Mənəviyyata Açılan Pəncərə

İftitah təkbiri

İftitah “başlamaq, qapını açıb içəri girmək” mənasındadır. Təkbir “böyütmək, uca bilmək, böyük görmək”, yəni “Allahu Əkbər” deməkdir.

“Allahu Əkbər” (Böyük və uca olan yalnız Allahdır) kəlməsi iftitah təkbiri olub namazın başlanğıcında deyilir. Namaz qılan adam dəstəmazlı halda və qibləyə yönəlib əllərini qaldırır və niyyət edərək “Allahu Əkbər” deyir, sonra da əllərini bağlayır.

Namazda namaza aid olmayan işlərin görülməsi bu təkbirin gətirilməsi ilə haram (qadağan) edildiyi üçün ona “təhrim təkbiri” də deyilir. “İftitah təkbiri” gətirilmədən başlanılan namaz səhih deyil. Bütün namazlar təkbirlə başlandığı kimi, namazın rüknləri də bir-birindən təkbirlə ayrılır. Təkbir namazlarda təkrarlanan “mədh və səna” – Allahu Əkbərdir. Çünki “Allahu Əkbər” ifadəsi Uca Allahın hər şeydən üstün, ulu və əzəmətli olduğunu bildirir.

Bütün namazlarda iftitah (başlama) təkbirini gətirmək fərzdir. Çünki Allah-Təala “Rəbbini ucalt!“[1] buyurmuş, Peyğəmbərimiz (s.ə.s.) də müxtəlif hədislərində namazın təkbirlə başlanılması zərurətindən bəhs etmişdir.[2]

Digər tərəfdən, namazda rükuya əyilərkən, səcdə edərkən səcdədən qalxarkən, ilk oturuşdan sonra ayağa durarkən “Allahu Əkbər” demək sünnətdir.[3] Bu halda gündə beş vaxt qılınan 17 rükət fərz namazda 94 dəfə, 20 rükətlik sünnət namazlarda 110 dəfə, vitr namazında da 17 dəfə olmaqla cəmi 281, qunut təkbirini də əlavə etsək, 282 dəfə “Allahu Əkbər” deyilir. Azan və iqamələrlə birlikdə bunun sayı 342-yə çatır. Namazdan sonrakı təsbihatlarda da (33 x 5 =) 165 dəfə “Allahu Əkbər” deyildiyini də əlavə etsək, toplam 507 olar. Quşluq (duha), əvvabin, təhəccüd namazları bura daxil deyildir.

Hər gün müəyyən fasilələrlə bu qədər təkrarlanan “Allah hər şeydən, bütün varlıqlardan üstün və ucadır (Allahu Əkbər)” ifadəsinin mənasını, məzmununu düşünmək möminin qəlb üfüqünü açır. Bununla mömin Allahı ən üstün güc olaraq tanıdığını, Onun fövqündə bir qüvvə olmadığını öz-özünə müntəzəm xatırlatdığı kimi, azan və iqamə yolu ilə cəmiyyətə də elan edir. Çünki mömin inanır ki, Allah bütün varlıqları yaradıb idarə edir, istədiyinə güc və qüvvət verir, istədiyini də aciz edir.

Qəlbən mənəvi bir aləmə daxil olaraq “Allahu Əkbər” demək namaz üçün bir başlanğıc təşkil edir. Çünki tarix boyunca sitayiş edilən bütlərin, tanrılaşdırılıb ucaldılan və baş əyilən qüvvələrin, kor-koranə itaət edilən liderlərin ortaq xüsusiyyətləri həmişə böyüklük və təkəbbür, üstünlük və ucalıq duyğuları olmuşdur. Bu səbəbdən

“Allahu Əkbər” deyərək namaza başlayan mömin Allahdan başqa bir güc, qüdrət tanımadığını bildirməklə qəlbini Rəbbindən uzaqlaşdıran hər şeyi bir kənara atır və bütün diqqətini Ona yönəldib ilahi aləmdən ilhamlar gözləməyə başlayır.

Təkbirdən sonra “Subhanəkə” oxunur.


[1] Muddəssir, 74/3.
[2] Buxari, Əzan, 95, 122; Müslim, Səlat, 45.
[3] Buxari, Əzan, 117.

 

Exit mobile version