İnsanın hidayətə gəlməsinə mane olan səbəblər hansılardır?
Rəhman və Rəhim olan Allah-Təala heç bir bəndəsinin zəlalətə düşməsini istəmir. Əksinə, bütün bəndələrinin haqq yolda olmasını, iman edib yaxşı işlər görərək Cənnətə girmələrini və əbədi səadətə çatmalarını diləyir. Bu həqiqətə Qurani-Kərimin, demək olar ki, bütün surələrində toxunulur. Bir neçə ayəyə baxaq:
“İnkar etsəniz, bilin ki, Allah heç kimə və heç nəyə möhtac deyildir. Amma bəndələrinin küfr etməsindən razı olmaz. Əgər şükür etsəniz, buna görə sizdən razı qalar”[1].
Burada Allah-Təala küfrə razı olmadığını, əksinə, bəndələrinin hidayətə gəlməsindən xoşnud olacağını açıq-aydın bildirir.
Başqa bir ayədə Onun bəndələrinə nə qədər şəfqət və mərhəmətli olduğunu görürük.
“Ey günah işləməklə özlərinə zülm etməkdə həddi aşmış bəndələrim! Allahın rəhmindən ümidinizi kəsməyin. Allah bütün günahları bağışlayar. Həqiqətən, O, Ğafur (bağışlayan) və Rahimdir (rəhm edəndir!)[2]”
Bir başqa ayədə də Allah-Təala belə buyurur:
“Biz peyğəmbərləri əzab gətirmək üçün deyil, yalnız iman gətirənləri Allahın rəhməti ilə müjdələmək, kafirləri isə onları gözləyən təhlükədən xəbərdar etmək üçün göndərdik”[3].
Demək, Uca Yaradan insanlar hidayətə gəlsin deyə ən dəyərli bəndələrinə peyğəmbərlik vermiş və o pak insanlara təbliğ kimi məşəqqətlə dolu bir işi əmr etmişdir. Onlar da hər bir çətinliyə, təzyiqə, işgəncəyə, həqarətə sinə gərib bu ülvi vəzifəni yerinə yetirmişlər. Bütün nəbilər kimi peyğəmbərlər sultanı Həzrət Məhəmməd (s.a.s.) də peyğəmbərliyinin ilk günlərindən ta vəfat edənədək bu uca qayə uğrunda çalışmışdır.
Bəli, Allah-Təala küfrə, zəlalətə əsla razı deyil. Lakin buna baxmayaraq, əgər bir insan israrla zəlalətə tərəf getsə, küfründən əl çəkməsə, Allah onu hidayət yoluna məcbur yönəltməz. Əks halda, insana verilən iradənin, savab və günahın bir mənası olmazdı.
Burada bir məsələni də qeyd edək. İmanlı bir insanın ömrünün sonunadək doğru yolda olacağına heç kim zəmanət verməyib. Eyni zamanda, bir insan dini inkar edirsə, bu, o demək deyil ki, ömür boyu zəlalətdə qalacaq. İmanlı insan günah yollara düşsə, Allah onu zəlalətə, inancsız insan iradəsini işə salıb haqqa üz tutsa, Allah onu hidayətə yönəldər.
Hidayətə mane olan başlıca səbəblər bunlardır:
Zəlaləti seçmək
Uca Allah insanın doğru yolu tapması üçün onun qarşısına bir çox səbəblər çıxarır. Peyğəmbərlər, səmavi kitablar, İslamı yaşayan həqiqi din adamları, Allah dostları, bunların hamısından əvvəl ağıl və vicdan öz-özlüyündə hidayət vəsiləsidir.
Həmçinin Allah-Təala bəzən kasıbçılıqla, bəzən var-dövlətlə, bəzən sağlamlıq, bəzən xəstəlik verməklə bəndələrini hidayətə çağırır. Əslində, bir bəndənin Allahı tanıması və Ona yönəlməsi üçün saysız-hesabsız səbəb və vəsilələr vardır. Bütün bunlara baxmayaraq, əgər küfründən əl çəkmirsə və zəlalət yolunu buraxmaq istəmirsə, Allah o bəndəsini hidayətə məcbur edəsi deyildir.
