Möminlər namaz qılıb Quran oxuyarkən müşriklər gəlib onları lağa qoyur və narahat edirdilər. Buna görə də Peyğəmbərimiz (s.ə.s.) və səhabələr ibadət etmək üçün kimsəsiz yerlərə üstünlük verir və namazlarını bu cür yerlərdə qılıb, Quranı səssiz yerdə oxumağı məsləhət bilirdilər. Ancaq müşriklər onların yerlərindən xəbərdar olmuşdular və bu yerlərə gəlib yenə də onları narahat etmək niyyətində idilər.
Peyğəmbərlik vəzifəsinin verilməsindən iki il keçirdi. Yenə bir gün səhabələr yığışıb Məkkə kənarında tənha bir yerdə namaz qılırdılar. Bu vaxt bir dəstə məkkəli yaxınlaşır və onlara lağ etməyə, namazlarına söz atmağa başlayırlar. Hərəkətləri təhrikedici idi. Nəhayət, iş o həddə çatır ki, aralarında başlayan söz atmacası yerini əl-qol hərəkətlərinə verir. Bir anlıq öz hisslərinə məğlub olan Sad ibn Əbi Vəqqas müşriklərdən biri ilə dalaşarkən onun başını yarmış və adam al-qana batmışdı. Onlar onsuz da bir bəhanə axtarırdılar, bu hadisədən öz xeyirlərinə istifadə etməyi düşünürlər.
Hadisələrin gedişatı yaxşı görünmürdü. Bu məsələdən xəbərdar olan və uzun müddətdir buna bir çarə axtaran Allah Rəsulu (s.ə.s.) ibadətləri daha rahat yerinə yetirmək və gələn ayələri bölüşərək hər kəslə birlikdə Rəhmani bir mühit yaşamaq üçün yeni yer axtarırdı. Dinin pöhrə və tumurcuqlarının zərər görməməsi üçün zamana ehtiyac var idi və bu zamanın daha sakit bir yerdə yaşanması lazım idi. Bu yolla sığındıqları yerdə hədəfə çevrilməkdən xilas olar və müşriklərlə qarşılaşıb təcavüzə məruz qalmaqla vaxt itirməzdilər.
Ərkam ibn Əbil Ərkamın əlinə öz imkanından Haqq üçün istifadə etmək fürsəti keçmişdi. Ərkamın (r.a.) Səfa təpəsində bir evi var idi. O, Rəsulullahı və səhabələri bura dəvət edir. Müsəlmanlar burada çox rahat namaz qıla, Quran oxuyaraq gələn ayələri maneəsiz paylaşa bilərdilər.
Təklif ağlabatan idi və Allah Rəsulu (s.ə.s.) tərəfindən də qəbul ediləcəkdi. Yeni bir mərhələ başlayırdı. Rəsulullah (s.ə.s.) İbn Ərkamın təklifini qəbul edərək Səfa təpəsindəki bu evə köçmüşdü. Bu, üç il sürəcək yeni bir həyat demək idi.[1]
Artıq bədxah qonşular arxada qalmışdı və yeni bir məkanla yanaşı, İslamın yayılmasına da yeni rəng gəlmiş, yeni bir təkan verilmişdi. Müsəlmanlar xəlvətcə bura gəlir və Rəsulullahdan (s.ə.s.) yeni gələn ayələri öyrənir, iman və təqva ilə bağlı uzun söhbətlər edir və başqalarının da əlindən tutmaq üçün fikir sancısı çəkirdilər.
Ammar ibn Yasir və Suheyb ibn Sinan
Ammarın atası Yasir ibn Amir, qardaşları Haris və Maliklə birlikdə itkin düşən dördüncü qardaşlarını axtarmaq üçün Yəməndən Məkkəyə gəlmişdilər. Uzun müddət burada qalsalar da, qardaşlarından heç bir xəbər ala bilməmişdilər. Bundan sonra Malik və Haris Yəmənə qayıtmış, Yasir isə Məkkədə qalmağa qərar vermişdi. Bu müddətdə Yasir Əbu Hüzeyfə ilə razılaşmış, onun işlərini öhdəsinə götürmüşdü. Əbu Hüzeyfə az vaxt ərzində diqqətini çəkən Yasiri kölələrindən biri olan Sümeyyə ilə evləndirmişdi. Bu evlilikdən də Ammar dünyaya gəlmişdi.
Yasirin ailəsinə olunan iltifat davam edirdi. Əbu Huzeyfə Yasiri azad etmişdi. Daha bundan sonra Yasir Mahzumoğullarının köməkçisi hesab edilirdi.
Artıq Ammar da böyümüş və Peyğəmbərin dəvətini qəbul etmişdi. Bir gün o, Rum diyarından gələn Suheyb ibn Sinanla İbn Ərkamın evinin qabağında qarşılaşır.
Süheyb ibn Sinan Rum diyarında əsir edilmiş və Məkkədən Kəlb adlı bir adam onu satın alaraq buraya gətirmişdi. Bir müddətdən sonra Kəlb onu Abdullah ibn Cüdana satmışdı və o artıq İbn Cüdanın yanında yaşayırdı. Süheyb ibn Sinan Hiradakı peyğəmbərlik hadisəsini eşitmişdi və bu səadətə qovuşmaq arzusu ilə İbn Ərkamın evinə tərəf gedirdi. İndi tale onu özü kimi gənc olan Ammar ibn Yasirlə üz-üzə gətirmişdi.
Əvvəlcə Ammar soruşur:
− Hara gedirsən?
Süheyb suala sualla cavab verir:
− Bəs sən hara gedirsən?
Ammar:
−Məhəmmədin hüzuruna gedib Ona qulaq asmaq istəyirəm, − deyəndə Süheyb:
−Mən də eyni şey üçün gəlmişəm, − deyərək birlikdə İbn Ərkamın evinə daxil olurlar. Heç hüzura gələndən sonra imanı ciyərlərə çəkməmək olardımı? Burada ab-havanın rənginə boyanmamaq mümkün idimi? Hikmət fəvvarələri coşmuşdu, Rəsulullah (s.ə.s.) səhabələri ilə söhbət edirdi. Belə bir şirin suyun mənbəyinə gəlib həmin bulaqdan içməmək olardımı heç? İki yoldaş eyni anda kəlmeyi-tövhid söyləyərək birlikdə müsəlman olurlar.[2]
Oğlundakı bu dəyişikliyi hiss edən Ammarın atası Yasir və anası Sümeyyə də Məhəmmədül-Əminə olan ehtiram və etimadlarının da təsiri ilə müsəlman olub iman karvanına qoşulurlar.
Musab ibn Umeyr
Musab ibn Umeyr imkanlı və zadəgan bir ailənin oğlu idi. Valideynləri onun üstündə əsir, bir dediyini iki eləmirdilər. Xüsusilə də, anası Hünas oğluna göz bəbəyi kimi baxır, yanından ayırmaq istəmirdi.
Gənclik çağına çatmış Musab artıq yaraşıqlı bir yeniyetmə idi. Özünə çox fikir verər, bir dəfə geyindiyini ikinci dəfə geyinməzdi. Həmişə gözəl ətirlər vurardı. Hamı heyranlıqla onu izləyərdi. Keçdiyi küçələrdə pəncərələr aralanar, onu görüb baxmaq üçün pərdələr tərpənər, arxasınca baxışlar süzərdi. Etibarlı gənc idi. Məclislərdə olması həmin yer üçün şərəf hesab edilər və həmişə hörmət görərdi. Qapılar da, qəlblər də onun üzünə taybatay açıq idi.
Bir gün onun da qulağına bəzi şeylər çatmış və onu maraq bürümüşdü. Bu, izah olunması mümkün olmayan bir maraq idi. Bir də baxır ki, İbn Ərkamın evindədir. Allah Rəsulu orada Quran oxuyur, söhbət və dua edirdi. Bir az dinləyir… İnsanın bu səsə vurulmaması mümkün deyildi. Şirin bir hikmət şəlaləsi ilə üz-üzə idi. Eşitdiklərinin hüceyrələrinə kimi işlədiyini hiss edirdi. Ürəyində şirin bir sızıltı başlamış, zehni görüb eşitdikləri ilə məst olmuşdu.
Onun bu vəziyyəti Hz. Məhəmmədin də (s.ə.s.) diqqətindən yayınmamışdı. Ona yaxınlaşır və əlini sinəsinə qoyub sığallamağa başlayır. Musab bu mübarək əllərin hərəkəti ilə imanın iliklərinə işlədiyini hiss edirdi. Elə oradaca Hz. Musab yaşından böyük yetkinliklə qərarını verir. Bu, axını dəyişdirəcək bir yetkinlik idi. Özünə yer tapa bilmirdi, nur saçırdı, sevincindən sanki uçurdu. İnsanların qibtə ilə baxdığı o dəbdəbəli həyatın ona mənəvi rahatlıq vermədiyini, verə bilməyəcəyini indi daha yaxşı başa düşürdü. Çünki burada hər şey yeni və çox təbii idi.
Artıq Musab da Bilallar kimi özünü İbn Ərkamın evindən qaynayıb çıxan bu şirin su mənbəyinə həsr etmişdi, ora getmədən dayana bilmirdi. Bir tərəfdən Allah Rəsulunun sözlərindəki lətafətlə iliklərinə kimi mənəvi rahatlıq duyur, digər tərəfdən də belə bir dəyərə qiymət verə bilmədikləri, hətta Ona düşmənçilik bəslədikləri üçün məkkəlilərə qəzəblənirdi. Heç belə bir qiymətin qədri bilinməzdimi?
Musab artıq müsəlman olmuşdu, amma bunu ailəsinə, xüsusən də, anasına necə deyəcəyini bilmirdi. Çünki ondan çəkindiyi kimi heç kimdən çəkinmirdi. Bütün gücü ilə Məkkə üstünə tökülsə, narahat olmazdı, amma anasının münasibəti ağlını başından çıxarardı. Buna görə də imanını gizlətmək qərarına gəlir, heç kimə bir şey deməyəcək və beləliklə, anası ilə də qarşı-qarşıya gəlməyəcəkdi.
Amma o dövrdə Məkkədə hər hansı bir şeyi gizlətmək mümkün deyildi, sanki, hamı Qureyşin casusuna çevrilmişdi, bir-birinə xəbər aparıb-gətirirdi.
Bir gün İbn Ərkamın evinə gedərkən Osman ibn Talha onu görmüşdü. İkinci dəfə görəndə isə Musab namaz qılırdı. Osmanın artıq Musabın da yeni axına qoşulduğuna heç bir şübhəsi qalmamışdı. İnana bilmirdi; onun kimi varlı bir adam necə ola bilərdi ki, Ammar kimi, Bilal kimi, Habbab kimi kasıblarla bir yerdə oturub-dura, onların arasına girib dədə-babalarının ənənəsindən, bütlərdən qopa bilərdi? Tez Musabın anasının yanına qaçır və gördüklərini bir-bir danışır. Çünki bu gedişə bir əlac tapılmalı və axına “dayan” deyilməli idi!
