1. 671 dəfə oxunub ,   0 şərh   Çap et

Dünya artıq dan yerinin sökülmə vaxtını göstərirdi. Demək olar ki, hər tərəfdən Onunla bağlı xəbərlər gəlirdi. Səmanın qapıları da bağlanmış və kahinlər artıq qulaq oğurluğu edə bilmirdilər. Yəhudi və xristian din xadimləri yekdilliklə vaxtın yaxınlaşdığını və gözlənilən Peyğəmbərin gəlmək üzrə olduğunu söyləyir və bütün bunlar bir zərrə həqiqətdən agah olan könüllərdə intizar hissi oyandırırdı.

Tənhalıq axtarışları

Bu ərəfədə Könüllər Sultanı istəməsə də, Haqq qatındakı həqiqətindən (əsl yerindən) uzaqlaşdırılan Kəbəni tərk edir və yanındakı azuqəsi ilə səssizlik axtarırdı. Çünki cəhalətin şiddəti getdikcə artmış və Kəbənin hər tərəfi bütlərlə doldurulmuşdu. Büt və bütpərəstlik düşüncəsini alt-üst etmiş Hz. İbrahim kimi bir peyğəmbərin ixlas və səmimiyyətlə təsis etdiyi Kəbə məkkəlilərin əlində oyuncağa çevrilmiş, Aləmlərin Rəbbinə qulluğu unudan insanlar, demək olar ki, xəyali və saxta tanrılara qurban olma yarışına girmişdilər. Aydın idi ki, bu vəziyyət Allah Rəsulunu olduqca sıxırdı. Əmin-amanlıq üçün inşa edilən yer üzünün ilk binası Kəbə həmin gün, sanki, zülmət mərkəzinə çevrilmişdi. Bu səbəbdən Allah Rəsulu bu mühitdən uzaqlaşmağa çalışır: bir tərəfdən hər addımı Onu buradan uzaqlara çəkir,  digər tərəfdən də könlünü  orada  qoyur və heç cür Kəbədən ayrıla bilmirdi.

Kəbədən uzaqlaşarkən də elə bir məkan seçirdi ki, onu görüb seyr edə bilsin. Bu yer Nur dağının zirvəsi idi. Bu zirvənin Kəbəni quş baxışı süzən  hissəsində Hira adlı bir mağara var idi. Allah Rəsulu (s.ə.s.) Kəbədən uzaqlaşdığı dəmlərdə bura gəlir, günlərlə, hətta aylarla burada qalıb vaxtını qulluqla dəyərləndirirdi. Məlum idi ki, bu, qiyamətə qədər hökmü davam edəcək cahanşümul bir bəyanın ağırlığını götürə bilmək üçün Uca Allahın buyurduğu bir tale idi.

Hüznlü Peyğəmbərin boynu bükük idi. Arabir mağaranın dəhlizindən süzdüyü Kəbənin də boynunu bükük görür və bu mənzə­rə qarşısında bir daha boynunu bükməyə məcbur olurdu. Bəlkə də, gələcəkdəki iman dolu, təmiz və dupduru halını təsəvvür edib həmin günlərin xəyalı ilə zərrə qədər də olsa, təsəlli tapa bilirdi. Burada qaldığı müddətdə ibadətlə bütünləşir, bəlkə də, uzaqdan süzərək hicranını dilə gətirdiyi Kəbəni və ona edilənləri bir-bir zikr edərək iflasa uğrayan insanlıq etimadını onlara yenidən bəxş etməsi üçün Allaha dua edib yalvarırdı. Saatlarla yol gedib çatdığı Nur dağı, sanki, nurun sahibini dəvət edir, onunla birlikdə səmadan gələcək nuru gözləyirdi. Sanki, Kəbəyə rüku edən Hirada Onun əğyara qapalı, Haqqa açıq bir ibadəti, mübarək əlləri ilə üzünü qovuşdurduğu anlarda da başqa vaxtlarda duymadığı  təsəvvüredilməz könül  ziyafəti vardı.

Sadiq yuxular

Görünür, vaxt daha da yaxınlaşmışdı. Artıq şəfəq sökülmək üzrə idi. Çünki bunu müjdələyən bir çox əlamətlə rastlaşmışdı. Başını yastığa qoyanda məna aləmini şənləndirən və gözlərini açanda da çin olan “sadiq yuxular” çoxalmış, davamlı  olaraq səmalardan bəyanlar gətirirdi. Bu yuxular vəhyin işartıları idi, xüsusilə də, vüslətdən altı ay əvvəl bir-birinin ardınca xoş xəbərlərə dönmüş və özünü bir daha hiss etdirməyə başlamışdı. Həmin günlərdə Peyğəmbərimiz axşam gördüyü yuxunun sabah gerçəkləşməsinə şahid olur[1]  və iki aləm arasındakı əlaqə barədə uzun-uzadı təfəkkürə dalırdı. Bəlkə də, bunlar yaxınlaşan vəhy üçün hazırlıq mənasına  gəlirdi.

