Qeyri-insani münasibətlər aradan qaldırılmış və boykot sona çatmış olsa da, illər yenə də kədərlə çulğalanmışdı. Görünür, Allah (c.c.) sevimli bəndələrini tamamilə axirətə yönəldir və başlarına gələn min bir əziyyətlə istiqamətlərini həqiqi vətənə çevirirdi. Çünki boykotun aradan qaldırılması ilə yenidən Məkkəyə girə bilmək, işgəncə və təzyiqlərin yox olması mənasına gəlmirdi. Dünənki cəbhədə məğlub olan və bürclərindən birində xəzan yaşayan Məkkə müşrikləri müsəlmanlara qarşı hər gün yeni bir cəbhə açır və bununla da itkilərinin yerini doldurmağa (!) çalışırdı.
Arxada qalan üç illik sürgün həyatı müsəlmanlarda silinməz izlər buraxmış və acından qıvrılıb ağlayan uşaqların səmaya yüksələn fəryadı ata-anaların qorxulu yuxusuna çevrilmişdi. Xəstəliklər epidemiya halını almış və insanları qırıb-çatırdı. Bu bəladan Əbu Talib və Hz. Xədicə kimi dinin mühüm dayaqlarına da pay düşmüşdü: onlar da ağır xəstəliklərlə çarpışırdı. Bu gün hər şeyi təzədən yaşamaq və Məkkədə yeni həyata başlamaq o qədər də asan görünmürdü. Məkkəli müşriklər də əvvəlki şən-şaqraq günləri yaşatmamaqda qərarlı idilər.
Əbu Talibə sonuncu müraciət
İllərin yorğunluğu Əbu Talibin belini bükmüşdü, addımlarını belə çətinliklə atırdı. Artıq bir ayağı burada, bir ayağı məzarda idi. O, bu günə qədər təkcə özünün yox, həm də qəbiləsinin yükünü çiyinlərində daşımış, hər kəsin qarşı çıxmasına rəğmən, qardaşı oğlunun məsuliyyətini öhdəsinə götürərək möhnət hücrələrində keşməkeşli həyat yaşamışdı. Görünür, yeni bir yük qaldıracaq halda deyildi.
Bir ramazan ayı idi. Əbu Talib də xəstə idi. Deyəsən, bu xəstəliklə əbədi aləmə köçəcəkdi. Qısa müddətdə Əbu Talibin xəstələnməsi xəbəri bütün Məkkəyə yayılmış və baş çəkməyə gələnlər gündən-günə artırdı.
Bir tərəfdə isə küfr cəbhəsi hər şeyə rəğmən, boş dayanmırdı. Əbu Talibin xəstə olduğunu bilirdilər və buna görə də, çox keçməmiş, Utbə və Şeybə ibn Rəbia, Əbu Cəhil, Ümeyyə ibn Xaləf və Əbu Süfyan kimi Qureyş böyüklərindən ibarət təxminən iyirmi beş nəfərlik heyət bir araya gəlmiş və Əbu Taliblə axırıncı dəfə danışmaq üçün razılaşmışdılar. Vəziyyəti müzakirə edərkən belə deyirdilər:
− Həmzə və Ömər də müsəlman oldu, onları itirdik. Məhəmmədin işi qəbilələr arasında da yayılır. Gəlin Əbu Talibin yanına gedək və o, qardaşı oğlunu bizə təslim etsin. Vallah, biz bu işin öhdəsindən başqa cür gələ bilməyəcəyik.
− Düzü, bu qocadan qorxuram, ölüb gedərkən Məhəmmədin dediklərini deyəcək. Sonra biz ərəblərin dilindən qurtara bilməyəcəyik!
− Ən yaxşısı, siz indi gözləmə mövqeyində qalın. Sabah əmisi vəfat edəndə işini bitirərsiniz!
Bu cür fikirlər irəli sürsələr də, bir məsələdə razılığa gəlirlər: vaxt itirmədən ölüm ayağında olan Əbu Taliblə danışmaq… Əbu Talibin yanına gedib belə təklif edirlər:
− Ey Əbu Talib! Şübhəsiz ki, sən bizim vəziyyətimizi də, öz başına gələnləri də bilirsən. Narahat olduğumuz məsələlər də məlumdur. Qardaşın oğlu ilə aramızda baş verənlər heç kimdən gizli deyil, hər şey göz qabağındadır! Ona de, biz Ondan, O da bizdən uzaq dayansın! Bizim dinimizlə və fikirlərimizlə məşğul olmaqdan əl çəksin ki, biz də Onun yaxasını buraxıb dininə qarışmayaq!
