12. 160 dəfə oxunub ,   0 şərh   Çap et

Hicri-qəməri təqvim Rəsulullahın (s.ə.s) Məkkədən Mədinəyə hicrət ilə (16 (23) iyul 622-ci ildə) başlamışdır. Hicri təqvimdə günlər ayın sferalarına (dairəvi hərəkətinə) görə təyin edilir.

Ayın hilal formasında göründüyü ilk gecə hicri təqvimin başlanğıcı sayılır. Ayın yenidən görünməyinə qədər keçən müddət bir ay, on iki ay isə bir il olaraq hesablanır. Hicri təqvim 12 aydan ibarətdir: məhərrəm, səfər, rəbiül-əvvəl, rəbiül-axir (və ya rəbiüs-sani), cəmadiyal-əvvəl, cəmadiyal-axir (və ya cəmadiyəs-sani), rəcəb, şəban, ramazan, şəvval, zilqədə və zilhiccə. Aydakı günlərin sayı 29 və ya 30 olur.

Miladi təqvim yerin günəş ətrafında bir illik dövrünə görə hesablanır. Miladi təqvimdə bir il 365, hicri təqvimdə isə 354 gün olaraq hesablanır. 1Arada yaranmış on günlük fərqdən ötrü hicri aylar hər il təxminən on gün fərq edərək davamlı yer dəyişdirir.. Nümunə olaraq Ramazan ayını ələ alaq. Ramazan ayı ilin bütün fəsillərinə düşür. 36 il oruc tutan insan ilin bütün günlərində oruc tutmuş sayılır.

İslamdan əvvəl ərəblər ən əlamətdar hadisələri tarixin başlanğıcı sayır, sonrakı illəri ona nisbətən hesablayırdılar. Məsələn, Hz. Peyğəmbərin (s.ə.s) beşinci nəsildən ulu babası Qüseyy ibn Kilabın vəfat ili, daha sonra isə “fil” ili ərəblərin tarix başlanğıcı  hesab edilirdi. Sonrakı illəri “fil ilindən bir il sonra”, “fil ilindən iki il sonra” və s. ardıcıllıqla müəyyən edirdilər. İslamın gəlişindən sonra da müsəlmanlar ficar savaşının, vida həccinin və sairə bu kimi mühüm hadisələrin baş verdiyi illəri təqvim başlanğıcı kimi dəyərləndirirdilər.

Ancaq bütün bunlar çox qarışıqlıq yaradırdı. Hz. Ömər (r.a) bu qarışıqlığı aradan qaldırmaq üçün mövzunu digər səhabələrlə məsləhətləşdi. Bu zamanlarda da meydana gələn hadisələr bir daha bunun vacibliyini göstərdi. Yəmən valisi Yala ibn Ümeyyə Hz. Ömərə (r.a) gün, ay və ili bəlli olmayan bir məktub göndərir. Eyni şəkildə ili bəlli olamayan şaban ayı deyə qeyd edilən bir sənəd Bəsrə valisi Əbu Musa əl-Əşariyə gətirilir. Bu sənəddə nəzərdə tutulan şaban ayının həmin ilə, yoxsa gələcək ilə aid olduğu məsələsi qəti olaraq anlaşılmayınca bu tarix və sənəd ixtilafa səbəb oldu və bu təqvim məsələsinin önəmini ortaya çıxartdı. Səhabələr bu məsələni görüşərək tarix başlanğıcı mövzusunda İran, Yunan və başqa ölkələrin təqvimlərini mənimsəmə təkliflərini irəli sürdülər. Ancaq bu təkliflər qəbul edilməyincə, Hz.Əli (r.a) təqvimin hicrətin başlanğıc olması təklifini irəli sürdü. Onun bu görüşü dərhal bəyənildi. Peyğəmbər (s.ə.s) rəbiüləvvəl ayında hicrət etmişdir. Ancaq qəməri il məhərrəm ayı ilə başladığından tarix iki ay səkkiz gün geri çəkilib, Hicri təqvimini başlanğıcı 23 iyul 622-ci il olaraq qəbul edildi. 