Musabın yenidən doğulduğunu Məkkədə eşitməyən qalmamışdı. Gözlədiyi kimi, anasının şiddətli etirazı ilə üzləşir. Bir vaxtlar dillərdən düşməyən Məkkənin hörmətli Musabı artıq “Allah” deyib, “Peyğəmbər”ə heyranlığını ifadə etdiyi üçün hər gün döyülürdü. Onlarla əlaqə qurmaması üçün dərin bir yerdə həbsdə saxlanılırdı və üstünə bir nəfər də gözətçi qoymuşdular. Ağlı və ürəyi Allah Rəsulunun yanında, amma bədəni öz evində həbs həyatı yaşayırdı artıq!..
Bəli, anasının istəkləri çox vacib idi, amma bir ana da göz görə-görə oğlunun qəlbinə qıfıl vurmamalı idi. Onu da incidə bilməzdi… Anasının haqqı var idi onun üstündə… Ancaq könlünün gülü ilə əlaqəsinin kəsilməsini heç cürə həzm edə bilmirdi. “Tapdım” deyərkən məhrum olmağın nə mənası var idi?
Hz. Əbu Bəkrin təşəbbüsü
Aradan bir müddət də ötmüşdü. Peyğəmbərimizin (s.ə.s.) ətrafında hələ ki, otuz səkkiz mömin var idi. Gələn vəhyin aydınlığında könül zənginliyinin zirvəsinə yüksələn Hz. Əbu Bəkir (r.a.) ruhundakı fırtınaları sakitləşdirə bilməmişdi və Əbu Zər kimi Kəbədə Allahın adını hayqırmaq istəyirdi. Allah Rəsulu (s.ə.s.) əvvəlcə qüvvələr nisbətinin bərabər olmadığını vurğulayıb:
− Biz say etibarilə çox azıq, − desə də, Hz. Əbu Bəkirin qəlbini qırmır. Sonra da onu tək buraxmamaq üçün birlikdə Kəbəyə gəlirlər. Hərə bir tərəfdə oturub onları açıq-aşkar İslama dəvət edən Hz. Əbu Bəkirə qulaq asırdı. Beləliklə, o, eyni zamanda ilk xətiblik vəsfini də almış olurdu.
Ancaq öz iradəsi xaricində başqa bir yeniliyə əsla dözməyən Qureyş hər tərəfdən onlara hücum çəkir. Onları hədəf seçmişdilər, əllərinə nə keçsə, rəhmsizcəsinə vururdular. Bu vaxt Hz. Əbu Bəkri ayaqları altına alıb əzişdirirdilər. Xüsusilə də, Utbə ibn Rabiə bitib-tükənməyən intiqam hissi ilə Hz. Əbu Bəkri amansızcasına döyürdü. Hz. Əbu Bəkir o qədər döyülmüşdü ki, üzü al-qan içində idi, burnu üzünə yapışmışdı. Taqəti kəsilən Hz. Əbu Bəkir hərəkətsiz qalır. Nəhayət, “öldü” deyə əl çəkirlər.
Bu zaman hadisədən xəbər tutan qohumları Hz. Əbu Bəkri evinə aparırlar. Vəziyyətin ciddi olduğunu görüb yenidən Kəbəyə qayıdırlar və and içib oradakılara belə deyirlər:
− Əgər Əbu Bəkir ölərsə, vallah, biz də Utbəni öldürəcəyik.
Sonra Hz. Əbu Bəkrin evinə qayıdırlar. Bütün qohum-əqrəbası həyat nişanəsi olub-olmadığını öyrənmək istəyirdilər.Danışmasına çalışırdılar.
Axşama yaxın Əbu Bəkir bir balaca hərəkət edib özünə gələn kimi olur. Bəli, o yaşayırdı!.. Başına yığışan qohumları bununla da rahat nəfəs almış, illərlə davam edəcək bir qan davasından ucuz qurtulmuşdular.
Hz. Əbu Bəkir nəyə görə yaşadığını çox yaxşı bilən bir insan idi. Həyatını Onun sevgisi ilə doldurmuşdu. Hələ ilk gündən malını və canını fəda edən Hz. Əbu Bəkir bu günlərə də hazır idi. Çətinliklə özünü toplamağa çalışır; özünü məcbur etsə də, ayağa dura bilmirdi. Nəsə demək istəyirdi. Titrəyən dodaqlarından eşidilən ilk söz bu olur:
− Rəsulullahın vəziyyəti necədir?
Yanındakıların bu həyəcanı başa düşməsi mümkün deyildi. Ölümdən dönən bir adamın ayılan kimi ilk olaraq başqasını fikirləşib Onun halını soruşması onlar üçün anlaşılmaz idi. Buna heç əhəmiyyət də vermədilər və ardınca da yemək-içmək verməyə çalışdılar.
Əbu Bəkirin qidasının yemək-içmək olmadığını bilə bilməzdilər. Birlikdə yola çıxdıqları yerdə can dostu Rəsulullahın başına bir iş gəlibsə, Əbu Bəkir necə yemək barədə fikirləşə, xeyir xəbərini almamış necə soyuq su ilə sərinləyə bilərdi?
Yaşadığını görən qohumları artıq getmişdi. Əbu Bəkir də anası ilə tək qalmışdı. Gözlərini bir də açanda anasının başının üstündə əlində bir kasa şorba ilə dayandığını görür. O, yenə çətinliklə tərpətdiyi dodaqları ilə eyni sözləri təkrar edir:
− Rəsulullah necədir? O, nə vəziyyətdədir?
−Vallah, Sahibin haqqında məlumatım yoxdur, − deyə cavab verir anası təəccüblü baxışlarla… Bir ana kimi ürəyi yanırdı; illərdir, həsrətində olduğu və çox yalvarışlardan sonra Rəbbinin ona bəxş etdiyi bircə oğlunun qolu-qanadı qırılmış, qan içində yatırdı.
Əlacsız idi… Özünü ayağa durmağa məcbur etsə də, bunu bacarmırdı. Özünün əlindən bir şey gəlmir, az qala anasına yalvarırdı:
− Nə olar, Xəttabın qızı Ümmü Cəmilin[3] yanına gedib Onun vəziyyətini öyrən!..
Ana ürəyi şəfqətlə döyünürdü… Oğlunun bu istəyini yerinə yetirmək üçün əlacsız qalıb Ümmü Cəmilin yanına gedir. Əvvəlcə:
− Əbu Bəkir səndən Abdullahın oğlu Məhəmmədin vəziyyətini soruşur, − deyir.
Həmin vaxt iman gətirdiyini açıqlamaq bir insan üçün qapılarını bəla və müsibətlərin üzünə açmaq mənasına gəlirdi. Bəli, Ümmü Cəmil də iman gətirmişdi, amma qureyşlilərin şərindən az da olsa, qorunmaq üçün imanını açıqlamırdı. Əvvəlcə nə Əbu Bəkri, nə də Abdullahın oğlu Məhəmmədi tanıdığını deyir. Ancaq Ümmül-Xayr buraya qədər gəlmişdisə, deməli, məsələ önəmli idi.
− Bu işdə bir qəribəlik var, − deyib Əbu Bəkirin anası ilə birlikdə onlara gəlirlər. Hz. Əbu Bəkir evdə huşsuz və halsız yatırdı. Ümmü Cəmil yanına gəlib onun halını görəndə özünü saxlaya bilmir. Ümmül-Xayra bildirmək istəmədiyi halda, fərqinə varmadan:
− Sənə bunu rəva görənlər, şübhəsiz ki, haqq yoldan azanlardır. Ümid edirəm ki, Allah çox keçməz, sənin intiqamını alar, − deyir. Əbu Bəkir (r.a.) yenə eyni sualı təkrarlayırdı dodaqlarında:
− Rəsulullah necədir? O, haradadır?
Ümmü Cəmil özünü ələ almış və ciddiləşmişdi:
− Anan buradadır, danışdıqlarını eşidir, − deyir sakitcə.
Əbu Bəkir (r.a.) anasını yaxşı tanıyırdı və:
− Ondan sənə heç bir zərər gəlməz. Ondan söz çıxmaz, − deyə arxayın edincə Ümmü Cəmil Hz. Əbu Bəkrə müjdəni verir:
− Sağ-salamatdır.
Amma o, bununla kifayətlənəcək kimi görünmürdü. Elə sədaqət də bunu tələb edirdi. Bir də soruşur:
− O haradadır?
− Ərkamın evində, − cavabını verir Ümmü Cəmil.
Öz gözü ilə görməyincə ağrıları sakitləşəsi deyildi və özünü güclə toplayıb:
− Allaha and olsun ki, Rəsulullahın yanına gedib Onu görənə kimi nə bir şey içəcəyəm, nə də ağzıma bir loğma qoyacağam, − deyir.
Aranın sakitləşməsini gözləməkdən başqa əlac yox idi. Axşam düşməsi ilə hər tərəfə səssizlik çökür və Hz. Əbu Bəkrin qoluna girib İbn Ərkamın evinə aparırlar.
Hz. Əbu Bəkir qapıdan girib Rəsulullahın (s.ə.s.) nur üzünü görən kimi özünü Onun üstünə atır və üzündən-gözündən öpməyə başlayır. Elə bil ona dünyaları bəxş etmişdilər. Yaşadığı həzzin ifadəsində sözlər aciz idi. Həmçinin bu, Allahın ən sevimli bəndəsini ana-atadan, yardan da artıq sevməyin, imanın kamil zirvəsinə çatmağın bir nəticəsi idi. Rəsulullah (s.ə.s.) da bu cür buyurmamışdımı?[4]
Bu zaman oradakı səhabələr də vücudunda salamat yer qalmayan Hz. Əbu Bəkirin halına baxıb ağlayırdılar. Bu mənzərə qarşısında Allah Rəsulu (s.ə.s.) da çox təsirlənmişdi. İbn Əbi Kuhafə (Əbu Bəkir Kühafə oğlu) Rəsulullahın keçirdiyi hissləri anlamışdı. Əbu Bəkir (r.a.) kökdən həssas xarakterə malik bir insan idi və Həbibinin (Allah Rəsulunun) kədərlənməsinə könlü razı olmazdı… Ola da bilməzdi… Bir ara özünü ələ alıb hıçqırıqlarına hakim olan Əbu Bəkirin (r.a.) dilindən bu sözlər eşidilir:
− Anam-atam Sənə fəda olsun, ey Allahın Rəsulu! Mənim elə bir ciddi narahatçılığım yoxdur. Təkcə o fasiqin sifətimi vurub əzməsi bir az ağrı verir.
