Mənəviyyata Açılan Pəncərə

Hz. Ömərin gəlişi və ibn Ərkamın Evinin Tərk Edilməsi

Bir çərşənbə axşamı idi. Peyğəmbərimiz (s.ə.s.) İbn Ərkamın evində əllərini qaldırıb dua edərək Allaha yalvarırdı. O qədər səmimi və qətiyyətli idi ki, Onun bu halı yanındakı səhabələrin də gözündən qaçmamışdı. Allah Rəsulu (s.ə.s.) əllərini açıb gözlərini səmaya dik­miş, bütün varlığı ilə belə dua edirdi:

− Allahım! Bu iki adamla dinini əziz et: Ömər ibn Xəttab və Amr ibn Hişam (Əbu Cəhil)![1]

Ömər ibn Xəttab zəhmli adam idi. Çox cəsarətli idi və heç kimdən qorxub çəkinməzdi. Bu xüsusiyyəti ona atasından keçmişdi. Buna görə də, bacısı və onun əri müsəlman olduqlarını Ömərdən gizlədirdi. Heç kimə bildirmədən namaz qılır, Quran oxuyur, gizli-gizli İslamı təbliğ edirdilər.

Əslinə qalsa, Hz. Ömər baş verən hadisələri kənardan müşahidə edir, üzərindəki təzyiqləri bir tərəfə atıb müsəlman olmasa da, ən azı bu dini qəbul edənlərin fəzilətlərini görüb onları təqdir edirdi. Bir axşam Kəbəyə gəlib gecəni orada qalmaq qərarına gəlmişdi.  Bu ərəfədə Allah Rəsulu (s.ə.s.) buraya gəlir və Quran oxumağa başlayır. Rəsulullah (s.ə.s.) “Haqqa” surəsini oxuyurdu. Hz. Ömər bunu ilk dəfə eşidirdi və sözlərdəki cazibə çox xoşuna gəlmişdi. Sözün təsirindən qurtulmaq üçün bir qulp qoymalı idi və etiraz olaraq Qureyşin ifadə etdiyi kimi:

− Şair, − deyir. Ancaq gələn səs davam edirdi:

− Bu Quran çox möhtərəm bir elçinin Allahın ona nazil etdiyi sözüdür! O, şair sözü deyildir! Nə az inanırsınız!

Ola bilməzdi. Ürəyindən keçirdiyi sözə dərhal cavab verilmişdi. Bu dəfə:

− Kahin, − deyərək fikrini dağıtmağa çalışır. Səs gəlməyə davam edirdi:

− O, kahin sözü də deyildir! Nə az düşünürsünüz! O, aləmlərin Rəbbi tərəfindən nazil edilmişdir.[2]

Rəsulullah (s.ə.s.) bu şəkildə surəni axıra kimi oxumuş, Ömər də bunu təəccüb və heyrət içində dinləmişdi. O gecə xeyli, uzun-uzadı fikirləşdi. Beynində fırtınalar qopurdu. Amma bunlar hələ də Öməri hərəkətə gətirib cəbhəsini dəyişdirəcək gücdə deyildi. Buna görə də, səhərisi gün yenə əvvəlki yoldaşlarının yanına gəlmiş, əvvəlki vərdişlərinə qayıtmışdı.

Amr ibn Hişam (Əbu Cəhil) isə hər fürsətdə Allah Rəsuluna (s.ə.s.) qarşı çıxan, dinlə bağlı hər cür irəliləyiş və inkişafa mane olmağa çalışan və bundan da həzz alan bir adam idi. Rəsulullah (s.ə.s.) bu günə kimi onun da müsəlman olması üçün çox çalışmış, amma bu ona nəsib olmamışdı. Dəfələrlə qapısına kimi getmiş, lakin hər dəfə həqarətlə qarşılaşmışdı. Buna baxmayaraq, Allah Rəsulu (s.ə.s.) Əbu Cəhildən əlini üzmür, onun qəlbinə iman salmağı Allahdan istəyirdi. Ancaq bu dua Ömər üçün qəbul edildi, itirən isə Əbu Cəhil oldu.

