7. 131 dəfə oxunub ,   0 şərh   Çap et

Möminin çevrəsi ilə sevgi və hörmətə əsaslanan münasibəti necə olmalıdır?

Sevgi varlığın əsasıdır. Uca Allah özünə sevginin ifadəsi olaraq varlığı, aləmlərin bir xülasəsi olaraq da insanı yaratmışdır. Ancaq bu, müqəddəs bir sevgidir. Bizim anladığımız və yaşadığımız insani sevgi kimi deyil. İnsanın münasibətlərdə yaşadığı sevgi, ya zəiflik və əlində olmayan meyllərin ifadəsidir, ya da tədricən xarakterə çevrilən bir duyğudur. Bunların heç biri Allahın zatına aid edilə bilməz. Bu səbəbdən Allahın zatını ucaltmaq üçün müqəddəs sevginin ifadəsi kimi varlığı yaratdığını deyirik. Qüdsi-hədis olduğu iddia edilən bir söz belədir: “Mən gizli xəzinə idim! Bilinmək istədim və varlığı yaratdım. Özümü onlara təqdim elədim. Onlar da məni tanıdılar.”[1]

Hədis üsuluna görə, bu sözün sənədi mötəbər deyil. Ancaq mənası doğrudur. Sözü bu ayə ilə əlaqələndirmək olar: “Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım!”[2] İbn Abbas ayədəki “liyəbudun” (mənə ibadət etmək üçün) sözünü “liyərufun” (məni tanımaq üçün) şəklində təfsir etmişdir. Belə olanda ayənin tərcüməsi bu cür olur: “Mən cinləri və insanları məni tanısınlar, yalnız mənə ibadət etsinlər deyə yaratdım.” Yəni insan Uca Yaradanı tam dərk etməklə, Onun kainatdakı geniş icraatlarından xəbərdar olmaqla qulluqda dərinləşə və ilahi sevgiyə yönələ bilər. İslam alimlərindən biri də yaradılışın ən yüksək qayəsinin, fitrətin ən ali nəticəsinin Allaha iman, mərifətullah və məhəbbətullah olduğunu bildirir.

Bəli, varlığın əsası sevgidir. Sevgi insan üçün də həyati əhəmiyyətə malikdir. İnsan sevgi ilə yaşayar, sevgi ilə xoşbəxt olar və çevrəsini də sevgi ilə xoşbəxt edər. İnsanlar arasında sevgidən daha güclü əlaqə vasitəsi yoxdur. Sevgi və şəfqətdən məhrum bir insanın mənəvi olaraq yüksəlməsi və kamilləşməsi də mümkün deyil. Xüsusilə peyğəmbər yolunun varisləri üçün bu çox önəmlidir. Çünki insanların qəlblərini fəth etmək üçün sevgidən daha qısa yol yoxdur.

Məntiqi sevgi

Düzdür, sevmək çətindir. İradəli insanın sevməyi öyrənmək üçün müəyyən zamana və təcrübəyə ehtiyacı var. İnsan əvvəlcə başqalarına ürəyini açmaq üçün nə lazım gəldiyini düşünüb tapmalıdır. Başqa sözlə varlıqlar arasında İlahi lütf olan sevginin insanlar arasında yayılması üçün cəhd etməlidir. Sevgi ilə qurulan münasibətlərin inkişafı üçün çalışmaq tədricən bunu vərdişə çevirir. Vərdiş isə xarakterin bir hissəsi olandan sonra vərdişdən qurtulmaq çətin məsələdir…

Sevdiyimiz insanlar bizim üçün ehtiyac, hətta zərurət nisbətində dəyərlidir. Onlar yanımızdan ayrılanda həsrət çəkirik. Sevdiyimiz insanların sevincini sevincimiz, kədərini də kədərimiz bilirik. Sanki həyatı onlarla birgə yaşayırmış kimi oluruq. Məhz bundan sonra insana qarşı hiss olunan sevgi məntiqi dona bürünür və reallaşmaq istəyir. Bu cür sevgi insanları idarə (manipulyasiya) etmək və onlara yaxşı görünmək üçün ortaya atılan səthi sevgiyəbənzər münasibətlərdən fərqlidir.