Bu necə bir sevgi idi ki, öz başına gələnlərdən sevdiyi insanın üzülməsinə də razı olmur və Onu kədərləndirməmək üçün yaxşı olduğunu söyləməyə çalışırdı?!
Rəsulullaha bu qədər yaxınlaşmışdı… Bunu da imanı naminə dəyərləndirməli və fürsəti əldən buraxmamalı idi. Üstündə yarpaq kimi əsən anasını göstərib səmimi bir yalvarışla xahiş edir:
− Ey Allahın Rəsulu, bu, mənim anamdır. Məni çox sevir, öz valideynlərinə qarşı da çox yaxşıdır. Sən mübarək bir şəxssən. Bir də Sən onu Allaha dəvət et. Onun üçün Allaha dua et ki, Allah Sənin vəsilənlə onu cəhənnəmdən qorusun!
Bu, necə səmimiyyət, necə fədakarlıq idi?! Bu cür səmimi istəyə Rəsulullah (s.ə.s.) da “yox” demir. Əllərini açır və Əbu Bəkrin (r.a.) anasına iman qismət etsin deyə mərhəmətli Rəbbinə yalvarır.
Deməli, artıq vaxt gəlmişdi. Bu, necə lütf idi ki, Hz. Əbu Bəkirin anası Ümmül-Xayr elə oradaca müsəlman olmuşdu?![5]
Ölümlə üz-üzə gəldiyi anlarda belə başqalarının dünya-axirət səadətini fikirləşən Hz. Əbu Bəkrin sevincinə söz yox idi. Anasının müsəlman olması ona bütün iztirablarını unutdurmuşdu. Hz. Əbu Bəkir Rəsulullahla birlikdə İbn Ərkamın evində bir aya kimi qalır.
Bu kədərli hadisədən sonra möminləri sevindirən başqa bir hadisə baş verəcəkdi: Peyğəmbərimizin (s.ə.s.) əmisi və həm də süd qardaşı Hz. Həmzə həmin gün gəlib müsəlman olacaqdı.[6]
Hz. Həmzənin müsəlman olması
Hz. Həmzə qardaşı oğlu Məhəmmədül-Əmindən iki yaş böyük idi və həmçinin Onun süd qardaşı idi. Anası Halə Rəsulullahın (s.ə.s.) anası Əminənin bibisi qızı idi. Həmzə xeyli vaxt idi ki, baş verən hadisələri kənardan müşahidə edir, qardaşı oğlu haqqında deyilənlərə qulaq asıb beynində götür-qoy edir, amma heç cür qəti qərar verib Onun hüzuruna gələ bilmirdi.
Peyğəmbərliyin başlamasından hələ iki il ötmüşdü.[7] Yenə həcc mövsümü, zilhiccə ayı idi. Bir gün Əbu Cəhil Səfa təpəsində olan Allah Rəsulunun (s.ə.s.) yanına gəlmiş və nalayiq sözlərlə Ona sataşmışdı. Əbu Cəhil həmişəki kimi Allah Rəsulunun könlünü qırıb ruhunu incidəcək hərəkətlər etmişdi. Bütün bunlara baxmayaraq, Allah Rəsulu susmuş və cavab verməyi də münasib bilməmişdi. Qarşılıq görməyən Əbu Cəhil oradan uzaqlaşmış və Kəbəyə, onun kimi düşünən qureyşlilərin olduğu yerə gəlmişdi. Abdullah ibn Cüdanın xidmətçisi də yerində dayanıb bütün bu baş verənlərə şahid olmuşdu.
Çox keçmədən Peyğəmbərimiz (s.ə.s.) də oradan uzaqlaşıb evinə gəlir.
Bu vaxt Peyğəmbərimizin başqa əmisi Həmzə ibn Abdulmuttalib ox-yayına qurşanmış halda ovdan qayıdırdı. Həmzə heybətli və güclü bir insan idi. Qureyşlilər ondan çəkinir və cəsarəti qarşısında heyranlığını gizlədə bilmir, qarşısında olmaqdansa, onunla birgə hərəkət etməyə üstünlük verirdi. Ovçuluq işini də ibadət nəşəsi ilə görər, tam təchizatla hazırlanıb ova çıxar, ovdan qayıdarkən hamı ilə salamlaşar və o günkü işini evinə getməmiş Kəbəyə baş çəkməklə (ziyarətlə) yekunlaşdırardı. O gün də Həmzə həmişə olduğu kimi, ovdan qayıdarkən qabağına çıxanlara salam verir, hal-əhval tuturdu. Yolda Abdullah ibn Cüdanın xidmətçisi ilə qarşılaşır. Zülmə seyrçi qalmaq da başqa bir zülmdü və bu gün qardaşı oğlunun başına gələnləri mütləq əmisi Həmzəyə çatdırmalı idi. Buna görə də əvvəlcə:
− Ey Əba Uməra! Bir az əvvəl qardaşın oğlu Məhəmmədə Əbul Hakəm ibn Hişamın (Əbu Cəhil) etdiklərindən heç xəbərin varmı? Bax, burada Onu görən kimi üstünə yeriyib nalayiq sözlərlə Ona çox əziyyət verdi. Onu həqarətləri ilə cavab verməyə təhrik etdi, amma Məhəmməd heç iltifat da göstərmədi, onunla danışmadı da! − deyir.
Həmzə bir anda qəzəblənmiş, hirsindən damarları şişmişdi. Bəli, qardaşı oğlu yeni bir dinlə gəlmişdi, amma Onu çox istəyirdi. Bu günə kimi Ona edilənlərin müqabilində səsini çıxarmamışdı, bəlkə də, zülmün ölçüsündən xəbərsiz idi. Günahı olmayan müdafiəsiz bir adama bu qədər zülm verilərdimi heç? Ox-yayını götürüb çölə çıxır, bəlli ki, hədəfi Əbu Cəhil idi. Artıq qarşısına çıxan adamlara salam verməyi də unutmuşdu. Görünür, Həmzə yeni bir ova çıxmışdı! Yolda gedərkən Həmzə ilə qarşılaşan adamlar onun hiddətlə gəldiyini görüb təşvişə düşmüş, işin sonunu maraqla gözləməyə başlamışdılar. Həmzə heç kimin yanında dayanmır, adətinin əksinə olaraq heç kimə salam vermir və müəyyən bir hədəfə bağlanıb mütəmadi olaraq sürətli addımlarla irəliləyirdi.
Nəhayət, Kəbəyə gəlir. Gözləri bir adamı axtarırdı və axtardığı adamın insanların arasında oturduğunu görür. Sürətlə yanına gəlir. Oturanların ürəkləri ağızlarına gəlmişdi. Onun gəlişini görən kimi Əbu Cəhil bu gün etdiklərinə min dəfə peşman olmuşdu, amma artıq iş işdən keçmişdi. Birbaşa Əbu Cəhilin yanına gəlir, yayını qaldırır və bərk-bərk vurmağa başlayır. Bir tərəfdən də:
− Sən necə olur ki, Ona sataşır, pis sözlər danışırsan? Mən də Onun dinindənəm, Onun dediklərini deyirəm. Gücün çatırsa, mənim qabağıma çıx, görüm səni! − deyirdi.
Əbu Cəhil al qanın içində idi. Onu bu vəziyyətdə görən Mahzumoğulları Hz. Həmzəyə mane olmaq istəmişdilər. Ancaq Əbu Cəhil buna etiraz edir:
− Əbu Uməraya (Hz. Həmzəyə) toxunmayın! Həqiqətən də, mən bu gün onun qardaşı oğluna ağır söyüşlər söydüm,[8] − deyir. Bəlkə də, məqsədi, “əlindən çıxan”, yəni İslamı qəbul edən Hz. Həmzəni geri qaytarmaq idi. Bəlkə də, hələ səhəngin qırıldığından xəbəri yox idi. Amma artıq çox gecikmişdi.
Bu vaxt bəziləri söz atmağa başlamışdı:
− Nə oldu, Həmzə! Yoxsa sən də dədə-babalarının dinindən döndün?
Hz. Həmzənin cavabı gecikmir:
− Mənim üçün hər şey aydın olandan sonra Onun Allahın Rəsulu olduğunu və dediklərinin də haqq olduğunu söyləməyimə nə mane ola bilər ki?! Allaha and olsun ki, mən Ondan vaz keçməyəcəyəm. Sözünüzə sadiqsinizsə, gəlin mənə mane olun, görüm necə olursunuz!
Həmzənin qərarı qəti idi və birbaşa qardaşı oğlu Məhəmmədül-Əminin hüzuruna gəlir. Keçirdiyi hissləri danışır Ona… Fikirlərini bölüşür və bundan belə həmişə yanında olacağı müjdəsini verir. Əslində çətin qərar idi, çünki bir əmi üçün özündən iki yaş kiçik qardaşı oğlunun dizinin dibinə çöküb Onun hər dediyini qəbul etmək, qırx dörd illik keçmişin üstündən xətt çəkib yenidən doğulmaq və bu günə qədər yığdıqlarını bir tərəfə atıb həyata sıfırdan başlamaq güclü iradə tələb edirdi və Hz. Həmzə o gün bu iradəni ortaya qoymuşdu.
Ancaq bu cür iradə nümayiş etdirmək güman edildiyi kimi asan da deyildi… Axşam Həmzə (r.a.) evinə qayıdanda nəfs və şeytan onu öz məngənəsinə salmaq üçün beynini suallarla məşğul etməyə başlayır. Həmzə kimi bir adamın iman cərgəsinə qoşulmasını şeytan asan-asan həzm edərdimi heç? Şeytan dərhal Hz. Həmzənin yanında peyda olmuşdu və:
− Bəs sən Qureyşin böyük adamlarından deyildinmi? Dədə-babalarının dinini atıb atalarının dinindən dönən bir adamamı tabe olursan? Sənin bu hərəkətindənsə ölmək daha yaxşıdır, − deyərək onun içinə qor salmağa çalışırdı.
Tamamilə şeytani yanaşma idi, şeytani düşüncə idi… Haqq surətində görünüb qarşısındakının ağlını oğurlamaq üçün riyakar bir davranış və tamamilə fürsət ovçuluğu idi bu… Ancaq aslan ovçusu Həmzə artıq Həzrəti Həmzə olmuşdu və onun kimi bir iradə sahibi asanlıqla təslim olmazdı. Lakin vəsvəsə hələ davam edirdi. Əlbəttə, heç Həmzə kimi bir adamı buraxmaq olardımı?