Peyğəmbərimizin (s.ə.s.) dua etdiyi günün səhəri Ömər Səfa təpəsi istiqamətinə, İbn Ərkamın evində yığışan möminlərə pislik etmək niyyəti ilə yola çıxmışdı. Qılıncı belində idi. Yolda rastına müsəlman olduğu halda, imanını gizli saxlayan Nuaym ibn Abdullah çıxır. Gördüyü mənzərə Nuaymı narahat etmişdi, çünki Ömərin nəfəsində qəzəb vardı. Nəyin bahasına olursa olsun, onu bu yoldan qaytarmalı və şərindən arxayın olmalı idi. Buna görə də:

− Hara gedirsən, ey Ömər? − deyə soruşur.

− Qureyşin arasına ayrılıq salan, dədə-babaları və ilahları haqqında pis sözlər deyən və onları alçaldan dinindən dönmüş Məhəmmədi öldürməyə gedirəm, − cavabını verir.

Nuaym zənnində yanılmamışdı; Ömərin, həqiqətən də, niyyəti pis idi və məqsədinə çatmaq üçün də yola düzəlmiş, İbn Ərkamın evinə gedirdi. Nə olur-olsun onu bu yoldan döndərməli idi. Birinci ağlına gələn Ömərin bacısı və bacısının əri idi.

− Allaha and olsun ki, nəfsin səni aldadıb, ey Ömər! Abdimənafoğullarını qoyub Məhəmmədi öldürməyə gedirsən? Heç olmasa, öz evinə qayıt, əvvəlcə onların məsələsini həll et!

Ömər heyrət içində idi. Ola bilməzdi. Ondan xəbərsiz ailəsindən heç kim müsəlman ola bilməzdi. Ona görə dərhal soruşur:

− Öz evimdə nə var? Yoxsa…?

Bəli… Onun ailəsindən də bu şirin bulağın başına gələn və ondan doya-doya içməyə başlayanlar vardı. Bunlardan xəbərsiz olan Ömər dərhal cavab vermək üçün Nuaymı sıxışdırır. Nuaym ən azı hədəfi dəyişdirmiş və bir müddət də olsa, vaxt qazanmışdı. İndi isə həqiqəti demək məcburiyyətində idi:

− Bacının əri Səid ibn Zeydlə[3] bacın Fatimə Binti Xəttab. Allaha and olsun ki, onlar da müsəlman olub Məhəmmədə tabe olmuş və Onun gətirdiyi dini qəbul etmişlər. Sən əvvəlcə öz məsələni həll et, − deyir Ömərə.

Ömərin beynində şimşəklər çaxmışdı. İnana bilmirdi ki, ondan xəbərsiz evindən kimlərsə gedib bu axına qoşulardı. Məsələyə dərhal müdaxilə edilməli, qarşısı alınmalı idi. Buna görə də, həmin anda istiqamətini dəyişir. O sanki uça-uça gedirdi. Ancaq bu dəfəki hədəfi Allah Rəsulu (s.ə.s.) deyil, bacısı və onun həyat yoldaşı idi.

Qapıya yaxınlaşmışdı ki, içəridən ürək yandıran bir səs eşidir. Bu səs Kəbədə qaldığı gecəni xatırladırdı. Səsin sahibi başqası olsa da, mənbəyi eyni idi. Bu, Habbab ibn Ərəttin səsi idi:

− Ta, Ha! Biz Quranı sənə məşəqqət çəkməyin üçün nazil etmədik…

O nəhəng Ömər hələ fərqinə varmasa da, əriməyə başlamışdı. Ancaq bir anda təslim olana oxşamırdı. Özünü toplayıb qapını möhkəmcə döyməyə başlayır. Bir yandan da gur səsi ilə qışqırır və tez qapını açmalarını tələb edirdi.

Qapıdan Ömərin səsini eşidən ev əhli təşvişə düşür. Çünki nə məqsədlə gəldiyi məlum idi. Tez onlara Quran öyrədən Habbabı bir yerdə gizlədirlər. Sonra da Ömərin bacısı Fatimə əlindəki Quran ayələrini dizinin altına qoyur. Evdəki vəziyyət Ömərin girməsi üçün münasib hala gəlincə qapını qorxa-qorxa açırlar.

Ömər çox ağıllı adam idi, qapının gec açılması da onu şübhələndirmişdi. Tez soruşur:

− Bayaq eşitdiyim o səs nə idi?

“Səs-zad eşitməmisən” mənasında:

− Nə səsi eşitdin ki? − deməyə çalışırlar.