Əbu Talibin nəzərində vəziyyət, sanki, yumşalmışdı. Hər kəs öz həyatını yaşasa, heç kim narahat edilməyəcək, qardaşı oğlu da əmin-amanlıqda olacaqdı. Bu fikirlərlə Allah Rəsulunu (s.ə.s.) yanına çağırır:
− Ey qardaşımın oğlu! Bu adamlar qövmünün böyükləridir. Onlar yekdilliklə Sənə təminat verir, bir daha Sənə dəyməyəcəklərini söyləyirlər, − deyir.
− Mən onlardan yalnız bir kəlmə istəyirəm ki, onlar həmin kəlmə ilə bütün ərəblərə hakim olacaq və bir gün gələcək ki, bu sözlə əcəmlər də onlar kimi yaşamağa başlayacaqlar.
Bu cümlədən Məhəmmədin onların təklifini qəbul etdiyi nəticəsini çıxaran Əbu Cəhil tez irəli çıxır:
− Bircə kəlməmi? Nə deyirik, istədiyin kəlmə olsun! Atanın xatirinə and olsun ki, Sənə bir yox, on kəlmə verərik, − deyir. Artıq sonuncu nöqtə qoyulmalı idi və Rəsulullah (s.ə.s.):
− “Lə iləhə illəllah” deyəcək və Ondan başqa ibadət etdiyiniz hər şeyi tərk edəcəksiniz! − deyir.
Bu, Onun hər fürsətdə tələb etdiyi məsələ idi. Həmişə olduğu kimi, bu, yenə onların xoşuna gəlməmişdi. Əllərini bir-birinə vurub alqışlayır, bir tərəfdən də burunlarını sallayıb deyinməyə başlayırlar:
− Yoxsa sən, ey Məhəmməd, bütün tanrıları tək bir ilaha çevirmək istəyirsən?
Bir başqası qabağa çıxır və əlavə edir:
− Vallah, bu adam istədiyiniz heç bir şeyi sizə verməyəcək. Yenə siz istədiyinizi etməyə davam edin və sizinlə onun arasındakı məsələ həll olunana qədər əsla atalarınızın dinini buraxmayın!
Yenə vəhyin əlamətləri görünmüşdü, Cəbrail yeni vəhy gətirirdi:
− Onlar öz içərilərindən özlərini Allahın əzabı ilə qorxudub irşad edən bir peyğəmbər gəlməsinə təəccüb etdilər və o kafirlər: “Bu, yalançı bir sehrbazdır! Görəsən, O, “Allahdan başqa heç bir tanrı yoxdur” deməklə tanrıların hamısını bir tanrımı edir? Bu, doğrudan da, çox təəccüblü bir şeydir, − deyirlər.
Bu ifadə onların addım-addım təqib edildiyini açıq-aşkar göstərirdi. Atdıqları hər addım izlənilir və içlərində gizlətdikləri hər şey gözləmədikləri bir vaxtda qarşılarına qoyulub ifşa olunurdu. Çünki ayənin davamında belə deyilirdi:
− Onların əyanları dərhal hərəkətə keçib bir-birinə: “Gedin öz tanrılarınıza ibadətdə möhkəm olun. Bu, ciddi bir işdir. Doğrusu, biz bu tövhid inancını sonuncu dində (xaçpərəstlikdə) də eşitməmişik. Bu sırf bir uydurmadır. Məgər bizim kimi əyan-əşrəf dura-dura, kitab göndərilməyə bir O qalmışdı?!”.