Gözünə yuxu getməyən Hz. Həmzə halını Rəbbinə ərz etmək üçün birbaşa Kəbəyə gedəcək və orada dua edərək qəlbinə gələn şübhə və vəsvəsədən qurtulmaq üçün Allaha yalvaracaqdı. O, artıq bir yola çıxmışdı və yolun zərurətlərini də yerinə yetirməli idi. Həqiqətən də, Allah (c.c.) bu səmimi yalvarışlarından sonra Hz. Həmzənin qəlbinə düşən şübhə toxumlarını aradan qaldırmış və o, mənəvi rahatlıq içində yenidən evinə qayıtmışdı.
Səhər açılan kimi Hz. Həmzə qardaşı oğlu Məhəmmədül-Əminin hüzuruna gəlir və dünən başına gələnləri danışır. Allah Rəsulu (s.ə.s.) şəfqətlə əmisinə yönəlir və xeyli söhbət edir onunla polad kimi bir imanın öhdəsindən gələ bilməyəcəyi heç bir məsələ ola bilməzdi. Hz. Həmzə də bu imanı ortaya qoyacaq, şeytana şans verməyəcəkdi. Həmin gün qardaşı oğlunun hüzurundan gedərkən son sözü bu olmuşdu:
− İçimdən gələn ən səmimi hisslərlə deyirəm ki, Sən yaxşını və doğrunu təmsil edirsən, ey qardaşımın oğlu! Sən heç əndişə etmədən dinini təbliğ etməyə davam et. Allaha and olsun ki, artıq mənim üçün günəşin aydınlığının belə heç bir əhəmiyyəti yoxdur. Çünki mən artıq ilk dinimə qovuşdum.[9]
Hz. Həmzənin gəlişi müsəlmanlar üçün xüsusi bir əhəmiyyət ifadə edirdi. Gülməyə həsrət qalmış üzlər, az da olsa, təbəssümlə tanış olmuş, əzilmiş hisslər sevinclə barışmağa başlamışdı. Necə böyük bir rəhmət idi bu; başlanğıcı pis kimi görünən bir gündə Həmzə kimi aslan ovçusu gəlmiş və Peyğəmbərimizin tərəfinə keçmişdi. Artıq Hz. Həmzə Onunla birlikdə hərəkət edəcək və Ona köməkçi olacaqdı. Bundan sonra qureyşlilər məkrli planlar hazırlayarkən Hz. Həmzənin varlığını mütləq nəzərə alacaq, ən azı bəzi vərdişlərindən əl çəkəcək və addımlarını ona uyğun müəyyənləşdirəcəkdi.
Beləliklə, Muttalib ailəsi arınırdı; Əli və Həmzə kimi sinəsi İslama təşnə olanlar gəlib hüzurda həyat taparkən Əbu Ləhəb və oğlanları Utbə ilə Uteybə kimi qatı qəlblilər Allahın zikrindən qafil idi və möhürlənmiş qəlbləri ilə imana arxa çevirmişdilər. Gələn bir ayə mövzunu belə xülasə edirdi:
− Məgər Allahın köksünü islam üçün açmaqla Rəbbindən nura qovuşan kəs, qəlbi möhürlənmiş, qəlbi qatılaşan, sinəsi daralan kimsə kimi ola bilərmi?! Elə isə, vay qəlbləri Allahın zikrinə − Qurana qarşı sərt olanların halına! Onlar haqq yoldan açıq-aydın azmışlar.[10]
Utbənin planı
Məkkədə hər an gözlənilməz hadisələr olurdu. Bir tərəfdən Cəbrailin gətirdikləri dalğa-dalğa yayılır, digər tərəfdən də Qureyş hər dəfə yeni tələləri ilə inananların qarşısına çıxırdı. Onlar bu günədək müxtəlif cildlərə girmiş, fərqli üsullardan istifadə etmiş, amma istədikləri nəticəni əldə edə bilməmişdilər. İndi də Həmzə kimi bir adamı itirməyin ağrısını çəkirdilər. Gündən-günə qarşı tərəfdə kəmiyyət və keyfiyyət artımı müşahidə edilməsinə baxmayaraq, özləri elə hey itki verirdilər.
Başçı və “fikir atası” məqamında olan Utbə bir gün yoldaşlarına belə bir təklif edir. Bu vaxt Rəsulullah (s.ə.s.) Kəbədə oturub tək-tənha Allaha ibadət edirdi. Utbə yanındakılara Rəsulullahı (s.ə.s.) göstərib belə deyir:
− Ey Qureyş! Nə deyirsiniz? Gedib Məhəmmədlə danışım və Ona bəzi təkliflər verim. Nə bilmək olar, bəlkə bəzilərini qəbul etdi.
− Olar, ey Əbəl Vəlid. Get, danış Onunla!
Qövmünün fikirlərini də öyrənən Utbə ayağa qalxır və birbaşa Peğəmbərimizin (s.ə.s.) hüzuruna gəlir. Təəccüblü idi, gəlişində mülayimlik vardı; sanki, o günədək köpürən Utbə deyildi gələn. Yanına gəlir və:
− Ey qardaşımın oğlu! − deyərək sözə başlayır. Üzündə imana aid bir əlamət də görünmürdü, amma bu qədər mülayim davranmasının səbəbi nə idi görəsən? Sözlərinə belə davam edir:
− Sən də bilirsən ki, aramızdakı yerin və qövmünün nəzdində mövqeyin çox fərqlidir. Amma Sən qövmünə elə təkliflər gətirdin ki, bununla da onların arasını ayırdın, böyüklərini zəlalətlə günahlandırdın; dini düşüncələrini və tanrılarını alçaltdın, qısası, onların babalarının qoyub getdiklərini yox saydın. Bax indi mənə yaxşı qulaq as! Sənə bəzi təkliflərim olacaq, bəlkə, qəbul edərsən və bir nöqtədə razılaşarıq.
Peyğəmbərimiz (s.ə.s.) də diqqətlə qulaq asırdı. Görəsən, nə təklif edəcəkdi ki, aralarındakı düşmənçilik də bitəcək və bundan sonra sülh imkanı doğacaqdı?
− Danış, ey Əbəl Vəlid! Səni dinləyirəm, − buyurur.
− Ey qardaşımın oğlu, bizə təklif etdiyin işdə məqsədin əgər mal-dövlət əldə etməkdirsə, öz aramızda Sənə istədiyin qədər mal-dövlət toplayaq və Səni ən varlı adamımız edək. Əgər bununla mövqe, məqam əldə etmək istəyirsənsə, Səni özümüzə rəhbər təyin edək və Səndən xəbərsiz heç bir addım atmayaq. Əgər Sən bununla taxt-tac davası güdürsənsə, Səni hökmdar təyin edək. Yox, əgər bu Sənə gələnlər, öhdəsindən gələ bilmədiyin cin vurması və ya yuxudursa, Səni bu haldan qurtarmaq üçün mallarımızla səfərbər olaq və Səni bu vəziyyətdən xilas edək. Çünki əgər müalicə olunmasan, başa bəla olan cin, adamı öz təsiri altına alar.
Qureyşin yeni planı artıq bəlli olmuşdu. Peyğəmbərimiz dərin bir sükut içində idi… Bu adamlar nə istəyirdi? Utbə bir addım da qabağa gələrək bunları deyir:
− Ya Məhəmməd! Sən xeyirlisən, yoxsa atan Abdullah?
Peyğəmbərimiz (s.ə.s.) bu suala da cavab vermir. Xeyr, bəlkə də, cavabın ən gözəli ilə − susmaqla cavab verirdi. Gözlədiyi cavabı ala bilməyən Utbə şeytani sözlərini söyləməyə davam edir:
− Əgər onun Səndən daha xeyirli olduğunu qəbul edirsənsə, bil ki, o, Sənin hazırda təhqir etdiyin tanrılara sitayiş edirdi. Yox, əgər Özünü ondan daha xeyirli görürsənsə, onda danış, sözlərinə mən də qulaq asım.
Növbə Hz. Məhəmmədə (s.ə.s.) gəlmişdi və bayaqdan dinləyən Allah Rəsulu soruşur:
− Sözünü deyib qurtardınmı, ey Əbəl Vəlid?
Başqa nə deyə bilərdi ki?!
− Bəli, − deyir yavaşca. Bu dəfə sözə Söz Sultanı başlayır. Əvvəlcə:
− Elə isə bir az da sən Mənə qulaq as, − deyir. Utbə:
− Yaxşı, − söyləyir.
Rəsulullah böyük bir ehtiramla dizlərini yerə qoyur və:
− Bismilləhir-rahmənir-rahim! Ha, Mim! Bu Quran mərhəmətli, rəhmli olan Allahdan nazil olmuş bir bəyandır. Ərəbcə Quran olaraq onu bilən bir qövm üçün ayələri müfəssəl izah edilmiş bir kitabdır. Bu Quran həm möminlərə cənnətlə müjdə verəndir və həm də kafirləri cəhənnəm əzabı ilə qorxudan! Buna rəğmən inkar edənlərin əksəriyyəti ondan üz döndərib dinləməz və deyər ki: “Sənin bizi dəvət etdiyinə qarşı qəlblərimiz örtülü, qulaqlarımız da kardır və bizimlə sənin aranda pərdə vardır”.[11]
Allah Rəsulu (s.ə.s.) oxuyur, Utbə də səsini çıxarmadan bir kənara çəkilib qulaq asırdı. Rəsulullah on üçüncü ayəni oxuyanda Utbə dözə bilmir. Xəstə adamlar kimi titrəyirdi. Əllərini Allah Rəsulunun (s.ə.s.) mübarək dodaqlarına tərəf aparır. Taqəti qalmamışdı:
− Sus, ey Məhəmməd! İnandığın Allah xatirinə sus, − deyir.
Peyğəmbərimiz də ona:
− Budur, ey Utbə! Artıq eşitdiyini eşitdin, bundan sonrasını özün bilərsən, − buyurur.
Utbə böyük bir sarsıntı keçirirdi. Dinlədikləri müqabilində, sanki, dəlik-deşik olmuşdu. Bəlkə də, belə böyük insana bir az əvvəl etdiyi təkliflərin cılızlığından xəcalət çəkirdi. Böyük bir zərbə almış adamlar kimi, ağır-ağır yerindən qalxır və asta addımlarla yoldaşları tərəfə gedir.
Bayaqdan gözləyənlər Utbənin halsız gəlişini görüb öz aralarında danışmağa başlayırlar. Əbu Cəhil dözə bilmir:
− Allaha and içirəm ki, Əbul Vəlidin gəlişi gedişindən çox fərqlidir, − deyərək ondakı dəyişikliyi yanındakılara bildirir. Artıq Utbə onların yanına çatmışdı.