Bir çox ayələrdə bu həqiqətə işarə edilir.
“Onlar hidayət yolunu qoyub zəlalətə müştəri oldular. Ancaq onların ticarəti qazanc gətirmədi. Çünki qazanclı yolu tutmadılar”[4].
“Bir zaman Musa öz qövmünə demişdi: “Ey qövmüm! Nə üçün mənə əziyyət verirsiniz? Axı siz bilirsiniz ki, mən Allahın elçisiyəm!” Onlar batilə meyil etdikdə Allah da onların qəlbini haqqa meyil etməkdən uzaqlaşdırdı. Allah fasiqləri hidayətə çatdırmaz”[5].
Bu ayələrdən aşkar görünür ki, küfründən əl çəkməyən və inadla zəlaləti seçənləri Allah doğru yola yönəltmir.
Bir daha vurğulayaq ki, hidayəti də, zəlaləti də yaradan Allahdır. Bir bəndə olaraq biz ancaq ikisindən birini seçir və seçdiyimiz yola yönəlirik. Əsas məsələ küfrün yerinə imanı, şərin yerinə xeyri, batilin yerinə haqqı, nəfsani arzu və istəklərin əvəzinə Allahın razı olduğu şeyləri, bir sözlə, zəlalətin yerinə hidayəti seçməkdir.
Dünyanı axirətdən üstün tutmaq
Dünyaya və dünya nemətlərinə hədsiz bağlılıq, mal-mülk, mövqe, vəzifə sevgisi, rahat yaşamaq arzusu insanın doğru yolu tapmasına mane olur, bəzən onu Haqq və həqiqətdən uzaqlaşdırıb zəlalətə sürükləyir.
Rəsulullah (s.a.s.) bir hədisində: “Bütün xətaların kökü dünya sevgisidir. Bir şeyə bəslədiyin sevgi səni kor və kar edər”[6], – buyurur.
Uca Allah Quranda bəyan edir:
“O kəslər ki dinlərini oyun-oyuncaq etmiş və dünya həyatı onları aldatmışdı. Onlar bu günün gələcəyini unutduqları və ayələrimizi inkar etdikləri kimi, Biz də onları bu gün unudacağıq!”[7] Qurani-Kərim bir çox ayələrində dünyanın zahirən cazibədar, aldadıcı, eyni zamanda fani olduğunu, əbədi həyata məhz axirətdə qovuşacağını bildirir[8].
Yanlış başa düşülməsin deyə burada bir neçə məsələyə aydınlıq gətirmək istəyirik. Bəli, dünyanın dəbdəbəsinə, zahiri gözəlliyinə aldanıb axirətini puç edən və özünü zəlalət bataqlığına atan bədbəxtlərin sayı, təəssüf ki, az deyildir. İslamiyyət dünya nemətlərindən istifadəni qadağan etmir, onun halal yollarını göstərir. O qaydalara əməl edilmədikdə də problemlər ortaya çıxır.
Yaddan çıxarılmamalıdır ki, dünya və dünya nemətləri heç vaxt müsəlmanın məqsədi, qayəsi ola bilməz. Əksinə, dünya axirət həyatına hazırlıq yeri, bir mənada mehmanxanadır. Əgər Adəm övladı bu gerçəyi unudub bütün varlığı ilə dünyaya bağlanaraq axirətini yaddan çıxarsa, aqibətini təhlükəyə atmış olacaq. Beş günlük dünyaya görə axirətini yaddan çıxaran, hətta inkar edən bəndələrə ilahi kitabda ciddi xəbərdarlıqlar var:
“Dünya həyatı oyun və əyləncədən başqa bir şey deyildir. Müttəqilər üçün isə axirət yurdu daha xeyirlidir. Məgər anlamırsınız?”[9]
“Dinlərini oyun və əyləncə sayanları, dünya həyatının aldatdığı şəxsləri tərk elə. Onlara Quranla nəsihət et ki, heç kəs işlədiyi əmələ görə özünü həlaka düçar etməsin. Hər bir bəndə bilsin ki, onun Allahdan başqa nə bir dostu, nə də bir şəfaətçisi vardır. O, (Allahın çağırışından üz döndərən insan hesab günü) bütün varını fidyə versə belə, qəbul olunmaz. Onlar qazandıqları günahlara görə əzaba düçar olanlardır. Onları küfrləri üzündən qaynar sudan ibarət bir içəcək və şiddətli əzab gözləyir!”[10]
Bütün bu xəbərdarlıqlara baxmayaraq, Allah diləsə, axirəti unudub onu dünyaya dəyişənlərin istədiklərini bu dünyada verər, ancaq axirətə heç nə qalmaz[11].