Əlbəttə, hamının bir hesabı var idi, amma hesabı ən axırda aparan hər şeyin mütləq sahibi Allah (c.c.) olacaqdı:
− Doğrusu, onlar Mənim buyurduqlarım barədə şəkk-şübhə içindədir. Doğrusu, onlar hələ Mənim əzabımı dadmamışlar![1]
Əbu Talibin son nəsihətləri
Dadacaqdılar… Amma hər şeyin bir vaxtı vardı. Söhbətin bu yerində yaşlı Əbu Talib Qureyş təmsilçilərinə tərəf dönüb bunları deyir:
− Ey Qureyş camaatı! Siz, Allahın yaratdıqlarının içindən seçdiyi və ərəblərin məqamca yüksək olanlarsınız. İtaət edilməli seyidlər sizin aranızdadır, gözünü qırpmadan təhlükələr üstünə gedən qəhrəmanlar, səxavət və mərdlikdə ad çıxaranlar da həmçinin… Yaxşı bilin ki, siz ərəblərin arasında özbaşına buraxılmamış və seçilmış bir məqama gətirilmisiniz. Siz şərəfinizlə birlikdə yaşayırsınız! Elə isə, sizin vəzifəniz bunu insanlara səxavətlə paylamaq, insanların üzərinə düşən isə, bunu əldə etmək üçün müxtəlif vasitələr tapmaqdır.
Hazırda insanlar sizin qarşınızda dayanmışlar və aranızda savaş var. Mən sizə bu təmələ ehtiram göstərməyinizi tövsiyə edirəm, çünki onda Rəbbin razılığı, rahat dolanışıq və tutduğunuz mövqeyi möhkəmləndirmək imkanı var!
Qohum-əqrabalarınıza baş çəkin və onlarla əlaqəni əsla kəsməyin, çünki qohum-əqrəbanı ziyarət etmək əcəl anındakı üzüntünü kəsib hüzn və kədəri azaltdığı kimi, kəmiyyət baxımından da güc deməkdir və gözünüz arxada qalmaz!
Həddi aşmaqdan və üsyan etməkdən uzaq olun, çünki bu ikisində əsrlərin məhvi gizlənir ki, sizdən əvvəlkilərin vəziyyətini bilirsiniz.
Sizdən kömək istəyənə yardım edin və əlini açıb sizdən bir şey istəyəni də əliboş qaytarmayın, çünki bu iki məsələ həyatın və ölümün şərəfini özündə ehtiva edir.
Bir də doğru söz danışın və əmanətə riayətdə nöqsana yol verməyin, çünki bu ikisində xüsusi mənada məhəbbət, ümumi mənada da ucalıq vardır.
Sizə son olaraq Məhəmmədə qarşı yaxşı davranmağı tövsiyə edirəm. Çünki O, Qureyş arasında ən etibarlı şəxs, ərəblərin içində ən dürüst və bu saydıqlarımın hamısını özündə cəmləşdirən ən fəzilətli insandır. O, elə bir işlə ortaya çıxdı ki, könül onu qəbul edir, dil isə qınanmaq, rüsvay olmaq qorxusu ilə inkar edir! And olsun ki, mən ərəblərin qaça-qaça gəldiyini, ətraf yerlərdən yaxşı insanların axın etdiyini və zəif adamların da ümumi mənada Onu qəbul edib mənəvi rahatlıq tapdığını, Onun gətirdiklərini təsdiq edib bu işi ucaltdıqlarını sanki indidən görürəm. Belə gedərsə, ölümdən sonra onlar feyz və bərəkətlə coşarkən, Qureyşin başçıları və irəlidə gedənləri arxada qalacaq və ulduzları sönüb işıqsız qalacaq, bugünkü zəifləriniz baş tacı olacaq, ən imkanlınız ən möhtac vəziyyətə düşəcək və bu gün Ona ən uzaq olanınız sabah Onun hüzurunda ən yaxşı mövqedə olacaq. Baxın, ərəblər hələ indidən Ona ağuşuna açıb köməyinə gəldi, könüllərini açıb Onu başlarına tac etdilər.
Ey Qureyş, aranızdakı dəyərə sahib çıxın! Ona köməkçi və mübarizəsində mühafizəçi olun! Allaha and olsun ki, kim sizdən Onun yoluna daxil olsa, kamilliyə çatar və gətirdiyini rəhbər tutan da həmişə xoşbəxt yaşayar. Kaş həyatım bir az da uzun olaydı və əcəlim bir az da gecikəydi, mən Onun bu çətinliklərini aradan qaldırmış və başındakı bəla və müsibətləri də dəf etmiş olaydım![2]
Hər bir adam üçün sırğa edilib qulağa asılası bu nəsihətlər anlayanlar üçün böyük məna kəsb edir. Görünür, bunlar müşriklərin xoşuna gəlməmişdi. Şübhəsiz, onların küfrlə bağlı başqa planları var idi və onları da işə salmaqla hər ötən gün daha dərin uçuruma yuvarlanmaları labüd idi. Müşriklər yenə donquldanmağa başlayır və başlarını yelləyib oradan uzaqlaşırlar.