− Nə baş verdi, danış görək, ey Əbəl Vəlid, − deyirlər. Utbənin canından keçirdiyi sarsıntının təsiri hələ çəkilməmişdi. Gözləri bir nöqtəyə zillənmiş, bir-bir bunları deyirdi:
− Vallah, elə sözlər eşitdim ki, əvvəllər buna oxşarlarını heç vaxt eşitməmişdim. Vallah, o, nə şeirdir, nə sehrdir, nə də kahinlikdir! Ey Qureyş camaatı! Gəlin siz mənim dediklərimə qulaq asın! Gəlin bu adamla etmək istədikləri arasındakı maneələri aradan qaldıraq. Onun işinə qarışmayın. Allaha and olsun ki, Ondan eşitdiyim sözlərdə böyük xəbər var! Bilin ki, əgər ərəblər Ona üstün gələrsə, sizdən başqaları bu məsələni həll etmiş olar, ancaq bir gün gələr, O, ərəblərə qalib gələrsə, onda Onun mülkü sizin mülkünüz, şərəf və ləyaqəti də sizin şərəfiniz olar və siz həmin vaxt insanların ən xoşbəxti olarsınız.
Utbəyə qulaq asanların sifəti dəyişmişdi, eşitdiklərindən xoşlanmadıqları hər hallarından bilinirdi. Bu qədərinə də çətinliklə qulaq asmışdılar.
− Vallah, ey Əbəl Vəlid! O, dili ilə səni də sehrləmişdir, − deyib vəziyyətdən çıxırlar və ya ən azı çıxdıqlarını güman edirlər. Utbənin yanından uzaqlaşıb gedərkən Əbul Vəlid sadəcə:
− Mənim Onun haqqındakı fikrim budur, siz nə edirsinizsə edin,− deyə bilir.[12]
Sonra Utbə evinə yollanır. Tək qalmaq istəyirdi, çünki eşitdiyi ayələr onu ildırım kimi vurmuşdu…
Bir az sonra şeytana ağıl öyrədən Əbu Cəhil qapısı ağzında dayanmışdı. Utbənin iman gətirməsindən qorxur və dərhal hadisənin üstünə getməyi lazım bilirdi. Utbənin zəif yerini də yaxşı bilirdi və onu qürurundan vuracaqdı. Ona belə deyirdi:
− Ey Utbə! Eşitdim ki, Məhəmməd sənə çox böyük iltifat göstərmiş, orada sənə qonaqlıq vermiş, yedirib-içirmişdir. Sən də bu iltifata dözməyib Ona iman gətirmisən! Camaat arasında bunlar danışılır!
Utbə əsəbiləşmişdi. Görünür, Əbu Cəhil yenə isabət etmiş, zəif damarından tutmuşdu. Yerindən qalxıb belə deyir:
− Mənim Onun yeməyinə ehtiyacım olmadığını hamınız bilirsiniz. Aranızda ən varlı adam mənəm. Lakin Məhəmmədin dedikləri, həqiqətən, məni çox sarsıtdı. Çünki oxuduğu şeir deyildi. Kahin sözünə də heç oxşamırdı. Nə deyəcəyimi bilmirəm. O, sözündə doğru adamdır. Onun oxuduqlarını eşidərkən Ad və Səmud qövmünün başına gələn hadisələrin bizim də başımıza gələcəyindən qorxdum…[13]
Heyətin təklifi
Utbənin planı da işə yaramamışdı. Bir müddətdən sonra Məkkənin başbilənləri Kəbədə yığışacaq, baş verən hadisələrlə bağlı yeni plan müəyyənləşdirmək üçün müzakirələr aparacaqdı. Çünki Məhəmməd və tərəfdarları baş alıb gedirdilər. Hər ötən gün daha da nəzarətdən çıxan iman seli, belə gedərsə, onları da qabaqlarına qatıb aparacaq və onlar bunun qarşısında tutmağa bir budaq da tapa bilməyəcəkdilər.
Demək olar ki, hamı orada idi: Utbə, Şeybə, Əbu Süfyan, Nadr ibn Haris, Əbul-Baxtəri, Əsvəd ibnül-Muttalib, Zəma ibnül Əsəd, Vəlid ibn Müğirə, Əbu Cəhil, Abdullah ibn Əbi Ümeyyə, As ibn Vail, Ümeyyə ibn Haləf kimi nüfuzlu adamlar günəşin batmasından sonra Kəbədə yığışıb ümumi vəziyyəti müzakirə edirdilər. Nəhayət, aralarından biri irəli çıxıb:
− Məhəmmədə xəbər göndərin, gəlsin! Əl-ətəyinizdəki hər şeyi onunla bölüşün ki, sabah bizə bir bəhanəsi qalmasın, − deyir. Bundan sonra Rəsulullaha (s.ə.s.) xəbər göndərirlər:
− Qövmünün böyükləri bir yerə yığışmışdır. Danışmaq üçün Səni çağırırlar, tez gəl, − deyirlər.
Allah Rəsulu (s.ə.s.) onların iman gətirməsi ümidi ilə dərhal Kəbəyə gəlir. Rəsulullah (s.ə.s.) onların iman gətirməsini o qədər çox istəyirdi ki… Onların inadkarlığından artıq sıxılmışdı. Bu dəvətlə yeni bir qapının açılacağını fikirləşib ümidlənmişdi. Gəlir və yanlarında əyləşir. Onlar belə deyirdilər:
− Ya Məhəmməd! Biz Səni oturub yaxşı-yaxşı danışmaq üçün çağırdıq. Vallah, biz ərəblərin arasında Sənin qədər qövmü içində ayrıseçkilik salan, dədə-babaları haqqında mənfi danışan, onların dini etiqadlarını və tanrılarını pisləyən başqa bir adam görməmişik. Bütün mənfiliklər Sən ortaya çıxandan sonra meydana gəldi.
Sözə başlar-başlamaz rəftarları ümidlərin yenə başqa bahara qaldığını göstərirdi. Üstəlik həmişəki hərəkətlərini yenə təkrarlayırdılar. Öz əməllərini yenə Peyğəmbərin (s.ə.s.) üstünə yıxıb bir kənara çəkilmişdilər. Sanki özləri aydan arı, sudan duru idilər! Bundan sonra sözü Utbənin təklifinə gətirib oxşar şeylər deməyə başlayırlar:
− Əgər Sən bu sözlərinlə aramızda var-dövlət sahibi olmaq istəyirsənsə, yekdilliklə sənə mal-mülk toplayaq və Səni ən varlı adam edək! Aramızda şan-şöhrətli bir adam olmaq istəyirsənsə, Səni özümüzə başçı təyin edək! Əgər mülk üçün çalışırsansa, Səni başımıza məlik təyin edək! Əgər Səni cin vurubsa, yaxud gördüklərin, öhdəsindən gələ bilmədiyin xəyaldırsa, onda bütün varımızı-yoxumuzu ortaya qoyub Səni müalicə etdirək, heç olmasa, axırda ya Sən sağalıb bu işdən xilas olarsan, ya da biz öz üzərimizə düşən vəzifəni yerinə yetirmiş olarıq.
Bu, artıq həddi aşmaq idi… Əslində bu, iki dünyanın arasındakı fərqi göstərən bir mənzərə idi. Dünya və onun mənfəətlərinin ardınca qaçanlar yenə bunlarla axirətə aid səylərin qarşısını alacaqlarını sanmış, amma yenə baltanı daşa vurmuşdular. Bunları səbirlə dinləyən Allah Rəsulu (s.ə.s.) deyir:
− Dediklərinizin heç biri məndə yoxdur. Mənim məqsədim nə mallarınızı almaq, nə də üstünüzdə səltənət qurub hökmdarlıq etməkdir! Allah məni sizə peyğəmbər olaraq göndərdi və mənə öz dərgahından kitab verdi. Sonra da sizə gələcək günlərinizlə bağlı xəbərdarlıq etməyimi istədi. Mən də üzərimə düşən təbliğ vəzifəsini yerinə yetirir və sizə nəsihət edirəm. Əgər mənim sizə bildirdiyim məsələləri qəbul edib mənimsəyərsinizsə, bu, dünyadakı və axirətdəki ən böyük qazancınız olar. Əgər qəbul etməyib qulaqardına vursanız, mən də Allahın əmri gələrək sizinlə mənim aramdakı hökmünü verənə qədər öhdəmə düşəni edər və səbirli olaram.
Bundan daha dəqiq bir ifadə necə ola bilərdi ki? “Sizin dünyanız sizin olsun, mən sizin axirətinizi xilas etmək üçün çalışıram” demək idi bu. Onlar da artıq başa düşmüşdülər: “Bəli, nə etsək də, Məhəmməd öz yolunu dəyişməyəcək və biz zərrə qədər irəliləyiş əldə edə bilməyəcəyik” . Buna görə də məsələni başqa istiqamətə çəkməyə başlayırlar. Biri qabağa çıxıb deyir:
− Ey Məhəmməd! Əgər bir xüsusu ərz etməyimə icazə verirsənsə, ərz edim. Bilirsən ki, bu yerlərdə bizdən daha kasıb, daha möhtac, var-dövləti daha az, qısası, maddi ehtiyac içində olan heç kim yoxdur. Səni əlindəki bəyanlarla bizə göndərən Rəbbindən istə, bu bizi sıxışdıran dağları düzənliyə çevirsin və oradan da Şam və İraq bulaqları kimi su fışqırtsın! Həmçinin bu günə kimi ölüb gedən ata-babalarımızı yenidən dirildib onların arasından Qusayy ibn Kilabı yanımıza gətirsin və biz də Sənin bizə dediklərinin doğru olub-olmadığını ondan soruşaq. Çünki hamımız bilirik ki, o, sözü düz adamdır. Əgər o, Sənin doğru söylədiyini təsdiq edər və etdiklərini münasib görərsə, biz də Səni təsdiq və qəbul edər, Allah qatındakı mövqeyini başa düşər və Sənin də dediyin kimi, o vaxt Allahın Səni peyğəmbər olaraq göndərdiyini qəbul edərik.
Aman Allah! Adamlar göz görə-görə Allah Rəsulunu (s.ə.s.) məsxərəyə qoyurdular. Bu, ədəbsizlik idi. Allahın ən sevgili bəndəsinə qarşı hörmətsizlik idi. Hətta bu üslubları ilə onlar yalnız Peyğəmbərə (s.ə.s.) deyil, Allaha da həqarət edirdilər. Hansına cavab verə bilərdi? Həm də cavab verilsə, Rəsulullahın (s.ə.s.) qarşısında bu cavabı başa düşəcək kim var idi? Bunlara ən yaxşı cavab susmaq idi.
