə Həzrət Sevdadan Rəsulullahla ailə qurmaq istəyib-istəmədiyini soruşdu. Həzrət Sevda razı olmağına razı idi, amma bəzi yaxınları bu işi etirazla qarşıladı. Atası ilə görüşüb bu barədə söhbət etdikləri gün Məkkədə olmayan qardaşı Abdullah ibn Zəma şəhərə qayıtmış və bu izdivaca qarşı sərt etirazını bildirmişdi. Onun razılığı olmadan bacısının Muhammədül-Əminlə nikaha girməsini qətiyyən istəmir, əks halda, üst-başına torpaq tökməklə etiraz edəcəyini deyirdi. Ancaq buna baxmayaraq Həzrət Sevda Rəsulullahla nikahlandı. Çox keçmədən bu nikah öz bəhrəsini verdi və qardaşı müsəlman oldu. Qardaşı müsəlman olandan sonra peşmançılığını bu sözlərlə dilə gətirmişdi: “Rəsulullah bacımla evləndiyi üçün o gün üst-başıma torpaq tökmüşdüm. Məgər nə qədər zavallı adam imişəm”.[3]

Allah Rəsulu Sevda anamızla hələ Məkkədə olanda ailə qurmuşdu. Yəni Onun ikinci xanımı Həzrət Sevda anamızdır. O, Peyğəmbərimizin qayğıya və ana nəvazişinə möhtac olan kiçik qızları Ümmü Gülsüm və Fatiməyə baxmış, onları şəfqətlə böyütmüşdür. Müsəlmanlar Mədinəyə hicrət edəndə Allah Rəsulu (s.ə.s.) Əbu Rafi və Zeyd ibn Harisəyə iki dəvə və beş yüz dirhəm verib[4] tapşırdı ki, bunlarla ehtiyaclarını qarşılayıb, Məkkədə qalan qızları Ümmü Gülsüm və Fatimə (r. anhuma) ilə Sevda anamız və Ümmü Eyməni də götürüb Əbu Bəkrin ailəsi ilə birlikdə Mədinəyə gətirsinlər.

Qadın fitrətini nəzərə alanda Həzrət Aişə ondan təxmin dörd il əvvəl Allah Rəsulu ilə ailə quran Sevda anamızı daha çox qısqanmalı idi. Tam əksinə, əzvacı-tahirat içərisində Həzrət Aişənin xasiyyəti ən çox Həzrət Sevda ilə tuturdu və ən yaxşı onunla dil tapırdı. Həzrət Aişə onun barəsində:

– Çox ədəb-ərkanlı qadındır! Mən həmişə Sevdanın yerində olmağı arzulamışam və ondan daha yaxşı qadın görməmişəm, – deyərdi[5].

Səbəbini bilmirik, ancaq bir dəfə Allah Rəsulu (s.ə.s.) onu nikahından çıxarmaq istəmişdi. Bunu eşidəndə, elə bil, başına qaynar su tökülmüşdü. Dərhal Allah Rəsulunun hüzuruna gəlmişdi. Hətta araya adamlar salıb dil tökmüşdü: “Ey Allahın Elçisi! Səndən heç bir dünya malı istəmirəm. Mənə ayırdığın günü də Aişəyə verirəm. İstəsən, ömür boyu hal-əhval tutmaq üçün də yanıma gəlmə. Amma nə olar, məni nikahından məhrum etmə! Bircə arzum var, o da axirətə Sənin zövcən kimi getməkdir.”[6] Allah Rəsulu (s.ə.s.) Sevda anamızın istəyini yerə salmamış, onu əzvaci-tahiratdan ayırmamışdı.

Həzrət Sevda çox infaq etmiş, həmişə möhtaclara əl tutmuşdur. Həzrət Ömərin göndərdiyi bir kisə qızılı cariyəsinə verib ehtiyacı olanlara paylatmışdır.

Rəsulullahdan beş hədis nəql etmişdir.[7] 644-cü ildə[8] (hicri 23) Mədinədə vəfat etmiş və cənazə namazını Həzrət Ömər qıldırmışdır.[9]


[1] Üç ildən bir az çox.
[2] Ərinin Həbəşistanda xristianlığı qəbul etdiyi, Həzrət Sevdanın isə dininə sadiq qalaraq Məkkəyə qayıtdığı da bildirilir. (Hamidullah, İslam Peygamberi, II, 677.) Əri Sərkanın Həbəşistanda və ya Məkkəyə gələndən sonra vəfat etdiyi bildirilir.
[3] Baxın: İbn Əsir. Üsdül-ğabə, III, 510; İbn Həcər. İsabə, II, 1203.
[4] Mənbələr Peyğəmbərimizin bu 500 dirhəmi Həzrət Əbu Bəkirdən borc aldığını xəbər verir. Qadid deyilən yerə çatanda Həzrət Zeyd bu pulla üç dəvə satın alacaq və səfər bu dəvələrlə davam edəcəkdi. Bax: Əbu Nuaym, Xilyətül-övliya, 9/227; Zəhəbi, Siyər, II, 152.
[5] Müslim, Rada, 47 (1463); İbn Hibban, Səhih, 10/12 (4211); Beyhaqi, Sünən, 7/74 (13211); Nəsai, Sünənül-kübra, 5/301 (8934).
[6] İbn Sad, Təbəqatül-kübra, 8/54; Təbərani, “Əl-mücəmül-kəbir”, 24/33.
[7] Zəhəbi, Siyər, II, s. 139.
[8] 674-cü ildə Müaviyənin dövründə vəfat etdiyini deyənlər də var. (Kutluay, e. a. ə., III, 41.)
[9] İbn Hişam, II, 541; İbn Sad, X, 52-57; İbn Həbib, s. 79-80; Bəlazuri, I, 407-409.



Bənzər məqalələr

Həzrət Xədicə

Rəsulullahın (s.ə.s.) ilk həyat yoldaşı Həzrət Xədicədir. O, həm ata, həm də ana tərəfdən Peyğəmbərimizlə qohumdur. Xədicə (r. anha) Qureyş qəbiləsinin Əsəd oğulları qolundandır. Həzrət Xədicənin həyatı.

Ailə başçısı olaraq Peyğəmbərimiz

Rəsulullahın ailəsi yer üzündə keçmiş və gələcək ən məsud, ən bəxtiyar və ən bərəkətli ailə idi. Onun evindən hər zaman səadət qoxusu gələrdi. Bəlkə də, bu ailə dünyanın ən yoxsul evlərindən biri idi, bəzən aylarla qazan asılmaz, şorba qaynamazdı. Xanımları isə kiçik bir otaq və ya darısqal bir daxmada yaşayırdı. Bu, bəxtiyar qadınlar Allah Rəsulu […]


Şərh yaz