Son ümid
Qureyşin böyükləri yanından gedən kimi Əbu Talib qardaşı oğluna tərəf dönür:
− Vallah, ey qardaşımın oğlu! Sən onlardan mümkün olmayan şeylər istəmədin! − deyir.
Bu, Peyğəmbərimizi (s.ə.s.) ümidləndirən bir cümlə idi. Nəhayət, illər sonra əmisində İslama gəliş əlamətləri görünmüş, bir qapı aralanmışdı. Hər fürsəti dəyərləndirmək istəyən şəfqət Peyğəmbəri (s.ə.s.) böyük bir ümidlə ona yaxınlaşır. Bu qədər vaxt ərzində himayə qanadları ilə Onu mühafizə edən əmisinin iman yolunda bir addım atmadan dünyadan köçməsinə könlü heç cür razı deyildi:
− Ey əmim! Elə isə, onu sən söylə ki, mən qiyamət günündə sənə şəfaət edə bilim, − deyir.
Bu, özünü insanların imanını xilas etməyə həsr etmiş Rəsulullah üçün, əlbəttə ki, mühüm bir fürsət idi, əmisinin iman gətirməsini o qədər ürəkdən arzulayırdı ki!.. Ancaq iman qismət məsələsi idi. İnsan peyğəmbər də olsa, Allah diləmədikcə heç kimi imanda sabit tuta və bu yolu istədiyi adamdan ötrü müstəsna hala gətirə bilməzdi. Çünki vəhy də eyni şeyləri bildirirdi:
− Şübhəsiz ki, sən istədiyini doğru yola yönəldə bilməzsən. Ancaq Allah dilədiyini hidayətə çatdırar.[3]
Və kədərli vida
Bəli, bu, bir sevginin təsiri idi, lakin heç cür nəticə əldə olunmurdu. Bu axırıncı cəhd də yeni və son bir ümid idi. Əbu Talib qardaşı oğlunun bu qədər səmimi ümid bəsləmədiyini görərək:
− Ey qardaşımın oğlu, − deyir. Səsinin ahəngində “O qədər də ümidli olma!” gizlənirdi sanki. Bir anlıq sükutdan sonra:
− Vallah, əgər Qureyşin mənə dəli deməsindən və ölümdən qorxduğum üçün bu sözü dediyimi güman edəcəklərindən narahat olmasaydım, onu mütləq deyərdim. Ancaq onu yalnız Səni sevindirmək üçün söyləyərəm, − deyir.
Lakin Peyğəmbərimiz yenə də hər anı dəyərləndirmək istəyəcək və hər fürsətdə əmisinin daimi bir ünvan qoymasına çalışacaqdı.
Küfrün öndərləri yenə əmisinin yanına gəlmişdilər. Bu vaxt Allah Rəsulu (s.ə.s.) xəstə yatağında olan Əbu Talibə yaxınlaşmağa başlayır. Digər əmisi tez qabağa çıxıb Rəsulullahın oturmaq istədiyi boş yerdə oturur. Məqsədi Allah Rəsulunun Əbu Talibə son anlarında təsir edib onu İslama dəvət etməsinin qarşısını almaq idi. Əbu Talib canı ilə məşğulkən küfr yenə öz işini görür, iman məsələsində ən kiçik bir cəhdə də imkan vermək istəmirdi. Göz-gözə gəlib şəfqətlə əmisinə baxmasına da dözümləri yox idi. Peyğəmbərimiz (s.ə.s.) hər fürsətdə iman tələb edirdi. Əslində, Əbu Talibin həyatının bu son anlarında imanla küfür mübarizəsi son həddə idi:
− Ey Əbu Talib! Yoxsa Abdulmuttalibin dinindən dönürsən? − deyə soruşurlar.
O isə:
− Xeyr, mən Abdulmuttalibin dinində qalıram, − deyə cavab verir.[4]
Artıq ölümünə az qalmışdı. Digər qardaşı Abbas onun lap yaxınlığında dayanmışdı. Dodaqlarındakı hərəkətlərə fikir verirdi. Bu zaman böyük himayədar və şəfqətli əmi gözlərini əbədi yumurdu.
