Hörmət sözü lüğətlərdə “birinə dəyər verilməsindən qaynaqlanan və həmin insanla sayğılı davranılmasına səbəb olan hiss, incitməkdən çəkinmə duyğusu, ucaltma hissi, diqqətli davranmağa səbəb olan sevgi hissi, fədakar davranmağa sövq edən hiss” kimi tərif edilmişdir. Bu təriflərdə “hörmət” sözü ilə “sevgi” sözü, ümumiyyətlə, yan-yana işlənir.
Bir zəncir özünün ən qüvvətli halqası qədər deyil, ən zəif halqası qədər güclüdür. İnsanlara hörmət və sevgi bəsləyənlər mükəmməl ətraf və əməkdaşlığa nail olurlar. Müvəffəqiyyətin sirri insanlara hörmət və sevgidədir. Cəmiyyətdə qardaşlıq münasibətləri qarşılıqlı hörmət və sevgi sayəsində daha da möhkəmlənir. Elə isə hörmət – sevgi duyğu-düşüncəsini gücləndirən dini və ənənəvi dəyərlərə əhəmiyyət verilməlidir.
İnsanı insan olduğu üçün sevmək, ona hörmət göstərmək, eyni zamanda Yaradana hörmətin də ifadəsidir. Yalnız özü kimi düşünənləri sevmək və saymaq səmimi və insana layiq bir sevgi və hörmət deyil, əksinə eqoistlik və öz-özünü bütləşdirməkdir. Hər kəsə səviyyəsinə görə hörmət göstərməyən hörmət görə bilməz. Hər kəsi sevməyən sevilməyə layiq deyil. Heç vaxt heç kimi sevib saymayan bir bədbəxtin başqalarından hörmət gözləməyə də haqqı yoxdur.
Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) hörmət və sevgi hissindən məhrum insanlara “bizdən deyildir” ifadəsi ilə xəbərdarlıq etmişdir. Ənəs ibn Malik (radiyallahu anh) nəql edir ki, Allah Rəsulunu görmək istəyən yaşlı bir adam gəlmişdi. Camaat ona bir az gec yol vermişdi. Bunu görən Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) “Kiçiklərimizə mərhəmət etməyən və böyüklərimizə hörmət göstərməyən bizdən deyildir” – buyurdu.[1]
Abdullah ibn Amrdan (radiyallahu anh) gələn hədisdə belə deyilir: “Kiçiyimizə mərhəmət etməyən və böyüyümüzün şərəfini tanımayan bizdən deyildir”.[2]
Ubadə ibn əs-Samitin rəvayət etdiyi hədisdə: “Böyüyümüzə hörmət etməyən, kiçiyimizə mərhəmət göstərməyən və alimimizin qədir-qiymətini bilməyən bizdən deyildir,” – buyurmuşdur.[3] Bu rəvayətlərin hamısı bir-birinə bənzərdir. Bəzi sözlərin fərqli olması isə insanların fərqli nəsihətlərə ehtiyac duyması ilə bağlıdır.
Əbu Musa (radiyallahu anh) Rəsulullahın (sallallahu əleyhi və səlləm) belə buyurduğunu rəvayət edir: “Saçı ağarmış yaşlı müsəlmana, Quran hökmlərinə əməl edən və oxumağı davam etdirən hafizə və adil rəhbərə hörmət göstərmək Allaha hörmətdəndir.”[4]
Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) böyüyə hörməti yuxusunda da görmüşdür. İbn Ömərdən (radiyallahu anh) rəvayət edildiyinə görə, Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) belə buyurmuşdur: “Yuxuda dişimi misvaqla təmizlədiyimi gördüm. Elə həmin vaxt iki adam gəldi, biri o birindən böyük idi. Mən misvaqı kiçik olana verdim. Lakin mənə “Böyüyə ver!” deyildi. Mən də onu böyüyə verdim.”[5]
Gündəlik söhbətlərdə yaşca kiçik olanların yersiz və hamıdan əvvəl söhbətə qoşulub danışmaması da böyüklərə hörmətdən irəli gəlir. Əbu Yəhya əl-Ənsari (radiyallahu anh) nəql edir: “Əbdürrəhman ibn Səhl ilə Muhayyisə ibn Məsud Xeybərə getdilər. Həmin vaxt Xeybərlə sülh bağlanmışdı. Orada işlərini görmək üçün bir-birindən ayrıldılar. Muhayyisə Mədinəyə gəldi və Məsudun uşaqları Əbdürrəhman ibn Səhl ilə Muhayyisə Rəsulullahın (sallallahu əleyhi və səlləm) hüzuruna getdilər. Orada Əbdürrəhman danışmaq istəyəndə Rəsulullah (sallallahu əleyhi və səlləm): “Yaşca böyük kimdirsə, o danışsın” – buyurdu. Əbdürrəhman ən kiçikləri idi.”[6] Ancaq kiçiyin danışması arzu ediləndə, nəsə soruşanda və ya ondan nəsə soruşulanda əvvəlcə danışması qəbahət deyil.
[1]. Tirmizi, Birr 15, Səhihül-Cami, 5445 saylı hədis.
[2]. Tirmizi, Birr 15, Səhihül-Cami, 5444 saylı hədis.
[3]. Səhihül-Cami, 5443 sayılı hədis.
[4]. Əbu Davud, Ədəb 20.
[5]. Buxari, Vudu, 74; Müslim, Zühd 70.
[6]. Buxari, Cizyə 12; Diyət 22; Nəsayi, Qasamə 4.