2. 785 dəfə oxunub ,   0 şərh   Çap et

İnsan Qədərə imanla nə əldə edir?

Mövzuya bir örnəklə başlayaq. İki yoldaş böyük və bağlı-bağatlı bir qəsəbədə qonaq olurlar. Qəsəbədə yaraşıqlı evlər, növbənöv meyvə-tərəvəz, cins-cins heyvanlar var. Həm də qəsəbənin elektrik, su, istilik kimi ehtiyaclarını təmin etmək üçün bir çox irili-xırdalı qurğular işləyir.

Bu iki yoldaşdan biri qəsəbəyə girər-girməz nəfsinə xoş gələn nə görsə, qəsbkarcasına  sahiblik edir. Sonra da icazə olub olmadığını düşünmədən əlinə keçən meyvələrdən yeməyə başlayır. Bir az sakitləşib özünə gələndən sonra ətrafı gözdən keçirir. Qəsəbənin ehtiyaclarını təmin edən qurğuları və o qurğuları işlədən işçiləri və ustaları görür. Daha sonra tərəvəz əkinlərini və meyvə bağlarını, hər cins heyvanları, ucsuz-bucaqsız tarlaları görür. Bütün bunlara şahid olan bu axmaq adamı bərk qorxu və bədbinlik hissi bürüyür.

“İndi mən bu qurğuları necə işlədəcəyəm, minlərlə heyvanı necə saxlayacağam, burada işləyənləri necə idarə edəcəyəm? Birdən bu qurğularda bir nasazlıq olsa? Yaxud işçilər etiraz etsələr?” – deyə bədbin-bədbin düşünməyə başlayır. Qəsəbənin bütün məsuliyyətinin bir anda cılız çiyinlərində hiss edir. Daimi qorxu və narahatlıq hissi oradakı nemətlərin və gözəlliklərin ləzzətini acılaşdırır.

Qəsəbəyə birgə gəldiyi yoldaşı da bu yer haqda düşünür. Hər şeyə diqqətlə nəzər salır və görür ki, qəsəbədə möhtəşəm nizam-intizam, ahəng var. Heç bir şey özbaşına və təsadüfi deyil. Bütün qurğular, bütün işçilər bir-biri ilə əlaqəli işləyir, bir-birini tamamlayır. Hər yerdə və hər şeydə bir ahəng və həmrəylik hökm sürür. Bu müşahidələrin nəticəsində qəti qənaətə gəlir və inanır ki, “Bu qəsəbənin çox hünərli və bilikli böyüyü var. Bütün bunlar əvvəlcədən müəyyənləşdirilmiş və planlaşdırılmışdır. Hər şey müəyyən qaydalar və qanunlar əsasında, planlı şəkildə həyata keçirilir”. Bu düşüncə və inanc ona rahatlıq və əminlik hissi verir. “Birdən elə olar, belə olar?” kimi qorxu və əndişələrdən uzaq olur, qəsəbədəki nemətlərdən, gözəlliklərdən könül rahatlığı ilə yararlanır. Hüzur içində və xoşbəxt yaşayır.

Böyük bir qəsəbəyə bənzəyən bu dünya mehmanxanasında­ qə­dərə inanmayan insanları birinci adam təmsil edir. Onlar ömür boyu gələcəyin əndişələri ilə yaşayırlar. “Zəlzələ olsa, yaxud bir qəzaya düşsəm, birdən quraqlıq oldu, ya uşaqlarımı oxutdura bilməsəm…” kimi düşüncələrlə yuxuları ərşə çəkilir. Bu kimi hislərlə öz həyatlarını zəhərə çevirirlər.

Qədərə iman edən insan isə bunun tam əksinə kainatdakı bütün sistemlərin İlahi qanunlarla və ahəngdar şəkildə işlədiyini bilir. Hər şeyin Allahın təqdiri ilə həyata keçməsini, Onun izni və razılığı olmadan bir yarpağın belə yerə düşməməsinə inanır. Əli çatmayan, gücü yetməyən hadisələrdə Allaha təvəkkül edir. Hüzur və rahatlıq içində öz vəzifələrini yerinə yetirməyə çalışır. Heç vaxt da bədbinliyə və ümidsizliyə qapılmır.

