1. 846 dəfə oxunub ,   0 şərh   Çap et

İmam Şafei 767-cı ildə (h. 150) Qəzzada dünyaya gəlmiş, 820-ci ildə (h. 204) Misirdə vəfat etmişdir. Doğulduğu məkanın Asqalan adlı bir şəhər olduğuna dair bir rəvayət var ki, bu şəhər də Qəzzaya yaxındır.

Ata tərəfdən soyu Həzrət Peyğəmbərin dördüncü nəsildən babası olan Əbdumənaf ilə birləşir. Şafei 54 illik bir ömür yaşasa da, həyatını çox gözəl dəyərləndirmiş, tarixdə iz buraxmışdır.

Atasının vəfatından sonra anası Fatimə iki yaşlı körpəsi ilə birlikdə Qəzzadan Məkkəyə gəlir. Şafei uşaqlığını Mina yaxınlığında “Şibulhayf” adlı yerdə məhrumiyyət və qıtlıq içində keçirir. Şafei uşaqkən yoxsul yaşasa da, heç kimdən bir şey istəməz, minnət altına girməzdi.

İlk təhsilini mədrəsədə almışdır. Müəllimi güclü yaddaşı və istedadı ilə seçilən Şafeini özünə köməkçi təyin etmişdi. Kiçik yaşlarından elmə böyük həvəsi olan Şafei ordan-burdan yığdığı sümüklərə, ya da dövlət idarələrindən aldığı tullantı kağızlara yazı yazırdı.

Yeddi və ya doqquz yaşında Quranı əzbərləyərək hafiz olan Şafei on üç yaşında Məscidül-Haramda Quran dərsi deməyə başlayır.[1]

Şafei Rəsulullahın nəslindən gəldiyinə görə, ömrünün sonuna yaxın Beytul-maldan ona da pay ayrılmışdır. Yəməndə dörd illik qazilik vəzifəsi istisna olmaqla, bütün ömrünü elm öyrənməyə, fiqh sahəsində araşdırmalar aparmağa həsr etmişdir.

Ərəblərin digər xalqlarla tanışlığı nəticəsində xüsusən böyük şəhərlərdə ərəb dilinə başqa dillərdən sözlər daxil olurdu. Şəhər həyatında səlis ərəbcəni öyrənmək çətinləşirdi. Buna görə də Şafei ərəb dilini səlis öyrənmək üçün səhrada yaşayan Huzeyl qəbiləsinin yanına gedir: “Məkkədən çıxıb səhrada yaşayan Huzeyl qəbiləsinin yanına getdim. Onların dilini, şivəsini, adətlərini öyrəndim. Huzeyl qəbiləsi ərəb qəbilələri içərisində ən fəsih danışan qəbilə idi. Onlarla birlikdə yaşadım, hara köçsələr, ora getdim.”

Şafei gözəl simalı bir insan idi. And içməkdən çəkinər, gecənin bir hissəsini ibadətlə keçirər, daha çox Quran oxumaq üçün təravih namazlarını evində tək qılardı. Gündəlik işlərinə və ibadətlərinə zərər verməsin deyə çox az yemək yeyərdi. Səmimi bir dindar olmaq, sadə həyat yaşamaq onun şüari idi.

Bu sözlərin Şafeiyə aid olduğu deyilir: “Quran öyrənənin hörməti artar, fiqhlə məşğul olanın dəyəri yüksələr, hədis yazanın dəlilləri qüvvətlənər, dili dərindən öyrənən təbiətən incə olar, riyaziyyatla məşğul olanın mühakiməsi güclənər, özünü qorumayana isə öyrəndiyi elm fayda verməz.”[2]

Fikirləri

Məkkə qazisi Müslim ibn Xalid əz-Zənadan elm öyrənən və 15 yaşında fətva vermək üçün icazə alan Şafei Mədinəyə, fiqh ustadı və müctəhid Malik ibn Ənəsin yanına gedir. İmam Malik “əl-Muvatta” əsərini yeniyetmə Şafeinin əzbərdən oxumasına təəccüblənir. Şafei 15 yaşından fətva vermə səlahiyyətini alsa da, özünü İmam Malikin tələbəsi saymış və onun vəfatına qədər fətva verməmişdir.

