Öz dövrünün ən xeyirli qadını İmranın qızı Məryəm, bu dövrün ən xeyirli qadını isə Hüveylidin qızı Xədicədir.[1]
Rəsulullahın (s.ə.s.) ilk həyat yoldaşı Həzrət Xədicədir. O, həm ata, həm də ana tərəfdən Peyğəmbərimizlə qohumdur. Xədicə (r. anha) Qureyş qəbiləsinin Əsəd oğulları qolundandır.[2] O, Peyğəmbərimizdən əvvəl iki dəfə ailəli olub. Birinci əri Əbu Halədir. Ondan Hind adlı oğlu dünyaya gəlib. Ərinin vəfatından sonra Atiq ibn Abid əl-Məhzuni ilə ailə qurub və Hind adlı biri qızı dünyaya gətirib.[3] Bir çox nüfuzlu qureyş rəhbəri əri Atiqin vəfatından sonra dul qalan Həzrət Xədicə ilə evlənmək istəsə də, o, bu təklifləri qəbul etməmişdi. Yoxsul olsa da cahiliyyə cəmiyyətində tərtəmiz həyat yaşayan Həzrət Məhəmmədlə ailə qurmuşdu.
Həzrət Xədicənin Rəsulullahla ailə qurarkən neçə yaşında olması haqqında müxtəlif məlumatlar var. Ən çox qəbul olunan məlumata görə, o, Rəsulullahla ailə qurarkən qırx yaşında idi.[4] Həzrət Xədicə hicrətdən üç il əvvəl 65 yaşında vəfat etmişdir. Bu vaxt Peyğəmbərimizin 50 yaşı vardı.[5] Qısacası, Həzrət Xədicə Rəsulullahla ailə qurarkən yaşca ondan böyük, dul və iki uşaq anası idi.[6] Rəsulullahın isə o vaxt 25 yaşı vardı.
Həzrət Xədicə cahiliyyə cəmiyyətində təmiz mənasına gələn “Tahirə”, Qureyş qadınları arasında xanım-xatın mənasında “Seyyidə”, zəkasına və gözəlliyinə görə “Ceyyidə” adı ilə tanınırdı.[7]
Rəsulullahın həyatında Həzrət Xədicənin xüsusi yeri vardı. Həzrət Xədicə Peyğəmbərimizin İbrahimdən başqa bütün övladlarının (Zeynəb, Ruqiyyə, Ümmü Gülsüm, Fatimə, Qasım və Abdullahın) anasıdır. Rəsulullahın Həzrət Xədicədən olan oğlan uşaqlarından Qasımın ləqəbinin Tahir, Abdullahın ləqəbinin isə Tayyib olduğu bildirilir.
İndi gələk Rəsulullahın Xədicə ilə ailə qurmasına:
Peyğəmbərimiz gəncliyini əmisi Əbu Talibin himayəsində keçirirdi. Əmisinə kömək məqsədilə müxtəlif işlərdə işləyirdi. O, gözəl əxlaq və davranışları ilə insanların rəğbətini qazanmışdı, etibarına görə, “əl-Əmin” ləqəbi ilə tanınırdı.
Xədicə isə Məkkənin varlı qadın tacirlərindən biri idi. Ticarət səfərlərində özü iştirak edə bilmədiyinə görə, ya öz yerinə adam tutur, yaxud karvanlara şərik olurdu.
Xədicə bir gün köləsi Meysərəni Həzrət Peyğəmbərin yanına göndərərək ondan Şama gedəcək ticarət karvanına rəhbərlik etməsini istədi. O, bu təklifi qəbul etdi. Həzrəti Xədicə xidmətçisi Meysərəni də Ona qoşdu. Meysərə yol boyu Ona xidmət etməli və geri qayıdanda gördüklərini sahibəsinə danışmalı idi.