Bəli, duyğularda mövcud sevginin məntiqi qavranması üçün onun səbəblərini bilmək, bunlar üzərində düşünmək və bu səbəbləri əqli olaraq əsaslandırmaq lazımdır. Məsələn: İnsanlıq düşüncəsində ortaq məxrəcə gəlmək, bütün insanları sevmək üçün əsas səbəblərdən biridir. Əgər insan olmağın və eyni dünyada yaşamağın sevgiyə səbəb olan əhəmiyyətli bağ olduğu görülməz, insanlar məhz insan olduqları üçün bir-birini sevməz, əvəzində kin və düşmənçilik edərlərsə, qloballaşan dünyada bunun çox ağır nəticələri ilə qarşılaşarıq.

Hazırda daha təhlükəsiz bir dünyada yaşamaq üçün bütün insanlığın sülh və əmin-amanlıq ətrafında birləşməsi, müxtəlif din və millətlər arasında tolerantlıq və dözümlülük körpülərinin qurulması zəruridir. Şübhəsiz ki, bunun həyata keçməsi üçün insanlar bir-biri ilə yardımlaşmalı və əl-ələ verməlidirlər. Sevginin yerini kin və nifrətin tutduğu bir dünyada bu ortaq hədəflərin gerçəkləşdirilməsi mümkün deyil.

Əfsus ki, dövrümüzdə insanlıq bu cür sevgi və məhəbbətə həsrətdir. Belə bir dünyada çox əhəmiyyətli həqiqət olan sevgini yenidən əhya etmək, insanların bir daha əl-ələ tutmasını təmin etmək insanlığa ediləcək ən böyük ərməğandır. İnsanların bir-birini sevməsini istəyən möminlər vicdanlarını (qəlblərini) hamıya açmalı və bütün insanlığı qucaqlamağı bacarmalıdırlar. Nəticədə insanlıq düşüncəsində ortaq məxrəcə gəlməyə çalışmalıdırlar. Təbii ki, bunun üçün zamana ehtiyac olduğunu da unutmamalıdırlar. Bunun birdən olması da bir az çətindir. Çünki bəzi problemlərin həlli üçün səbirlə, şəfqət və təmkinlə uzun müddət çalışmaq lazımdır.

Mömin üçün Allahın varlıq və birliyinə inanmaq, Allah Rəsulunun (s.a.s.) ümməti olmaq, eyni məfkurənin yolçusu olmaq kimi amillər də çox əhəmiyyətli sevgi səbəbləridir. Məsələn: Bir insan mömin qardaşlarına baxarkən belə düşünə bilər: “Bu insanlar axirətdə mənim yoldaşım olacaqlar. Məhşərdə və mizanda bir yerdə olacağıq. Siratı birgə keçəcəyik. Cənnətə bərabər daxil olacağıq. Bəlkə də orada mənim əlimdən tutacaqlar. Dara düşsəm Allahın izni ilə mənim üçün şəfaət diləyəcəklər.” Bu və bənzər səbəblər qardaşlıq və sevgini artırdığı üçün bunlar barədə düşünmək lazımdır. Çünki bu haqda düşünmək belə sevgiyə səbəb olur.

Bir insanın eyni məfkurənin yolçularına baxarkən: “Əl-ələ tutduğumuz, birlik və bərabərliyimizi qoruduğumuz təqdirdə Allahın izni ilə bir çox çətinliklərin öhdəsindən gələ bilərik. Bir-birimizə kömək edərək hədəflərimizə daha tez çatarıq.” – deməsi və özü üçün qardaşlarına olan ehtiyacının zəruri olduğunu düşünməsi, aralarındakı sevgi bağlarını daha da gücləndirər.