Şafeinin fikirlərini iki dövrə ayırmaq olar. Birinci dövr “məzhəbi-qədim” və ya “qövlü-qədim”, ikinci dövr isə “məzhəbi-cədid” və ya “qövlü-cədid” adlanır. Əvvəlki dövrə (qövlü-qədim) aid bir sıra görüşlərini tərk etdiyi üçün fiqh məktəbində həmin fikirləri rəğbət görməmiş, olduqca az bir qismi müxtəlif əsərlərdə bugünədək gəlib çatmışdır. Şafeinin yeni görüşləri (qövlü-cədid) əsas sayılır və tələbələri tərəfindən həssaslıqla qorunaraq dövrümüzə qədər gəlib çatmışdır.

İmam Şafei fiqhə aid fikirlərini özü qələmə almışdır. İslam hüquq tarixində fiqh üsulu (İslam hüquq nəzəriyyəsi) haqqında yazılan ilk əsər Şafeinin “ər-Risalə” əsəridir. [3]

Şafei elmi müzakirələrə əhəmiyyət verər, gərəksiz mübahisələrdən uzaq durardı.

Şafeinin Əhli-Beytə böyük sevgisi vardı. Onun “Əbu Bəkir, Ömər və Osmanı sevmək nəsibilik[4] olmadığı kimi, Həzrət Əli və Əhli Beyti sevmək də rafizilik deyildir” kimi fikirləri Abbasi xəlifəsini narahat edirdi. Çox keçmədən böyük alim Yəməndə xəlifəyə qarşı üsyanda iştirak etməkdə günahlandırılaraq Bağdada gətirildi və edam cəzası ilə ittiham olundu. Onunla birlikdə gətirilən alimləri edam etdilər. Məhkəmə zamanı Şafeinin fikirlərinə, fəsahəltli nitqinə və dərin elminə heyran qalan İmam Əbu Hənifənin tələbələrindən Məhəmməd ibn Həsən əş-Şeybani onun edamdan azad edilməsinə nail oldu.

Şafei Bağdadda Hicaz fiqh məktəbində nisbətən müstəqil formalaşan İraq fiqh məktəbi ilə tanış olur. Bu tanışlıq alimin fikirlərini dəyişir. O günədək topladığı yazılı əsərlərdən uzaq qaldığı üçün Kufəlilərin fiqh təcrübəsini araşdırmağa başlayır. Şafei bir müddət sonra həbsdən azad olub Məkkəyə qayıdanda buradakı və Bağdaddan əldə etdiyi əsərləri yenidən araşdırır.

Şafei bu illərdə İmam Malikin görüşlərini mənimsəyir, İraq fiqh məktəbini isə elmi dəlillər gətirərək tənqid edir. Bir sözlə, Şafei bu mərhələdə Hicaz fiqhini müdafiə edərək İraq fiqhini qəbul etmirdi. Bu onun “məzhəbi-qədim”, yəni köhnə görüşlərini təşkil edir. Onun bu mövqeyini fiqh elmində yeni bir məktəb və üsulun xəbərçisi də adlandırmaq olar. Nəhayət, Şafei Hicaz və İraq fiqh məktəbləri arasında seçim etməmiş, bu iki məktəb əsasında yeni bir görüş ortaya qoymuşdur.

Şafeinin dövründə İslam aləmində iki fiqh məktəbi vardı. Birini Əbu Hənifə və tələbələri təmsil edirdi. Kökləri səhabə Abdullah ibn Məsuda qədər gedib çıxırdı. İkincisini isə İmam Malik və tələbələri təmsil edirdi. Onun kökləri də səhabələrdən Abdullah ibn Ömər, Zeyd ibn Sabit, Həzrət Aişə və Əbu Hüreyrəyə qədər uzanırdı. İlk təhsilini Məkkədə alan Şafei İmam Malikin, sonra da Əbu Hənifənin üsul və təcrübələrini dərindən öyrənmişdi. Şafei ilk vaxtlar Malikin müdafiəçisi kimi çıxış etsə də, ömrünün son illərində bu iki fiqh məktəbinin zəif və güclü cəhətlərini ortaya qoyaraq sintez etmişdi. [5]

Şafei Əhməd ibn Hənbəl və Əbdürrəhman ibn Mehdi ilə bir məsələni müzakirə edərkən belə demişdi: “Siz hədisləri məndən daha yaxşı bilirsiniz. Bilmədiyim bir hədis olsa, mənə xatırladın, ona görə hökm verim.”[6]

Əhməd ibn Hənbəl də başqa bir vaxt: “Hansısa məsələ üçün Quran və Sünnədə dəlil tapa bilməyəndə Şafeinin sözü ilə fətva verirəm.”[7] – demişdir.

