Əbu Sufyan Uhudu tərk edərkən:
– Sizinlə bir də gələn ilin əvvəlində Bədirdə görüşəcəyik; orada görüşüb, orada da məsələni həll edərik, – deyə səslənmişdi.
Allah Rəsulu (s.ə.s.) da Ona cavab verən Hz. Ömərə:
– Allahın izni ilə olar, – buyurmuş, o da Rəsulullahın sözlərini gur səsi ilə Əbu Sufyana çatdırmışdı.
Söz sənəd demək idi və vaxtı çatanda yerinə yetirilməli idi. Verilən sözü yerinə yetirməmək böyük bir qəbahət sayılırdı. Xüsusən də, belə bir gərgin zamanda – qisas alma məqamında geriyə addım atmaq olmazdı. İndi isə zaman gəlmiş və Allah Rəsulu (s.ə.s.) da əshabını bu meydana hazırlamağa başlamışdı, yenidən Bədrə gedəcəkdi.
Əbu Sufyan təklifi özü versə də, buna görə əziyyət çəkir və vədə yaxınlaşdıqca getməmək üçün bir bəhanə axtarırdı. Açıq şəkildə “getməyək” deyə bilmədiyi üçün özünü, elə göstərirdi ki, sanki, Bədrə getməyə can atır. Amma ürəyində bu yoldan dönmək üçün planlar qururdu. Ətrafdakı qəbilələrin də dəstəyini alaraq Məkkədə böyük bir ordu toplaması xəbərini yaymaq istəyirdi, amma əslində, Allah Rəsulu (s.ə.s.) və müsəlmanların bu işdən vaz keçməsini ürəkdən arzu edir, buna görə də özünün daha böyük bir ordu ilə onların üstünə gedəcəyinə eyham vuraraq vaz keçən tərəfin özünün yox, müsəlmanların olmasına çalışırdı. Həmçinin bu vaxt ilahi lütfdən məhrum qalan Məkkə qıtlıqdan əziyyət çəkir və belə bir vəziyyətdə müharibə yeni bir fəlakət demək idi.
Bu əsnada Nuaym ibn Məsud Məkkəyə gəlir və Əbu Sufyana Mədinədən xəbərlər gətirir. Onun bu gəlişini fürsət bilən Əbu Sufyan Mədinə ordusunu bundan vaz keçirməyin müqabilində ona iyirmi dəvə vəd edir və bu dəvələri Süheyl ibn Amrın nəzarətinə verəcəyini deyir. Həmçinin ona bu başdan yaxşı bir dəvə də verir və Mədinəyə gedib onların gözünü qorxutmağı tapşırır.
Nuaymın işindən o qədər arxayın idi ki, Əbu Sufyan üzünü Qureyşə tutub deyir:
– Məhəmmədi Bədrə gəlməkdən fikrindən daşındırmaq üçün Nuaym ibn Məsudu göndərdik. O, bunun üçün əlindən gələni edəcək. Ancaq biz yenə də yola çıxaq və bir-iki gecə gedib sonra geri dönərik. Beləcə sözündən dönən biz yox, onlar olar və gedişatı öz xeyrimizə çevirmiş olarıq. Əgər heç nəyə baxmayaraq, onlar gələrsə, bu ilin qıtlıq olduğunu bildirər və qarşılaşmanı başqa bir bərəkətli ilə saxlayarıq.
– Nə qədər də ağıllı fikirdir, – deyirlər Əbu Sufyana. Deməli, bu, hər kəsin ürəyincə idi və Qureyşin bu cür reaksiya verməsi Əbu Sufyanla razılaşmaq mənasına gəlirdi.
Bu tərəfdə isə aldığı dəvənin belində Mədinəyə dönən Nuaym ibn Məsud Əbu Sufyanın böyük bir ordu toplayaraq Bədrə çıxmağa hazırlaşması xəbərini yaymağa başlayır. Bunu eşidən yəhudilər və münafiqlər çox sevinir:
– Məhəmməd bu ordu ilə bacara bilməz, – deyir və müsəlmanların əhvali-ruhiyyəsini pozmağa çalışırlar. Bu, o dərəcəyə çatır ki, Allah Rəsulu da narahat olur. Hüzuruna gələn Hz.Əbu Bəkir və Hz. Ömər:
– Ya Rəsulullah, – deyirlər, – şübhəsiz, Allah dininə sahib çıxacaq və ona bağlı olanları qalib edəcək. Nəbisini də əziz tutacaqdır. Halbuki biz Qureyşlə görüşmək barədə sözləşdik və əsla verdiyimiz sözdən vaz keçmək istəmirik. Həm də onlar elə bilərlər ki, biz qorxduq. Ən yaxşısı, Sən təyin olunan yerə get. Allaha and olsun ki, bunda da bir xeyir vardır.
Bu, Allah Rəsulunu çox sevindirir:
– Allaha and olsun ki, mənimlə birlikdə heç kim gəlməsə belə, Mən yola çıxacaq və görüş yerinə mütləq gedəcəyəm! – deyir.
Allah Rəsulu (s.ə.s.) min beş yüz nəfərlik ordu ilə Mədinədən yola düşür. Mədinədə başçı olaraq Abdullah ibn Rəvahanı təyin edir. Orduda on baş at var idi. Bayrağı Hz. Əli aparırdı.
Əbu Sufyan ayaqları getməsə də, yola çıxmışdı. İki min nəfərlik ordusu ilə irəliləyirdi. Orduda əlli süvari də var idi. Gedirdi, amma böyük bir qorxu içində… Yarı yoldan qayıtmağı qəbul etmişdilər, amma bu qədər insanla yola çıxdıqdan sonra şərtlər dəyişərsə və insanlar geri dönməkdən vaz keçərsə, nə edəcəkdi. Ona görə Mərri-Zahran adlı yerə çatdıqları və Məcənnə suyunun başında dincəldikləri zaman nə yolla olursa-olsun, bu ordunun geri döndərməyi düşünürdü. Bilə-bilə sonu məlum olan bir döyüşə girmək intihar olardı. Çünki Bədir və Uhuddakı mənzərələri hələ də unutmamışdılar. Ordu dincəlib ayağa qalxdığı zaman:
– Ey Qureyş camaatı! Haydı, geri qayıdın! – deyən bir səs eşidilir Əbu Sufyanın durduğu yerdən, – görmürsünüzmü, bu il hər tərəfi qıtlıq bürüyüb. Ən yaxşısı, indi geri dönüb, bolluq vaxtı və heyvanlarımızın da doyunca otlayıb bizə bol süd verdikləri gələcək illərdə döyüşək. Bu qıtlıqda da müharibə olar? Mən qayıdıram. Haydı, siz də qayıdın!
Bunlar Məkkə ordusunun gözlədiyi sözlər idi və heç kim etiraz etmədən Məkkəyə qayıdırlar. Bu qısa səfər ərzində “sevik” adlı undan bişirilən bir şorba ilə qidalandıqları üçün yolundan dönən bu ordunun döyüşçüləri özlərinə “sevik yeyən ordu” mənasında “ceyşül-sevik” deymişdi.
Mədinədə vəziyyət tamamilə fərqli idi. Əshabı ilə birlikdə çoxdan yola çıxan Allah Rəsulu (s.ə.s.) bir neçə gün yol getdikdən sonra zülqədə ayının ilk günü Bədrə çatır. Hər il olduğu kimi Bədirdə yenə yarmarka qurulmuş və insanlar böyük dəstəlarla məhsullarını satmaq məqsədilə buraya gəlmişdilər. Məkkə ordusu isə gəlməmişdi. Buna baxmayaraq, Peyğəmbərimiz əshabı ilə birlikdə səkkiz gün burada onları gözləyir.[1]
Yarmarkanın əksəriyyətini əshab təşkil edirdi. Belə bir zamanda Allah Rəsulunun hüzuruna Vəddan qəzvəsindən müttəfiqi Mahşi ibn Amr gəlir. Üzündə təəccub dolu bir ifadə var idi:
–Ya Məhəmməd, – deyir, – Sən bu quyuların başına Qureyşlə qarşılaşmaq üçünmü gəldin? Halbuki bizə deyilənlərə görə, sizin hamınız öldürülmüsünüz və işiniz də bitmişdir. Amma yarmarkanın çoxunu siz təşkil edirsiniz!
Deməli, Hicazda davamlı bir təbliğat aparılırdı. Görünür, cəbhəyə gəlməyənlər yenə gözdən pərdə asır və psixoloji müharibə apararaq insanları çaşdırmaq istəyirdilər. Mahşinin təəccübü belə bir güclü təbliğatın təsirinə düşdüyünü göstərirdi. Elə isə düşmənin silahı ilə silahlanmaq lazım idi və Rəsulullah (s.ə.s.) bunları söyləyir:
– Buna görə, əgər istəsən, sizinlə aramızdakı sazişi də ləğv edə bilərik!
Bu, Mahşinin heç gözləmədiyi bir reaksiya idi. Onsuz da fikirləri qarma-qarışıq idi; necə ola bilərdi ki, “işləri bitdi” deyilən insanlar sağ-salamat idi və Əbu Sufyanı qorxudub geri çəkilməyə məcbur edə bilmişdilər. Bitmək nədir, günü-gündən daha da güclənən bir topluluq vardı meydanda. Zaman nəyin yalan, nəyin həqiqət olduğunu göstərirdi. Elə isə bilə-bilə bəlaya qapı açamğın mənası yox idi və:
– Xeyr, bizim belə bir niyyətimiz yoxdur! Əksinə, biz Sənə qarşı çıxmaz və aramızdakı sazişə sadiq qalar, onu əsla pozmarıq, – deyir Mahşi.
Mahşinin reaksiyası Bədrə gəlməyin nə qədər əhəmiyyətli olduğunu göstərirdi. Müsəlmanların əleyhinə görülən işlərdən xəbərdar olmuş və gəlişləri ilə qarşı tərəfi məlumatlandırmaqla yanaşı, ürəklərinə də qorxu salmışdılar. İnsanlar eşitdiklərindən çox gördüklərinə etibar edirdilər və müsəlmanlar Bədirdə gözlərlə qulaqlara onların axtardığı məlumatı vermişdi.
İndi isə növbə sağ-salamat Mədinəyə qayıtmağa gəlmişdi. Allah Rəsulu (s.ə.s.) əshabı ilə birlikdə Bədri tərk edib Mədinənin yolunu tutur.
Bu dönəmdə baş verən digər hadisələr
Digər tərəfdən təbliğat və irşad sahəsi get-gedə genişlənir, yeni-yeni insanlara çatırdı. Bunun üçün dil bilmək lazım gələndə dil öyrənir, bir yerə elçi getmək lazım olanda da “vəzifədir” deyib yola düşürdülər. Başqalarının tərcüməsinə etibar etməyən Zeyd ibn Sabit qısa müddətdə İbrani dilini öyrənir və istəyincə nələrin öhdəsindən gəlməyin mümkünlüyünü göstərirdi.
Bu zaman kəsimində Mədinədə dünyaya gələnlər də vardı, dünyadan köçənlər də… Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) və əshabı Hz. Əli ilə Fatimə validəmizin oğlu Hüseynin anadan olmasına sevinərkən, Hz.Osmanla ailə quran Ruqiyyə validəmizin əmanəti balaca Abdullahla Ümmü Sələmə validəmizin əri Əbu Sələmənin vəftına kədərlənir.
Səfər zamanı dörd rükətli fərz namazının iki rükət qılınmasına icazə verilməsi və icra olunması bu dövrə düşür.
Zina və rəcm (daş-qalaq) hökmlərinin yəhudilərlə müzakirəsi də bu zamanda həyata keçirilir.
Torpaq bölgüsü və “fey” haqqında olan əmrlərin tənzimlənməsi də bu tarixlərdə baş verir.