− Xeyr, eşitdim, − deyir və sonra da hirslə üstlərinə gedir. Bir yandan söylənir, digər tərəfdən də od-alov püskürürdü:

− Eşitdiyimə görə siz də Məhəmmədin dininə girmiş, Ona tabe olmusunuz, − deyir və özünü saxlaya bilməyib bacısının əri Səid ibn Zeydi möhkəm vurur. Bacısı Fatimə Ömərə mane olmaq istəyəndə bir zərbə də ona endirir. Ömər kimi bir adamın şilləsinə dözmək çox çətin idi və Hz. Fatimə al-qana boyanır. Ancaq bu, onun üçün yeni bir həmlənin başlanğıcı idi. Çünki artıq itirəcəyi heç nə qalmamışdı, qardaşı hər şeydən xəbərdar idi. Həmçinin Hz. Fatimə də eyni torpağın məhsulu, Xəttab ailəsinin bir qızı idi. Elə isə gizlətməyin bir mənası yox idi və Fatimə cəsarətlə qardaşı Ömərin qarşısında dayanıb belə deyir:

− Bəli, biz də müsəlman olduq. Nə var bunda? Biz Allaha və Rəsuluna iman gətirdik. Buyur, indi istədiyini elə görək!

Artıq Ömər üçüncü zərbəni almışdı. Adi vaxtlarda bir adamın onunla belə davranması, ona qarşı çıxması mümkün deyildi. Üstəlik də, bu bir qadın ola! Necə olurdu ki, bacısı Ömərə cavab qaytarır və sanki ona meydan oxuyurdu? Otaqda sükut çökmüşdü bu hayqırtının ardından… Ömər bir müddət bacısına baxır; al-qan içində idi, amma duruşunda başqa bir əsilzadəlik vardı. Qarşısında yaralı aslan kimi dayanmışdı; hər şeyə rəğmən, şərəf və ləyaqətini düşünürdü. Baxışlarında ölümə meydan oxuma vardı “Öldürsən, nə olacaq, biz həqiqi səadəti Məhəmmədin hüzurunda tapdıq” sözləri gizlənirdi. Görünür, bu zərbə böyük Öməri diz çökdürmüşdü. Deməli, bunun üçün bacısının və ərinin Ömər tərəfindən döyülməsi lazım imiş. Görünür, tale həmin günə kimi əks cəbhədə olan böyük bir gücün kürəkən  evində əriməyini təqdir etmişdi. Ömər etdiklərinə görə min dəfə peşman olmuşdu. Ondakı dəyişiklik  artıq özünü büruzə verirdi. Səsini yavaşıdaraq bacısına belə deyir:

− Mən bura gələrkən oxuduğunuz həmin səhifəni ver, mən də Məhəmmədə gələn şeyin nə olduğuna bir baxım.

Onlar da çaşıb qalmışdılar. Bir müddət səhifəni verib-verməməkdə tərəddüd etdilər. Çünki Ömər səhifəni alıb cıra, Quran və Rəsulullah (s.ə.s.) haqqında namünasib sözlər deyə bilərdi. Ona görə də Hz. Fatimə:

− Ona qarşı pis rəftarından narahatıq, − deyə cavab verir.

Ömər isə səsini bir az da azaldaraq: “Qorxma!” −  deyir. Sonra da həmin səhifələri oxuyub  geri qaytaracağına dair söz verir.

Bir az əvvəl al-qan içində olan bacısının sevinci yerə-göyə sığmırdı. Qardaşının imana gələcəyini hiss etmişdi, çünki Hz. Fatimə Öməri yaxşı tanıyırdı. Ömər məsələsi  həll olmuşdu. Buna görə də Hz. Fatimə bir addım da atır:

− Ey qardaşım! Sən hələ şirkin kiri içindəsən, halbuki bu Qurana natəmiz olanlar əl vura bilməz, − deyir.

Yaxşı, bəs nə etmək lazım idi?

Hz. Fatimə Ömərə qüsl haqqında məlumat verir… Çünki Quran Allahın kəlamıdır və o, Allahın razı olduğu şəkildə ələ götürülməli idi.

Bu, Ömər üçün böyük imtahan idi. Amma o, bu böyük zərbədən sonra qəti qərarını vermiş və seçimini etmişdi. Gedir və bacısının öyrətdiyi kimi qüsl alır. Bir az əvvəlki qəflətin yerini cənnət bağlarındakı rahatlıq almışdı, çöhrələrdən xoşbəxtlik yağırdı.