Elmi şəxsiyyəti

Şafei fikirlərində birinci vəhyə, sonra da Rəsulullahın sünnəsinə əsaslanırdı. “ər-Risalə” adlı əsərində qeyd etdiyi kimi o vəhyə bağlı qalmağı əsas prinsip sayır və Sünnənin  vəhyin ayrılmaz hissəsi kimi qəbul edirdi.[8] Şafeinin belə dediyi nəql olunur: “Bir  mövzuda səhih hədis varsa, mənim məzhəbim (rəyim) odur. Hər hansı sözüm (fətvam) səhih hədisə zidd olarsa, o sözü götürün divara çırpın.”[9]

Ərəb dilinə verdiyi əhəmiyyət

Quran və hədislər ərəb dilində olduğu üçün Şafei bu dilə böyük əhəmiyyət verirdi. Onun fikrincə, ilahi buyuruqları düzgün anlamaq üçün ərəb dilinin incəliklərini bilmək lazımdır.[10] Ona görə, ərəb dili çox zəngin olduğu üçün ilahi bəyanlar insanlara bu dildə çatdırılmışdır.[11]

Şafei uşaqlıq və gənclik illərində ərəb ədəbiyyatını, adət-ənənəsini, tarixini dərindən öyrənmişdir. Ərəb qəbilələrinin ləhcə və şivələrini belə öyrənmiş, mənasını bilmədiyi söz demək olar ki, qalmamışdı.[12] Ərəb dili, tarixi, adət və ənənəsini yaxşı bilməsi Quran və Sünnəni düzgün və hərtərəfli şərh etməsində öz sözünü demişdir. Belə ki, Şafeinin təfsir və şərhlərinə heyran qalan alimlər onun ayələrin nüzuluna sanki şahid olduğunu deyirlər.[13] Ərəb cəmiyyətinin həm keçmişini, həm də o gününü bilməsi, “şəcərə” elminə və “əyyəmul-ərəb”ə[14] vaqif olması Quran təfsirində köməyinə çatmışdır.[15]

Kəlam elminə aid fikirləri

Nəql olunur ki, Şafei əvvəllər kəlam elmi ilə məşğul olmuş, sonralar bu elmlə məşğul olan bəzi insanların etiqadi cəhətdən yanlış yola düşdüyünü görərək fiqh elminə yönəlmişdir. Kəlam elminin hər hansı mövzusunda kitab yaza biləcəyini, ancaq adının bu elmlə xatırlanmaq istəmədiyini bildirmişdir. Tələbələrinə də kəlamla məşğul olmağı məsləhət görməmiş, dövrünün kəlam alimlərini tənqid etmişdir.[16]

Şafeiyə görə, gözün görmə sərhəddi olduğu kimi, ağılın da düşünmə sərhəddi var. Etiqadi məsələlər başda olmaqla bütün dini məsələlər vəhy çərçivəsində izah edilməlidir.[17] Şafei kəlamçıları etiqadi məsələləri Quran və Sünnəyə əsaslanmadan, ancaq əqli dəlillərlə izah etdiklərinə görə tənqid edirdi.[18]

Şafeiyə görə, iman arta və azala bilər. Əgər belə olmasaydı insanlar arasında fəzilət fərqi də olmazdı. Hər kəs bərabər olar və ümumiyyətlə üstünlük anlayışı olmazdı. İmanı kamil olan möminlər Cənnətə, imanı nöqsanlı olanlar isə Cəhənnəmə gedirlər.[19]

Quran və Sünnəyə münasibəti

Şafei, Quran və Həzrət Peyğəmbərin hədisləri arasında belə bir əlaqə qurur: Quranın göndəriliş səbəbi insanları zülmətdən nura çıxartmaq və onlara Allahın razılığını qazandırmaqdır.[20] Hidayət yolunda olmaq və yaşamaq istəyənlər Qurandan hər şey öyrənə bilərlər.[21]

Həzrət Peyğəmbərə Quran ayələrini şərh etmək vəzifəsi verilmişdir.[22] Peyğəmbərimizə Allah qatından bəndələri doğru yola çağıran bir nur bəxş edilmişdir.[23] Allah Rəsulunun söylədiklərini və etdiklərini sıravi insanların hərəkət və sözləri ilə əsla müqayisə etmək olmaz. Bu səbəblə digər insanların ictihad və hökmləri hədislərlə eyni səviyyədə ola bilməz. Su olan yerdə təyəmmüm etmək məqbul olmadığı kimi, hədis ola-ola qiyas və başqa üsullarla hökm çıxarmaq da məqbul deyildir.