Rəsulullahın iffət dərsi və ənsar məntiqi
Bir gənc Allah Rəsulunun hüzuruna gəlir və utana-utana:
– Ya Rəsulullah, – deyir. Hislərini dilə gətirməyə cəsarət etmir. Ancaq Rəhmət Nəbisinin şəfqət dolu baxışlarını görüncə ürəklənir. Üzü qızara-qızara deyir:
– Zina məsələsində mənə izin verərsənmi?
Onun bu sözünü eşidənlər üstünə yeriyir:
– Bunun dediyinə bax! – deyirlər. Səs-küy bürüyür hər tərəfi. Məsələni həll edən yenə də Rəsulullah olur.
Və gənc Cüleybib onu bir az da yaxına çağıran Allah Rəsulunun hüzuruna gəlir. Allah Rəsulu onun başını şəfqətlə sığallayıb yanında oturdur və soruşur:
– Belə bir hərəkətin ananla edilməsini istərsənmi?
Tük ürpədən bir sual idi və Hz.Cüleybib yerindən dik atılaraq:
– Allah (c.c.) məni Sənin yolunda qurban etsin, vallah, xeyr, ya Rəsulullah, – deyir. Təbii ki, Rəsulullah da bu cavabı gözləyirdi:
– Elə digər insanlar da analarına belə bir münasibəti rəva görməzlər, – deyə cavab verir və ardınca da soruşur:
– Yaxşı, bəs belə bir hərəkətin qızınla edilməsini qəbul edərsənmi?
Heç gözləmədiyi bir sual idi. Utandığından yerə girir və başını qaldırıb:
– Yolunda qurban olum, vallah, yox, ya Rəsulullah, – deyə bilir. Şəfqət dolu baxışlarını ondan ayırmayan Rəsulullah:
– Heç kim qızı ilə belə bir hərəkətin edilməsini istəməz, – deyir. Yenə sual verir:
– Bacınla belə bir hərəkətin edilməsinə razı olarsanmı?
Hər sual ürəyinə ox kimi sancılırdı. Min dəfə peşman olmuşdu və dərhal:
– Qurbanın olum, vallah, buna da razı olmaram, ya Rəsulullah, – deyir. Yenə eyni sözləri deyirdi Allah Rəsulu (s.ə.s.):
– Heç kim bacısına qarşı bu cür münasibətə razı olmaz!
Suallar davam edir:
– Kiminsə sənin bibinlə bu cür hərəkət etməsinə razı olarsanmı?
Görünür, ağlı başına gəlməmiş onu buraxmayacaqdı. Eyni zamanda Allah Rəsulu böyük bir ümmətə də dərs verirdi. Hz.Cüleybibin cavabı əvvəlkilərdən fərqlənmir:
– Canım yoluna qurban olsun, xeyr, razı olmaram, ya Rəsulullah!
– Digər insanlar da öz bibiləri ilə bu cür günahın işlənməsinə razı olmazlar! – deyir Allah Rəsulu.
Növbə son sualın idi:
– Bəs, bu cür günahın sənin xalanla işlənməsinə nə deyərsən?
Cüleybib rəng alıb rəng verirdi. Qəlbində təlatümlər qopurdu. Yaxşı ki, vəziyyəti gəlib Allah Rəsuluna açmışdı. Mübarək üzünə baxır və:
– Xeyr, ya Rəsulullah! Yolunda qurban olum. Belə bir şeyi heç istəyərəmmi? – deyir. Yenə Son nöqtəni Alah Rəsulu (s.ə.s.) qoyur:
– Heç bir insan xalası ilə belə bir günahın işlənməsini istəməz!
Bundan sonra onu özünə daha da yaxınlaşdıran Allah Rəsulu (s.ə.s.) mübarək əllərini çiyninə qoyur və Hz. Cüleybibə dua edir:
– Allahım! Onun günahlarını Sən bağışla! Qəlbini tərtəmiz və iffətini də məsum eylə!
Peyğəmbər duasını alan Hz. Cüleybib o andan etibarən ən namuslu insanlardan biri olur. Ancaq Peyğəmbərimiz bir addım da atır və Hz. Cüleybib üçün ənsardan birinin qapısını döyür. Sevincdən ənsarın dili tutulmuşdu: qapısına gələn Allah Rəsulu (s.ə.s.) onun qızını istəyirdi. Dərhal:
– Əlbəttə, ya Rəsulullah, – deyir. Rəsulullah vəziyyəti izah etmək məcburiyyətində qalır və ona dönüb:
– Mən onu özüm üçün istəmirəm,– deyir. Bu dəfə ənsar:
– Bəs kimin üçün, ya Rəsulullah, – deyə soruşur. Allah Rəsulu:
– Cüleybib üçün, – buyurur. Cüleybibi tanıyırdı ənsar. Ancaq o, gözlədiyi kimi əsil-nəcabətli ailədən deyildi. Eyni zamanda o günə qədər onu qəribə davranışları ilə tanıyırdılar. Ona görə də tərəddüd edir ənsar və:
– Bir anası ilə də məsləhətləşim, ya Rəsulullah, – deyə icazə istəyir. Evində xanımına deyir:
– Rəsulullah qızımızı istəməyə gəlib.
Qadın sevincindən deməyə söz tapa bilmir və nəhayət:
– Bu nə böyük bir lütf! Əlbəttə, olar! – deyə cavab verir. Elə ki ənsar:
– Ancaq O (s.ə.s.), özü üçün deyil, Cüleybib üçün istəyir, – deyir, hər şey dəyişir.
– Nə dedin? Cüleybib? Rəsulullah ondan başqa adam tapmayıb? Halbuki biz onu hətta filankəslərə vermədik! Yox! Allaha and olsun ki, qızımı Cüleybibə verə bilməzsən!
Onsuz da ənsar bu münasibəti gözləyirdi və Rəsulullaha vəziyyəti xəbər vermək üçün ayağa qalxıb qapıdan çıxırdı ki, içəridən:
– Məni kim istəyir, – deyə səs gəlir. Bu, Rəsulullahın Hz.Cüleybibə istədiyi qızın səsi idi. Məsələni ona danışırlar. Qızın məntiqi tamamilə fərqli idi. Öncə bunu soruşur:
– Rəsulullah (s.ə.s.) sizdən nəsə istəyəcək, siz də Onu əliboş qayataracaqsınız, eləmi?
Quruyub qalırlar sualın qarşısında… Ancaq o, bunula kifayətlənməyib: “Allah və Rəsulu bir işi hökm etdiyi zaman heç bir mömin kişiyə və qadına başqa yol seçmək yaraşmaz. Allaha və Onun Peyğəmbərinə asi olan kəs, şübhəsiz ki, haqq yoldan açıq-aydın azmışdır!”[2] – ayəsini oxuyur və ardınca da:
– Əgər O (s.ə.s.), bu nikahı uyğun görmüşdürsə, siz də razı olun və məni ona verin. Çünki Allah (c.c.) məni əsla hədər etməyəcək, – deyir.
İndi ata-ana bu incəliyi düşünməməyə heyfslənirdi:
– Düz deyirsən, – deyirlər. Qızları onlara doğru yolu göstərmişdi. Fikrini dəyişən ənsar nəticəni Allah Rəsuluna çatdırmağa gedir. Hüzuruna gələn kimi:
– Sənin razı olduğun işə biz də razıyıq. O, sizindir. Kiminlə istəyirsiniz, evləndirin, – deyir. Allah Rəsulu (s.ə.s.) da:
– Mən bu işə razıyam, – buyurur və Cüleybibi həmin qızla evləndirir. Və onlara dua edir:
– Allahım! Onların üzərinə leysan kimi xeyir yağdır və güzəranlarını da bərəkətli elə!
Artıq Hz.Cüleybib Mədinənin ən iffətli insanı idi.[3]
Dumətül-Cəndəl
İkinci Bədirdən çox keçməmişdi, indi də Şam tərəfdən müxtəlif xəbərlər gəlirdi. Dumətül-Cəndəl adlı məkanda bəzi qəbilələr bir yerə toplanmağa başlamış və quldurlardan hərbi dəstələr təşkil edib Mədinəyə hücum etməyə hazırlaşırdılar. Hətta yaxın ərzailərdən keçən karvanlara hücum edir, mallarını əlindən alaraq günahsız insanlara zülm verirdilər.
Xeyrli işlərin nə qədər ziyanlı əngəlləri var idi. Sanki, bütün daxili və xarici qara qüvvələr xeyirli işlərin qabağına maneələr çıxarmaq üçün bir araya gəlmişdi. Halbuki İslam insanların insan kimi yaşaması üçün sağlam mühit vəd edir və bu zəmini təhdid edən ünsürləri cəmiyyətdən təmizləməyi hədəf göstərirdi. Bunlar həll olunmadığı təqdirdə sabah qarşısıalınmaz problemlərə gətirib çıxarar, daha böyük təxribatlara yola açardı. Ona görə də hər şeyə rəğmən, Dumətül-Cəndələ getmək və məsələni yerində həll etmək lazım idi.
Ancaq Dumətül-Cəndəl o dövrdə iki böyük dövlətdən biri olan Bizansın yaxınlığında yerləşirdi. Ona görə bəzi insanlar Rəsulullaha belə bir səfərin Bizans hökmdarı Qeysəri də qıcıqlandırıb böyük bir təhlükəyə səbəb olacağını deyirdi.
Asayişi və sülhü təmin etmək hər şeydən vacib idi. Ona görə Allah Rəsulu (s.ə.s.) Mədinəyə Siba ibn Urfutanı rəhbər təyin edib min nəfərlik ordu ilə yola düşür. Özu ilə Uzrəoğullarından Məzkuru götürmüşdü, çünki o, dar keçidlərə, gizli yollara yaxşı bələd idi. Həm də bu səfər zamanı gecələr yol gedir, gündüzlər dincəlirdilər.
Nəhayət, heç kimin xəbəri olmadan min nəfərlik ordu Dumətül-Cəndələ gəlib çatır. Məzkur:
– Ya Rəsulullah! Onların heyvanları buralarda otlayır. Sən burada gözlə, mən ətrafa bir göz gəzdirim, – deyərək icazə istədikdə Rəsulullah (s.ə.s.):
– Yaxşı, gözləyərəm, – deyə izin verir. Məzkur dəvə və qoyunların izinə düşərək ətrafı gözdən keçirir. Bəd niyyətlə birləşən bu insanlar qərbə doğru hərəkət edirdilər. Dərhal gəlib bunu Allah Rəsuluna çatdırır.
Bunu öyrənən Allah Rəsulu (s.ə.s.) həmin istiqamətə hərəkət əmrini verir. Min nəfərlik ordunun qəfildən üstlərinə gəldiyini görüb nə edəcəyini bilməyən quldur dəstəsi qaçmağa başlayır, Dumətül-Cəndəldə pərən-pərən düşür. Birinci addım atılmışdı. Daha da içəriyə, hətta ərazilərinə qədər girirlər, amma cəsarət edib qarşılarına çıxan olmur.
Allah Rəsulu Dumətül-Cəndəldə bir neçə gün qalır. Ətrafa hərbi dəstələr göndərir, vəziyyəti nəzarətdə saxlamağa çalışır. Göndərdiyi hərbi dəstələr onların atıb getdiyi dəvə sürüləri ilə qayıdırdı, amma quldurlardan əsər-əlamət yox idi. Yalnız Məhəmməd ibn Məsləmə getdiyi tərəfdə bir adama rast gəlir və onu da tutub Peyğəmbərimizin (s.ə.s.) hüzuruna gətirir. Allah Rəsulu ondan yoldaşlarının haraya getdiyini soruşur:
– Sənin gəlib dəvələrini ələ keçirdiyini eşidən kimi hamısı qaçıb dağılışdı, – deyir adam. Fitrətcə təmiz bir insana oxşayırdı və Rəsulullah (sallallahu əleyhi və səlləm) da ona İslamın gözəlliyini anladıb imana dəvət edir. Nəhayət, o da dəvəti qəbul edib müsəlman olur.