Peyğəmbərimiz səfərdən dönəndə malların satışından əldə edilən qazancı və satın alıb Məkkəyə gətirdiyi malları Xədicəyə təhvil verdi. O gedər-getməz Həzrəti Xədicə Meysərəni çağırdı və ondan yol boyu şahid olduqlarını soruşdu. Meysərə də səfər boyu Məhəmmədül-Əminin dürüstlüyündən, gözəl əxlaqından və işlərin qaydasında getməsindən danışdı. Xədicə də elə bunları eşitmək istəyirdi. Onun Peyğəmbərimizə olan istəyi bir az da artdı. Xədicə Onunla ailə qurmaq fikrində idi. Bu istəyini rəfiqəsi Nəfisə ilə Peyğəmbərimizə bildirdi. Peyğəmbərimiz də əmisi ilə məsləhətləşəndən sonra buna razı oldu.
Aradan çox keçməmiş, Əbdülmüttəlibin oğulları Əbu Talib, Abbas və Həmzə Həzrəti Xədicəni qardaşları oğluna almaq üçün elçi düşdülər. Əvvəl Əbu Talib danışmağa başladı:
– Bizi İbrahim nəslindən və İsmail soyundan gətirən Allaha şükürlər olsun! Bizi insanlara və evinə (Kəbəyə) xidmət etməklə şərəfləndirən, bizim üçün evini (Kəbəni) insanların üz tutub rahatlıq və hüzur tapdığı bir məkana çevirən, şübhəsiz ki, Odur. Qardaşımın oğluna gəlincə O, Abdullahın oğlu Məhəmməddir. Kim Onunla fəzilətdə yarışarsa, qardaşım oğlu mütləq üstün gələr. Var-dövləti olmasa da, şərəf, əsil-nəcabət, cəsarət, ağıl və fəzilətdə hər kəsdən üstündür. O, sizin qızınız Xədicə ilə ailə qurmaq istəyir.
Xədicənin atası Ficar döyüşlərində ölmüşdü. Əbu Talibdən sonra əmisi Amr bin Əsəd ayağa qalxdı və Xədicənin fəziləti haqda oxşar sözlər söyləyəndən sonra:
– Bizi sadaladığın məziyyətlərlə insanlardan üstün edən Allaha şükürlər olsun! Sizinlə eyni kökdən gəldiyimə və ümumi şərəfimiz adından siz də şahid olun ki, mən Huveylidin qızı Xədicəni Abdullahın oğlu Məhəmmədə nikahlayıram, − dedi.
Orada olan Qüreyşin sayılıb-seçilən adamları bu nikaha şahid oldular. Nikah mərasimindən sonra toy oldu. Rəsulullah Xədicəyə 12 uqiyyə[8] mehr verdi.
Onlar bir neçə gün Əbu Talibin evində qalandan sonra Xədicənin Hakim bin Hizamdan aldığı təzə evə köçdülər. Yeni evlərində tək deyildilər. Peyğəmbərimizin yanından ayırmadığı dayəsi Ümmü Eymən və Həzrəti Xədicənin oğlu Hind, ondan başqa Zeyd bin Harisə də bu evin sakinləri idi. Zeyd Xədicənin keçmiş köləsi idi. Xədicə toydan sonra Zeyd bin Harisəni Peyğəmbərimizə bağışlamış, Peyğəmbərimiz də onu azad etmişdi. Daha sonra Məkkəyə həcc ziyarətinə gələn Zeydin qohumları onu görüb atasına xəbər verdilər. Atası Məkkəyə gəlib onu tapdı. Lakin Zeyd ailəsinin yanına qayıtmayıb Peyğəmbərimizin yanında qalmaq istədiyini bildirdi. Peyğəmbərimiz də onu övladlığa götürdü.