Bu ərəfədə Hz. Fatimə “Taha” surəsi yazılan səhifələri Ömərə verir. Ömər oradakı ayələri oxuyurdu. Bir yerə gələndə özünü saxlaya bilmir və:

−  Nə gözəl kəlam. Nə şirin ifadələrdir bunlar, − deyir.

Digər tərəfdə də gizləndiyi yerdən Ömərin Quranı oxumasına qulaq asan və oxuyandan sonra da fikrini bildirən izahına şahid olan Habbab ibn Ərətt təkbir gətirib hayqırmaqdan  özünü güclə saxlayırdı. Hələ dünən axşam İbn Ərkamın evində edilən dua bütün canlılığı ilə yaddaşında idi. Bir dua bu qədər qısa vaxtda qəbul edilər və iki Ömərdən biri bu qədər tez haqqa təslim olardımı? İndi Habbab gizləndiyi yerdən buna şahid olurdu. Çox keçmədən həyəcanını yatıra bilməyən Habbab gizləndiyi yerdən çıxır və Hz. Ömərə:

− Ey Ömər! Allaha and olsun ki, mən sənin Allah Rəsulunun duasına məzhər olduğunu ümid edirəm. Dünən mən Onun “Allahım! Nə olar, dinini bu iki Ömərdən biri ilə gücləndir: Ömər ibn Xəttab və Amr ibn Hişam,” − deyə dua etdiyini eşitdim. Ey Ömər, Allaha and olsun ki, məsələ budur, − deyə səslənir.

Hz. Ömər iki gözlənilməz hadisə ilə birdən qarşılaşmışdı. Əvvəla, Habbabın burada nə işi var idi, indiyə qədər harada idi? Niyə gizlənmişdi və indi nəyə görə gəlib bunları deyirdi?

Onun üçün ikinci gözlənilməz məsələ isə öldürmək üçün qılınca qurşanıb yanına can atdığı Allah Rəsulunun böyüklüyü idi. Arada ancaq bu qədər bir fərq ola bilərdi. Sən Onu öldürmək istəyirsən və bu məqsədlə yola çıxırsan, O isə sənin imanını xilas etmək üçün vaxt ayırır və Rəbbinə dua edib yalvarır. Aman Allahım, bu, nə əzəmət idi? Bu nə böyüklük idi?!

O zəhmli Ömər artıq xəcalət çəkirdi. Habbaba tərəf dönüb:

− Ey Habbab, mənə Məhəmmədin yerini göstərə bilərsənmi? Dərhal onun yanına getmək istəyirəm, − deyir.

− İndi O, səhabələri ilə birlikdə Səfa təpəsində bir evdədir.

Artıq Ömərin hədəfi məlum idi. Hərçənd, bu ünvan səhərki hədəflə eyni idi, amma bu dəfə niyyət fərqli idi.

Çox keçməmiş İbn Ərkamın qapısı döyülür. Deşikdən çölə baxan səhabə gələnin Ömər olduğunu görüb həyəcan və qorxu içində tez Allah Rəsulunun (s.ə.s.) hüzuruna qaçır:

− Ey Allahın Rəsulu! Gələn Ömərdir. Qılıncına qurşanıb qapıda gözləyir, − deyir. Hz. Həmzə tez ayağa durur:

− Ey Rəsulallah, icazə ver, gəlsin! Əgər xeyir məqsədlə gəlibsə, onu bağrımıza basarıq. Amma pis bir niyyəti varsa, o vaxt biz qılıncını alar və onu elə öz qılıncı ilə öldürərik!

Rəsulullah (s.ə.s.) da başqa cür fikirləşmirdi. Duanın necə böyük silah olduğunu deyən, əllərini açıb Ömər üçün dua edən O deyildimi? Əlbəttə, bu çətinliklər qarşısında Allah (c.c.) Sevgili Peyğəmbərini (s.ə.s.) tək qoymur və istəklərinə cavab verirdi. Allah Rəsulu (s.ə.s.) şükür içində:

− İcazə verin, gəlsin, − buyurur. Özü də oturduğu yerdən durur. Görünür, Öməri ayaq üstə qarşılamaq istəyirdi.