Ortalıq buz kimi olmuşdu. Hər şeyə rəğmən, Rəsulullah (s.ə.s.) onların da iman gətirəcəklərinə ümid edir və aradakı qapını tamamilə bağlamırdı. Çünki belə hallarda vəziyyətin gərginliyinə, həmsöhbətlərin anlamazlığına və mühitin qafilliyinə baxmayaraq, səbir etmək lazım idi. Ən azı hər iki tərəfdəki vəziyyəti müşahidə edənlər bir gün bunları dəyərləndirər və Haqq cərgəsindəki yerini alardı. Özləri gəlib təslim olmasalar da, vaxtı gələndə bu adamların ailələrindən iman gətirənlər mütləq ola bilərdi. Yenə böyüyə böyüklük düşürdü. Buna görə bir daha danışır Allah Rəsulu (s.ə.s):
− Allah Məni sizə bunları etmək üçün göndərmədi, − deyir və əlavə edir:
− Mən sizə gətirəcəyimi gətirdim və Allahdan aldığım təbliğ vəzifəsini də yerinə yetirdim. Əgər bundan sonra qəbul etsəniz, bilin ki, bu, sizin üçün dünya və axirət səadəti deməkdir. Əgər qəbul etməyib rədd etsəniz, aramızda Allah (c.c.) öz hökmünü verənə qədər mən də dişlərimi sıxar, səbir edər və gözləyərəm.
Görünürdü ki, Peyğəmbərimizin pak ruhu çox sıxılmışdı. Buna görə də məsələni tez yekunlaşdırmaq və bu cansıxıcı mühitdən uzaqlaşmaq istəyirdi.
Amma bu adamların niyyəti işi daha da uzatmaq idi ki, bununla özlərinə görə əylənirdilər. Yenə içlərindən biri eyni üslubda bunları deməyə başlayır:
− Madam bizim üçün bunları etməyəcəksən, elə isə Rəbbindən özün üçün istə! Məsələn, bizə dediklərini təsdiq edən bir mələk göndərsin və həmin mələk də Sənin haqqında bizə məlumat versin. Həmçinin Ondan istə, Sənin üçün cənnət kimi bağ və bostanlar, qızıldan və gümüşdən saraylar, malikanələr versin və Səni bir anın içində varlıların cərgəsinə qatsın! Çünki Sən də bizim kimi bazara gedib-gəlirsən. Biz necə qazanc dalınca sürünürüksə, Sən də məişət məsələlərinin dalınca qaçırsan. Biz bununla Sənin Allah qatındakı dəyərini anlayarıq, zənn etdiyin kimi, həqiqətən də, Sən Onun (c.c.) peyğəmbərisənsə, beləliklə, biz də Sənin Onun yanındakı yerini görərik!
Yəqin idi ki, bu adamlarda abır-həya adlı bir şey yox idi. Öz aləmlərində, əyləndiklərini zənn edirdilər. Yerindən duran qabağa çıxıb ağzına gələni danışırdı. Rəhmət Peyğəmbəri (s.ə.s.) isə hər şeyə rəğmən, dözür və dişini dişinə sıxıb səbir edirdi. Hislər etiraz etsə də, belə yerdə məntiq ön plana çıxmalı və səbir edilməli idi. Buna görə də:
− Sübhanallah, − deyir Allah Rəsulu (s.ə.s.), − Mən sadəcə bir peyğəmbərəm! Mənim kimi bir adamın Rəbbindən belə şeylər tələb etməsi doğru olmaz ki!? Mən sizə buna görə göndərilməmişəm ki!? Allah məni xəbərdar etmək və müjdələmək üçün göndərmişdir. Qəbul etsəniz, dünyanı və axirəti siz qazanacaqsınız. Əgər qəbul etməsəniz, o vaxt da Allah (c.c.), haqqınızdakı hökmünü verənə qədər səbir edərəm.
Artıq hərədən bir səs eşidilirdi:
− Bu səmanı ayaqlarımızın altına sər ki, Sənə inanaq!
− Ey Məhəmməd! Rəbbin də hazırda bizim Səninlə burada oturduğumuzu, Səndən bunları istədiyimizi bilirmi? Elə isə bütün bunların xəbərini Sənə bildirsin və işin həqiqətini bizə öyrətsin!
− Eşitdiyimizə görə, bütün bunları Sənə Yəmamədəki Rəhman adlı bir adam öyrədirmiş! Halbuki, Sən də bilirsən ki, biz Rəhmana qətiyyən inanmırıq!
− Ey Məhəmməd! Sən bizi üzrlü hesab elə, amma biz Səni, ya da Sən bizi məhv edib qurtarana qədər, ya da biz Sənin öhdəndən gələnə kimi elə başıboş buraxmarıq!
− Biz mələklərə qulluq edirik, halbuki onlar Allahın qızlarıdır. Allahı və mələkləri gözümüzün qabağına gətirib bizə göstərməyənə kimi Sənə inanası deyilik!
Hərə nə gəldi danışırdı, elə bir gurultu qopmuşdu ki… Söhbət qurtarmaq bilmirdi. Artıq məclis məclislikdən çıxmış, dözülməz hala gəlmişdi. Buna görə də Allah Rəsulu (s.ə.s.) oranı tərk etmək üçün ayağa durmaq istəyir. Onunla birlikdə Abdullah ibn Əbi Umeyyə də durur və Ona bunları deyir:
− Ey Məhəmməd! Gördüyün kimi, qövmün Sənə bəzi şeylər təklif etdi, amma Sən heç birini qəbul etmədin! Sonra Sənin Allah qatındakı mövqeyini öyrənmək, daha sonra Sənə tabe olmaq və Səni təsdiq etmək üçün bəzi şeylər istədilər, onu da etmədin! Hətta Sənin öz mövqeyini daha da möhkəmləndirmək üçün bəzi tələbləri oldu, onlara da müsbət cavab vermədin. Qorxutduğun əzabı tezləşdirib başlarına gətirmələrini söylədilər, onu da etmədin. Vallah, mən göyə nərdivan söykəyib qat-qat səmaya qalxmayana, oradan gətirdiklərini öz gözlərimlə görməyənə və bütün bunlara dörd mələk gətirib şahid tutmayana kimi Sənə əsla inanmaram. Hərçənd and olsun ki, bütün bunları etsən də, mən Səni təsdiq edəcəyimi sanmıram![14]
Bunları deyən şəxs Peyğəmbərimizin bibisi Atiqənin oğlu idi. Ən yaxınından da yadlara belə yaraşmayan sözlər eşidirdi. Bibisi oğlu bu sözləri deyib məclisi tərk edir. Allah Rəsulu (s.ə.s.) da evinə getmək üçün oturduğu yerdən qalxır. Necə ümidlərlə gəlmişdi, amma indi… Tək qalmışdı. Rəbbindən başqa Onu qoruyan heç kim yox idi. Nəhayət, Cəbrail imdadına yetişir. Gələn ayələrdə Uca Allah bunları buyururdu:
− Onlar: “Bizə yerdən (Məkkədən) bir bulaq çıxarmayınca sənə iman gətirməyəcəyik. Yaxud Sənin ağacları arasında şırıl-şırıl irmaqlar axan xurma və üzüm bağın olmayınca; yaxud, iddia etdiyin kimi, göyü parça-parça edib başımıza endirməyincə, yaxud Allahı və mələkləri peyğəmbərliyinin doğruluğuna şahid olaraq açıq-aşkar qarşımıza gətirməyincə və ya qızıldan bir evin olmayınca, yaxud sən göyə qalxmayınca biz sənə iman gətirməyəcəyik.
Əgər bizə səmadan oxuyacağımız bir kitab endirməsən, göyə qalxmağına da əsla inanmayacağıq!” – deyirlər.
Ya Rəsulum! De: “Rəbbim pakdır, müqəddəsdir! Mən isə yalnız peyğəmbər olan bir insanam!”[15]
Yeni bir cəmiyyət inşa edən Quran bu qədər hadisələrin içində və İlahi inayət də Allah Rəsulunun (s.ə.s.) yanında idi. Allah Rəsulu (s.ə.s.) qəflət dolu bir axşamın havasını udmuşdu, amma indi Cəbrail gəlmiş, doğru yolda olduğunu bildirmiş, bu cür adamlara qarşı nümayiş etdirəcək davranışı da öyrətmişdi.
Əslində, Hz. Məhəmmədin axır zaman Nəbisi olduğunu Onun həyatına qəsd edən bu düşmənləri də bilir, Onun gözlənən peyğəmbər olduğuna inanırdılar. Ancaq bunu bilməklə yanaşı, Firon təkəbbürü, zülmət içində tayfa təəssübkeşliyi və o qədər inadkarlıqları var idi ki, heç cür gəlib müsəlman olmurdular.
Müğirə ibn Şübə insafa gəldiyi bir vaxtda bunları danışmışdı:
“Əbu Cəhillə oturmuşduq. Yenə Məhəmmədül-Əmin bizə tərəf gəldi. Bəzi şeylər danışaraq dini təbliğ etdi. Əbu Cəhil ədəbsizcə:
− Ey Məhəmməd! Əgər bunları o biri tərəfdə təbliğ etdiyinə dair şahid axtarmaq üçün edirsənsə, heç özünü yorma, mən Sənə şahidlik edərəm, indi isə məni narahat etmə! − dedi.
Məhəmməd kədər və üzüntü içində yanımızdan uzaqlaşdı. Mən Əbu Cəhildən soruşdum:
− Həqiqətən, Ona inanmırsanmı?
Əbu Cəhil mənə belə cavab verdi:
− Əslində bilirəm ki, O, peyğəmbərdir. Lakin Haşimilərlə keçmişdən bəri aramızda rəqabət var. Onlar “Hacılara xidmət edib Kəbənin örtüyünə sahib çıxmaq işi ilə gələnlərə Zəmzəm suyu vermək işləri bizdədir” deyib fəxr edirlər. Bir də “Peyğəmbər də bizdəndir” desələr, mən buna heç dözə bilmərəm”.[16]
Yeni bir təklif
Yenə günlərin bir günü Peyğəmbərimiz (s.ə.s.) Kəbəyə gələrək Allahın evini təvaf edirdi. Bu vaxt qarşısına Əsvəd ibnül-Muttalib, Vəlid ibn Müğirə, Ümeyyə ibn Xaləf və As ibn Vail kimi Qureyşin yaşlı adamlarından ibarət bir heyət çıxır. Yəqin ki, yenə məkrli plan qurmuşdular və bu planlarını irəli sürmək istəyirdilər. Belə deyirlər:
− Ey Məhəmməd! Gəl biz Sənin tanrına qulluq edək, Sən də bizim tanrılarımıza qulluq et. Beləliklə, Sən və biz bir məsələdə müttəfiq olarıq. Belə olan təqdirdə əgər Sənin ibadət etdiyin tanrı xeyirlidirsə, hamımız bundan nəsibimizi alarıq, yox, əgər bizim ibadət etdiyimiz tanrılar xeyirlidirsə, onda da Sən bundan nəsibini alarsan!