Hicrət

Hicrət İslamda dönüş nöqtəsi sayılır. Hicrətə qədər olan dövr zülm və işgəncə altında yaşayan müsəlmanların səbir və təmkin mərhələsidir. Hicrət sadəcə köç deyil. İslamı daha geniş kütlələrə çatdırmaq ideyasının həyata keçməsidir.

Müsəlmanlar hicrət edərək həyatlarını qurtarmış və onların timsalında İslam dünyaya yayılmışdır. Möminlərlə yeni dostluq və qardaşlıq körpüləri qurulmuşdur.

Məkkədən Mədinəyə hicrət edən müsəlmanlar “mühacir” adlanır ki, onların da fəzilətləri bildirilmişdir. Bu və bənzər səbələrə görə hicrət İslam tarixində əhəmiyyətli yerə malikdir.

Hicrət xüsusi mənada sona çatmışdır, çünki Allah Rəsulu: ”Məkkə fəthindən sonra hicrət sona çatmışdır”,[1] – deyə buyurur. Lakin ümumi mənada hicrət davam edir və qiyamətə qədər də davam edəcək. Çünki hicrət Allah yolunda mücahədə (Allahı insanlara anlatmaq) ilə əkiz qardaşdır, birlikdə doğulmuş və birlikdə yaşayacaqlar. Yenə Peyğəmbərimiz mücahədənin qiyamət gününədək davam edəcəyini bəyan etmişdir: “Mücahədə qiyamət gününə qədər davam edəcək”.[2]

Bəli, möhtac könüllərə haqq və həqiqəti anlatmaq naminə anadan, atadan, yardan, yarandan ayrılıb yurdunu tərk edən, diyar-diyar gəzən hər bir məfkurə yolçusu, hər bir inanan insan sonsuz feyzi olan bir saleh hicrət halqasının içindədir, savabını da mütləq görəcək. Belə olmasaydı Allah Rəsulunun əshabəsi yurdundan-yuvasından ayrılaraq Orta-Asiya steplərinə, Afrikanın dərinlikərinə və ya Dünyanın başqa yerlərinə İslamiyyəti götürməzlərdi.

Digər tərəfdən, Allah və Rəsulu yolunda edilən hicrətin savabından bəhs olunmur. Ehtimal ki, bu, belə əməllərə o biri dünyada qeyri-adi, xariqüladə mükafatların veriləcəyinə işarədir. Mələklər bu əməli olduğu kimi yazırlar, mükafatını da Allah-Təala şəxsən özü verir.

Rəsulullah (s.ə.s) hədislərində belə buyurur:

Həqiqi mühacir Allahın qadağan etdiklərindən uzaq duran, onlara yaxınlaşmayandır (onları tərk edəndir)[3]

Hicrət pis işləri tərk etməkdir.[4]

Həqiqi mühacir xəta və günahları tərk edəndir.[5]

Həqiqi mühacir, Allahın özünə haram buyurduğu şeyləri tərk edəndir.[6]

Yuxarıdakı hədislərdən də məlum olduğu kimi hicrət sadəcə tarixi hadisə olaraq qalmayıb, təbliğ və irşad qavramı olaraq davam etmişdir.


[1] Buxari, Cihad, 1; Müslim, İmarə, 83-86.

[2] Təbərani, Əl-mücəmül-övsat, 5/96. (Eyni mənanı fərqli sözlərlə ifadə edən başqa hədislər üçün baxın.: Buxari, Cihad, 44; Əbu Davud, Cihad 4)

[3] Buxari, Riqaq, 26.

[4] Əhməd b. Hənbəl, Müsnəd, IV, 114.

[5] İbn Macə, Fitən, 2.

[6] Əbu Davud, Vitr, 12.




Şərh yaz