Qapı açılır və iri cüssəli Ömər içəri girir. Qarşısında şəfqətlə ona qucaq açan Allah Rəsulu (s.ə.s.) dayanmışdı. Bu cür istilik ancaq cənnətdə ola bilərdi. Allah Rəsulu (s.ə.s.) Öməri əvvəlcə möhkəm qucaqlayıb bağrına basır. Sonra da:

− İndiyə kimi harada idin, ey Xəttab oğlu? Allaha and olsun ki, haradasa Allah  sənə müsibət verənə kimi gəlməyəcəyini fikirləşməyə başlamışdım, − buyurur.

− Budur, gəldim, ey Allahın Rəsulu! Allaha, Rəsuluna və Onun dərgahından gələnlərə iman gətirmək üçün gəldim!

İbn Ərkamın evindən Səfa təpəsinə tərəf coşqun təkbir sədaları yayılırdı, çünki axşamkı duadan xəbəri olan və Rəsulullah da daxil olmaqla Ömərin gəlişini görən hər kəs həyəcandan özünü saxlaya bilməyib bir ağızdan təkbir gətirməyə başlamışdı. Ömərin gəlişi də ancaq buna layiq idi…

Hz. Ömərin gəlişi artıq yeni bir dövrün başlandığını göstərirdi. Hz. Həmzədən sonra Ömər kimi bir gücü yanlarında görən Rəsulullahın səhabələri bir-bir, iki-iki İbn Ərkamın evindən çıxmış və Səfa təpəsindəki təkbiri Məkkəyə yaymaq yarışına girmişdilər.[4] Çünki Hz. Ömərin gəlişi inananlara bir başqa güc vermiş, onun müsəlman olmasından sonra daha da izzətlə gəzməyə başlamışdılar; möminlər namaz qılarkən daha rahat hərəkət edir, Quran oxuyarkən də başqalarının onları narahat etməsindən o qədər də əndişə etmirdilər. Hz. İbn Məsudun dediyi kimi, Hz. Ömərin müsəlman olması din adına bir fəth mənasına gəlirdi.[5]

Hz. Ömər artıq müsəlman olmuşdu, amma daxilən yaşadığı dəyişikliyi hamıya elan etməmiş rahat dayana bilməyəcəkdi. Buna görə də Peyğəmbərimizə (s.ə.s.):

− Ey Allahın Rəsulu! Biz haqq yolda olduğumuz halda niyə dinimizi gizlədirik ki? Halbuki onlar batil üzrə olmalarına baxmayaraq öz düşüncələrini açıq-aşkar dilə gətirirlər, − deyir. Peyğəmbərimiz (s.ə.s.) səbirli və təmkinli bir insan idi. Əvvəl Əbu Bəkirə dediyi kimi ona da belə buyurur:

−  Ey Ömər, başımıza gələnləri görürsən… Biz hələ bunu edəcək sayda deyilik.

Ömər:

− Səni haqq ilə göndərən Allaha and olsun ki, əvvəllər hansı məclislərdə olmuşamsa, indi də gedib hamısında imanımı yüksək səslə söyləyəcəyəm, − deyir və İbn Ərkamın evindən çıxır. İlk getdiyi yer Kəbə idi. Əvvəlcə illərin yanlışlığına inad göstərə-göstərə Kəbəni təvaf edir. Sonra da qureyşlilərin yanına gedir. Görünür, onlar da bu gəlişi gözləyirdilər. Əbu Cəhil qabağa çıxıb kinayə ilə:

− Deyəsən, sən də sabi[6]  olmusan, − deyir. Ömər kükrəyir:

− Mən şəhadət gətirirəm ki, Allahdan başqa ilah yoxdur və Məhəmməd də Onun həm qulu, həm də Rəsuludur.

Bunu deyən dünənki dostları Ömər də olsa, müşriklərin buna dözümləri yox idi və hamısı birdən onun üstünə atılır. Ancaq bu dəfə ortada bir Ömər həqiqəti var idi. Üstünə ilk gələn Utbəni tutan kimi yerə yıxır və onu möhkəmcə döyür. Barmağı gözünə batan Utbə fəryad  qoparıb yerdə çırpınır, iztirabı ilə Məkkəni inlədirdi. Ömər asan tikə deyildi, amma o sanki əvvəlki Ömərdən daha güclü və daha çevik idi. Bir anda ətrafındakı izdiham dağılır. İslamın izzətini təmsil edərək Məkkənin küçələrində yeriyən Hz. Ömərə artıq heç kim qarşı çıxa bilmirdi. O da Rəsulullahın (s.ə.s.) yanında verdiyi sözü yerinə yetirmək üçün bütün məclisləri gəzir və eşitməyən “karlara” da İslamın adını və gözəlliklərini eşitdirirdi.