Allah Rəsulu (s.ə.s.) küfrün təzyiqi altında iman yoluna heç cür girə bilməyən əmisi Əbu Talib üçün bundan sonra da dua edəcək və belə deyəcəkdi:
− Mənə gəldikdə isə, bu qadağan edilməyənə qədər sənin bağışlanmağın üçün dua edəcəyəm.[5]
Onun bu ifadəsi çox keçmədən Cəbrailin müjdələri ilə gücləndirilir. Gələn ayə əvvəlcə mövcud vəziyyət barədə məlumat verib, sonrakılar üçün, sanki, bu mənzərəni əbədiləşdirir, ardınca da atalarından bir nümunə verərək bu məsələdə necə davranmaq lazım gəldiyini bir örnəklə izah edirdi:
− Müşriklərin cəhənnəmlik olduqları müsəlmanlara bəlli olduqdan sonra onlarla qohum olsalar belə, Peyğəmbərə və iman gətirənlərə onlar üçün bağışlanma diləmək yaraşmaz! İbrahimin öz atası üçün bağışlanma diləməsi isə ancaq ona verdiyi bir vədə görə idi. Atasının Allaha düşmən olması İbrahimə aydın olduqda o, öz atasından uzaqlaşdı − onunla bütün əlaqələrini kəsdi. Həqiqətən, İbrahim Allaha çox dua edərək yalvarıb-yaxaran və həlim xasiyyətli bir zat idi.[6]
Dəfndən sonra Abbas ibn Abdulmuttalib kədər içində boğulan Allah Rəsuluna yaxınlaşır və qardaşı oğluna:
− Ey qardaşımın oğlu! Allaha and olsun ki, qardaşım Əbu Talib Sənin ondan istədiyin həmin kəlməni son anında söylədi, − deyir.
Rəsuli-Əkrəm (s.ə.s.) əmisi kimi fikirləşmirdi və üzünü ona tutub:
− Mən eşitmədim, − deyir.[7]
Abbas ibn Abdulmuttalib qardaşı oğluna bir az da yaxınlaşaraq əmisi ilə bağlı daha həlim və ölçülü olmasını istəyir. Amma O, onsuz da hər şeyin yerini bilən insan idi; Haqq yolunu ən yüksək səviyyədə təmsil edirdi. Əslində bu məsələlərdə O, hamı üçün bir örnək idi. Ona görə də əmisi Abbasa belə deyir:
− Ümid edirəm ki, qiyamət günündə Mənim şəfaətimin ona xeyri olar, cəhənnəmdəki əzabı az da olsa, yüngülləşər və həmin mərhələni daha asan keçirər.[8]
Hz. Xədicəyə vida
Əbu Talibin vəfatından üç gün keçmişdi. Allah Rəsulu (s.ə.s.) onun heç olmasa dünya ilə vidalaşarkən bir ünvan qoyub getməsinə çox çalışmışdı, amma dodaqlarından bu ünvanı ifadə edən bir cümlə eşitməmişdi. Onun yoxluğunu fürsət bilən Qureyş daha insafsız davranacaq və Rəsulullah bu rəftarın qarşısında əmisinin yoxluğunu daha çox hiss edəcəkdi. Çox qüssəli idi: Ona ən çox dəstək olan və Onu himayə edən əmisi Əbu Talibi imanına şahid olmadan, dünyadakı həlimliyinə qarşı əbədi səadəti yoluna girdiyini ifadə edəcək bir kəlmə eşitmədən torpağa verməyin kədəri içində idi.
Qaranlığın çökdüyü anlar idi. Xəstə yatağında qoyduğu həyat yoldaşının vəziyyətindən narahat idi və təlaşla onun çadırına doğru yönəlir… Çünki Hz. Xədicə xəstəlikdən qıvrılırdı. Allah Rəsulu (s.ə.s.) son səfərindən əvvəl qızdırma içində olan həyat yoldaşına baş çəkməyə gedirdi. Məhrumiyyətlər qoşa gələcək; Əbu Talib kimi himayədarının ardınca, dostundan və ən sadiq yarından da məhrum olacaqdı…
Yaxınlaşır və yavaşca çadırın pərdəsini aralayır… Xəstəlikdən inildəyən Hz. Xədicənin halı ürək dağlayırdı, ayrılıq sezilirdi bu iniltilərdən… Hz. Xədicə Məkkənin ən varlı qadını olduğu halda, bu gün aclıq və sıxıntıdan qaməti bükülmüşdü, sürgün həyatının dəhşətli ağrı-acıları ilə çarpışa-çarpışa qalanlara “əlvida” deyirdi.