İslamın gücü göstərilmiş və üç-beş quldur dəstəsindən qorxmadıqları Şam istiqamətinə də bildirilmişdi. Hələ ilk qığılcımdan xəbərdar olur və onu yerindəcə, alovlanmadan söndürmək üçün qəfil əməliyyatlar həyata keçirirdilər. Bu da gələcəkdə ehtimal olunan bu cür birləşmələrə qarşı təsirli tədbir demək idi. Allah Rəsulunun Şamın beş günlük məsafəsinə qədər min nəfərlik ordu ilə səssizcə gəlməsi fikri yayındırma, düşmənə gələcək üçün həddini bildirmə baxımından çox əhəmiyyətli idi. İndi isə məqsəd hasil olduğuna görə geri dönmə zamanı idi və Allah Rəsulu (s.ə.s.) ordusu ilə Mədinəyə üz tutur. Hər addımını ölçüb-biçir, səfəri dəyərləndirməyə çalışırdı. Belə ki, yolda Uyeynə ibn Hısn əl-Fəzari ilə saziş bağlayır. Çünki bu, bir tərəfdən bölgəni təhlükəsizlik dairəi ilə əhatə etmək idisə, o biri tərəfdən də bu istiqamətdə ehtimal olunan təhlükələrin qarşısına möhkəm sədd çəkmək demək idi. Uyeynənin bölgəsi qıtlıqdan və quraqlıqdan əziyyət çəkdiyi üçün Peyğəmbərimiz (s.ə.s.) heyvanları otarmaq üçün Mədinə ətrafına qədər gəlmələrinə icazə verir və beləliklə, onu və qəbiləsini İslama daha da yaxınlaşdırırdı. Onsuz da belə bir vaxtda birlikdə oturub saziş bağlamaq eyni zamanda onların İslama daha da yaxın olmasını təmin edəcək və getdikcə təsirini artıran bu yeni dirçəlişə – İslama olan maraqlarını daha da artırıb müsəlman olmalarını asanlaşdıracaqdı.
Bəni-Mustaliq
Bir xəbər də Mustaliqoğulları yurdundan gəlir. Bəni-Mustaliqin başçısı Haris ibn Əbi Dirar ətraf qəbilələri də cəlb etməklə bir ordu toplamış, Mədinəyə hücuma hazırlaşırdı. Əvvəlcə xəbərin doğru olub-olmadığı təyin edilməli idi və bunu Allah Rəsulu (s.ə.s.) əshabından Büreydə ibn Husayba tapşırır.
Kəşfiyyatçı kimi yola çıxan Hz.Büreydə deyilən yerə çatdıqda böyük bir izdihamla qarşılaşır. Özlərinə arxayın və qürurlu görünürdülər. Onun gəldiyini görüncə:
– Sən kimsən , – deyə soruşurlar. Narahat idilər. Ancaq:
– Sizdən biri, – deyə öncə cavab verir.
Hz.Büreydə bu tapşırığı alarkən lazım gələndə sözdən ikibaşlı istifadə etmək məsələsində Rəsulullahdan izin istəmiş və O da ümumi işin xeyri üçün razılıq vermişdi.
– O adamın üstünə yerimək üçün toplaşdığınızı eşidən kimi mən də çıxıb yanınıza gəldim. Əgər bu niyyətinizdə qərarlısınızsa, onda mən də gedib qövmümü və mənə itaət edənləri toplayım, birlikdə bir yumuruq kimi Ona hücum edib kökünü kəsək!
Rahatlaşmışdılar. Onu tanımırdılar, ancaq bunun nə əhəmiyyəti var idi?! Eyni “düşmən”i hədəf götürmüş bir adamdan nə zərər gələ bilərdi? Buna görə:
– Elə biz də bunun üçün bir yerə yığışmışıq. Onda bir az tələs! – deyir Haris ibn Əbu Dirar.
Məsələ aydın idi. Demək, Rəsulullaha çatan xəbər doğru idi. Həqiqətən də, bu insanlar Mədinəyə hücum etmək üçün bir yerə toplaşaraq ciddi şəkildə döyüşə hazırlaşırdılar. Ancaq yenə də ehtiyatlı olmaq lazım idi. Ona görə Hz.Büreydə:
– Mən indi gedirəm, bir azdan qövmümdən böyük bir dəstə ilə buraya gələcəyəm, – deyə onlara səslənir. Sevinmişdilər, heç gözləmədikləri halda, bir adam gəlmiş, öz adamları ilə könüllü olaraq onlara dəstək olacağına söz vermişdi.
Bu tərəfdə isə Hz.Büreydə Mədinəyə doğru tələsir; möminlərə xəbərin doğru olduğunu çatdırmalı idi. Allah Rəsulu (s.ə.s.) xəbəri alar-almaz dərhal hazırlıq əmri verir və bir düşməni də əzmək üçün ordunun toplanmasını tələb edir.
Təqvim hicrətin altıncı ili, şaban ayını göstərirdi. Allah Rəsulu otuzu süvari olmaqla əshabı ilə Mustaliqoğulları istiqamətə üz tutur. Mədinədə isə yerinə Zeyd ibn Harisəni təyin edir.[4]
Münafiqlər yer yaxın olduğuna görə və qənimətdən pay qoparmaq məqsədi ilə əvvəlki savaşlardan fərqli olaraq bu yürüşə qatılmışdılar.
Xəlaiq adlı yerdə istirahət etmək üçün dayanırlar. Bu vaxt onların yanına Abdülqeysoğulları qəbiləsindən bir adam gəlir. Allah Rəsulu (s.ə.s.) ona:
– Qövmün haradadır?, – deyə soruşur.
– Ravhada, – deyə cavab verir adam. Peyğəmbərimiz (s.ə.s.) yenə soruşur:
– Hara gedirsən?
– Yalnız Sənin yanına gəlib Sənə iman etmək, gətirdiklərinin haqq olduğuna şəhadət edib Səninlə birlikdə düşmənə qarşı döyüşmək istəyirəm, – deyir adam.
Rəsulullah çox sevinir. Yenə “ölü” bir qəlb Rəbbini tapmış, Allaha qul olma yolunu tutmuşdu. Allah Rəsulu həmd edir:
– Səni İslamla şərəfləndirən Allaha həmd olsun!
Həmin adam soruşur:
– Allah hansı əməli daha çox sevir?
Əlbəttə, bu iş sadəcə kəlimeyi-tövhidi söyləməklə bitmirdi və bu bəxtiyar ürək də dili ilə təsdiqlədiyi bu kəlmələrin ardınca da hansı mükəlləfyyətləri daşıyacağını soruşur.
– Birincisi, vaxtında qılınan namaz, – buyurur Allah Rəsulu (s.ə.s.). Deməli, imandan sonra ən vacib məsələ namaz idi və imana gəldikdən sonra hər bir mömin vaxtı girən kimi namazını ən kamil şəkildə qılmalı idi.
Xəlaiqin səmərəsi olan səhabəni – yeni müsəlman olmuş insanı özləri ilə götürüb yenidən yola çıxırlar. Qarşılarına düşmən tərəfin casusu çıxır və səhabələr də onu yaxalayıb Peyğəmbərin hüzuruna gətirir. Rəsulullah düşmən ordularının yerini və hansı silahlarla təhciz olunduğunu soruşur, amma cavab ala bilir. Onun da müsəlman olmasını istəyir. İslamiyyətdən danışır və Allahın qulu olduğunu qəbul etməsini istəyir. Ancaq adamın tərs damarı tutmuşdu. Ayağına qədər gələn bu dəvəti qəbul etmir.
Müreysi adlı yerə çatanda Mədinəyə hücum etmək üçün toplaşan düşmən birliyi Allah Rəsulunun onların üstünə gəlməsi xəbərini alır. Təşvişə düşürlər. Üstəlik casus kimi göndərdikləri adam da ələ keçmişdi. Zarafat deyildi, göz görə-görə üstlərinə böyük bir ordu gəlirdi.
Allah Rəsulu (s.ə.s.) Müreysidə dayanaraq dərhal döyüş hazırlığına başlayır. Ordu qısa müddətdə cərgələrə düzülüb əmrə müntəzir dayanır. Mühacirlərin bayrağını Hz.Əbu Bəkir,[5] ənsarın bayrağını isə Sad ibn Ubadə aparırdı. Hər zaman olduğu kimi, Allah Rəsulu (s.ə.s.) müharibəyə ilk başlayanın özü olmadığını göstərir, hücumdan əvvəl onlarla danışmağa çalışır. Bunun üçün yenə Hz. Öməri seçir. Müreysi vadisi Hz.Ömərin gür səsi ilə titrəməyə başlayır:
– Gəlin siz də “Lə ilahə illəllah” deyin və beləliklə, malınızı, canınızı mühafizə edin!
Səsin əks-sədası dağlara dəyib ümidsiz-ümidsiz geri qayıdarkən düşmən tərəfdən Rəsulullah və əshabının üstünə ox yağmağa başlayır. Harisin niyyəti məlum idi, döyüş qaçılmazdı. Yağan oxların cavabında müsəlmanlar da ox atmağa başlayır. Ogünkü parol “Ya Mənsur! Əmit” idi. Cüveyriyyə validəmiz şahidlik edir ki, düşmən əsgərləri İslam ordusunu olduğundan daha çox gördüyü halda, müsəlmanlar düşməni daha az görürdülər. Nə daha əvvəl, nə də daha sonra heç kəsin görmədiyi və görməyəcəyi insanlar qara atların üstündə bura gəlib müsəlmanlara yardım edirdilər. Qarşılıqlı ox atışları bir müddət davam etdikdən sonra Allah Rəsulunun əmri ilə bütün ordu hücuma keçir. Sanki, İslam ordusu bir vücud olaraq Bəni-Mustaliq üzərinə gedirdi. Belə bir gücün qarşısında kim dayana bilərdi!
Çox keçmədən Bəni-Mustaliq darmadağın edilir, döyüşçüləri əsir, malları qənimət olur. Düşmən qoşunundan on nəfər öldürüldüyü halda, əshab arasından yalnız Hişam ibn Subadə şəhid olmuşdu. Onu da bir nəfər ənsar yanlışlıqla öldürmüşdü. Peyğəmbərimiz Hz.Hişamın diyətinin (qan pulunun) ödənilməsi əmrini verib, onu Hz.Hişamın qardaşı Miqyəs ibn Subabəyə təslim edir.[6]
Ələ keçirilmiş əsirlər iki yüz ailədən ibarət idi və bunlar Büreydə ibn Husayba, dəvə, qoyun və iribuynuz malqaraya nəzarət isə Peyğəmbərimizin azadlısı Hz. Şükrana tapşırılır. Qənimətlərin bölüşdürülməsi işini isə Mahmiyyə ibn Cəz aparır.
Artıq bölgü aparılmış və ortada qalan bir qisim əşya da arzu edənlərə satılmışdı. Düşmən ordusunun başçısının qızı Cüveyriyyə binti Haris[7] Sabit ibn Qeys ibn Səmmaş və onun əmisi oğlunun payına düşmüş və o da doqquz okka qızıl əvəzində sərbəst buraxılma haqqında razılaşmışdı.[8]
Nə bu savaş, nə də bu əsarət başqa müharibə və əsarətlərə bənzəmirdi. Əllərindəki imkandan istifadə edərək hər kəsi öldürə bilərdilər, amma onlar öldürməyib əsir götürməyi seçmişdilər; indi də əsirlərə yediklərindən yedirir, geydiklərindən geydirirdilər.