Çünki insanlar arasındakı sevgi səbəbləri nə qədər çox olarsa, onların bir-birinə rəğbəti, diqqəti və mərhəməti də bir o qədər artar. Əlbəttə eyni məfkurənin yolçusu olanlar bir-birlərinə daha güclü bağlarla bağlanırlar. Mömin sevgi və qardaşlığı möhkəmləndirən bu və bənzər səbəblər üzərində çox düşündükcə qardaşlarını daha çox sevər və “qardaşlarım olmadan heç nə edə bilmərəm” deyə düşünər.

Əgər mömin bu cür sevginin səbəblərini axtarmaz və möhkəmləndirmək üçün çalışmazsa, sevgisi duyğu səviyyəsində qalar. İnsanın başqalarına qarşı duyğu səviyyəsində olan sevgisi isə məhduddur. Çünki duyğu səviyyəsində olan sevgi nə qədər güclü görünsə də, özündən güclü bir duyğu qarşısında diz çökməyə məhkumdur. Bu nöqteyi-nəzərdən əsas olan məntiqi əsaslandırılmış sevgi, məntiqi eşq və məntiqi istəkdir. Çünki müəyyən məntiqi əsası olan sevgi asanlıqla hədər olmaz. Duyğu səviyyəsində olan sevginin dəyərsiz olduğunu iddia etmirik. Əlbəttə, bu sevginin də özünə görə müəyyən dəyəri var. Ancaq duyğu səviyyəsində olan sevgini ağıl və məntiqlə gücləndirmək lazımdır.

İnsaflı yanaşma

Bu mövzuya başqa yöndən də baxa bilərik: Yəni insanlar arasında sevgi və qardaşlığa səbəb olan onlarla səbəb var. Düşmənlik və münaqişələrin isə ciddi bir əsası yoxdur. İnsan bəzi kəslərə və ya qruplara hər hansı səbəbdən ötrü nifrət edə bilər. Bəzilərinin müəyyən davranışlarından xoşu gəlməyə bilər. Ancaq bu və bənzər düşmənliklər adətən çox da ciddi bir səbəbə əsaslanmır. Tutalım bir möminin digərindən xoşu gəlmir. Onun müəyyən hərəkətlərini gözü götürmür. Görəsən hal və hərəkətlərini xoşlamadığı həmin şəxsin insanlığa, İslama zidd davranışları varmı? Harama mübtəla olubmu? Öhdəliklərini yerinə yetirmirmi? Allaha üsyan edirmi? Müqəddəs dəyərlərə hörmətsizlik edirlmi?

Bu və bənzər sualları artıranda insanlar arasındakı kin və qəzəbin, əsaslı bir səbəbi olmadığını, kin və düşmənçiliyin fərqli temperamentlərdən, fikirlərdən, gözlənti və seçimlərdən irəli gəldiyini görərik. Məsələn: Tutalım kiminsə, hərəkəti bizim xoşumuza gəlmir. Ola bilər ki, biz yanılırıq. Bəlkə də həqiqətdə onun hərəkəti doğrudur. Biz bunu bilə bilmərik. Çünki hər insan dünyanı öz pəncərəsindən görür. Bizim gördüyümüzün mütləq mənada doğru olduğunu iddia edə bilmərik. Heç bir əsası olmayan əhəmiyyətsiz müəyyən məsələlərdən ötrü ətrafımızdakı insanlardan incisək, onlara haqsızlıq etmiş olarıq.  

Ola bilər ki, bəzi insanlar da etməməli olduqlarını edir və ya etməli olduqlarını etmirlər. Yaddan çıxarmayaq ki, hər insan eyni xarakterə sahib deyil və ola da bilməz. Buna görə də hər insan bir işi eyni şəkildə görmür. Vaxtaşırı müəyyən anlaşmazlıqlar yaşanır. Belə vəziyyətlərdə həmin insanlara anlayışlı davranmaq, hər kiçik xətalarını üzlərinə vurmamaq lazımdır. Onlara imkan (möhlət) vermək lazımdır ki, özünü yenidən nəzərdən keçirsin və səhvlərini düzəltsin. Burada belə sevgi dili ilə hərəkət etmək lazımdır. Çünki sevginin həll etmədiyi problem, açmadığı qapı yoxdur.

