İslam asanlıq dinidir. Dini əmirlər və qadağalar insanın gücünə görə təyin olmuşdur.[1] İnsan taqətini aşan hallarda və çətinliyə düşdükdə, məcbur qaldıqda müəyyən asanlıqlar gətirilmişdir. Xəstəlik də müəyyən asanlıqların tətbiq edilnə səbəblərindən biridir. Səhabədən İmran ibn Husayn (r.a) nəql edir: “Babasil (hemerroy) xəstəliyinə düçar olmuşdum. Rəsulullaha (s.ə.s) necə namaz qılacağımı soruşdum. Peyğəmbərimiz (s.ə.s) buyurdu ki: “Namazı ayaq üstə qıl. Əgər bacarmasan oturaraq, bunu da bacarmasan böyrü üstə uzanaraq qıl.” Nəsəidə isə bu əlavə var: “Buna da gücün çatmasa kürəyin üstü uzanaraq qıl. Allah heç kimə qaldıra bilməyəcəyindən çox yük yükləməz.”[2]
“İma” namazda rüku və səcdə əvəzinə başla işarə etmək deməkdir. Bu şəkildə namaz qılan şəxs, rüku üçün başını bir az əyməli, səcdə üçün isə rükudan daha çox əyməlidir. Bir şəxs, ayaqda durmağa gücü çatdığı halda, rüku və səcdə etməyə gücü çatmırsa, ayaq üstə və ya oturaraq ima ilə namazını qıla bilər. Ancaq oturaraq ima ilə qılsa daha yaxşıdır. Başı ilə də ima etməyə gücü çatmayan şəxs namazını qəza etməlidir. Belə xəstələr gözləri, qaşları və ya qəlbi ilə ima edərək namaz qılmaz.[3] Rüku və ya səcdə etməyə gücü çatmayan şəxs, narahatlıq səbəbi ilə ayaqlarını yana və ya qibləyə uzadaraq da olsa yerə otura bilmirsə, ayaq üstə və ya taburet(ka), stul və s. bir şeyin üzərində oturaraq namazını ima ilə qıla bilər.