Onlar bununla nə məqsəd güdürdülər? Əcəba, Allah Rəsulu (sallallahu əleyhi və səlləm) belə bir şeyi, fərz etsək ki, qəbul etsəydi, onlar, həqiqətən, Allaha ibadət edəcəkdilərmi? İbadət davamlılıq tələb edən bir qulluq idi, bir il bir qibləyə, növbəti il də başqa tərəfə dönmək ikiüzlülükdən başqa nə ilə izah edilə bilərdi? Görünür, onlar kimi düşünə biləcək bütün küfr əhlinin ağzını yummaq üçün yenə Cəbrail imdada yetişmişdi. Onun gətirdiyi ayələrdə belə buyrulurdu:
− De: “Ey kafirlər! Mən sizin ibadət etdiklərinizə ibadət etmərəm!
Siz də mənim ibadət etdiyimə −Allaha ibadət etməzsiniz!
Mən sizin ibadət etdiklərinizə ibadət edən deyiləm!
Siz də mənim ibadət etdiyimə ibadət edən deyilsiniz!
Sizin öz dininiz var, mənim də öz dinim! (Elə isə, sizin dininiz sizə, mənim dinim də mənə)!”[17]
Rəsulullahın can düşmənlərinin baxışları
Hər nə qədər Rəsulullaha (s.ə.s.) qarşı bu cür planlar qurulsa və bu planlar Onun həyatına qəsd etmək həddinə çatsa da, düşmənləri Onun haqqında yenə də pis fikirdə deyildilər. Çünki Peyğəmbərimizin “Əmin” adlandırılacaq qədər dürüst həyatı var idi və onlar heç cür bu etibarı yox saya bilmirdilər.
Bundan başqa, Onun söylədikləri qulaqardına vurulacaq sözlər də deyildi; adam öldürməmək, zina etməmək, oğurluq etməmək, başqasının malına göz dikməmək… Qısası, bütün bunlar cəmiyyətin islah olunmasını istəyən hər bir şəxsin sahib çıxmalı olduğu dəyərlər idi.
Ancaq Allaha iman… Quran… Axirət həyatındakı sorğu-sual, əməl dəftəri və atılan hər addımı yazan mələklərin mövcudluğu kimi məsələlər onları narahat edirdi. Kefləri istəyən kimi yaşamağa mane olan hər cür inama etiraz edirdilər. Asan deyildi, uzun illər yaşadıqları həyatı bir tərəfə qoyacaq və həmin günə kimi nə varsa, inkar edib yeni bir yolla gedəcəkdilər! Bunu edə bilmək isə fəzilət tələb edirdi.
Həmin vaxtlar qarşı cəbhənin ən tanınmış simalarından olan Əbu Cəhil, Əbu Süfyan və Ahnəs ibn Şərik bir-birindən gizlicə gəlmiş; namaz qılıb Quran oxuyan Allah Rəsulunu daha yaxından görüb oxuduqlarına qulaq asmaq istəmişdilər. Çox maraqlanırdılar, ancaq etdikləri bu işdən başqasının xəbərdar olmasını da istəmir və buna görə də qaranlığın düşməsindən istifadə edirdliər. Çox möhtəşəm görüş idi; Allahın ən sevgili bəndəsi Uca Yaradanla irtibat qurmuşdu, bir vüslət yaşayırdı ki, tamaşasından doymaq olmurdu. Heyranlıqla uzun müddət orada dayanıb qulaq asdılar, yayın istisində yağan rəhmət damcıları kimi idi qulaqlarına gələn nəğmələr… Elə məst olmuşdular ki, o gecəki son kəlamı eşidənə qədər vaxtın necə keçdiyini bilməmişdilər…
Quranın səsi kəsilincə hər biri evinə yollanmışdı… Bir az getmiş, üçü də bir-birinə rast gəlmişdi, yol onları bir nöqtədə birləşdirirdi. Üçü də xəcalət çəkirdi:
− Bir də belə hərəkət etməyək! Çünki aramızda zəif xarakterli olanlar bizi bu halda görərsə, onların ürəklərinə şübhə düşər və onlar da gəlib müsəlman olarlar, − deyərək sağollaşmışdılar.
Bunu sözdə demək asan idi, amma axşam gördükləri mənzərəni yaddan çıxarmaq və eşitdiklərini unutmaq mümkün deyildi. Elə hey beyinlərində götür-qoy edirdilər. “Kaş gedib bir də dinləyə idilər, nə olacaqdı? Həm də daha digər yoldaşları da gəlməz və təkbaşına bir dəfə də Qurana qulaq asardılar!”
Əslində, hər üçü bu cür düşünürdü. Ertəsi gün axşamçağı yenə gəlmişdilər, yenə axıra kimi dayanıb qulaq asdılar və ayrılıq vaxtı gəlib çatanda yenə eyni yolda rastlaşdılar. Daha bu qədər də olmazdı! Axı dünən söz vermişdilər. Gecənin qaranlığında qızaran üzləri görünməsə də, səslərindən xəcalət çəkdikləri hiss olunurdu. Yenə ilk gecəki kimi, sözləşib ayrıldılar; artıq bir daha gəlib qulaq asmayacaq və belə bir şeylə, əsla, qarşılaşmayacaqdılar.
Nəhayət, üçüncü gecə olmuş və ətrafdan əl-ətək çəkiləndən sonra həmin üç şəxs yenə yola çıxmışdı: Allah Rəsulunu dinləməyə gəlirdilər. Hər biri bu dəfə digərlərinin gəlməyəcəyinə əmin idi. Dan yeri sökülüb evlərinə doğru gedərkən bu dəfə də yolları eyni yerdə birləşir. Ancaq bu qədər ola bilərdi… Həm bayraq qaldırıb müharibə elan edəcək, həm qulaq asmamaq üçün aralarında razılaşıb söz verəcək, həm də bütün bunlara baxmayaraq, yenə Onu dinləməyə can atacaqdılar! Bir-birini qınayaraq danışmağa başlayır və nəyin bahasına olursa-olsun, bir daha bunu etməməyə qəti söz verirlər.
Ertəsi gün Ahnəs ibn Şərik əsasını qapıb nəfəsini Əbu Süfyanın yanında dərir:
− Ey Əba Hanzələ! De görüm, Məhəmməddən eşitdiklərin haqqında nə fikirləşirsən? − deyə soruşur.
Əbu Süfyan həmsöhbətinin niyyətini öyrənmədən fikrini bildirmək istəmirdi və:
− Bəs sən nə fikirləşirsən? − deyə suala sualla cavab verir. Ahnəs fikirlərini gizlətməyə ehtiyac hiss etmir:
− Mən Onun doğru yolda olduğunu güman edirəm, − deyə cavab verir.
Əbu Süfyan da özünü rahat hiss edir:
− Ey Əba Saləbə, Allaha and olsun, mən bu günə kimi çox şey eşitdim və bunlarla nəyin nəzərdə tutulduğu məsələsini də çox yaxşı bilirəm, yəni hansı sözlə nəyin nəzərdə tutulduğunu bilirəm.
Hələ sözünü qurtarmamışdı ki, Ahnəs:
− Vallah, mən də sənin kimi fikirləşirəm, − deyir. Onlar bununla həqiqətdə Peyğəmbəri (s.ə.s.) təsdiq edir və Onun gətirdiklərinin də haqq olduğunu bilirdilər. Ancaq bunu söyləmək, elan etmək elə də asan deyildi!
Bundan sonra Ahnəs ibn Şərik Əbu Süfyanın evindən çıxır və birbaşa Əbu Cəhlin yanına gəlir, eyni şeyləri onunla da danışmaq istəyirdi:
− Ey Əbəl Hakəm, − deyə sözlərinə başladı və belə davam etdi:
− Məhəmməddən eşitdiklərin haqqında sən nə fikirləşirsən?
− Nə eşitmişəm ki? − deyən Əbu Cəhil məsələni xatırlamaq istəmirdi. Ancaq Ahnəs qərarlı görünürdü:
− Ey Əbəl Hakəm! Məhəmməd haqqındakı həqiqi fikrin nədir; O, düz danışır, yoxsa yalan? Bax, burada səni məndən başqa heç kim eşitmir!
Əbu Cəhil ötəri bir cavabla onu başından edə bilməyəcəyini anlamışdı. “Kitabın ortasından” danışmaq lazım idi. Əvvəlcə dərindən bir ah çəkir və ardınca da inaddan əl çəkib bunları deyir:
− Allaha and olsun ki, Məhəmməd düz danışır. O, əsla yalan danışmaz. Lakin Qusayoğullarının bayraqdarlıq, Zəmzəm suyundakı xidmətləri, Kəbə örtüsünün hazırlanması və Kəbəni ziyarətə gələnlərə yemək vermək xidmətlərinə əlavə olaraq bir də peyğəmbərlik məsələsinə sahib çıxmalarını fikirləşəndə hiddətlənirəm, onlar bütün bunları təkcə öz əllərinə alarkən Qureyşin halı necə olar, bir düşün! Halbuki biz və Mənafoğulları bu günə kimi şərəf məsələsində həmişə bir-birimizlə yarışdıq, onlar yemək ziyafəti təşkil etdilər, biz də etdik! Onlar bəzi məsələlərdə insanlara xidmət etdilər, biz də oxşar şeylər etdik! Əllərindəki imkanlardan insanların xeyri üçün istifadə etdilər, biz də var-dövlətimizdən başqalarına verməyə başladıq! Nəticədə onlarla başabaş getməyə başlamışdıq ki, indi onlar: “Bizim aramızda səmadan xəbər gətirən bir Peyğəmbər var,” − deyirlər. İndi sən de görək, biz bunun öhdəsindən necə gələ bilərik? Vallah, biz Ona əsla inanmayacaq və Onu heç vaxt təsdiq etməyəcəyik![18]
Bu adamların ürəklərini küfrün qalın pərdələri bağlasa da, vicdanları ilə tək qalanda öz əməllərindən narahat olur və insaf ölçüləri ilə danışmağa başlayırdılar.
Bəlkə də, Əbu Cəhlin əhvalının yerində olduğu bir gün idi. Yolda Peyğəmbərimizlə qarşılaşır. Məhzun Nəbini yenə kədərli görüncə insafa gəlir və Ona təsəlli vermək üçün bunları deyir:
− Ey Məhəmməd! Biz səni yalançı hesab etmirik. Biz Sənin gətirdiyin şeyləri təkzib edib onların yalan olduğunu deyirik!