Onlar, Quranın dili ilə desək, “Ey Rəbbimiz! Bizə elə bu dünyada ver!” – deyirlər. Bu istək birbaşa, yaxud da dolayısilə axirətə biganə olmaq, hətta onu inkar etmək mənasına gəlir. Halbuki Allaha və axirətə inananlar: “Ey Rəbbimiz, bizə dünyada da, axirətdə də gözəl nemətlər ver, bizi cəhənnəm əzabından qoru!”[12] – deyə dua edirlər. Allah-Təala bu cür dua edən bəndələrinə müjdə verir:
“Belə şəxsləri qazandıqlarına (işlədikləri əməllərə) görə axirətdə mükafat gözləyir. Şübhəsiz ki, Allah tezliklə haqq-hesab çəkəndir!”[13]
Əbədi səadətlə yanaşı, dünyada həqiqi xoşbəxtliyə gedən yol da Allaha iman və ibadətdən keçir. Rəbbimiz necə gözəl buyurur:
“Kim dünya xoşbəxtliyini istəyirsə, bilsin ki, dünya xoşbəxtliyi də, axirət səadəti də Allahın dərgahındadır. Allah eşidəndir, görəndir”[14].
Fasiqliyə adət etmək
Qurani-Kərimdə Allah-Təala fasiqləri doğru yola yönəltməyəcəyini buyurur[15]. Fasiqlik hidayətə mane olan və insanı zəlalətə aparan pis bir xislətdir.
Ayələrdə cəhənnəmlik olduqları bildirilən və hidayətdən məhrum edilən fasiqlərin başlıca xüsusiyyətləri bunlardır:
- Allahı və axirət gününü inkar edərlər.
- Allah Rəsulu sallallahu aleyhi və səlləmə və möminlərə istehza edərlər.
- Təkəbbürləri üzündən tövbəyə yaxın gəlməzlər.
- Allahın əmrlərinə əhəmiyyət verməzlər.
- Günah işləməkdən əl çəkməzlər.
Bu cür əməllərin ortaq xüsusiyyəti həddi aşmaq və əmrləri bilə-bilə pozmaqdır.
Dini termin kimi fisq sözü “Allahın qoyduğu hədlərdən kənara çıxmaq” mənasını verir. Bu əməli işləyənə də fasiq deyilir. Bir sözlə, fisq hidayətə mane olan əsas səbəblərdən biridir və əgər fasiq tövbə edib Haqqa dönməzsə, hidayətdən məhrum qalar.
İslam alimlərinin əksəriyyəti böyük günah işləməyi fisq, işləyəni isə fasiq adlandırırlar. Çünki hər bir günah mahiyyət etibarilə Allahın əmrindən kənara çıxmaq anlamına gəlir. Ancaq insan nə qədər böyük günah işləyir-işləsin, Allahın ayələrini inkar etmədikcə, başqa sözlə, günahı günah kimi gördükcə, mömin sayılır.
Həmçinin Allaha ürəkdən inanan mömin Rəbbinin qadağalarını pozmaqdan çəkinər, nəfsinə aldanıb günah işlədimi, dərhal tövbə edib iman və İslam halqasına qayıdar. Eyni günahı təkrar-təkrar, dəfələrlə işləməz. Halal dairəsi genişdir, onlar insana kifayət edər. Elə isə nəyə görə haram iş tutub fasiq damğasını alsın ki?!