Onun kədərində Allah Rəsulunu qızları ilə birlikdə tək qoyub getməyin narahatlığı gizli idi. Gedirdi, amma ürəyi himayəsiz qalan həyat yoldaşında, Sultanlar Sultanına və mərhəmətli Rəbbinə əmanət etdiyi yetimlərində idi. Erkən doğulmuşdu (“Xədicə” sözünün mənası “erkən doğulan” deməkdir ), Haqqın yolunu erkən seçmişdi və indi də öz əlləri ilə əmanət göndərdiyi iki balasına qovuşmağa hamıdan erkən gedirdi.
Gedişdən əvvəl çöhrəsinə şirin bir təbəssüm qonur, görünür, artıq Cəbrailin müjdəsini gətirdiyi cənnət yamacları açılmışdı gözlərinin önündə… Ancaq bu şirin təbəssüm, şəfqət və mərhəmət buludları kimi çadırın ağzında onu gözləyən Həyat Yoldaşını görüncə acılaşmış, dərin qüssəyə çevrilmişdi. Hər ikisi bir-birinin halına hüznlənmişdi.
Bu, şəfqət və mərhəmət Sultanını dərindən yaralayan bir mənzərə idi!.. Gözlərindən axıb yanaqlarına süzülən damcılar saqqalını islatmışdı, dalbadal hıçqırıqlar düyünlənirdi boğazında!..
Allah Rəsulu (s.ə.s.) minnətdarlıq duyğusu ilə xanımına yaxınlaşır və kəlmələrin də aciz qaldığı bu məna yüklü cümlələri titrək dodaqları ilə bir-bir sıralamağa başlayır:
− Ey Xədicə! Mənə görə sən bu çətinliklərə dözmək məcburiyyətində qaldın və məqamına görə, bir həyatdan məhrum yaşadın.
Əslində sən bunlara layiq bir qadın deyildin. Kərəminə qarşılıq kərəmlə təltif olunmaq varkən sən məşəqqət, möhnət və əziyyət gördün, − demək istəyirdi. Davam edir sözlərinə:
− Ancaq unutma ki, Allah hər sıxıntı və çətinliyin arxasından mütləq çoxlu xeyir murad etmişdir…[9]
Əbu Talibdən sonra ikinci əsas dayağı da artıq yaşamırdı. Hz. Xədicə (radıyallahu anha) altmış beş yaşında ikən dünya və dünyanın bütün çətinlikləri ilə vidalaşıb içində nə bir hay-küy, nə də bir yorğunluq olan, incilərlə hörülmüş əbədi məkanına köçmüşdü.
Beləliklə, o, Hirada çıxan Günəşin ardınca bir Qədr Gecəsində başladığı yeni həyatına yenə bir Qədr Gecəsində nöqtə qoymuşdu. Allah Rəsulu (s.ə.s.) məzarına enib onu (r.a.) əbədi yurdun ilk qapısı olan Hacun qəbiristanlığındakı məkanına yerləşdirir və üstünü torpaqla örtüb düzəldir.[10]
Müsibətlər artıq leysan kimi yağmağa başlamışdı. Çünki Allah Rəsulunun (s.ə.s.) yanında nə bir dəstəyi vardı ki, qarşıya çıxan hər çətinlikdən ona sığınıb rahatlıq tapsın, nə bir dayağı vardı ki, onun atmosferi ilə fəlakətlər kimi üstünə şığıyan meteoritlərdən qorunsun və nə də bir etibarlı köməkçisi vardı ki, baş verənlərə illərin təcrübəsi ilə sinə gərməyə kömək etsin.
