118. 769 dəfə oxunub ,   0 şərh   Çap et

İmsak (امساك) sözünün lüğət mənası bir şeyi tutmaq, möhkəm yapışmaq, mane olmaq, bir şeydən əl çəkmək, uzaq durmaq, geri çəkilmək deməkdir. Dini termin olaraq dan yeri ağarmağa başlayandan (imsak vaxtından), iftar (axşam namazı) vaxtına qədər ibadət niyyəti ilə yemək, içmək, cinsi əlaqə və digər orucu pozan şeylərdən uzaq durmaqdır. İmsakın ziddi iftardır.

İslamın əsaslarından biri olan orucun əsas şərti imsakdır. Quranı-Kərimdə imsak haqqında belə buyrulur.

“…Dan yeri ağarana, ağ sap qara sapdan fərqlənincəyə qədər yeyib için…”[1]

 Oruc ilk dəfə fərz buyrulduqda səhabələr iftar etdikdən sonra yatsı namazını qılana və ya qılmadan yatana qədər yeyib-içə və xanımları ilə cinsi münasibətdə ola bilirdilər.  Yatsı namazını qıldıqdan və ya yatdıqdan sonra ertəsi gün iftara qədər yemək, içmək və cinsi münasibətdə olmaq haram idi. Dözə bilməyib sahəbələrdən bəziləri xanımları ilə yaxınlıq etmişdi. Bir başqa səhabə də iftarı gözləyərkən yorğunluqdan yatıb qalmışdı. Ertəsi gün ac və susuz olduğu üçün tarlada ürəyi getmişdi. Bu hadisədən sonra Allah rəhmətinin ənginliyindən Bəqərə surəsinin 187-ci ayəsini nazil etdi. Artıq insanlar səhər vaxtına qədər yeyib-içə və cinsi əlaqədə ola bilərdilər.

 Ayədə haqqında bəhs olunan ağ və qara sapın görülməyindən məqsəd, gündüzün aydınlığı ilə gecənin qaranlığının bir-birindən ayırd edilməsidir. Nəql olunur ki, bu ayə ilk nazil olduqda “minəl-fəcr (fəcirdə, fəcirdən)” əlavəsi yox idi. Oruc tutacaq olanlar bir ayağına qara, digərinə də ağ sap bağlayardı. Sahurda bunları açıq-aydın görənə kimi yeməyə və içməyə davam edərdilər. Allah Rəsulu (s.ə.s) də ağ-qara misalı ilə gecə ilə gündüzün nəzərdə tutulduğunu  bildirmişdi. Daha sonra Cənabı Haqq, ağ və qara sap təşbehindən “gecə ilə gündüzün nəzərdə tutulduğunu bildirərək, dan yerinin ağarması mənasında, “minəl-fəcr” əlavəsini təkrar nazil etdi.

Ədiy ibn Hatimdən (r.a) nəql edir: Bəqərə surəsi 187-ci ayə nazil olduqda ağ və qara iki ədəd sapı alıb bunları yastığımın altına qoydum. Sahurda bunlara baxır, bir-birindən ayırd edilib, dan yeri ağardıqda yemək içməyi tərk edirdim. Səhər açıldıqda Rəsulullahın (s.ə.s) yanına gedib etdiyimi ona dedim. O (s.ə.s), belə buyurdu:

Sənin yastığın nə qədər də böyük imiş! Ayədə nəzərdə tutulan gecənin qaranlığı ilə gündüzün bəyazlığıdır. Bunları bir yastığın altına necə sığdıra bilərsən![2]

İmsak oruc qadağalarının başlama vaxtı, fəcri-sadiq – yəni dan yerinin ağarmasıdır. Bununla yatsı namazının vaxtı çıxmış, sübh namazının vaxtı girmiş olur. Bu vaxt eyni zamanda sahurun sona çatıb, orucun başladığı vaxtdır. İftar vaxtı isə, oruc qadağalarının sona çatdığı, günəşin batma vaxtıdır. İftar vaxtının girməsi ilə birlikdə axşam namazının da vaxtı girmiş olur. Gündüz və gecənin tam müşahidə olunduğu yerlərdə imsak və iftar vaxtları, buralara ən yaxın normal bölgələrə görə təyin edilir.

Fiqh alimlərinin əksərinə görə, imsak ikinci fəcrin doğması ilə başlayır və günəş batana kimi davam edir. Bunlardan fəcrin ilk doğuş anını başlanğıc nöqtəsi qəbul edənlər ehtiyatı, aydınlığın bir az yayılıb açıq-aydın hiss edilməsini mənimsəyənlər də asanlığı əsas götürmüşlər.[3]

Günümüzdə İslam aləmində müxtəlif təqvimlər var. Bəs bunların hansı düzdür?

Hər biri düzdür. Təqvimlərdəki fərqlilik ictihad fərqliliyindən qaynaqlanır. Allah Rəsulu (s.ə.s) hədislərində ümmətin alimlərini ictihad etməyə təşviq etmişdir. İctihad edib düzgün nəticə əldə edənə iki, yanılana da bir savab vardır. Dan yerinin ağarmağa başladığı anı imsakın başlanğıc vaxtı kimi  qəbul edənlər təmkin və ehtiyat olaraq sahuru erkən bitirir, digərləri isə rüsxəti əsas götürürlər. Arada təxminən 5-10 dəqiqə fərq olur.

Sübh namazı nə zaman qılınmalıdır?

Sübh namazını imsak vaxtının başlamasından 15-20 dəqiqə sonra qılmaq İslam aləmində adət halına gəlmişdir. Ona görə də imsak vaxtı girən kimi namaz qılınmamalı, 15-20 dəqiqə gözlədikdən sonra qılınmalıdır.


[1] Bəqərə, 2/187.
[2] Buxari, Savm, 16.
[3] Fətavayi Hindiyyə, I, 51, 194; İbn Abidin, II, 371.


Açar sözləri

iftar imsak namaz sahur sübh

Bənzər məqalələr

Peyğəmbərimiz və səhabələrin namazı

Möminin meracı sayılan namaz imanın əkiz qardaşı kimidir. Başqa sözlə, imanın əməli şəkli namaz, namazın da nəzəri şəkli imandır.

Nə üçün namaz?

İnsan yaradılış baxımından çox zəifdir. Hər şey ona təsir edib əziyyət verir. İnsan həm də acizdir. Düşmənləri və bəlaları saysız-hesabsızdır. İnsan xəstəliklər, təbiətdəki fəlakətlər, ölüm qarşısında gücsüzdür.

hacet
“Dəli”nin namazı

“Dəli”nin namazı

Beş vaxt namazın əhəmiyyəti

Namaz qəlbin nuru, ruhun qidası, möminin meracı, insanın uca Yaradanla vasitəsiz bağlılığıdır. Namaz həddi-büluğa çatmış, ruhi xəstə olmayan hər bir müsəlman kişi və qadına fərzdir.

İftar duası

İftarda dua etmək Peyğəmbərimizin (s.ə.s.) sünnəsidir. İftar vaxtı edilən dualar rədd olunmayan dualar arasındadır.


Şərh yaz