Allah Rəsulu (s.ə.s.) yenə narahat idi. Nəhayət, Ömərin gəlişini görüb nə baş verdiyini soruşur. Hz. Ömər vəzifəsini qüsursuz yerinə yetirməyin sevinci ilə danışmağa başlayır:

− Anam-atam Sənə fəda olsun, ey Allahın Rəsulu! Narahat olası heç bir məsələ yoxdur. Allaha and olsun ki, İslamla şərəflənməmişdən əvvəl iştirak etdiyim hər məclisə getdim və içimdən gəldiyi kimi, heç kimdən qorxub-çəkinmədən imanımı elan etdim.[7]

Hira ziyarətləri

Peyğəmbərlik vəzifəsi veriləndən sonra Rəsulullah (s.ə.s.) əvvəllər də özünə məskən etdiyi Nur dağına gedər və Hirada mənəvi rahatlıq tapardı. Bəzən bu ziyarətlərə hər an Onunla birlikdə olmaq istəyən səhabələri də qoşular, beləliklə, müştərək bir ziyarət həyata keçirərdilər.

Yenə belə günlərdən birində Hz. Əbu Bəkir, Hz. Ömər, Hz. Osman, Hz. Əli, Hz. Talha, Hz. Zubeyr, Hz. Abdurrəhman, Hz. Sad və Hz. Səid ibn Zeydlə birlikdə Hiraya çıxmışdılar. Elə bu vaxt Nur dağı şiddətlə silkələnməyə başlayır. Bəlli ki, Onunla birlikdə bu məfkurəni gələcəyə aparacaq bu insanlar üçün narahat olmuşdu. Bunun müqabilində Allah Rəsulu (s.ə.s.):

− Dayan, Hira, − deyir, − çünki sənin üstündə bir Peyğəmbər, bir  Siddiq və bir şəhid var![8]

Bunu deyərkən iti nəzərlərini gələcəyə yönəltmişdi və yanındakı səhabələrinin başına gələcək hadisələrdən xəbər verirdi.[9]



[1]. Hakim, Müstedrek, 3/574 (6129)

[2]. Bax: “Haqqa” surəsi, 69/42.

[3]. Səid ibn Zeyd eyni zamanda Hz. Ömərin əmisi oğlu idi.

[4]. Bax: İbn Hişam, Sire, 2/187 və b.

[5]. Bax: İbn Sa’d, Tabakat, 3/270

[6]. Ulduzları müqəddəs hesab edərək onlara ibadət edən bir düşüncə şəkli. Səmadan vəhy gəldiyinə görə Qureyşin böyükləri İslamiyyət haqqında bu ifadəni işlədərək onu məsxərəyə qoymağa çalışırdılar.

[7]. İbn Kesir, el-Bidaye ve’n-Nihaye, 1/439

[8]. Muslim, Sahih, 4/1880 (2417); Ahmed b. Hanbel, Müsned, 1/188; Nesai, Sünen, Vakfül-Mesacid, 4(3609)

[9]. Bu bir möcüzə idi və aradan keçən illər tarixə Siddiq olaraq adını yazdıran Hz. Əbu Bəkirdən başqa, onların hamısının şəhid olmasına şahidlik edəcəkdi. Hətta Cəməl günü Hz. Zübeyr Hz. Əlinin haqlı olduğunu başa düşüb döyüşdən imtina edir, geri qayıdıb Siba vadisinə gəlir, burada namaz qılarkən ibn Cürmüz onu arxadan vurur və Xəlifə Hz. Əlidən iltifat görmək üçün dərhal onun hüzuruna gəlib müjdə (!) vermək istəyir. Hz. Əli onun “müjdə” olaraq gətirdiyi bu məşum xəbərdən sarsılır. Əvvəlcə:

− Bax bu qılınc Rəsulullahın ogünkü sıxıntısını uzaqlaşdırmaq üçün sıyrılan qılıncdır, − deyir. Sonra da:

− Safiyyənin oğlunu öldürən cəhənnəmdəki yerini hazırlasın, − deyir.  Bax:İbnKesir, el-Bidaye ve’n-Nihaye, 7/250; Kurtubi, el-Cami’ li ahkami’l-Kur’an, 16/321

Exit mobile version