Ətrafındakıların kiçik səhvlərini böyüdən və buna görə onlardan inciyən insan əvvəlcə, özünə nəzər salmalıdır. Əgər insan özünü hesaba çəkərək hərəkət və davranışlarını götür-qoy etsə, başqalarında gördüyü və narahat olduğu bir çox davranışın əslində özündə olduğunun fərqinə varar. Bu fərqindəlik sayəsində başqalarının səhvlərinə göz yummağı və anlayışla qarşılamağı öyrənər. Xülasə, özümüzdəki mənfi hərəkət və davranışlara görə başqalarını günahlandırmaq və onları qınamaq doğru deyil.

Sevgini artırmaq üçün nə etməli?

Sevgini artıran səbəblərdən biri sevdiyimiz şəxsə sevgimizi bildirməkdir. Belə ki, bir gün Rəsulullahın (s.a.s.) yanında oturan səhabələrdən biri oradan keçən bir nəfəri göstərərək onu sevdiyini deyir. Rəsulullah (s.a.s.) həmin səhabəyə deyir ki, sevdiyi insanın yanına getsin və sevgisini ona bildirsin.[3] Bəli, dostu tərəfindən sevildiyini bilmək insana xoş təsir edir. Bu, fitri bir hisdir. Bu cür sevgi ifadəsi dostluq bağlarını gücləndirir, sevgini də artırır.  

Başqa bir səbəb isə, sevilən insanlara olmadıqları yerdə dua etməkdir. İnsan heç kimin görmədiyi və eşitmədiyi yerdə əllərini qaldıraraq dostu üçün: “Allahım! Filankəsi Cənnətlə sevindir. Onun dünyadakı həyatını da Cənnətdəki kimi gözəl eylə!” deməsi ona qarşı sevgi və sədaqətin göstəricisidir. Rəsulullah (s.a.s.) bu haqda belə buyurmuşdur: “Ən tez qəbul olunan dualardan biri xəbərsiz edilə duadır.”[4] Bu hədis bir insanın arxasınca edilən duanın Allah qatında nə qədər önəmli olduğunu da göstərir.

Bununla yanaşı başqalarının yanında sevdiyimiz insanlarla əlaqəli xoş düşüncələri və hüsn-zənləri də dilə gətirmək lazımdır. Məsələn: Biz: “Filankəs çox səmimi insandır. İslamı təbliğ etmək üçün əlindən gələni elədiyini düşünürəm.” – deməklə haqqında danışdığımız şəxsin sevilməli insan olduğunu nəzərə çatdırırıq. Layiq olduğu xoş sözləri dedikdən və yalana yer vermədikdən sonra bunları dilə gətirmək olar. Çünki xoş təəssüratlar qəlbləri bir-birinə bağlayar və sevgini daha da artırar.

 Dünyanın fərqli yerlərində təbliğlə məşğul olan möminlər üçün bu cür xoş təsssürətları niyə dilə gətirməyək ki?! Əksinə, bunları deməliyik. Bəlkə bununla o gözəl insanların fəaliyyətləri ilə başqaları da tanış olar və onları sevər. Yerin də qulağı var. Bizim kimlərsə haqqındakı xoş sözlərimiz bilmədiyimiz bir tezliklə onların qulağına çata və aramızdakı sevgini daha da artıra bilər.

Bəli, insan İslama inanmış, ömrünü dini təbliğ məfkurəsinə həsr etmişsə, onun alnından öpmək və bu cür vəfa və sədaqəti başqalarına da nümunə göstərmək lazımdır. Biz bir tərəfdən mələklərin belə qibtə elədiyi bu cür təbliğ qəhrəmanlarına dua etməli, digər tərəfdən də onlara layiq olduqları dəyəri verməliyik.