Bütün bunları görüb səbəblərini öyrənən Harisin qızı Cüveyriyyə üç gün əvvəl gördüyü yuxunu xatırlayır və çox keçmədən kəlimeyi-tövhidi deyib müsəlman olur. Çünki üç gün əvvəl yuxuda Mədinədən doğan bir ay onun yanına qədər gəlmiş və sanki, qucağına qonmuşdu. Təsirindən çıxa bilməsə də, yuxunu heç kəsə danışmağa cəsarət etməmişdi. İndi isə bu röyanın həqiqət olmasını istəyir, hadisələri maraqla izləyirdi. Hz. Cüveyriyyə bütün cəsarətini toplayaraq Allah Rəsulunun hüzuruna gəlir:
–Ya Rəsulullah! Mən Allahdan başqa ilah olmadığına və Sənin də Onun Rəsulu olduğuna şəhadət edən müsəlman bir qadınam! Mən bu insanların başçısı Harisin qızı Cüveyriyyə binti Haris ibn Əbi Diraram. Başımıza nələr gəldiyini yaxşı bilirsən! Mən Sabit ibn Qeys ibn Şəmmas ilə onun əmisi oğlunun payına düşdüm. Ancaq Sabit Mədinədəki xurma bağlarından bir qismini əmisi oğluna verib məni aldı. Sonra da əsarətdən qurtulmaq üçün ödəyə bilməyəcəyim bir əvəzlə razılaşdım. Əslində, o, məni buna məcbur etmədi. Çünki mən bu məsələdə Sənin mənə kömək edəcəyinə ümid edirəm. Azadlığa qovuşmağıma kömək et!
Onu diqqətlə dinləyən Allah Rəsulu:
– Bundan da xeyirlisini istəyərsənmi? – deyə soruşur. O da çaşıb qalır, həyəcanla:
– Bəs o, nədir, ya Rəsulullah? – deyə soruşur. Peyğəmbərimiz:
– Sənin azadlıq haqqını Mən ödəyərəm və səni də nikahım altına alaram, – buyurur. Bundan böyük səadət ola bilərdimi? Əlində-ovcunda nə var idisə, hamısını itirən və üstəlik azadlığı da əlində olmayan bir insanın qarşısına dünya və axirət səadətinə gedən yollar açılırdı və həm də şəxsən bu sarayın Sultanı tərəfindən, heç bir əvəz ödəmədən. Hz. Cüveyriyyə də belə bir səadəti qaçırmayacaq qədər iman dolu qəlbə sahib idi və:
– Çox yaxşı, ya Rəsulullah! Qəbul edirəm, – deyir.
Təklif qəbul olunur, növbə Sabit ibn Qeys ilə görüşməyə gəlir. Ona xəbər göndərilir və çox keçmədən Hz.Sabit də hüzura gəlir. Rəsulullah da Hz. Cüveyriyyənin bədəlini Sabitə ödəyərək onu nikahı altına almaq istədiyini bildirir. Hz. Sabitin sevinci gözlərindən oxunurdu. Deyəsən, Allah Rəsulunun məqsədini anlamışdı. Hz. Cüveyriyyə Bəni-Mustaliqin başçısı Harisin qızı idi və əlbəttə, o, Rəsulullaha yaraşırdı. Dərhal:
– Anam, atam Sənə fəda olsun, ya Rəsulullah! Heç nə ödəmə, o, Sənindir, – deyir. Ancaq Allah Rəsulu (s.ə.s.) yenə də bu əvəzi ödəyəcək və öncə Hz.Cüveyriyyəni azadlığa qovuşduracaq, sonra da onunla evlənəcəkdi.
Allah Rəsulunun bu evlilik xəbəri tezliklə əshaba da çatır. Xəbəri eşidən hər bir səhabə əsirlərinə baxır:
– Rəsulullahın qohumu, – deyirdi.
Heç gözləmədikləri və ummadıqları halda, Bəni-Mustaliq bir anın içində Allah Rəsulunun qohumu olmuşdu. Elə isə Allah Rəsulunun qohumları necə əsir qala bilərdi?! Əsirləri bir-bir azad etməyə başlayır, yenə də tarixdə görünməyən alicənablıq nümunəsi göstərirlər. Həmin gün sadəcə bu qohumluğun xətrinə yüz ailə azad edilmiş və mübarək evliliyin bərəkətindən istifadə edilmişdi. Əmisi qızı gəlib bunları Hz.Cüveyriyyəyə danışınca o da Rəbbinə həmd edəcək və onun vəsiləsilə qövmünü əsarətdən qurtaran Allaha şükür edəcəkdi.[9]
Qalan əsirləri isə yaxınları əvəz ödəyib azadlığa qovuşdurur və beləliklə də, Bəni-Mustalıq əsirlərinin hamısı azad olunur.
Müreysi quyusu
Bu hadisələr baş verərkən bir dəstə səhabə su gətirmək üçün Müreysi quyusunun başına getmişdi. Müreysi dayaz bir quyu idi və su götürmək üçün tuluqlarını quyunun içinə salan ənsar Sinan ibn Vəbər ilə mühacir Cəhcah ibn Məsudun ipləri biri-birinə dolaşmış, aralarında mübahisə düşmüşdü. Əsəblərini cilovlaya bilməyən Hz.Cəhcah yoldaşına bir zərbə endirmiş və başı yarılan Hz. Sinan da:
– Buraya gəlin, ey ənsar camaatı, – deyə yoldaşlarını köməyə çağırmışdı.
Vəziyyətin gərginləşdiyini görən Hz.Cəhcah da mühacirlərə səslənib onları köməyə çağırmışdı. Ciddi bir hadisənin baş verdiyini düşünən ənsar və mühacir səsin gəldiyi tərəfə getməyə tələsmişdi. Vəziyyət gərgin idi, adi bir hadisədən çıxan qığılcım böyük bir fitnəni körükləyirdi. Qılınclar sıyrılmış, cəbhələr ayrılmışdı. Bu qədər dəyişiklikdən sonra, sanki, yenidən keçmişə qayıtmış, əsrlərlə davam edən müharibələri xatırladan bir uçurumun kənarına gəlmişdilər.
Vəziyyətdən xəbər tutan Allah Rəsulu(s.ə.s.) dərhal hadisə yerinə gəlir. Cəlallanmışdı (gərgin anlarda Rəsulullaha xas emosional ifadə):
– Cahiliyyədən qalan bu çağırış nə deməkdir? – deyə soruşur.
Baş verənləri eşidincə yenə kiçik bir səhvin böyük bir hadisəyə təkan verdiyini görür. Bəlkə də, belə hadisələr baş verməli idi ki, Allah Rəsulu (s.ə.s.) ona müdaxilə etsin və buna bənzər hallarda müsəlmanlara necə davranmağı göstərsin. Allah Rəsulu (s.ə.s.) müsəlmalara səslənir:
– Artıq bu cür davranmağı bir kənara qoyun! Çünki bu çağırış artıq köhnəlmişdir. Əksinə, insan məzlum da olsa, zalım da olsa, qardaşına kömək etsin! Əgər qardaşı zalımdırsa, onu zülmündən vaz keçirər, məzlumdursa, ona yardım edər!
Demək ki, hər iki tərəfin də yardıma ehtiyacı var idi. Ona görə ənsar və mühacir də gedib öz adamları ilə danışmağa başlayır. Rəsulullah (s.ə.s.) ola-ola hislərə qapılmaq düzgün deyildi. Din nəsihətdən ibarət idi. İndi də bu nəsihətə ehtiyac vardı. Danışıqlar səmərə verir, Hz. Sinan və Hz. Cəhcah etdiklərindən min peşman olur. Hətta başı yarılan Hz.Sinan Hz.Cəhcahı bağışladığını söyləyir. Məsələ həll olunmuş, hər şey yoluna qoyulmuşdu.
Bu hadisələrlə paralel digər tərəfdə Abdullah ibn Übeyy ibn Səlul özü kimi on nəfər yaxın dostu ilə birlikdə vəziyyəti müzakirə edirdilər. Yaşca kiçik olan Zeyd ibn Əkram da orada idi. Übeyy ibn Səlulun qəzəbdən damarları şişmiş, nəfəsi od püskürürdü. O günədək içində saxladığını açıb tökürdü:
– Vallah, ömrümdə belə bir gün görməmişəm. Vallah, bunların bir gün başıma gələcəyini bilirdim! Ancaq öz qövmüm mənə təzyiq etdi. Nə olardı, məni özlərinə padşah seçə idilər! İndi baxın görün ki, öz ölkəmizdə bizdən üstün olub, üstünlüyümüzü də yox bilir, bizi saymırlar! Vallah, bizimlə bu Qureyş talançılarının halı “Bəslə qarğanı ovsun gözünü”[10] məsəlindəki kimidir. Vallah, Cəhcahın çağırışını eşidənə qədər belə bir qarşıdurmanın olacağından ümidimi kəsmişdim və bunu görmədən öləcəyimi düşünürdüm. Təəssüf ki, indi yaşayıram, ancaq bu çağırışa cavab verməyə güc tapa bilmirəm. Hələ bir Mədinəyə qayıdaq, bax onda əziz olan zəlil olanı oradan çıxaracaqdır!
Bunları deyib üzünü yoldaşlarına tutur:
– Əslində, bunları siz özünüz etdiniz, onları öz ölkənizə qəbul etdiniz və onlar da gəlib burada məskunlaşdılar. Mallarınızdan onlara pay ayırdınız və artıq onlar da imkanlı oldular! Vallah, əgər onlara qucaq açıb mallarınızla dəstək olmasa idiniz, indi onlar burada deyil, tamam başqa bir yerdə olacaqdılar. Baxın indi etdiklərinizi qəbul etmir və sizi öz oxlarına hədəf edirlər. Halbuki siz Onun üçün savaşdınız və övladlarınızı Onun uğrunda yetim qoydunuz! Beləcə siz durmadan azalarkən, onlar çoxaldılar!
İbn Səlul münasib şərait tapmışkən fürsətdən istifadə edirdi. Onun bu fitnə dolu sözlərini eşidən Zeyd ibn Ərkam çaparaq Allah Rəsulunun hüzuruna gəlir, eşitdiklərini bir-bir danışır. Allah Rəsulu xoşlanmamışdı bu sözlərdən, üzünün rəngi dəyişmişdi. Görünür, nifaq salmaq niyyəti ilə qaşınan yaranın qanamasından narahat olur və əshabı arasında yeni bir münaqişə çıxmasını istəmirdi. Əvvəlcə:
– Ey gənc! Birdən ona qarşı qəzəbli olduğun üçün belə bir şey eşitdiyini sanarsan, – deyə Hz. Zeydə səslənir. Hz. Zeyd özünə əmin idi və:
– Xeyr, ya Rəsulullah! Vallah, bunları ondan eşitdim, – deyə təkrarlayır. Allah Rəsulu (s.ə.s.) yenə üzünü Zeydə tutub:
– Səhv eşitmiş olmayasan, – deyir.
– Vallah, yox, ya Rəsulullah, – deyir. Bu dəfə də:
– Bəlkə, bunları söyləyən o deyildi, bir başqası idi. Bəlkə, sən səhv salmısan, – deyir. Sözünü zərrə qədər dəyişməyən Hz. Zeyd yenə:
– Vallah, xeyr, ya Rəsulullah, – deyə təkrar edir.
Demək ki, Hz. Zeydin eşitdikləri doğru idi. Zeyd ibn Ərkamın söylədiklərini eşidən və dedi-qodulardan Rəsululullahın üzüldüyünü görən əshab da söhbətə müdaxilə etmək istəyir, xüsusilə, ənsar:
– Necə olur ki, sən qövmünün böyüyünün əleyhinə çıxırsan və onun söyləmədiyi şeyləri bilə-bilə onun adına yazıb haqsızlıq edirsən! Bu hərəkətinlə sən həm zülm etmiş, həm də qohumluq haqqını tapdalamış olursan, – deyərək Hz. Zeydi qınayıb danlayırlar. Çarəsiz qalan Zeyd:
– Vallah, mən bunların hamısını ondan eşitmişəm, – deyir və özünü müdafiə etməyə çalışır:
– Vallah, mənim də Xazrəçdən ən çox sevdiyim adam Abdullah ibn Übeyy ibn Səlul idi. Ancaq bu sözləri hətta atamdan da eşitsə idim, heç tərəddüd etmədən gəlib Rəsulullaha söylərdim. Ümid edirəm ki, Allah (c.c.) tezliklə dediklərimi vəhyi ilə təsdiq edəcək.