Gördüyü yuxuları, əsasən, Hz. Xədicə anamıza danışır, o da bunlara artıq zehninə yerləşmiş və qəti inandığı ümid və inancı istiqamətində izahlar verir, bu mərhələdə həyat yoldaşına dəstək olmağa çalışırdı.

Bir dəfə Peyğəmbərimiz (s.ə.s.) yuxuda evinin üstündən bir taxta  çəkilib oradan böyük bir dəlik açıldığını, sonra bura gümüş nərdivan qoyulduğunu və oradan iki nəfərin içəri endiyini görür. Bu vaxt insanları köməyə çağırmaq istəyir, amma heç cür danışa bilmir, kömək üçün fürsət tapa bilmirdi. Sonra bu adamların hər biri Onun bir tərəfində oturur. Ardınca biri əlini Onun vücuduna salıb oradan iki qabırğa sümüyü çıxarır. Daha sonra da sinəsinə yönəlib ürəyini çıxararaq əlinə götürür. Bu, o qədər açıq-aşkar idi ki, əlinin izini iliklərinədək hiss edirdi. Bu əsnada yanındakı yoldaşına bunu deyirdi:

− Bu saleh bəndənin ürəyi nə qədər gözəldir.

Sonra da ürəyini yuyub təmizləyir və yenidən yerinə yerləşdirir. Çox keçmədən qabırğa sümüklərini də qaytarıb yerinə qoyur və nərdivanla qalxıb gözdən itirlər. Gedərkən nərdivanı da özləri ilə aparmışdılar. Artıq tavan əvvəlki vəziyyətinə qayıtmış və hər şey qaydasına düşmüşdü.

Əlbəttə, Sultanlar Sultanı bu yuxusunu da əvvəlcə Xədicə anamıza danışır. Belə təbəddülatlı günlərində ən böyük dəstəkçisi Hz. Xədicə yenə gözlənilən davranışı nümayiş etdirir:

− Sənə müjdələr olsun! − deyir əvvəlcə. Sonra da mətin bir səslə bunları söyləyir:

− Şübhəsiz ki, Allah Sənin üçün ancaq xeyir murad edir. Bunda da bir xeyir vardır, Sənə müjdələr olsun![2]

Bəli, onlara bir yol göstərilmişdi və onlar da bu yolla addım-addım irəliləyirdilər . Hz. Xədicə anamız bu yolun fərqində idi və buna görə də əminliklə  danışır və həyat yoldaşına  dəstək olmağa çalışırdı.

Varlıq salama durmuşdu

Bütün bunlara əlavə olaraq qarşısına çıxan hər ağac, hər daş, hər canlı Peyğəmbərimizi görər-görməz hərəkətə gəlir, Onu salamlayır və sanki, peyğəmbərliyin astanasında Ona ehtiramını bildirirdi. İlk insanla başlayan mərhələdə bütün peyğəmbərlər və onların nəfəsində yetişən Allah dostlarının “gəlir” deyə müjdəsini verdiyi bir Şəxsin təşrifində, təbii ki, məxluqat da öz üzərinə düşən vəzifəni yerinə yetirəcək və yanına yaxınlaşanda salama duracaqdı. Çünki məxluqatın yaradılışının yeganə səbəbi O idi. Çünki O olmasaydı, məxluqat da olmayacaqdı.

Yenə tez-tez rastlaşdığı bənzər hadisələrdən sonra evə gələrək Xədicə anamıza narahatçılığını bildirmişdi. Yenə də Xədicə anamız Ona təsəlli vermiş və inamla belə demişdi:

− Şübhəsiz ki, Allah Səni əsla hədər etməz və Sənə bir zərər toxundurmaz. Çünki Sən həmişə doğru söz danışır, əmanətə sadiq qalır və yaxınlarına baş çəkir, onların qayğısına qalırsan.[3]

