Ərəb sözü olan “kitab” “yazmaq, yazılı sənəd” mənalarını bildirir. Cəm şəkli “kütub”dur. Dini terminologiyada isə “kitab” Allahın bəndələrindən nə istədiyini bildirmək və bu mövzuda onlara yol göstərmək üçün peyğəmbərlərinə vəhy etdiyi sözlərə və bunun yazıya köçürülmüş şəklinə deyilir.
Peyğəmbərlərə endirilən kitablara ilahi kitab deyilməsinin səbəbi bu kitabların Allahın tərəfindən göndərilməsi və içərisinə bəşər övladına aid bircə kəlmənin də qarışmamasıdır. İlahi kitablara Allah qatından nazil olduğuna görə “kütubi-münzələ” və ya “səmavi kitablar” da deyilir.
İlahi kitablara iman etmək fərzdir
İman əsaslarından biri də ilahi kitablara imandır. İlahi kitablara iman gətirmək isə Allah tərəfindən bəzi peyğəmbərlərə kitablar göndərildiyini və bu kitablarda (nazil olduqları orijinal şəkillərində) buyurulanların hamısının doğru və həqiqət olduğunu fərq qoymadan qəbul etməkdir. Qurani-Kərimin aşağıdakı ayəsi Allahdan gələn kitablara inamın imanın bir əsası olduğunu, inkar edənlərinsə haqq yoldan açıq-aşkar azdıqlarını bildirir:
“Ey iman gətirənlər! Allaha və Peyğəmbərinə, Onun Öz Peyğəmbərinə endirdiyi Kitaba (Qurana) və ondan əvvəl nazil etdiyi kitablara iman gətirin! Allaha, Onun mələklərinə, kitablarına, peyğəmbərlərinə və axirət gününə inanmayan şəxs, şübhəsiz ki, (doğru yoldan) çox azmışdır”.[1]
Burada bir məqamı qeyd edək ki, bu gün biz ilahi kitabların təhrif olunmuş şəkillərinə yox, Allahdan gələn əsl mətinlərinə iman gətirməklə mükəlləfik. Çünki insan ilahi kitablara inanmadıqca iman gətirmiş sayılmır. İlahi kitabların bir qismi tamamilə itmiş, bugünədək gəlib çatmamışdır. Məsələn: Hz. İbrahimə verilən səhifələr. Tövrat, Zəbur və İncil isə insanların müdaxiləsi ilə dəyişikliyə uğramış və təhrif edilmişdir. Nazil olduğu şəkildə qorunub saxlanılan, ilkin forması, orijinal mətni bu günədək hifz edilən, qiyamətə qədər də hifz ediləcək yeganə ilahi kitab Qurani-Kərimdir.
Peyğəmbərimiz (s.ə.s) də ilahi kitablara iman gətirməyi iman əsasları arasında zikr etmişdir. Allah Rəsulu iman əsaslarının sadalandığı məşhur “Cəbrail” hədisində və başqa hədislərdə həm özünə (s.a.s.) endirilən Kitaba (Qurana), həm də özündən əvvəl göndərilən səmavi kitablara iman etməyin vacibliyini insanlara aşkar bildirmişdir[2].
İlahi kitabların hər biri bir təlimatdır
İlahi kitablar peyğəmbərlərin əlinə verilmiş bir təlimat və fərmandır. Rəbbimiz əmr və qadağalarını insanlara bu kitablar vasitəsi ilə bildirmişdir. İlahi hökmlər bu kitablarla gəlməyə davam etmiş, peyğəmbərlərin vəfatından sonra ümmətləri bu kitablarla hərəkət etmiş və mükəlləfiyyətlərini onlardan öyrənmişlər. Əgər bu kitablar olmasa idi, insanlar yaradılış qayələrindən, vəzifələrindən, axirətə aid mükafat və cəzalardan xəbərsiz qalardılar. Həyatı nizama salan dini əsaslardan, Allah-Təalanın kəlamını oxumaqdan və ayələrin mənəvi ləzzətindən məhrum olardılar.
Allah-Təala varlığını və məqsədini yaratdığı əsərlərlə yanaşı, bəşəriyyətə bilavasitə xitabı ilə də göstərəcəkdi. Bu xitabı da peyğəmbərlərinə göndərdiyi kitablardır. Kitab göndərmək, yaxud xitab etmək Allahın vəzifəsi və ya mükəlləfiyyəti deyil. İlahi kitablar Onun bəndələrinə bir lütfü və yardımıdır. Çünki bu cür lütf və yardıma insanların ehtiyacı vardır.
Yekun olaraq deyə bilərik ki, insanın istər Yaradanını düzgün tanıması, istərsə də ən qısa və ən etibarlı yolla dünya-axirət səadətinə qovuşması yalnız ilahi kitabların öyrətdiyi prinsiplərlə mümkündür.