Ənsarın təşəbbüsləri
Rəsulullahın bəyanlarını, Zeyd ibn Ərkamın söylədiklərini eşidən bir dəstə ənsar Abdullah ibn Übeyyin yanına gəlir. Əvs ibn Havli:
– Ey Əba Hubab (İbn Səlul), – deyə müraciət edir, – əgər bunları doğrudan da, söyləmisənsə, inkar etmə; get və olanları Rəsulullaha danış ki, Allahdan bağışlanmağını diləsin! Yoxsa, vəhy gələr və yalanın üzə çıxar! Əgər həqiqətən, bunları söyləməmisənsə, onda yenə də get Ondan üzr istə və and iç ki, bunları söyləməmisən!
Əvs sözünü bitirməmiş İbn Səlul:
– Vallahil-Azim, əsla bunları mən söyləməmişəm, – deyib yerindən qalxır və iti addımlarla Allah Rəsulunun hüzuruna gəlir. Niyyəti özü haqqında yaranan mənfi rəyi dəyişdirmək idi. Onun gəlişini görən Allah Rəsulu daha cəld tərpənir və :
– Ey İbn Übeyy! Əgər bu sözlər sənə aiddirsə, tövbə et, – deyir.
– Zeydin söylədiklərini mən deməmişəm, hətta belə bir mövzuda danışmamışam da, – deyib Allaha and içməyə başlayır.
Allahın sevimli qulu Rəsulullah (sallallahu əleyhi və səlləm) hər dəfə fürsət düşdükcə əleyhinə iş çevirən İbn Səlulla sərt davranmır və aradakı pərdəni götürmür. Bu vaxt hüzurdakı səhabələrdən biri dediyi sözlərlə İbn Səlulun vəziyyətini yüngülləşdirir:
– Bəlkə də, o uşaq yanılıb və adamın söylədiklərini yaxşı yadında saxlamayıb!
Hər şeyə rəğmən, Allah Rəsulu insanlara şəfqətlə davranır və əməllərini bilə-bilə xətalarını üzə vurmurdu.
Hz. Ömərin təklifi və yola düşmə
Hz. Ömər baş verən hadisə ilə barışa bilmirdi. Bu da həqiqət idi ki, kimlərsə fitnə çıxarır. Belə əməllər Hz. Ömər kimi insanların qəlbini yaralayırdı. Ona görə də həddini aşanları yerində otuzdurub bir də belə boşboğazlıq etmələrinə imkan verilməməli idi. Qılıncını da alıb Allah Rəsulunun hüzuruna gəlir. Bu vaxt Rəsulullah (s.ə.s.) bir ağacın kölgəsində oturub kürəyini ovxalatdırırdı. Əvvələr belə şey görməmişdi. Narahatlıqla soruşur:
– Ya Rəsulullah, kürəyinizdə bir ağrımı var?
– Dünən gecə dəvə Məni belindən atdı, – cavabını verir.
– Ya Rəsulullah, –deyə sözə başlayır Hz. Ömər, – mənə icazə versəniz, gedib bu İbn Übeyyin boynunu vurardım!
– Həqiqətən, bunu edərsənmi? – deyə soruşur Allah Rəsulu.
– Bəli, – deyir Hz.Ömər, – Səni haqq bəyanla göndərənə and olsun ki, edərəm!
Onun nələri edib, nələri etməyəcəyini Allah Rəsulu da yaxşı bilirdi. Rəsulullahın azacıq meylini hiss etsə idi, heç soruşmadan İbn Übeyyin axırına çıxardı. Ancaq bu qılıncla düzələsi məsələ deyildi. Bir çox insan İbn Übeyyi rəhbər sayır və onun dedikləri ilə oturub-dururdu. Uhuddan qayıtdıqlarını da hamı xatırlayırdı. Eyni zamanda bu insanlar “gizlicə” fitnə-fəsad salsalar da, görünüşdə özlərini müsəlman kimi aparır və Allah Rəsulunun arxasında namaza dururdular. Ona görə də tələsik hərəkət etmək düzgün olmazdı. Bunun üçün Peyğəmbərimiz (s.ə.s.) Hz.Ömərə deyir:
– İndi Yəsribdə onu öldürməyi əmr etsəm, bir çox insanlar buna qarşı çıxar və əsl simalarını ortaya qoyar.
Gözünü İbn Übeyyin kəlləsinə dikən Hz. Ömər:
– Ya Rəsulullah! – deyə bir daha səslənir, – o zaman Abbad ibn Bişrə[11] əmr edəydiniz, heç olmasa, bu adamın başını o gətirəydi!
Şəfqət peyğəmbəri bundan da xoşlanmır. Çünki O, yolundan azan insanlara böyük cəzalar verən deyil, hər zaman onlara həyat bəxş etmək üçün göndərilmiş bir peyğəmbərdi. Ona görə üzünü Hz. Ömərə tutaraq:
– Xeyr, – deyir, – o zaman da insanlar: “Məhəmməd yoldaşlarını öldürür,” – deyə dedi-qodu edərlər!
Rəsulullahın gətirdiyi din – İslamiyyət tarazlığı, əmin-amanlığı təlqin edirdi və hər şeydən görünürdü ki, Allah Rəsulu İbn Übeyy məsələsində də rəyini verərkən əmin-amanlığı əsas götürür. Belə olanda Hz. Ömər geri addım atmaq məcburiyyətində qalır.
Hz. Ömər geri addım atır, amma İbn Übeyyin sözləri insanların dilinə düşmüşdü. Bundan bir çıxış yolu tapılmalı idi və Hz. Ömər :
– Elə isə qoy insanlara əmr edim yola düşsünlər, – deyə təklif edir. Bu ana qədər təkliflərini məqbul görməyən Allah Rəsulu bu dəfə:
– Hə, bax bu olar, – buyurur.
Bunun ardınca Müreysi quyusunun başından Hz.Ömərin gur səsi yayılır. Bu əshabı bir anlıq tərəddüdə salır. Çünki günorta idi və belə bir istidə yola çıxmaq Rəsulullahın adəti deyildi. Allah Rəsulu da Qasvanın üzərində görünür. Demək, həqiqətən də, yola çıxmaq lazım idi.
Allah Rəsuluna (s.ə.s.) yaxınlaşan Əvs qəbiləsinin başçısı Sad ibn Ubadə[12] salam verdikdən sonra:
– Ya Rəsulullah, – deyir, – bu gün elə bir vaxtda yola düşürsünüz ki, daha əvvəllər heç vaxt bu saatlarda yola çıxmamısınız. Bunun səbəbi nədir?
Allah Rəsulu (s.ə.s.) ona üzünü tutur və:
– Məncə, yoldaşınızın dediklərini hələ eşitməmisən, – buyurur. Həqiqətən də, eşitməmişdi və Hz. Sad :
– Hansı yoldaşımızın, ya Rəsulullah? – deyə soruşur.
– İbn Übeyyin! – deyir Allah Rəsulu, – Mədinəyə çatan kimi əziz olanın zəlil olanı oradan çıxaracağını güman edir!
Hz. Sad uzaqgörən adam idi və iti zəkası ilə dərhal deyir:
– Sən, ya Rəsulullah! İstəsən, onu çıxardarsan. Çünki əziz olan Sənsən, zəlil isə, heç şübhəsiz ki, odur! Onsuz da izzət Allah, Rəsulullah və möminlərə aiddir. Ancaq ya Rəsulullah, Sən yenə də onunla yumşaq davran! Çünki Allah Səni bura göndərəndə qövmü onun başına tac qoymağa hazırlaşırdı. Tacındakı qiymətli daşların hamısı tamamlanmış, ancaq Yuşa adlı bir Yəhudi “yox” deyib əlindəki daşı verməmişdi. Yəhudi başçı olmaq üçün əlindəki qiymətli daşa nə qədər ehtiyac olduğunu bilir və yüksək qiymət istəyirdi. Bax elə o zaman Allah Səni göndərdi və o da bu səbəblə Sənin ona aid məqamı qəsb etdiyini düşünür!
Oğul Abdullahın həssaslığı
Hz. Ömərin Rəsulullaha dediklərini eşidən İbn Übeyyin oğlu Abdullah[13] Allah Rəsulunun hüzuruna gəlir. Üz-gözündən hüzn yağırdı. Atasının dediklərindən xəcalət çəkirdi, amma əlindən bir şey gəlmirdi. Rəngi solğun, çarəsiz halda:
– Ya Rəsulullah, – deyir. Hər halından niyyəti və həyati bir qərar verdiyi görünürdü. Bir müddət udqunduqdan sonra özünü toplayır və qan donduran sözlər söyləyir:
– Sənin haqqında söylədiklərinə görə atamı öldürtmək istəyirsənsə, o işi mənə həvalə et. Vallah, Sən bu yerdən qalxmamış mən onun başını gətirərəm! Hərçənd xazrəc də bilir ki, ana-atasına yaxşılıq məsələsində mənim kimisi, bəlkə də, yoxdur. Neçə vaxtdır, onun yemək-içməyini mən hazırlayıram. Ya Rəsulullah, mən ondan qorxuram ki, atamı bir başqasına öldürtdürərsən, atamın qatili gözüm önündə və insanlar arasında gəzib dolaşarkən nəfsim buna tab gətirməz və bəlkə də, bir gün özümü saxalaya bilməyib onu öldürər, cəhənnəmə gedərəm! Əlbəttə, Sənin əfvin daha dəyərli, lütfün daha böyükdür!
Onun bu təklifinə cavab olaraq Allah Rəsulu:
– Ey Abdullah, – deyir, – Mən sənin atanı öldürtmək istəmirəm. Əksinə, o, bizim aramızda olduğu müddətdə ona ancaq yaxşı münasibət göstərməyi düşünürük.
Hz. Abdullah rahat nəfəs alır. Ata-anasını bu qədər sevsməsinə rəğmən, az qala ata qatili olacaqdı. İndi isə Şəfqət Nəbisinin böyük mərhəmətinə şahid olmuş, qəlbini bürüyən əndişələrdən qurtulmuşdu. Abdullah bu məqamda Peyğəmbərimizi məlumatlandırmaq istəyir:
–Ya Rəsulullah! – deyə sözə başlayır, – Bu Mədinə əhalisi atamı özlərinə başçı seçmək üçün razılaşmışdı. Elə işin bu yerində Allah Səni buraya gətirdi. Bu səbəbdən Allah onu alçaldarkən Sənin vasitənlə bizi yüksəltdi. İndi atamın ətrafındakılar daha əvvəl həyata keçirə bilmədiklərini gerçəkləşdirmək üçün onu təhrik edirlər.
Sad ibn Ubadə ilə Hz.Abdullahın sözləri üst-üstə düşürdü. Məqsədinə yaxınkən ona çatmayan bir insanın psixoloji vəziyyəti başadüşülən idi, təbii ki, bundan istifadə etmək istəyənlər olacaqdı, necə ki vardı. Demək ki, bəzi məsələləri zaman həll edəcəkdi.
Atiq vadisinə çatanda Hz.Abdullah ordunun önünə keçir və atasını gözləyir. Nəhayət, onu görən kimi dəvəsinin yüyənindən tutub çökdürür və onun qabaq ayaqlarına basaraq atasının qarşısında dayanır. Gözləmədiyi bir hərəkətlə qarşılaşan İbn Səlul:
– Nə etmək istəyirsən, ay filan oğlu, – deyə onu təhqir edir. Hz.Abdullah:
– Allaha and olsun ki, Rəsulullah sənə izin vermədikcə Mədinəyə girə bilməzsən! Beləcə kimin ən əziz, kimin zəlil olduğunu anlayıb görmüş olacaqsan!