Allah Rəsulu üçün şəfqətli bir atadan, etibarlı bir arxa və zəngin qəlbli bir əmidən sonra sadiq yar, əziz zövcə və şəfqətli bir dayaq artıq yaşamırdı. Bu səbəbdən Qureyş daha da cəsarətlənmişdi; Rəsulullaha (s.ə.s.) daha çox təzyiq göstərilirdi. Bir gün nəfsinə düşkünlərdən biri Peyğəmbərimizin üstünə toz-torpaq atmışdı, O da üst-başı tozlu-torpaqlı evinə gəlmişdi. Qızlarından biri atasını bu vəziyyətdə görüb çox kədərlənmiş, ağlaya-ağlaya Onun paltarını təmizləməyə başlamışdı. Allah Rəsulu (s.ə.s.) belə buyurmuşdu:
− Ağlama, qızım, əsla üzülmə! Allah sənin atanı hədər etməyəcəkdir![11]
Bu il – dalbadal baş verən kədərli hadisələrlə yadda qalacaq və “Hüzn ili” adlanacaqdı. Çünki bu vaxt bir yandan müşriklərin haqsız zülm və əziyyətləri həddini aşmış və nəzarətdən çıxmış, digər tərəfdən də, Peyğəmbərimizin iki əsas dayağı əbədi aləmə köçmüşdü.
Əbu Ləhəbi də təsirləndirən mənzərə
Əbu Talibin və Xədicə anamızın vəfatından sonra Rəsulullah (s.ə.s.) dərin bir hüznə dalmış və vaxtının çoxunu evində tək keçirməyə başlamışdı. ləri ilə baş-başa verib qəm-qüssəyə bürünmüşdü. Anasız qalmağın nə olduğunu ən yaxşı bilən yenə də O (s.ə.s.) idi. Buna görə də qızlarına şəfqətlə yanaşır və belə bir anda onlara daha çox vaxt ayırırdı.
Abduluzza (Əbu Ləhəb), necə olsa da, Peyğəmbərimizin əmisi idi. Qureyşin qardaşının yoxluğundan istifadə edib Rəsulullaha daha çox təzyiq göstərdiyini görürdü. Bu mənzərə onun cəhənnəmdə yanacaq daş qəlbini belə yumşaltmış və Allah Rəsulunun (s.ə.s.) hüzuruna gələrək belə təklif etmişdi:
− Ya Məhəmməd! İstədiyin kimi rahat hərəkət et. Əbu Talibin sağlığında necə davranırdınsa, yenə işinlə məşğul ol! Lata and olsun ki, mən ölənə kimi Sənə heç kim toxuna bilməyəcək.
Həqiqətən də, bu, çox gözlənilməz bir hadisə idi. Deməli, Allah istəyəndə, olmaz kimi görünənlər necə olursa, daş vicdanlar da mərhəmətə gəlib yumşala bilirdi.
Bir gün ibnul-Qaytala adlı bir şəxs Peyğəmbərimizə həqarət edib pis sözlər söyləmiş, bunu eşidən Əbu Ləhəb dərhal gedib ibnul-Qaytalaya həddini bildirmişdi. O da heyrətlənmişdi, dünənəcən onlarla birlikdə qardaşı oğlunun ölümünə imza atan və onları heç nədən üç il sürgünə göndərən adam elə bil qarşısında dayanan Əbu Ləhəb deyildi!
İbnul-Qaytala qaça-qaça qureyşlilərin yanına gedib deyir:
− Ey qureyşlilər! Əbu Utbə də dinindən döndü!
Bu, həmin günün ən gözlənilməz xəbəri idi… Artıq Əbu Ləhəb də gedib Məhəmmədə iman gətirmişdisə, deməli, bu dünya onlara zindan olacaqdı. Tez Əbu Ləhəbin yanına gəlir və məsələni öyrənmək istəyirlər.
− Xeyr! Mən Abdulmuttalibin dinini tərk etməmişəm. Mən ancaq qardaşım oğluna sahib çıxır və Onu qorumağa çalışıram, − deyir. Qureyşlilər rahat nəfəs almışdı:
− Yaxşı edirsən, həm də bununla qohumluq vəzifəni yerinə yetirib lütfkarlıq göstərirsən, − deyərək oradan uzaqlaşırlar.
Bir neçə gün də ötmüşdü. Qureyşin intiqam səsləri bir az səngimişdi. Məkkədə, az da olsa, sakitlik vardı. Ancaq bu, qısamüddətli, süni bir sükut idi. Çünki Əbu Cəhil və Ukbə ibn Əbi Muayt bir araya gəlmiş, Əbu Ləhəbə baş çəkməyə getmişdilər. Görünür, Əbu Cəhil yenə Əbu Cəhilliyini edəcək, Uqbə də Uqbəliyini göstərəcəkdi. Bu adamlar küfr ab-havasını təşkil etməkdə, insanlara təzyiq göstərib onların qərarlarına təsir etməkdə və ictimai rəyi istədikləri istiqamətə yönəltməkdə mahir idilər. Hər ikisi Əbu Ləhəbə yaxınlaşaraq belə deyir:
− Sənin qardaşının oğlu atanın harada olduğu xəbərini sənə də veribmi?
