İnsan yer üzünə gəldiyi andan həyatına istiqamət verən, onu nizama salan, toplumu idarə edən müqəddəs kitabla, onu xeyrə, gözəlliyə, yaxşı və doğruya yönəldən ilahi bəyanla qarşılaşmışdır. Bu da sübut edir ki, Allah doğru yolu göstərmədikcə insan heç bir məsələni yoluna qoya bilməz. Yaradılışa və fitrətə uyğun olan da məhz budur. Allah-Təala kainatı da kitab şəklində yaratmışdır. Kainat adlı möhtəşəm bir kitabla qəfil üz-üzə gələn insan bir mürşidə möhtacdır. Mürşid qabağa düşməsə, bu kitabı şərh etməsə, onun doğru yolu tapması çətindir. Məhz peyğəmbərlər və gətirdikləri səmavi kitablar da insanı daima doğru yola aparan və bu yoldan əsla azdırmayan bir rəhbər və mürşiddir.
Kainat kitabının insanın hiss və duyğuları ilə bağlı tərəfləri vardır. Məsələn: insan bu kainat ağacına − çəyirdəyindən kökünə, budağına, çiçəyinə və meyvəsinə tamaşa etdikcə İlahi “Qüdrət” və “İradə”nin kainat kitabına yazdığı nəfis məna naxışlarına şahid olacaq, bu mənaları da gözləri ilə qəlb və ağlına ötürəcəkdir. Qəlb və ağıl isə bu mənaları və bu mənalarda yatan dərin qatları qavramağa çalışacaq. Lakin onların bir mürşid olmadan bu mənaları anlayıb qavramaqda aciz qalması qaçılmazdır. Bu fikri belə bir misalla açıqlayaq:
Ömründə məscid görməmiş, fərqli mühitdə böyümüş bir adam fərz edək. Bu insanı götürüb möhtəşəm bir məscidə aparaq və ondan məscidin içərisində gördükləri haqda fikrini soruşaq… Təbii ki, bu adam ətrafa mat-məəttəl tamaşa edəcək və heç bir söz deyə bilməyəcək. Minbərdən nə üçün istifadə olunduğunu, mehrabın mənasını, kürsüdə nə edildiyini bilməyəcək. Ələlxüsus da, insanların bir imamın arxasında səf bağlayıb, səs gəldikcə əyilib-qalxmalarından heç bir şey anlamayacaq. Bu adam bir sahənin mütəxəssisi də olsa, bu mövzuda, yəni məscid ədəb-ərkanını az-çox görən və öyrənən bir uşaq səviyyəsində belə fikirlərini cəmləşdirib doğru-dürüst bir söz deyə bilməyəcək. Çünki bir rəhbər və ya müəllim olmadan məscidin nəyə xidmət etdiyini və içindəki əşyaların necə istifadə olunduğunu bilmək mümkün deyildir. Nəbidən dərs almış möminlər istisna, kainat məscidinə girən digər insanların vəziyyəti bu nabələd adamdan geri qalmır. O hər bahar mövsümündə minlərlə, milyonlarla bitki növünün yaşıla büründüyünü, qol-budaq atıb böyüdüyünü, çiçək açıb meyvə verdiyini görər, ancaq bu mənzərə qarşısında çaşbaş qalıb izahı təbiətdə axtarar. Göy üzündə saysız-hesabsız ulduzlar ona göz vurar, amma o, bu valehedici ahəngi “təbiət qanunu” ilə əsaslandırar. Fizika, kimya – hər bir elm öz dili ilə ona əşyalar arasındakı ahəngdən, nizamdan və heç bir şeyin özbaşına olmamasından bəhs edər, lakin o, bu həqiqətin kökünü əşyanın mahiyyətində axtarar.
Bəzən ən savadsız adam da iki misra şeir yaza bilir. Həmin misraların bətnində elə sirlər gizlədir ki, tapmaq müşküldür. Orada bir şeyə işarə edir, ancaq o işarəni özündən başqa heç kim anlamaz. O zaman biz insanların minlərlə bilməcənin iç-içə keçib, yumaq kimi bürmələndiyi bu kainat kitabını anlaya bilməməsi, əslində, çox təbiidir. Bu sirləri açıb yol göstərən müəllim və mürşidlərin olması da mütləq zərurətdir. Bu müəllimləri peyğəmbər, onlara göndərilən kitabları isə ilahi kitablar adlandırmışıq.