İmtahan ərəfəsində olan tələbələr üzərində aparılan bir elmi araşdırmanın nəticəsinə görə, orucun həyəcana, qorxuya, sinir və şüur pozulmasına müsbət yöndə təsirləri böyükdür.
Alimlərin fikrincə, insanlarda qorxu və həyəcan doğuran imtahan və müsabiqələr, məhkəmə prosesi, dəhşətli müharibə və s. kimi hallar ruhi sarsıntıların, stress və depressiyaların başlıca səbəbidir. Üzdə və gözlərdə qan yığılması, titrəmə və dil tutulması hormonal və daxili ifrazat orqanlarının fəaliyyətində qəflətən əmələ gələn pozulmalarla bağlıdır. Tibbi araşdırmalar belə şəxslərdə qan adrenalin hormonunun səviyyəsini yüksəltdiyini və şəkərli diabet xəstəliyi meydana gəldiyini sübut etmişdir.
Həyəcan və qorxunun dərəcə və müddətindən asılı olaraq, müvəqqəti və ya daimi, yüngül, yaxud ağır şəkərli diabet xəstəliyi meydana gəlir.
Qorxu hissi keçirən şəxslərin sidiyində qlükoza şəkəri müşahidə olunur.
Psixoloqlar bu kimi hallarla qarşılaşma ehtimalı olan şəxslərə bir müddət ac qalmağı – oruc tutmağı tövsiyə edirlər. Çünki oruc sinirlərin qorxu və sarsıntıya, gərginliyə müqavimət gücünü artırır, insanı cəsarətləndirir, hormonal ifrazatı tənzimləyir, ruhi-mənəvi gərginliyi yatırır, fəsadlarının qarşısını alır və mənəvi rahatlıq gətirir.
Oruc qorxu və sinir pozulmalarından meydana gələn ruhi xəstəliklərin müalicəsində dərman rolu oynayır.
Oruclu insan ən qorxunc, ən təhlükəli halları asanlıqla və soyuqqanlılıqla dəf edə bilər. Oruclu olaraq imtahana girən bir tələbə orucun ruhi sakitləşdirici təsirlərini açıq-aşkar hiss edir. Oruclu ikən sərt və ağır ruhi-mənəvi təsirlərə dözən sinirlər orucsuz halda buna çətin tab gətirir.