Rəsulullah (s.ə.s.) onsuz da vəziyyətdən xəbərdar idi; onların bu günə kimi etdiyi etirazlar bunu göstərirdi, həm də Cəbrail gəlmiş və Ona:
− Ey Peyğəmbərim! Bilirik ki, onların Quran barəsində dedikləri söz səni çox kədərləndirir. Həqiqətdə isə onlar səni yalançı hesab etmirlər, ürəklərində sənin həqiqi peyğəmbər olduğunu yaxşı bilirlər. Ancaq o zalım müşriklər Allahın ayələrini inadla inkar edirlər,[19] − məalındakı ayəni gətirmişdi. Çünki bu qənaətdə olanların sayı təkcə Əbu Cəhillə məhdudlaşmırdı. Haris ibn Amir kimi bəzi adamlar hamının gözü qarşısında Peyğəmbərə düşmən münasibət bəslədikləri halda, axşam evlərinə girib təkliyin səssizliyində vicdanları ilə qalanda: “Məhəmməd qətiyyən yalan danışan bir adam deyil. Mən də Onun ancaq doğru danışan olduğu qənaətindəyəm,” – demək məcburiyyətində qalırdılar.[20]
Bəli, həqiqi fəzilət də elə bu idi. Elə bir həyat yaşamaq lazım idi ki, can düşmənləri də fəzilətini qəbul edib başqalarına danışmaq ehtiyacını hiss etsinlər!
Onun canına qəsd edən bu adamlar hissə qapılanda qəti qərar versələr də, vicdanları araya girəndə əsla Onu incitmək istəmir, onların əleyhinə bəddua etməsindən də dəhşətli dərəcədə qorxub çəkinirdilər. Üstünə dəvə içalatı atıb qəhqəhə çəkərkən Onun dua etdiyini görüncə sifətlərində gülüşləri donmuşdu. “Bəddua edər” deyə ürəkləri ağızlarına gəlmişdi. Buna görə Ona qarşı döyüşə gedərkən də titrək addımlar atır, üz-üzə gələndə isə başdan-ayağa ölüm qorxusuna bürünürdülər. Hətta Ümeyyə ibn Xaləf sırf Peyğəmbərimizin (s.ə.s.) əleyhinə qurduğu tələlərə “özü düşər” qorxusu ilə Məkkədən kənara çıxa bilmir, çıxanda da Rəsulullahdan (s.ə.s.) mümkün qədər uzaq olmağa çalışırdı. Yenə Əbu Cəhlin təzyiqi ilə Bədir döyüşünə gedəcəyi gün xanımı qabağını kəsəcək və ona:
− Ey Əba Safvan! Mədinəli qardaşının sənin barəndə dediklərini[21] hər halda unutmusan, − deyə Peyğəmbərimizin (s.ə.s.) verdiyi xəbəri xatırladanda o:
− Xeyr, qətiyyən unutmamışam. Mən məkkəlilərlə birlikdə gedərək ancaq vəziyyətdən xilas olmaq istəyirəm, − cavabını verəcəkdi. Çünki onlar Allahın Rəsulunu incitdikləri üçün başlarına nələr gələcəyini bilir və həlak olacaqlarından qorxub tir-tir əsirdilər.[22]
Əlahiddəlik tələbləri
Peyğəmbərimizin (s.ə.s.) ətrafında Hz. Əbu Bəkir, Hz. Osman, Hz. Sad ibn Əbi Vəqqas və Hz. Talha kimi imkanlı səhabələr olduğu kimi, Bilali-Həbəşi, Ammar ibn Yasir, Zeyd ibn Harisə və Habbab ibn Ərətt kimi kasıb və kimsəsiz adamlar da var idi. Həmçinin bu adamlar əksəriyyət etibarilə qul, yaxud vaxtilə qul olub sonralar azadlığa qovuşan şəxslər idi. Əlbəttə, bu fərq Allah Rəsulu və səhabələri arasında heç bir problem təşkil etmirdi, çünki bu adamlar Allah qatında bir darağın dişləri kimi bərabər idi. Nə ərəbin əcəm, nə də qara dərilinin ağ dərili üzərində heç bir üstünlüyü ola bilməzdi!
Ancaq Qureyş belə fikirləşmirdi. Cəhalətin ən qatı şəklinin hakim olduğu bu anlayışa görə mövqe etibarilə aşağı təbəqəni təmsil edənlərlə yuxarı təbəqənin nümayəndələri eyni məkanı bölüşə və bir yerdə otura bilməzdilər. İşin əslinə baxanda onlar bu adamları “insan” hesab etmirdilər. Bu düşüncəyə görə bu insanlar ancaq onlara xidmət etmək üçün mövcud olan məxluqlar idilər!
Rəsulullahın (s.ə.s.) bu adamlara dəyər verib öz yanında oturtmasından xoşları gəlməyən və arzu etdikləri bu sistemin yavaş-yavaş onların nəzarətindən çıxdığını görən bu adamlar Hz. Məhəmmədə ağlagəlməyən bir təklif verirlər:
− Biz Sənin qövmünün böyükləriyik, əgər Sən bizi də yanına çəkib məclisində görmək istəyirsənsə, yanında bizdən başqa heç kim olmasın!
Bu, insanlara yuxarıdan aşağı baxanların təklifi idi. Ancaq bu təklifi nə Allah, nə də Rəsulullah qəbul edir.[23] Çünki insanlara imanları, imanlarındakı dərinlikləri dəyər qazandırırdı. Allahı qəbul etməyən bir kafir və ya müşrik dünyanın ən varlısı və ya ağıllısı olsa belə, Allah qatında bir dəyəri ola bilməzdi. Çünki ağıllı olmaq açıq şəkildə iman gətirməyi zəruri edirdi; iman sahibi ola bilmədiklərinə görə bunların ağıllı olduğunu demək də mümkün deyildi. Doğrusu, bu adamların heç ağıllarını işlədib iman gətirmək kimi bir niyyətləri də yox idi, sadəcə onları “narahat edən” (!) bir məsələ ilə bağlı etirazlarını bildirmək istəmişdilər və guya onlara münasib bir məclisdə oturmaq haqqı verilmədiyi üçün iman gətirməmələri məsələsində “haqlı” (!) olduqlarını göstərməyə çalışırdılar.
Çox keçmədən Cəbrail gəlmiş və bu qənaəti gücləndirmək məqsədilə ayələr gətirmişdi:
− Səhər-axşam Rəbbinin rizasını düşünüb Ona ram olanları hüzurundan əsla uzaqlaşdırma![24]
Görünür, bu iş əlini isti sudan soyuq suya salmamış, dərd-sər bilməyən adamlarla aparılacaq bir iş deyildi. Bu iş yoxluğun hansı mənaya gəldiyini bilən və əlindəkini başqaları ilə bölüşməyi bacaran şəxslərin çiynində yüksəlməli idi. Var-dövlət içində üzənlər yoxluğun nə mənaya gəldiyini və yeri gələndə dəstək olmaqda da lazımi səyi göstərə bilməzdilər.
Deməli, müşriklərin hidayətinə ümid edib onları özünə yaxınlaşdırmaq məqsədi ilə Allah məfkurəsinə könül vermiş fədakarları uzaqlaşdırmaq kimi bir tətbiqat əsla düşünülə bilməzdi. Çünki bu, kiçik hesabların və böyük düşünə bilməməyin bir nəticəsi olardı. Bu, açıq-aşkar zülm olardı, Allah Rəsulu (s.ə.s.) isə belə bir zülmü etməkdən çox uzaq idi. O, üç-beş nəfər müşrikin ancaq özlərinə haqq qazandırmaq üçün ortaya atdıqları bu cür sayıqlamalara qulaq asmayacaq və səhər-axşam mübarizədə, düşüncədə, duyğuda “Allah” deyıb inildəyənlərlə birlikdə olacaq, gözünü onlardan ayırmayacaq və əsla başqalarına baxmayacaqdı. Çünki bilirdi ki, Allahın mərhəməti onlarla birlikdədir. Başqa cür necə ola bilərdi ki? Allah Rəsulu (s.ə.s.):
− Cənnət bu üç adama qovuşmaq arzusundadır: Əli, Salman və Ammar,[25] − deyə buyuracaqdı. Özündən xəbərsiz üç-beş nəfər sərgərdanın saxta tələbləri müqabilində cənnətin müştaq olduğu bu səmimi insanlar heç hüzurdan qovulardımı?
[1]. Bax: İbn Aşur, Tefsiru’t-Tenvir ve’t-Tahrir, 1/2321
[2]. Bax: İbnü’l-Esir, Üsüdü’l-Ğabe, 3/307; 2/460
[3]. Ümmü Cəmil Hz. Ömərdən əvvəl müsəlman olan və Səid ibn Zeyddə ərdə olan Fatimə binti Xəttab idi. Bax: İbnu`l-Esir, “Üsüdü`l Ğabe”, 7/215, 297.
[4]. Muslim, Sahih, 1/67 (44)
[5]. İbn Hacer, İsabe, 8/200 (12006); Halebi, Sire, 1/456
[6]. Heysemi, Mecmaü’z-Zevaid, 9/267
[7]. Bəzi rəvayətlərdə Hz. Həmzənin peyğəmbərliyin gəlişindən altı il sonra müsəlman olduğu da bildirilir. Bax: İbn Sa’d, Tabakat, 3/9
[8]. İbn Hişam, Sire, 2/128-129
[9]. Bax: İbn Hişam, Sire, 2/129
[10]. Bax: “Zumər” surəsi, 39/22; Vahidi, Esbabu Nuzuli’l-Kur’an, s. 383
[11]. Bax: “Fussilət” surəsi, 41/1 və b.
[12]. Bax:İbn Hişam, Sire, 2/130 və b.
[13]. İsbahani, Delail, 1/221
[14]. Bax: İbn Hişam, Sire, 2/132-136
[15]. Bax: ”İsra” surəsi, 17/90-93.
[16]. Süheyli, Ravdü’l-Ünf, 1/280
[17]. Bax: “Kafirun” surəsi, 109/1-6. Bax: İbn Hişam, Sire, 2/208
[18]. İbn Hişam, Sire, 1/269; Süheyli, Ravdü’l-Ünf, 1/280
[19]. Bax: “Ənam” surəsi, 6/33.
[20] Bax: Vahidi, Esbabu Nuzuli’l-Kur’an, 218, 219
[21]. Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) onun da Bədrdə öldürüləcəyini xəbər vermişdi. Buhari, Sahih, 4/1453 (3734)
[22]. Bax: Buhari, Sahih, 4/1453 (3734); Halebi, Sire, 2/378; Mübarekfuri, er-Rahiku’l-Mahtum, s. 119, 120
[23]. Onların iman gətirməsinə ümid edərək Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm) də bu təklifə meyl etdiyinə dair şərhlər “ismət” vəsfini daşıyan peyğəmbərlər haqqında düşünülməməlidir. Üstəlik sözügedən şəxs Allahın Rəsulu olarsa…
[24]. Bax: “Ənam” surəsi, 6/52; “Kəhf” surəsi, 18/28.
[25]. Tirmizi, el-Camiu’s-Sahih 5/667 (3797); Hakim, Müstedrek, 3/148 (4666)