Zülmdən əl çəkməmək
Allah-Təala Qurani-Kərimdə zalımlar güruhunu, onlara dəstək olanları və zülmdən əl çəkməyənləri hidayətə çatdırmayacağını bildirir[16]. Zülm – ədalətsiz davranış, haqsızlıq, kiməsə haqqını verməmək və ya haqqı çatmayan bir şeyi vermək, əziyyət, işgəncə etmək kimi mənalara gəlir. Zülm edən insana zalım deyilir.
Zülm deyəndə insanların haqqını əlindən almaq, hədə-qorxu gələrək, zor işlədərək haqsız qazanc əldə etmək, insanlara əziyyət və işgəncə vermək mənalarını başa düşürük. Gücünə arxayın olub insanları daima narahat edən, vurub-dağıdan, zəifləri əzən, döyən, hətta öldürən azğın insanlara da zalım deyilir.
Dinimiz hər cür zülmü qadağan edir. Lakin Qurana görə, ən böyük zülm Allaha üsyan etmək, Onun əmr və qadağalarına əhəmiyyət verməmək, çağırışlarından üz döndərməkdir. Bəli, ən böyük zülm Allaha üsyan etməkdir.
Allah-Təala bizi yoxdan var edib. Bizi daş, torpaq, ağac və ya palçığın içərisində eşələnən bir soxulcan, yiyəsinə quyruq bulayan it deyil, varlığın ən şərəflisi kimi yaradıb. Mütənasib vücudumuzla yanaşı, ağlımıza, zəkamıza, ruhumuza, gözəlliyimizə, gücümüzə, qüvvətimizə – bir sözlə, sahib olduğumuz hər şeyə görə Ona borcluyuq. Bununla kifayətlənməyib, Yer üzünü bir-birindən gözəl nemətlərlə süsləyib bir süfrə kimi önümüzə sərib. Göy üzünü ulduzlarla bəzəyib, Günəşi, Ayı yaradıb, yeri döşək, səmanı da ulduzlu tavan kimi var edib.
Bizim dünyaya gəlişimizə səbəb olan, bizi boya-başa çatdıran ana-ataya asi çıxmaq böyük bir haqsızlıq və zülmdürsə, valideynlərimiz da daxil olmaqla, hər şeyimizi yaradan Uca Xaliqə üsyan etmək, Onu tanımamaq, Onun əmrlərinə əməl etməmək bundan qat-qat artıq zalımlıq deyilmi?! Belə bir zülmün cavabsız, cəzasız qalması mümkündür? Bu zülmü işləyən zalım tövbə edib əməlindən əl çəkməsə, Allah qorusun, cəzası əbədi Cəhənnəm olacaq.
Qurani-Kərim Allahın əmrlərinə deyil, nəfslərinə uyanları[17], dildə müsəlman olduğunu desə də, əslində qəlbən inanmayan və inandıqları kimi yaşamayan münafiqləri[18], iman etdikdən sonra küfr yoluna dönənləri[19], Allahın ayələrini yalan sayanları[20], peyğəmbərləri yalançı adlandıranları[21], Allahın haram buyurduğunu halal, halal buyurduğunu isə haram sayanları[22], kafirləri və qeyri-müsəlmanları möminlərdən üstün tutub özlərinə dost bilənləri[23] və Allaha şərik qoşanları zalım adlandırır. Bu zalımları doğru yola yönəltməyəcəyini, onları əbədi Cəhənnəmlə cəzalandıracağını bəyan edir[24].
Qeyd edək ki, bu zalımlar zülmü bilərək, istəyərək edirlər, buna görə də Allah onları haqq-həqiqətə yönəltmir. Başqa sözlə, onlar hidayətə gedən yolun önünü özləri kəsir, Allahla özləri arasında sədlər qoyurlar. “Onlar inkar yolundan dönmədikcə Allah kafirlər güruhunu doğru yola yönəltməz”[25], – məallı ayəsi də bu həqiqəti bəyan edir. Bu ayədən onu da anlayırıq ki, kafir və zalımlar tövbə edib zülmlərindən əl çəksələr və səmimi qəlblə Allaha yönəlsələr, onlara hidayət yolları açılar.