Hz. Xədicənin təlaş və səyləri

Hər gedişi Hz. Xədicə üçün ayrı bir kədər ifadə edirdi. Görünür, Allah Rəsulu (s.ə.s.) Hirada fərqli bir hiss, mənəvi rahatlıq yaşayırdı. Amma Rəsulullah hər dəfə evi tərk edib mağaraya yollananda Hz. Xədicənin ürəyi ağzına gəlir, Rəsulullahın başına bir iş gələr deyə qorxu keçirirdi. Buna görə də arxasınca adamlar göndərir və əmin-amanlıqda olub-olmadığını bilmək istəyir, Onu qorumalarını bərk-bərk tapşırırdı.[4]

Allah Rəsulu (s.ə.s.) Xədicə anamızın hazırladığı azuqəsini götürüb getdiyi vaxtlarda bəzən dağdan enib yeni bir azuqə ilə geri qayıtsa da, zaman-zaman Xədicə anamız həsrətinə dözə bilmədiyi evinin dirəyi və gəlişini gözlədiyi həyat yoldaşı üçün yola düşür və bir neçə saat içində kilometrlərlə yol qət edib Allah Rəsuluna öz əlləri ilə azuqə aparırdı.[5] Bəzən də Hiranın sirli ab-havasını həyat yoldaşı ilə birlikdə yaşayır, min bir əziyyətlə gedib çatdığı Hirada Onunla qalıb vaxt keçirməyi ən böyük bəxtiyarlıq sanırdı. Bəzən də yolları bu gün İcabə məscidi kimi anılan yerdə birləşir və bu yerdə gecələyirdilər. Sonra Peyğəmbərimiz yenidən mağaraya qalxır, Xədicə anamız da evin yolunu tuturdu.

Bir qadın üçün ərinin evdən bu qədər ayrı qalması olduqca ağır və çətin idi, ancaq Hz. Xədicə getdikcə uzanan bu ayrılıqlara kiçik etiraz belə etmir, əksinə, yoldaşının tənhalığını bölüşərək Onu gələcək günlərə hazırlayıb təşviq edirdi.

Cəbrailin səsi

Tənha qaldığı günlərin birində Peyğəmbərimiz (s.ə.s.)  bir səs eşidir:

− Ey Məhəmməd! Mən Cəbrailəm!

Bu, bəlkə də, vəhyə hazırlıq mənasına gəlirdi. Əndişə ilə diksinən Peyğəmbərimiz yenə Xədicənin təsəlli və təmkin dolu dünyasına üz tutur, eşitdiyi  səsi və səsin gəldiyi səmti anladır. Sonra da qəlbinə işləyən səs tonu ilə:

− Allaha and olsun ki, böyük hadisələr olacağından narahatam, − deyir.

Mətanətli insanın davranışı əvvəlkilərdən yenə fərqlənmirdi. Fərqli ola da bilməzdi. Hz. Xədicə Onun iztirab və sıxıntılarını bu sözlərlə dindirdi:

− O, nə sözdür! Ondan Allaha sığınırıq! Allah (c.c.) Səni heç hədər edərmi? Sən əmanətə riayət edir, qohum-əqrəbalarına əl uzadır, kömək edirsən. Sən həmişə doğru danışırsan.[6]

Yenə bir gün axşamın qaranlığı çökmüş, küçələrdən əl-ayaq  kəsilmiş, hər kəs ev-eşiyinə çəkilmişdi. Dərin bir səssizliyin ətrafı bürüdüyü bu gecədə Cəbrailin səsini yenə eşitmişdi. Ona:

− Salam! − deyirdi. Allah Rəsulu (s.ə.s.) iti addımlarla yenə Hz. Xədicəyə yönəlir. Onu təlaş içində görən Hz. Xədicə:

− Bu, nə haldır? Nəsə olub? − deyə soruşur. Yenə eşitdiyini ona danışır. Sözünü bitirər-bitirməz:

− Sənə müjdələr olsun! Çünki salam yalnız xeyirdir, − deyir həyəcanla.[7] Həyəcanında mətanət və əminlik hiss edilirdi. Bəlkə də, o, bununla “ Sənə salamla səslənən kim olursa-olsun, nəticədə, Səni xeyir gözləyir. Çünki salamda əmin-amanlıq  vardır” demək istəyirdi.



[1]. Bax: Buhari, Sahih, 1/6; Muslim, Sahih, 1/97; Ahmed b. Hanbel, Müsned, 2/153

[2]. Buhari, Sahih, 4/1894 (4670)

 [3]. Buhari, Sahih, 6/2561 (6581)

 [4]. İbn Kesir, el-Bidaye ve’n-Nihaye, 3/11

 [5]. Buhari, Sahih, 3/1389 (3609)

[6]. Buhari, Sahih, 1/4 (3)

[7]. İbn Hammad, ez-Zurriyyetu’t-Tahira, 1/33




Şərh yaz