“Bunu atana qarşı necə edirsən?” – deyə əngəl olmaq istəyənlərə Hz.Abdullah cavab vermək ehtiyacını da hiss etmir. Nəhayət, onu bu hərəkəti Rəsulullaha da çatdırılır:
– Abdullah ibn Übeyy ibn Səlul Sənin icazən olmadan atasının Mədinəyə girməsinə izin vermir, – deyirdilər.
Ata ilə oğulun üz-üzə gəlməsinə könlü razı olmayan Allah Rəsulu xəbəri alan kimi tez onların yanına gəlir. Hələ də Hz. Abdullahın ayağı dəvənin qabaq ayaqlarının üzərində idi və atasının qarşısında dimdik dayanmışdı. Oğlunun bu hərəkətinə görə ata İbn Səlul:
– Şübhə yoxdur ki, mən uşaqlardan da zəlil, hətta qadınlardan da alçağam, – deyir.
Onları bu halda görən Allah Rəsulu üzünü Hz. Abdullaha tutaraq:
– Atandan əl çək! – buyurur və ancaq bu əmrdən sonra Hz. Abdullah atası İbn Səlulun dəvəsini sərbəst buraxıb qarşısından çəkilir.
Cəbrailin xəbəri
Allah Rəsulu (s.ə.s.) çoxdan yola düzəlmişdi. Gənc Zeyd də Ona yetişərək üzünün cizgilərinə xeyli tamaşa edir, dediyi sözlərin vəhylə təsdiqini arzulayırdı.
Elə bu zaman Zeydin arzuladığı an yetişir. Rəsulullahın vücudundan muncuq-muncuq tər axırdı. Daha diqqətlə baxır Allah Rəsulunun üzünə; vəhyin ağırlığından qəddi bükülür, üzərinə çökən ağırlığın altında burum-burum tər tökürdü Rəsulullah! Dəvəsi də az qalırdı yerə çöksün. İçini bir sevinc bürümüşdü Zeyd ibn Ərkamın – vəhy gəlirdi! Bu vəhydə onun sözlərini təsdiqləyən ifadələrə ümid bəsləyir, həyəcandan özünə yer tapa bilmirdi.
Vəhy halı bitir və Rəsulullahın bir az əvvəlki halsızlığı geridə qalır. Özü də düz Zeydin yanına gəlir. Dəvə üstündə oturmuş Zeydin qulaqlarından tutaraq yuxarı çəkir. O qədər çəkir ki, oturduğu yerdən yuxarı qalxmağa məcbur olur. Sonra da:
– Qulaqların səni aldatmayıb, ey dəliqanlı, – buyurur, – çünki Allah sənin sözünü təsdiqləyən vəhyini nazil etdi!
Abdullah ibn Übeyy ibn Səlulun bu çıxışının ardınca münafiqlərin gizli niyyətlərini ortaya qoyaraq nifaq düşüncəsinin təzahürlərini dönə-dönə açıb göstərən “Münafiqun” surəsi nazil olur. Bundan sonra Abdullah ibn Übeyy ibn Səluldan söz düşəndə ilk əvvəl öz qövmü onu qınayır və etdiyinin yanlış olduğunu söyləyib danlayırdı. Hadisələrin gedişini diqqətlə izləyən Allah Rəsulu öz qövmünün belə İbn Übeyyə qarşı mövqeyini görüncə Hz. Ömərə səslənir:
– Bu işləri necə görürsən, ey Ömər? Nə deyirsən, əgər sən: “Onu öldürtdür!” – deyəndə Mən onu öldürtmüş olsa idim, kim bilir, bu gün nə qədər adam səs-küy qoparacaqdı!
Hz. Ömər təslimiyyət insanı idi və heç tərəddüd etmədən:
– Bir daha anladım ki, Rəsulullahın hər bir işi uğur və bərəkət baxımından mənimkindən böyükdür!
Fasiləsiz yolçuluq və yarış
Vəhy gəlmiş və əsl həqiqət ortaya çıxmış, İbn Səlulun günahkar olması bir daha təsdiq olunmuşdu. Buna baxmayaraq, yolçuluq fasiləsiz davam edirdi. O gün axşam olmuşdu, amma Rəsulullahın dayanmaq niyyəti yox idi. Gecənin qaranlığında da yola davam edilir və dincəlmək üçün heç yerdə fasilə verilmirdi. Ertəsi gün səhər də səfər davam etdirirlər. Nəhayət, günortanın dözülməz istisində istirahət əmri verilir.
Beləliklə, Allah Rəsulu insanları yolçuluqla məşğul etməklə nifaq adlı bir problemin dərinləşməsininin qarşısını alır. Görünür, həlli zamana bağlı olan bir məsələdə danışmaqla vaxt itirməkdənsə, bötövlükdə yola çıxaraq zaman qazanmağı üstün tuturdu. O qədər taqətdən düşmüşdülər ki, bir-birlərini də görmürdülər. Fasilə verilən kimi hər biri bir kənara uzanıb istirahətə çəkilir.
Bu yolçuluq əsnasında Allah Rəsulu atlarla dəvələr arasında bir yarış təşkil edilməsini istəyir, özü də şəxsən yarışa qatılır. Bəlkə də, bu uzun və yorucu yolçuluğu belə bir yarışlarla zövqlü hala gətirmək istəyirdi. Rəsulullahın üstünə mindiyi Qasva adlı dəvəsi də digər dəvələri geridə qoymuş, atı da birinci olmuşdu.[14]
Qasvanın qeyb olması və yenidən cücərən nifaq
Dincəlmək üçün fasilə ediləndə danışmağa fürsət tapan münafiqlər hər hadisəni öz xeyirlərinə yozmağa çalışır. Onların niyyətlərindən əl çəkməməsi, nəfəslərini dərər-dərməz dedi-qoduya başlaması da, fasiləsiz yolçuluğun nə qədər zəruri olduğunu göstərirdi.
Belə ki, Rəsulullahın dəvəsi Qasva bu əsnada qeyb olur və fürsət gözləyən münafiqlər dəvənin yox olmasını da dilə-dişə salaraq Allah Rəsuluna söz atmaqda bir-biri ilə, sanki, yarışırlar. Qasvanı axtarmaq üçün ətrafa dağılan səhabələri görən Zeyd ibnül-Lusayt:
– Bu adamlar niyə belə dörd tərəfə dağıldılar? – deyə soruşur.
Yanında duranlar:
– Rəsulullahın dəvəsi yox olub, – deyə cavab verirlər. Sonra da Lusayt istehza ilə:
– Dəvənin harada olduğunu Allah ona xəbər verəydi də! – deyir.
Duruşunda belə təhrikedicilik var idi; əlinə fürsət düşmüşdü, fitnə qazanını körükləməyə çalışırdı. Yanındakılar:
– Allah sənin canını alsın, ey Allah düşməni! Sən açıq-aşkar araya nifaq salırsan, – deyə ona qarşı çıxırlar. Üseyd ibn Hudayr bir addım irəli çıxır, əlindəki nizəni göstərib deyir:
– Ey Allah düşməni! Allaha and olsun ki, mən Allah Rəsulunun uyğun görəcəyini az da olsa, sezə bilsə idim, buradaca səni nizə ilə parça-parça edər və işini bitirərdim. Əgər içində belə nifaq vardısa, onda niyə bizimlə birlikdə yola çıxırdın?
– Dünya malını əldə etmək üçün gəldim, – deyə cavab verir. Aradakı pərdəni götürmüşdü və qorxmadığı da üzündən görünürdü. Heç çəkinmədən davam edir Zeyd ibnül-Lusayt rişxəndlə:
– Həyatıma and olsun ki, Məhəmməd dəvədən daha böyük məsələlərdən bizə xəbər verir?! O, bizə səmanın xəbərlərini gətirir?!
Ağzından çıxanı, sanki, qulaqları eşitmirdi və ətrafında olan səhabələr hiddətlə onun üstünə yeriyir:
– Artıq sənə qurtuluş yoxdur. Səninlə bir damın altda dura bilmərik! Əgər qəlbindəki bu nifaqı əvvəlcədən bilsə idik, bizimlə bir an da olsa, oturub-dura bilməzdin, – deyirlər.
Dediyi sözlərin baha oturacağını anlayan Zeyd ibnül-Lusayt ox kimi sıçrayıb qaçmağa başlayır. Özünü ələ vermiş və həyatını təhlükəyə atmışdı. Qaçmağının da faydası olmadığını bilirdi: haraya gedə bilərdi? Gəlib Rəsulullahın şəfqətinə sığınmaq istəyir. Qəribə idi, Allah Rəsulunun əshabından qaçıb Rəsulullaha sığınır!
Elə bu vaxt Cəbrail (ə.s.) gəlmiş, baş verənlərdən Allah Rəsuluna xəbərdar etmişdi. Münafiq Zeyd də hüzurda ikən Allah Rəsulu (s.ə.s.) camaata səslənir:
– Münafiqlərdən biri: “Rəsulullahın dəvəsi itdi,” – deyə istehza edərək: “Onun indi harada olduğunu Allah xəbər versin də! Həyatıma and olsun ki, Məhəmməd dəvənin vəziyyətindən daha da böyük mövzularda bizə xəbərlər verir: O, bizə səmadan xəbərlər gətirir,” – deyir. Qeybi Allahdan başqa heç kim bilməz! Ancaq indi Allah (c.c.) dəvənin harada olduğunu Mənə xəbər verir. Hal-hazırda o, bu vadidə noxtası bir ağaca bağlanmış vəziyyətdə dayanıb. Ora gedib onu tapın!
Səhabələr “fürsət”i öz xeyrinə çevirməyə çalışan Zeydi susdurmaq üçün bir göz qırpımında Rəsulullahın dediyi istiqamətə qaçmağa başlayır. Tezliklə deyildiyi kimi, dəvəni bir ağaca noxtası dolaşmış vəziyyətdə tapıb gətirirlər. Onların dəvə ilə birlikdə gəldiyini görən Zeydin qol-qanadı qırılmış, rəngi qaçmışdı. Adı açıq-aşkar çəkilməsə də, o, Rəsulullahın gözündə nə vəziyyətdə olduğunu anlayır və tez oranı tərk edib əvvəlki dostlarının yanına gəlir. Əşyaları dağınıq vəziyyətdə idi, sağa-sola atılmışdı. Hamı ağzına su alıb oturmuşdu, qəzəbli idilər. Yaxınlaşıb oturmaq istəyəndə:
– Bizə yaxın durma, – deyə cavab verirlər. İndi dostlarını da itirmişdi. Ancaq öyrənmək istədiyi bir şey var idi və:
– Sizinlə mütləq danışmalıyam, – deyə sözə başlayır, – Allah xətrinə mənə həqiqəti söyləyin, sizdən kimsə gedib Məhəmmədə mənim söylədiklərimi danışıbmı?
– Xeyr, – deyirlər, – vallah, xeyr! Biz heç yerimizdən qalxmamışıq da!
Zeydin təəccübü bir az da artır və:
– Mən burada nə danışmışamsa, oradakı camaat hamısını bilir, eynisini Rəsulullah da söylədi,– deyir. Sonra isə baş verən hadisəni danışır onlara. Ardınca da:
– Məhəmməd məsələsində mənim şübhələrim var idi. İndi şəhadət edirəm ki, Məhəmməd Allahın Rəsuludur. Sanki, bu gün ilk dəfə müsəlman olmuşam!
Peyğəmbərimizin şəfqəti bir insana da kamil imanın qapılarını açmışdı. Pərdəni götürməmiş və insanların içində Zeydin xətalarını üzünə vurmamışdı. İndi isə bu davranış bəhrəsini verir.
