İman insanı fiziki, maddi aləmin dar, durğun və boğucu sərhədlərindən xilas edib onu mənəvi aləmlərlə bütünləşdirən, önünü aydınladan bir məşəldir. İman insanı bütün varlığın yeganə sahibi olan Allaha müxatəb etməsi və Rəbbə bağlaması ilə ona qəlb rahatlığı və şərəf gətirən böyük bir güc mərkəzidir.
Çünki insan iman sayəsində Rəbbinə üz tutur, Yaradanını tanıyır, Ona bağlanır. İnsan onda iman işığı ilə görünən ilahi sənətlər və ilahi isimlərin naxışları sayəsində bir dəyər qazanır. İnancsızlıq isə o bağı qoparır. Rəblə insan arasındakı bağ qırılanda da Allahın insanda təcəlli edən ilahi sənəti gizlənir. Bu cür insanın dəyəri maddi və cismani səviyyəyə enir. Maddi vücud fani və müvəqqəti olduğuna görə də heç bir dəyəri yoxdur. Bunu belə bir misalla açıqlamaq olar:
Bir əsərin və ya bir əl işinin sənət əsəri kimi daşıdığı dəyərlə onun maddi qiyməti ayrı-ayrı şeylərdir. Bəzən bunların qiyməti eyni olur. Bəzən sənət əsərinin ərsəyə gətirilməsində işlənən metal daha qiymətli olur, bəzən də beş manatlıq dəmir parçasından beş min manatlıq sənət əsəri hazırlanır. Bəzən maddi dəyəri beş min manat olan əntiq sənət əsərinə milyonlarla pul verilir. Bu cür sənət əsəri əntiq əşyalar bazarına çıxarılsa, qədim və hünərli sənətkarının adı ilə satışa qoyulsa, çox baha qiymətə satılar. Yox, dəmirçi bazarına aparılsa, o zaman beş manatlıq dəmir qiymətinə gedər.
İnsan da Allahın bu cür misilsiz sənət əsəridir. Zərif bir qüdrət möcüzəsidir. Allah-Təala bütün isimlərini insanda təcəlli etdirmiş və onu kainatın kiçik modeli kimi yaratmışdır. Əgər iman nuru insana hakim olsa, üzərindəki bütün mənalı naxışlar o nurla oxunar: “Mən Rəbbimin bir sənət əsəriyəm, məxluquyam. Onun rəhmət və ikramı ilə sərəfraz edilmişəm”. Belə bir insanın dəyəri də o ilahi sənətin qiymətində olar.
Allahla irtibatı qoparan inkar düşüncəsi insanın içinə yol taparsa, o mənalı sənət əsərlərinin üstünə qaranlıq çökər və oxunmaz olar. İlahi sənət əsərlərinin, ilahi təcəllilərin çoxu görsənməz. Görünənlər isə səbəblərə, təbiətə və təsadüflərə aid edilər. İnsandakı hər bir sənət əsəri parlaq almaz olduğu halda, adi şüşə parçasına çevrilər, kömürə dönər. Demək ki, iman insanı insan edər, hətta sultan edər.
İnsan ümidlə var olur, cəmiyyət onunla canlanıb inkişaf edir. Beləliklə, ümidini itirmiş insan ölü, ümiddən məhrum cəmiyyət isə iflicdir.
Bəzən insan fərqində olmadan imanını zədələyəcək, Allahı ittiham edici sözlər söyləyir. Qəzəb anında bu sözlər söylənmişsə belə, qəzəbi soyuyunca insan tövbə etməli, peşman olduğunu etiraf etməlidir. Əks təqdirdə uçurumun kənarında dayandığını iş işdən keçəndən sonra anlayar, o zaman da gec olar.
Müsəlman olaraq yaşamaq, müsəlman olaraq ölmək və axirət yurdunda salehlər arasına qatılmaq üçün nə etmək lazımdır
Şeytan insanları haqq yoldan azdırmaq üçün hansı üsullardan istifadə edir?
“Əgər Qurandan heç bir surə nazil olmasaydı bu qısa surə belə insanların dünya və axirət səadətini təmin etməyə kifayət edərdi.” (İmam Şafei)