1. 354 dəfə oxunub ,   0 şərh   Çap et

Qissədən hissə: Xızırı (ə.s) görmək istəyən padşahın hekayəsi

Keçmiş dövrlərdə yaşayan bir padşah Xızır peyğəmbəri görmək arzusuna düşür. Ətrafa carçılar göndərərək əhaliyə elan edir ki, kim mənə Xızırı göstərər və ya tapıb gətirərsə, onu xələt verəcəm. Külfətinin dolanışığını təmin etməkdə çətinlik çəkən kasıb bir adam bu işə girişmək istəyir. Arvadına üz tutaraq: “Bu bir fürsətdir əlimə düşüb. Qırx gün içində Xızırı tapacam deyib, gedib padşahdan xələt alacam. Vədə tamam olanda ya məni edam etdirəcək ya da zindana atdıracaq. Heç olmasa, siz həmin pulla bir az rahat yaşayacaqsız.” Arvadı: “Ay kişi, bir təhər yarıac-yarıtox dolanırıq. Gəl daşı ətəyindən tök, bu təhlükəyə girmə” – deyir. Arvad nə qədər and-aman eləyir, dil tökürsə kor tutuğundan buraxmadığı kimi o da fikrindən dönmür.  

Səhər tezdən sarayın qapısına gəlir. Gözətçilər tutub onun padşahın hüzuruna çıxarırlar. Qırx gündə Xızırı tapıb gətirəcəyini deyir. Ancaq xələtin yarısını bəri başdan istəyir. Padşah da təklifə razı olur, ancaq sözündə durmasa kəlləsini qoparacağını əlavə edir. Razılaşırlar. Adam alacağını götürüb ailəsinin yanına qayıdır. Qırx gün camaatın içinə çıxmır. Vaxt ötür, vədə gəlir və qırx gün tamam oldu. Adamdan səs çıxmayınca padşah əsgərləri göndərir. Əsgərlər adamı əlini-qolunu bağlayıb saraya gətirirlər. “Bu vaxta kimi neylədin?!”  – deyə padşah hiddətlə soruşur. Kasıb adam qısıq səslə: “Mənim əslində Xızırı tapmaq fikrim yox idi. Ailəm ciddi korluq çəkirdi. Mən də Xızır bəhanəsi ilə sizdən qızıl almaq istədim.” Verilən cavaba daha da qəzəblənən padşah: “Sən, padşahı aldatmağın cəzasının ölüm olduğunu heç düşünmədin?!” – deyərək qışqırır. Padşahın qəzəbindən lərzəyə gələn sarayda hamı sakit daynmışdı. Elə bu vaxt astaca qapı aralanır. İçəri heç tanmadıqları yaşlı adam daxil olur. Padşahın hiddətləndiyini gördüyü üçün kirimişcə keçib bir tərəfdə dayanır.

Padşah üzünü vəzirlərə tutub: “İndi bu adama nə cəza verək?” – deyir. Baş vəzir deyir: “Padşah sağ olsun, kəlləsini vur, bədənini şaqqalat, sonra da hissələrini çəngəllərdən as.” Bunu eşidən yaşlı adam: “Əslinə çəkib” – deyir. Sonra ikinci vəzir söz alır. O, da iynəli çəlləyə atmağı təklif edir. Yenə yaşlı adam: “Əslinə çəkib” – deyir. Padşahın nəzəri üçüncü vəzirə zillənir. O: “Padşah sağ olsun, adam ehtiyacı olduğu üçün belə etdiyini etiraf elədi. Verilən xələt sizin xəzinənizi azaltmaz. Mərhəmət edin, bağışlayın. Ailəsini başsız qoymayın. Buraxın, getsin,” – deyir. Yaşlı adam yenə: “Əslinə çəkib” – deyir. Padşah qərarsız qalır. “Götürün aparın, gözümdən rədd edin, sonra qərar verəcəm” – deyir. Əslində padşahın ağlı yaşlı adamın “əslinə çəkib” sözünə ilişibmiş. Hamının hüzurdan ayrılmasını əmr edir. Təəccüblə qocaya soruşur: “Sən niyə hər dəfə vəzilərin cavabına “əslinə çəkib” dedin?” Qoca: “Baş vəzirin atası qəssab idi. Ona görə də o, kəsib-tökməklə əlaqəli qərar verdi. İkinci vəzirinin atası isə yorğan sırıyan idi. O, da iynəli çəlləyə atmağı təklif elədi. Üçüncü vəzirin atası isə alim idi. O, da bağışlamağı məsləhət gördü. Yəni onların hər biri əslinə çəkib, ona görə qərar verdilər. Sənə tövsiyəm odur ki, üçüncü vəziri başa gətir. Dövlət işləri hikmət və ədalətlə yürüsün. Digərlərini də özündən uzaqlaşdır, çünki onlar hər zaman səni yanılda bilərlər. O ki qaldı mənə, mən də Xızıram. “Qul darda qalmasa, Xızır yetişməz” deyiblər. Mən də o kasıbın kəlləsini qurtarmaq üçün gəlmişəm” – deyir və bir anda gözdən itir.




Şərh yaz