Həzrət Xədicə Rəsulullahın peyğəmbərliyinə ilk iman edən qadındır.[9] O, ən çətin vaxtlarında Peyğəmbərdən köməyini əsirgəməmiş, İslamı təbliğ edərkən Rəsulullahın yanında olmuşdur. Demək olar, Xədicə anamız hər gün evdə yemək bişirir, Həzrət Əli və Həzrət Zeyd də küçə-küçə gəzib məkkəliləri yeməyə dəvət edirdi. Şama ticarət karvanları göndərən Məkkənin varlı qadını Həzrət Xədicənin sərvəti bu ziyafətlərə xərcləndi. İslamın gəlişindən on il sonra bu böyük sərvətdən əsər-əlamət qalmamışdı.
Peyğəmbərimiz də ilk ömür-gün yoldaşını heç vaxt unutmamış və onu həmişə hörmətlə yad etmişdir. Onun sağlığında başqa qadınla evlənməmişdir. Cəbrayıl ona Allahın salamını çatdırmış,[10] Rəsulullah onu cənnətdə qızıldan bir köşk ilə müjdələmişdir. Bütün bunlar ona verilən dəyərin ifadəsidir.[11]
Həzrət Peyğəmbər 25 il bir yastığa baş qoyduğu zövcəsi ilə keçirdiyi günləri həmişə xatırlayırdı. Həzrət Peyğəmbər vəfatından sonra da onu hörmətlə yad etmiş, onun yaxınlarının xatirini əziz tutmuşdur.
Bir gün evə bir az ət göndərmişdilər. Rəsulullah əti gətirən şəxsdən ətin bir hissəsini başqasına aparmasını istədi. Bunu görən Həzrət Aişə: “Əti niyə həmin şəxsə göndərdin?” – deyə soruşdu. Rəsulullah: “Çünki Xədicə ona pay göndərməyimi istəyirdi”, – dedi. Həzrət Aişə Rəsulullahı qısqanclıqla dedi: “Elə bil dünyada Xədicədən başqa qadın yoxdur”. Rəsulullah onun dediklərini eşitdi və narahat olaraq oturduğu yerdən ayağa qalxdı, üzünü çevirdi. Bu vaxt Aişənin anası Ümmü Ruman gəldi. Rəsulullahı narahat görüb: “Ey Allahın Rəsulu! Aişə ilə aranda nə isə olub? O, hələ cavandır. Onun etdiklərini anlayışla qarşılamağını xahiş edirəm”, – dedi. Bunu eşidən Rəsulullah Aişənin yanağından tutaraq belə dedi: “Elə bil dünyada Xədicədən başqa qadın yoxdur dedin, eləmi? Allaha and olsun ki, sənin qövmün məni inkar edəndə o, mənə inandı. Allah ondan mənə övladlar bəxş etdi, sizi isə bundan məhrum etdi.”[12]
Yenə bir dəfə Həzrət Aişə: “O yaşlı qadını niyə bu qədər çox xatırlayırsan? Allah sənə ondan daha gözəlini nəsib edib”, – dedi. Peyğəmbər ona: “Allah, mənə ondan daha xeyirlisini nəsib etməyib.[13]Heç kim mənim peyğəmbərliyimə inanmayanda o inanırdı. Hamı məni yalançılıqla ittiham edərkən o, doğru qəbul edirdi. İnsanlar mənə heç nə verməyəndə o, bütün var-dövlətini mənim üçün xərcləyirdi. Digər qadınlardan övladım olmadığı halda, Allah mənə ondan övladlar nəsib etdi”, – dedi.[14]
Həzrət Xədicə üç il çəkən sürgün həyatının son ilində yoxsulluq və iztirab içində 65 yaşında dünyadan köçmüşdür. 19 aprel 620-ci il (10 ramazan) Hacunda dəfn edilmişdir. O, dünyadan köçəndə məkkəli müşriklərin müsəlmanlara qarşı ümumi təcridi yenicə qurtarmışdı. Rəsulullah eyni ildə iki ən böyük himayədarı və arxa-dayağını – əmisi Əbu Talib və ömür-gün yoldaşı Həzrət Xədicəni itirdi.