Onun bu cür dəyişdiyini görənlər:
– Get baş verənləri Rəsulullaha danış. Sənin üçün Allahdan bağışlanma diləsin, – deyirlər.
O da qalxır və hüzuruna gələrək vəziyyəti Allah Rəsuluna danışır. Bir az əvvəl haqqında xoşagəlməz sözlər dediyinə görə Rəsulullahdan aman diləyir, xətasını etiraf edib bağışlanmağını istəyir.
Nifaqın kulminasiya nöqtəsi: İfk hadisəsi
Allah Rəsulu (s.ə.s.) Mədinə xaricinə uzunmüddətli səfərlərə çıxarkən zövcələri arasında püşk atar və kimə düşərdisə, onula birlikdə yola düşərdi. Yol boyu zövcəsi Onun qulluğunda durardı. Bəni-Mustaliq səfəri ərəfəsində də atılan püşk Hz.Aişə validəmizə düşmüşdü.
Aişə validəmiz bədəncə zəif idi; onu dəvə üstündə rahat səfər etmək üçün hazırlanan kəcavəyə mindirir, daha sonra üç-beş nəfər köməkləşib dəvənin üstünə bərkidirdilər. Növbəti dayanacağa qədər də yoluna belə davam edirdi. İstirahət etmək üçün ordu fasilə verərkən kəcavə aşağı endirilir və bundan sonra Hz.Aişə validəmiz kəcavədən çıxıb Rəsululllaha qulluq etmək üçün hazırlıq görürdü. O gün də belə olmuşdu.
Təxminən bir aya qədər davam edən Bəni-Mustaliq səfəri bitmişdi. Ordu da nifaqın əsdirdiyi qasırğa ilə birlikdə geri dönürdü. Artıq aradakı pərdə götürülmüşdü və həya pərdəsinin yırtılması ilə münafiqlərin əsl simaları görünmüşdü. O günə qədər fürsət axtaran münafiqlər, sanki, Allah Rəsuluna söz atma yarışına girmişdilər.
Mədinəyə xeyli yaxınlaşmışdılar, Rəsulullah bir qədər dincəlmək üçün orduya istirahət əmri verir. Təbii olaraq, kəcavə də açılır, Aişə validəmiz də dəvədən endirilir. Buraya kimi hər şey qaydasında idi.
İnsanlar kifayət qədər dincəlir. Hərəkət əmri verildiyi vaxt Aişə validəmiz ehtiyacını ödəmək üçün getdiyi yerdə bacısından əmanət aldığı boyunbağını axtarırdı. Bu tərəfdə isə əshab Hz.Aişəni kəcavənin içində zənn edib onu dəvənin üstünə bərkidib çoxdan yola düşmüşdü.
Aişə validəmiz geri dönəndə artıq düşərgə yerində heç kim qalmamışdı. Nə qədər çağırsa da, səsinə səs verən olmur. Qəribə idi ki, axtardığı boyunbağı da orada idi.
Başqa yol yox idi. Bərk-bərk örtüyünə bürünüb elə oradaca çömbəlir və əshabı gözləməyə başlayır.
Bir azdan Safvan ibnül-Muattal gəlib çıxır; o, ordudan geri qalmış və Rəsulullahla birlikdə hərəkət etmək fürsətini əldən vermişdi. Özü kimi yoldan qalmış bir qaraltı görüb sürətlə irəliləyir. Örtüyünə bürünərək yerdə çöməlib oturan Aişə validəmiz görən kimi:
– İnnə lilləh və innə ileyhi raciun, – deyə səslənir, – Rəsulullahın ailəsi də burada qalıb!
Özünün geridə qalmasını başa düşürdü, amma necə ola bilərdi ki, Rəsulullahın xanımı, möminlərin anası Hz. Aişəni yalnız qoyub gediblər. Heç cür ağlına sığmırdı. Ona görə:
– Allah sənə mərhəmət etsin, səni buralarda kim qoyub getdi? – deyərək dəvəsini yaxınlaşdırır. Əshab üçün möminlərin anası öz analarından da üstün bir ana idi.[15] Aişə validəmiz onun da anası idi.
Safvan ibnül-Muattalın gəlişi Aişə validəmizi sevindirmişdi. Çünki təkbaşına oturub uzun müddət gözləmək məcburiyyətində qalmayacaq və hələ yenicə yola düşmüş orduya qısa müddətdə yetişib bu sıxıntıdan qurtulacaqdı.
Hz.Safvan Aişə anamızın da dəvəyə minə bilməsi üçün geri çəkilib:
– Buyurun! Dəvəyə minin, – deyir.
Aişə validəmiz dəvəyə oturur. Sonra Hz.Safvan onun noxtasını tutur və beləcə yola düşürlər. Orduya tez çata bilmək üçün sürətlə irəliləyirlər. Hələ ki dayanıb kəcavəni endirmədikləri üçün Aişə validəmizin yoxluğundan xəbərdar deyildi əshab. Təzəcə dayanmışdılar ki, Hz.Aişənin bir dəvənin üstündə gəldiyini görürlər.
Məhz bu səhnə içində nifaq gəzdirən “fürsət ovçuları” üçün “ələdüşməz” mənzərə idi: Aişə validəmizə iftira atmağa başlayırlar. İffət abidəsi Aişə validəmizi zinada günahlandırır və beləliklə, dolayı yolla Rəsulullaha hücum edirlər. Gizli şəkildə pıçhapıç edib bunu yaymağa çalışır, beləliklə, möminlər arasında yeni bir münaqişə çıxartmağa çalışırlar. Hər kəs öz fitrəinə uyğun hərəkət edirdi. Bu düşünülmüş iftira idi və Mədinəyə çatana qədər bütün münafiqlər bunu eşitməli, hər tərəfdə eyni zamanda danışmaqla müsəlmanları şübhəyə salmalı idilər.
Aişə validəmizin xəstəliyi
Bəni-Mustaliq səfəri düz iyirmi səkkiz gün çəkmişdi. Yorucu və problemlərlə dolu bir yolçuluq olsa da, nəticə olaraq közərən bir şər ocağı da söndürülmüş, insanların əmin-amanlığı naminə mühüm addımlar atılmışdı.
Zəif vücudu bir aylıq məşəqqətə dözməyən Aişə validəmiz Mədinəyə döndükdən sonra naxoşlamış və istirahətə çəkilmişdi. Baş verənlərdən və haqqında gəzən şayiələrdən xəbəri yox idi. Halbuki o biri tərəfdə münafiqlər iftira kampaniyasını var gücləri ilə davam etdirirdilər. Bu iftiralar Allah Rəsulu və Əbu Bəkir ailəsinin də qulağına çatmış və onları dərin kədərə qərq etmişdi. Rəsulullahın namusuna, insanlığın iffət timsalı olan Aişə anamıza iftira atılırdı.
Hərçənd nə Allah Rəsulu, nə də Əbu Bəkir ailəsi belə bir iftira barəsində Aişə validəmizə bir kəlmə də demirlər. Ancaq bəsirətli Hz.Aişə ortada bir sıxıntının olduğunu hiss edir, Allah Rəsulunun hərəkətlərindəki dəyişikliyi başa düşməyə çalışır. Çünki əvvəllər xəstələnərkən Rəsulullahdan gördüyü münasibəti indi görmürdü.
Nəhayət, Aişə validəmiz izin alaraq atası evinə gedir, iyirmi gün burada müalicə olunur. Haqqında gəzən şayiələri də elə orada eşidir.
Məsələni anasına danışır, onun da bu şayiələrdən xəbəri var idi. Lakin qızına heç nə demir, ona təsəlli verməyə çalışırdı. Buna baxmayaraq, iftiranın dərəcəsi təsəlli ilə ötüşdürüləsi deyildi. Aişə validəmizə yuxu haram olmuşdu.
Allah Rəsulu (s.ə.s.) gəzən şayiələrə inanmasa da, məsələni əshabı ilə müzakirə edərək onların da fikrini öyrənmək istəyir və beləliklə, cəmiyyətin nəbzini tutmağa çalışır. Bütün hay-küylərə baxmayaraq, yayılan şayiələrə əshab da inanmamış, iftira cəmiyyətdə qərar tutmamışdı.
Lakin sıxıntılı günlər davam edir, hər kəs də bu şayiələrə son qoyacaq Allah-taalanın vəhyini gözləyirdi. Elə bu çətin günlərin birində Allah Rəsulu müjdəli xəbəri vermək üçün Əbu Bəkir ailəsinin qapısını döyür. Əvvəlcə Aişə validəmizə səslənir:
– Müjdə, ey Aişə! Allah ayə nazil edərək sənin təmiz və pak olduğunu bildirdi!
Bütün sıxıntılar geridə qalmış, Aişə validəmizin bəraəti birbaşa Aləmlərin Rəbbi tərəfindən verilmişdi. “Nur” surəsinin bir hissəsi gəlmişdi. Peyğəmbər bayıra çıxır və gələn ayələri əshabı ilə bölüşür. Ayələr bu iftiranı çıxaranların kiçik bir dəstə olduğunu ortaya qoyur və əslində bu cür xoşagəlməz hadisələrin nəticə etibarı ilə xeyirlərə vəsilə olacağını bəyan edirdi. Eyni zamanda ayələr belə bir vəziyyətlə qarşılaşan möminlərin: “Bu, açıq-aydın iftiradan başqa bir şey deyildir,” – deməsi gərəkdiyini buyurur və bu kimi hallarda ortaya konkret mövqe qoymağı əmr edirdi.[16]
Ayələr gəlib hər şeyi yerbəyer edincə və eyni zamanda hansı dəstəa hansı münasibət göstərilməsi zərurətini açıq-aşkar ortaya qoyunca Allah Rəsulu (s.ə.s.) münafiqlərin təbliğatına qapılaraq eyni şeyləri söyləyən bəzi səhabələrini cəzalandırır. Çünki mömin tutarlı sübut və canlı şahid olmadığı məqamda bu cür şayiələrə qapılıb namuslu adamların adına söz danışmamalı idi. Onsuz da məsələ ilə bağlı gələn ayələrdə bu xüsus zikr edilmiş, belə yanlışlıqlara uyanların mütləq cəzalarına çatdırılması ifadə olunmuşdu. Rəsulullah da bu əmri icra edir. Əks təqdirdə hər kəs başqası haqqında ağzına gələni uydurar, cəmiyyətin harmoniyası pozulardı.
Fitnənin başında olan və vəziyyəti axirətə həvalə edilən Abdullah ibn Übeyy ibn Səlul isə bütün bu olanlara baxmayaraq, utanmadan öz yoluna davam edirdi. Allah Rəsulu (s.ə.s.) fitnə çıxaranları yaxşı tanıdığı halda, o gün onları cəzalandırmamış və Adili-Mütləq olan Allaha həvalə etmişdi. Çünki gələn ayələr Allahın onlar üçün axirətdə böyük bir əzab hazırladığını bildirirdi.
Haris ibn Əbi Dirarın gəlişi
Mədinəyə hücum edib müsəlmanların kökünü kəsmək xəyalları qurarkən qəflətən qarşısında Allah Rəsulu və İslam əsgərlərini görərək pərişan olan və etibarı ilə yanaşı, var-dövlətini də itirən Haris ibn Əbi Dirar qızı Hz.Cüveyriyyəni “əsarət”dən qurtarmaq üçün özü ilə götürdüyü dəvələrlə Mədinəyə üz tutur. İstədikləri qədər dəvə verib qızı ilə geri qayıtmağı düşünürdü. Nəhayət, Aqiq vadisinə çatır və burada dəvələrini bir daha gözdən keçirir. Heyfi gəlir, dəvələrdən ikisini ayırıb Aqiq vadisində bir yerdə gizlədir. Qalan dəvələri verib qızını geri almağı, daha sonra gizlətdiyi iki dəvəni də götürüb birlikdə yurduna dönməyi planlaşdırırdı.