Təkəbbür
Özünü çəkmək, özünü bəyənmək və başqalarından üstün bilmək kimi xarakterizə edilən və mənəvi xəstəlik sayılan təkəbbür də insanın hidayətinə mane olur. Şeytanın Allahın hüzurundan qovulmasına və lənətlənməsinə səbəb olan əsas xislət də məhz təkəbbürdür.
“Bir deyin görək, siz təkəbbürlənib iman etməsəniz, sizdən daha sərsəm, daha zalım kim ola bilər? Allah, əlbəttə ki, zalımları doğru yola yönəltməz!”[26] ayəsi də məhz bu həqiqəti bəyan edir.
Bir insanın özünü Allahın uca nəbisi Həzrət Məhəmməddən (s.a.s.) üstün bilməsi də eyni aqibətə gətirib çıxarır. Əbu Cəhil, Vəlid ibn Muğirə və Ütbə ibn Rəbiə kimi bir çox müşriklər Peyğəmbərimizi yaxşı tanıdıqları, Onun peyğəmbər olduğunu əllərinin içi kimi bildikləri halda, sırf təkəbbür və qürurları ucbatından hidayətdən məhrum qaldılar.
Bu gün də “Bizə Quran kifayət edir. Həzrət Məhəmməd də bizim kimi adi insandır” deyən nə qədər bədbəxt var. Onlar bu mənasız təkəbbürlərinə yenilib Peyğəmbərimizin (s.a.s.) sünnəsindən və şəfaətindən yararlana bilmirlər. Allahın uca rəsulu Həzrət Məhəmmədi anlamayan bir insan Onun Uca Kitabı Quranı dərk edə bilərmi?
Təkəbbür, özünü bəyənmə və “hər şeyin öhdəsindən təkbaşına gələrəm” düşüncəsi insanı peyğəmbərlərin həqiqi varisləri olan alimlərin və Allah dostlarının feyzindən də məhrum qoyur. Halbuki insan yeri gələndə özündən kiçiklərdən də nəsə öyrənə bilər. Məsələn, ana-ata övladından, müəllim tələbəsindən, müdir işçisindən çox şey öyrənə bilər. Ancaq insan öncə önündəki təkəbbür səddini aşmalı, daha doğrusu, dağıtmalıdır ki, həqiqəti görə bilsin.
Yuxarıda qeyd etdiyimiz xüsusiyyətlərlə yanaşı, lovğalıq, qərəzlilik, cahillik, yanlış yanaşma kimi hidayətə mane olan səbəblər də vardır.
Xülasə
Qeyd etdiyimiz kimi, Allah bəndələrinə qarşı olduqca mərhəmətlidir və onların heç birinin Cəhənnəmə girməsini istəmir. Ancaq bəndə ağlını, iradəsini küfr düşüncəsinin “sərəncamına” versə və Rəbbindən, hidayət yollarından qaçsa, Allah da onu hidayətə çatdırmaz.
Ancaq bir bəndə nə qədər günah işləməsindən asılı olmayaraq, günlərin birində ürəkdən tövbə edib Allaha yönəlsə, bilsin ki, tövbə qapısı hər zaman açıqdır.
Bir ayədə belə buyurulur: “Ən böyük əzabdan əvvəl Biz onlara aclıq, müsibət, əsarət və ölüm kimi kiçik əzabdan daddıracağıq ki, bəlkə, doğru yola qayıtsınlar. Rəbbinin ayələri ilə öyüd-nəsihət verildikdən sonra üz döndərən kəsdən daha zalım kim ola bilər?! Biz, şübhəsiz ki, onlardan intiqam alacağıq!”[27]
Bu ayədən də başa düşürük ki, Allah-Təala hər vəsilə ilə bəndələrini hidayətə dəvət edir. Hətta iradələrini əllərindən almadan sanki doğru yola gəlməyə “məcbur edir”. Bununla belə, zəlalətdən dönmək istəməyən və küfrdən dördəlli yapışanların da yerinin əbədi Cəhənnəm olduğunu bildirir.
Rəbbim bizləri hidayət yolundan ayırmasın. Zəlalətə sürükləyən hər cür nəfsani hislərdən təmizləsin və onları gözəl məziyyətlərlə əvəzləsin.