Şafeiyə görə, bir alim bilərək Sünnəyə zidd hökm verməz, ancaq bilmədiyi bir hədisə zidd hökm verərsə, hədisi öyrəndikdən sonra öz görüşündən imtina edib Sünnədə deyilənləri əsas götürməlidir. [24]

Əsərləri

Şafei fiqh elminə dair əksər əsələrini özü qələmə almış, bəzi əsərlərini isə tələbələrinə yazdırmışdır. Əsərləri dəyişikliyə məruz qalmadan bugünədək gəlib çatmışdır. “əl-Hüccə” onun ilk dövrə aid fikilərini (yəni qövlü-qədim) ehtiva edən əsas əsəri sayılır.[25] Şafeinin yeni görüşlərinə (qövlü-cədid)  aid əsərləri isə bunlardır:

  1. əl-Umm” – Şafeinin (məzhəbinin) fiqh elmindəki ən son fikirləri bu əsərdədir.
  2. ər-Risalə” – Fiqh üsulu haqqındakı fikirləri haqqındadır və bu sahədə yazılmış ilk əsərdir.
  3. ər-Rəd alə Məhəmməd ibn Həsən əş-Şeybani” – Şafei bu risalədə qismən Şeybaniyə cavab vermiş, həmçinin seçdiyi nümunələrlə İraq fəqehlərinin qiyas anlayışındakı nöqsanları göstərmişdir.
  4. İxtilafu Malik vəş-Şafei” – Bu risalədə İmam Malikin sünnə və “Mədinə əhlinin əməli”[26] anlayışını tənqid edilir.
  5. İxtilaful-hədis” – Bir-birinə zidd kimi görünən hədislərin şərhidir. Bu sahədə yazılan ilk əsərlərdən sayılır.

Elm və irfanı ilə milyonlarla insanın həyatına yön verən Şafei bir şeirlər toplusu – “Divan” da qələmə almışdır.

Bu sözlər Şafeiyə aiddir: “Əgər şeir üləmaya layiq olsaydı, mən Ləbiddən daha yaxşı şair olardım. Amma şeirlə məşğul olmadım.”

Ölüm ayağında belə demişdir: “Qəlbim günahlardan qaraldı və mən çarəsiz qaldım. Ümidimi əfvinə nərdivan etdim. Günahım gözümdə böyüdükcə böyüdü, amma onu götürüb əfvinin yanına qoyunca əfvinin yanında çox kiçik qaldı.[27]

Şafei məzhəbinin yayılması

Bir fikrə görə, Şafei məzhəbi elmli fəqihlərin tədris fəaliyyəti nəticəsində, digər görüşə görə isə, tədrislə yanaşı, məzhəb alimlərinin dövlət vəzifələrinə təyin olunmasından sonra daha geniş yayılmağa başlamışdır. Nizamülmülkün Nizamiyyə mədrəsələrini qurması Şafei məzhəbi yayılması üçün bir təkan sayılır. Bu dövrdə Şafei məzhəbi İraq və Xorasanda sürətlə yayılmışdır. Əbu İshaq əş-Şirazi, Cüveyni, Qəzzali kimi alimlərin Şafei məzhəbin yayılmasında böyük rolu var.[28]