Nəhayət, Allah Rəsulunun (s.ə.s.) hüzuruna gəlir və:
– Ya Məhəmməd, – deyir, – siz mənim qızımı əsir aldınız, bu da onun fidyəsi!
Allah Rəsulu (s.ə.s.) bir ay əvvəl nə xəyallar quran Harisin bu halda gəlişinə acıyır. Qızının azadlığa qovuşması müqabilində Ona təqdim etdiyi dəvələrə baxır və:
– Yaxşı, Aqiq vadisində filan yerdə gizlətdiyin iki dəvə necə olsun? – deyə soruşur.
Harisin nitqi quruyur. Onları gizlədərkən yanında heç kəs yox idi. Əgər belə idisə, bu dəvələrin varlığını Məhəmmədül-Əmin necə bilə bilərdi? Yox, yox… Bu, bir bəşərin biləcəyi məsələ deyildi. Deməli, Məhəmmədül-Əmin, həqiqətən, vəhylə hərəkət edirdi və ona görə də Dirar:
– Mən də şəhadət edirəm ki, Sən Rəsulullahsan, – deyir.
Qəribə işlər baş verirdi; hələ dünənə qədər Allah Rəsuluna meydan oxuyan Haris indi gəlib Onun Allahın Rəsulu olduğunu təsdiq edirdi. Zaman nə böyük təfsirçidir; deməli, dünən problem kimi görünən məsələlər səbir edilincə və zamanı gəlincə öz-özünə həll tapırdı.
Haris bununla kifayətlənməyib:
– Nəfsim o iki dəvəni vermək istəmədi, ancaq bunu da Allahdan başqa heç kəs bilmirdi, – deyərək Allah Rəsulunun hüzurunda Müsəlman olur. Axirətini itirmək üzrə ikən, dünyası da zindan dönmüşdü, indi isə dünya və axirət qazancı ilə geri dönürdü.
Bəni-Lihyan qəzvəsi
Pusquya salınıb şəhid edilən Asım ibn Sabit və Hubeyb ibn Adiy kimi səhabələrə duyulan hüzn hələ təzə idi. Allahın adını anlatmaqdan başqa bir məqsədləri olmayan bu insanlar pusquya salınmış və vəhşicəsinə öldürülmüşdü. Haqq, ədalət öz yerini tapmalı idi, belə ki, Rəsulullah (s.ə.s.) sadəcə insanların qəlbinə xitab edən bir rəhbər deyil, eyni zamanda dünyəvi işləri də idarə edən idarəçi idi. Zülmə “dayan” deyilməsə, başqa zalımlar da meydana çıxardı. Nəhayət, Allah Rəsulu Racidə səhabələrini qətl yetirən Bəni-Lihyan və Bəni-Hüzeyl qəbilələrinin bu zülmünün yerdə qalmaması üçün iki yüz nəfərlik dəstə ilə Usfan istiqamətinə yürüş təşkil edir. Gedəcək və Bəni-Lihyanın vəziyyətinə baxacaqdılar; əgər hələ də kin və nifrətlə hərəkət edirdilərsə, hədlərini bildirəcək, qarşı çıxmağa cəsarət etməsələr, ən azı İslamın nüfuzunu qəbul etdirib geri dönəcəkdilər.
Mədinədə öz yerinə yenə Abdullah ibn Ümmü Məktumu təyin etmişdi. Allah Rəsulu (s.ə.s.) bu dəfə də hədəfini gizli saxlayırdı. Ona görə Cürüf istiqamətinə yönəlir və sıra ilə Qurab, Mahis, Bətra, Yeyn Suhayratus-Sümam, Səyyalə güzərgahlarını keçib səhabələrin şəhid edildiyi Usfanadan bir ağac yarım (təxminən 8 km) uzaqlıqda olan Ğuran vadisinə gəlir.
Rəsulullahın əshabı ilə lap yaxınlaşdığını görən Bəni-Lihyan artıq heç nə edə bilməzdi. Başlarına nələrin gələcəyini başa düşmüş və bundan sonra Hicazdakı yeganə nüfuz sahibinin Allah Rəsulu (s.ə.s.) olduğunu anlamaqda gecikməmişdilər. Bir yol var idi və onlar da çarəni dağlara qaçmaqda görürlər.
Burada iki gün qalan Allah Rəsulu heç kəsə rast gəlmir, bina görə də əshabını dəstəlara ayırır və onları müxtəlif istiqamətlərə göndərir. Səriyyələrin də qarşısına çıxan olmamışdı. Əshabına üz tutur və:
– Əgər biz Usfana ensək, məkkəlilər Məkkəyə gəldiyimizi sanarlar, – buyurur. Görünür, buraya qədər gəlmişkən bir ismarışını da Qureyşə vermək istəyirdi.
Daha sonra da hərəkət əmrini verib əshabı ilə birlikdə Usfana yönəlir. Usfana çatan kimi burada şəhid edilən əshabı üçün dua edir, Allaha yönələrək onlar üçün mərhəmət diləyir.
Sonra da Hz. Əbu Bəkrin başçılığı ilə on nəfərlik bir süvari birliyini Məkkə tərəfə göndərir. Vəziyyəti gözdən keçirəcək və gəlişləri ilə Qureyşə təzyiqini də artırmış olacaqdı. Quraül-Qamıma kimi gəlir və heç kəslə qarşılaşmadan geri dönürlər.
Artıq məqsədlərinə çatmışdılar. Günahkarlar etdikləri işin ağırlığı və peşmanlığı içində dağlara qaçmaq məcburiyyətində qalmış, Hicazdakı hakimiyyətin möminlərə aid olması qəti şəkildə bəyan edilmiş, Allah Rəsulunun nüfuzu da hər kəs tərəfindən qəbul edilmişdi. Artıq geri dönə bilərdilər və Allah Rəsulu (s.ə.s.) da:
– Biz əsil amacı Allaha yönəlmək olan insanlarıq. İnşallah, Rəbbimizdən bağışlanma diləyər və daim həmd ilə ikibüklüm olar, yalnız Ona qulluq edərik. Səfər yorğunluğundan, geri dönüş üzüntüsündən və mal-mülk ilə ailə içindəki pis aqibətdən Allaha sığınarıq. Allahım! Bizi bağışla və bizdən razı ol! – deyərək, on dörd gün ayrı qaldığı Mədinəyə doğru hərəkət edir.
[1]. Bir tərəfdən də bazarda (yarmarkada) ticarət gedirdi. Əshab da belə bir nəticə ilə qarşılaşacağını təxmin etmiş və səfəri dəyərləndirib iki cür qazanc əldə etməyi planlaşdırmışdı. Ticarət etmək üçün o qədər sərfəli bir fürsət düşmüşdü ki, Hz.Osman kimi səhabələr bir dinara bir dinar qazanmış və beləcə, yüz faizlik qazanc əldə etmişdilər. Bax: Vakidi, Megazi, 1/384; İbn Sad, Tabakat, 2/60
[2]. “Əhzab” surəsi, 33/36
[3]. Hz.Cüleybibin şəhadəti və bundan sonra da Allah Rəsulunun həssaslığı mövzusunda bax: Müslim, Sahih, 4/1918(2472); Ahmed İbn Hanbel, Müsned ,3/136,4/421,422, 425; 5/256; Ahmed el-Bennâ, el-Fethu’r-Rabbânî, 22/219 vd.; Abdurrezzak, Musannef, 6/155-156 (10333); İbn Kesîr, Tefsîr, 3/490 vd.
[4]. Təyin edilən adamın Əbu Zərr və ya Nümeylə ibn Abdullah əl-Leysinin də olduğuna dair rəvayətlər var. Bax: İbn Hişam, Sire, 4/252; Kurtubî, el-Câmi’ li ahkâmi’l-Kur’ân, 5/215
[5]. Mühacirlərin bayrağının Ammar ibn Yasirə verilməsi da rəvayət olunur. Bax: Vakidi, Megazi,1/405; İbn Kesir, Sîre, 3/297; el-Bidâye ve’n-Nihâye, 4/178
[6]. Məlumatlara görə, Rəsulullahın hökmünə və qardaşının diyətinin ona verilməsinə baxmayaraq, Miqyəs qardaşını yanlışlıqla öldürən ənsarın canına qıymış, sonra da qaçıb Qureyşə sığınmışdı. Məkkənin fəthi günü də mürtəd kimi öldürülmüşdü. Bax: Vâkıdî, Megâzî, 1/859; İbn Seyyidinnâs, Uyûnu’-Eser, 2/196; İbn Kesir, Sîre, 3/298; İbn Hacer, el-İsâbe, 3/203; İbn Esîr, Usudu’l-Ğâbe, 3/78
[7]. Hz. Cüveyriyyənin adının Bərrə olması və ona Cüveyriyyə adını Allah Rəsululunun verməsi də rəvayət edilir. Bax: Müslim, Sahîh, 3/1687 (2140); Ebû Davud, Sünen, 2/81 (1503); Ahmed b. Hanbel, Müsned, 1/258 (2334), 1/316 (2902), 6/429 (27461)
[8]. Hz. Sabit Mədinədəki xurma bağlarından birini verməklə əmisi oğlunun hissəsini də öz üzərinə götürmüş və Harisin qızı Hz. Cüveyriyyəyə aid sahiblik hüququnu tamamilə əldə etmişdi. Bax: Vâkıdî, Megâzî, 1/409; Sâlihî, Sübülü’l-Hüdâ ve’r-Reşâd, 4/347
[9]. Neçə illər sonra Hz.Aişə validəmiz Hz.Cüveyriyyənin nə qədər xeyirli bir insan olmasından danışarkən: “Onun qədər qövmünə faydası olan bir insan tanımıram,” – deyəcək və Rəsulullahla nikahının xətrinə qövmündən yüz ailənin azadlığa qovuşdurulduğunu söyləyəcəkdi. Bax: Ebû Davud, Sünen, 4/22 (3931); Ahmed b. Hanbel, Müsned, 6/277 (26408); Hâkim, Müstedrek, 4/28 (6781); Beyhakî, Sünen, 9/74
[10]. Bu deyimin ərəbcə qarşılığı “Bəslə köpəyini, yesin səni” şəklindədir ki, İbn Übeyy də bu ifadə ilə Allah Rəsulunu nəzərdə tuturdu.
[11]. Başqa bir rəvayətdə “Məhəmməd ibn Məsləməyə əmr edəydiniz” şəklindədir. Bax: Vâkıdî, Megâzî, 1/415, 421; Sâlihî, Sübülü’l-Hüdâ ve’r-Reşâd, 4/349
[12]. Bu səhabənin Üseyd ibn Hudayr olması da rəvayət olunur. Bax: Vakidi, Megazi, 1/415; Sâlihî, Sübülü’l-Hüdâ ve’r-Reşâd, 4/350
[13]. Hz. Abdullahın adı Hubab idi. Allah Rəsulu müsəlman olan kimi onun adını “Abdullah”la dəyişdirmiş və bundan sonra ancaq bu adla tanınmışdı. Evin böyüyü Hz. Abdullah olduğu üçün atası ibn Səlul daim onu Əbu Hubab ləqəbi ilə çağırırdı. Bax: İbn Sa’d, Tabakât, 3/541; İbn Abdilberr, İstîâb, 3/940; İbn Hacer, el-İsâbe, 4/155 (4787)
[14]. O gün Peyğəmbərimiz üçün Lizaz və Zarib adlı iki at vardı. Əbu Üseyd əs-Səidinin mindiyi Zarib atlar arasında ən birinci gəlmişdi. Hz.Bilalın mindiyi dəvə də hədəfə birinci çatmışdı. Bax: Vâkıdî, Megâzî, 1/426; Sâlihî, Sübülü’l-Hüdâ ve’r-Reşâd, 4/353
[15]. “Əhzab” surəsi, 33/6
[16]. Bax: “Nur” surəsi, 24/11