Qədərə səmimi qəlbdən inanan bir insan Allahın izni və ina­yəti ilə hər bir çətinlik və əngəlin öhdəsindən gələr. Qədərə iman insana bir çox gözəl keyfiyyətlər aşılayır. Burada bir neçəsini maddə-maddə qeyd etməyə çalışaq:

1. Qədərə iman insana müsibətlərə, bəlalara, xəstəliklərə döz­mək və səbir etmək üçün güc verir. Hər şeyin Allahın əmri ilə olmasına inanan əsl mömin ən ağır sıxıntılar, ən təhlükəli xəstəliklər qarşısında belə qətiyyən əyilmir, ümidsizliyə düşmür.

2. Qədərə iman insanı Allahın sevmədiyi təkəbbürdən və qürurdan uzaqlaşır. Çünki qədərə iman edən insan bütün gözəl­liklərin, xeyir və yaxşılıqların Allahdan olmasına inanır. Onları öz nəfsinə yox, əsl sahibinə aid edir. Beləcə insanı şirkə, hətta küfrə qədər sürükləyən təkəbbür və qürur bataqlığına yuvarlanmaqdan qorunur.

3. Bəzən ətrafımızda zəlzələ, quraqlıq, müharibə kimi bizim iradəmiz xaricində çox üzücü və qorxunc hadisələr baş verir. Belə hallarda kainata hökm edən və gücü hər şeyə yetən Allah-Təa­lanın varlığına və hər bir şeyin Onun nəzarəti altında olmasına inanmaq insana elə bir hüzur və rahatlıq verir ki, bunu başqa bir şeylə əldə etmək mümkün deyildir.

4. Qədərə iman insanın iradəsini qüvvətləndirir və ona güclü cəsarət verir. Çünki qədərə həqiqətən inanan bir mömin başına bir müsibət gəlsə də, gəlməsə də, hüzur içindədir, çünki hər şey ilahi təqdirlə olur. Bədirdən Çanaqqala zəfərinədək döyüş meydanlarında qorxu bilmədən və qəhrəmancasına vuruşan müsəlman əsgərlərin ruhi-mənəvi halı buna ən gözəl misaldır.

5. Qədərə tam inanmış bir insan ruzisinə görə də narahat olmaz. Çünki bu inama görə, hamının ruzisini Allah-Təala təyin və təsbit edir. Əlbəttə ki, bu, Müsəlmanların aciz-aciz oturması demək deyil. Əksinə, ruzisini alın təri ilə qazanma məsələsində daha həssas hərəkət edir. O, qədərə inancı sayəsində tamahkarlıq edib harama əl uzatmır. Zənginlərə həsəd aparıb düşmənçilik hissi bəsləmir. Ac qalmaq qorxusu və ya varlı olmaq ehtirası ilə müdirinə, ya da iş sahibinin haqsız istəklərinə boyun əymir. Ən əsas da Allah qarşısındakı vəzifələrini heç bir vəchlə tərk etmir.

6. Qədərə inanan adam insanlarla xoşgörü ilə, mülayim rəftar edir və güzəştə getməyi, bağışlamağı bacarır. Bir haqsızlıqla qarşılaşanda bilir ki, bunda qədərin də payı var. Günahkarın səhvini anlaması və yaxud başqasına zərər verməməsi üçün cəzalanmasını is­təsə də, heç kimə kin bəsləməz. Bir çox hallarda şəxsinə edilən pislikləri güzəştə gedir, fəzilət göstərib pisliyə yaxşılıqla cavab verir.

Son olaraq deyə bilərik ki, insan sıxıntı, müsibət və imtahanlarla dolu olan bu fani dünyada ancaq qədərə imanla hüzura qovuşa bilər. Qədərə iman etməklə hər cür çətinlik asanlaşır, həyat daha gözəl olur.

Rəbbimiz bizlərə qədəri düzgün anlamağı, səbəblərin yerinə yetirməsinə həssas yanaşmaqla bərabər  Allahın təqdirinə də tam təslim olmağı nəsib eləsin.

 




Şərh yaz