[1] Bilal Aybakan. Diyanət İslam Ensiklopediyası. “Şafei”, XXXVIII, s. 223.
[2] Zəhəbi, “Aləmün-nübəla”. X, 24.
[3] B. Aybakan. DİA. “Şafei”, XXXVIII, s. 224.
[4] Şafeinin yaşadığı dövrdə Həzrət Əli və övladlarını, yəni Əhli-beyti sevmək rafizilik adlanırdı. İlk üç xəlifəni sevmək isə əhli-beytə düşmənçilik (nəsibilik) kimi təqdim edilirdi.
[5] B. Aybakan. DİA. “Şafei”, XXXVIII, s. 224-225.
[6] Qadı İyaz. Tərtibul-mədarik. I, s. 400.
[7] B. Aybakan. DİA. “Şafei”, XXXVIII, s. 234.
[8] B. Aybakan. DİA. “Şafei”, XXXVIII, s. 225.
[9] Məhəmməd Əbu Zəhra. Kitabuş-Şafei. s. 149.
[10] Şafei. Risalə. s. 131-136.
[11] B. Aybakan. DİA. “Şafei”, XXXVIII, s. 226.
[12] Safədi. əl-Vafi. II, s. 172.
[13] Zəhəbi, Aləmün-nübəla. X, s. 81.
[14] Cahiliyyə dövründə və İslamiyyətin ilk dövründə ərəb qəbilələri arasında cərəyan edən döyüşlər.
[15] B. Aybakan. DİA. “Şafei”, XXXVIII, s. 226.
[16] Əbu Asim əl-Abbad, Tabəqətul-fuqəhəiş-Şafeiyyə. s.34, 61; Zəhəbi, Aləmün-nübəla. X, s. 18.
[17] İbn Əbu Hatim, Ədəbuş-Şəfei və mənəqibuh. s. 271.
[18] B. Aybakan. DİA. “Şafei”, XXXVIII, s. 227.
[19] Zəhəbi, Aləmün-nübəla. VIII, s. 468.
[20] Bu haqda bax: İbrahim surəsi, 14/1.
[21] Bu haqda bax: Nəhl surəsi, 16/89.
[22] Bu haqda bax: Nəhl surəsi, 16/44.
[23] Bu haqda bax: Şura surəsi, 42/52.
[24] B. Aybakan. DİA. “Şafei”, XXXVIII, s. 227-228.
[25] B. Aybakan. DİA. “Şafei”, XXXVIII, s. 229.
[26] “Mədinə əhlinin əməli” Mədinə xalqının etdiyi əməl və işlər deməkdir. İmam Malik (r.a.) Mədinə əhalisinin əməllərini fiqh elmində dəlil saymış və bəzi fətvalarında buna əsaslanmışdır.
[27] Şafei. Divan. s.101; əs-Subki. Tabəqatuş-Şafeiyyətil-kübra. I, s. 296.
[28] B. Aybakan. DİA. “Şafei”, XXXVIII, s. 239.


Açar sözləri

imam şafei şafeilik şafii

Bənzər məqalələr

Namazı imamdan gec bitirmək

Sual: İmama tabe olan şəxs “təhiyyat”dan sonrakı duaları oxumadan imam salam versə nə etməlidir? Cavab: Rəsulullah (s.ə.s) müsəlmanları camaatla namaza təşviq edərək belə buyurmuşdur: “Camaatla qılınan namaz, təkbaşına qılınan namazdan iyirmi yeddi dərəcə daha fəzilətlidir.”

Ərşin kölgəsində yeddi kimsə

Qiyamət günü yalnız Allahın kölgəsi (hifzi, himayəsi) olacaqdır. Və Allah o gün yeddi (kimsəni) kölgəsi altında hifz edəcək: (Birincisi) ədalətli imam (rəhbər, başçı), (ikincisi) ömrünü ibadət sevinci içində keçirən gənc, (üçüncüsü) məscidlərə dilbəstə (qəlbən bağlı) olan kimsə, (dördüncüsü) Allah üçün bir-birini sevib Allah üçün bir araya gələn və Allah üçün bir-birindən ayrılan iki insanın hər biri, (beşincisi) yüksək məqama və gözəlliyə malik bir qadın yaxınlıq istədiyi zaman (nəfsinə üsyan edib) “Mən Allahdan qorxuram” deyən adam, (altıncısı) sol tərəfindəki adama sağ tərəfindəki adamın hiss etməyəcəyi şəkildə gizli sədəqə verən, (yeddincisi) tək-tənha olduğu zaman Allahı xatırlayıb gözləri yaşla dolan”

Qadın kişilərə imam ola bilərmi?

Qadın kişilərə imam dura bilməz. Qadın qadınlara imam dura bilər. Ancaq bir şərt var ki, kişilərdən fərqli olaraq qadın imam olanda camaatla eyni cərgədə/səfdə durar.

Namazda imamdan əvvəl rükudan və ya səcdədən qalxmamaq

İmamdan əvvəl başını (rükudan və ya səcdədən) qaldıran insan qorxmur ki, Uca Allah onun başını və ya üzünü uzunqulaq başı və ya üzünə çevirər!


Şərh yaz