− Harada imiş? − deyə Əbu Ləhəb soruşur.
− Atanın cəhənnəmdə olduğunu söyləyir, − deyə onun zəif yerinə toxunur, bununla da onun tərs damarını yerindən oynatmağa çalışırdılar. Əfsuslar olsun ki, bu təhrik baş tutur.
Çünki bu, Əbu Ləhəbin ən ağrılı yeri idi. Əbu Ləhəb özü və xanımı haqqında deyilənlərdən də xəbərdar idi, amma hər şeyə rəğmən (!), həddini aşan zülmdən əziyyət çəkən qardaşı oğluna sahib çıxmaq, dəstək olmaq istəmişdi. Atası haqqında söz söyləməsini istəmirdi və dərhal qardaşı oğlu ilə olan bütün əlaqəsini kəsməli idi. Allah Rəsulunun (s.ə.s.) yanına gəlir və bunları deyir:
− Vallah, nə qədər ki sən, Abdulmuttalibin cəhənnəmdə olduğunu deyəcəksən, mən də Sənə əbədiyyən düşmən olacağam!
Bu, yolların yenidən ayrıldığını göstərən bir cümlə idi. Əbu Ləhəb kimisindən ancaq bunu gözləmək olardı. Bundan sonra Qureyş yenidən hiddətlənib coşacaq, Məkkədə yaşanan müvəqqəti sakitlik dövrü də artıq xəyallarda qalacaq.[12]
[1]. Bax: “Sad” surəsi, 38/4-8; Bax: ibn Hişam, Sire, 2/264 və b.
[2]. Bax: Halebi, Sire, 2/49-50
[3]. Bax: “Qəsəs” surəsi, 28/56.
[4]. Abdulmuttalibin dinində qalmaq məsələsi Əbu Talibin imanı məsələsində mühüm yer tutur.
[5]. Bax: Buhari, Sahih, 1/457 (1294)
[6]. Bax: “Tövbə” surəsi, 9/113-114.
[7]. Bax: ibn Hişam, Sire, 2/265, 266
[8]. Bax: Buhari, Sahih, 3/1409 (3672) Əbu Taliblə bağlı Peyğəmbərimizdən (s.ə.s.) “Rəbbimdən onun üçün böyük xeyir umuram.” (İbn Sad, Tabakat, 1/124/125), “Əgər mən olmasaydım o, indi cəhənnəmin ən alt qatında əzab çəkirdi.” (Müslim, Sahih, 1/195 (209) və “Onun cəhənnəmdəki əzabı topuq sümüklərinə qədər çatır.” (Müslim, Sahih, 1/195 (210) şəklində də rəvayətlər vardır.
[9]. Heysemi, Mecmaü’z-Zevaid, 9/218
[10]. İbn Sa’d, Tabakat, 8/18
[11]. İbn Hişam, Sire, 2/264
[12]. Bax: İbn Sa’d, Tabakat, 1/211.
Peğəmbərimiz (s.ə.s.) o gün əmisi Əbu Ləhəbə də buna bənzər sözlər deyəcək və sözünün arxasında duracaqdı. Ancaq daha sonra nazil olan ayələrdə bu mövzu fərqli yönləri ilə dəfələrlə nəzərdən keçiriləcək və nəticədə, başda Allah Rəsulunun ana-atası olmaqla İslamı tanımadan vəfat edən “fətrət əhli”nin əhli-nicat olması mövzusu təsdiqlənəcəkdi. Bax: “İsra” surəsi, 17/15; “Ənam” surəsi, 6/130, 131, 156, 157; “Qəsəs” surəsi, 28/47,59; “Taha” surəsi, 20/134; “Şüəra” surəsi, 26/208, 209; “Fatır” surəsi, 35/37; “Nisa” surəsi, 4/156. Həmçinin Allah Rəsulunin ana-atasının yenidən həyata qaytarılaraq iman gətirməsinə dair də məlumat vardır. Ətraflı məlumat üçün Bax: Akcay, Mustafa, Ebeveyn-i Resul Risaleleri, Yeni Akademi Yayınları, İstanbul, 2005