Bəli, məfkurə yoldaşlarımızı tərifləsək belə onlardan tərif və alqış gözləməməliyik. Çünki bizim üçün Haqqın xətri hər şeydən daha əziz olmalıdır. Biz sadəcə doğru bildiyimiz xüsusları başqalarının yanında dilə gətirməklə kifayətlənməliyik. Dəyərlərimizə və məfkurəmizə hörmət edən, Allahdan danışan, Rəsulunu sevdirən insanları alqışlamalıyıq. Çünki bunlar mömin olaraq bizim də etmək istədiyimiz işlərdir. Mömin qardaşlarımızın bizim haqqımızda eyni qənaətdə olub-olmaması bizi maraqlandırmamalıdır.

Sevgidə tarazlıq

Sevgidə tarazlığı qorumaq da sevmək qədər önəmlidir. Bir mömin Uca Allahı Onun əsmaül-hüsnasında bildirilən mənalara uyğun dəlicəsinə sevməlidir. Ancaq Allahdan başqa varlıqlar üçün sevgidə sərhəddi qorumalıdır. Peyğəmbərlər də daxil olmaqla heç bir varlıq Allah kimi sevilə bilməz. Necə ki, müşriklər Allahdan qeyrilərini ona tay tutub, Allahı sevirmiş kimi bütləri sevdiklərinə görə Quranda qınanmışlar.[5] Uca Allah sonsuz sevgi ilə sevilməlidir. Onun xaricindəki bütün varlıqları da öz səviyyələrinə uyğun sevmək lazımdır.

Məsələn bir mömin bizə ilahi əmrləri çatdıran və Rəbbimizi tanıdan İnsanlığın İftixarını dəlicəsinə sevməlidir. Bununla yanaşı Rəşid xəlifələr və səhabələrə qarşı da fərqli sevgisi olmalıdır. Həmçinin möminin qəlbində müsəlmanların, Allahın bir sənət əsəri olaraq yaratdığı bütün insanların yeri olmalıdır. Ancaq bütün bu sevgilərin mənbəyi Allah sevgisi olmalı və bu sevgilər arasındakı sərhədlər qorunmalıdır.

Əfsuslar olsun ki, insanlar bəzi davranışlarında həddi aşırlar. Bəzi insanları sərhədsiz sevmək xətasına düşürlər. Onları layiq olduqlarından artıq mədh edirlər. Ancaq unutmaq olmaz ki, insan başqasına qarşı layiq olmadığı diqqəti göstərərsə, Uca Allah həmin insanın əli ilə onu cəzalandırar. Beləcə həmin insanın edilən iltifata layiq olmadığını göstərər. Rəsulullahın (s.a.s.) bu hədisi möminlər üçün çox önəmli sərhədləri müəyyənləəşdirir:

Sevgində ifratdan uzaq ol. Bir gün düşmən ola bilərsən. Kiməsə nifrət eləsən həddi aşma. Bəlkə bir gün dost olarsan.”[6]

Sevən insan işlər qaydasında getməyəndə peşman olmaq, özünü qınamaq istəmirsə sevgidə ifrat və təfritdən uzaq durmalıdır. Eynilə hər hansı mənfi xüsusiyyətlərinə görə başqasına nifrət edən insan da ifrata getəməli, əlaqəni tamam kəsməməlidir. Bəlkə də bir gün həmin insan elədiyi səhvləri düşünəcək və peşman olacaq.

Sevgidə ifrata gedərək bir insanı mübaliğəli tərifləmək də doğru deyil. Bir hədisdə bildirilir ki, insanı mübaliğəli tərifləmək boynunu qırmaq kimidir.[7] Bir İslam alimi isə: “Mən özümü bəyənmirəm. Məni bəyənənlərdən də xoşum gəlmir.” – deyir. Düzdür, hamı onun kimi düşünməyə bilər. Xüsusən Allahla münasibəti çox da dərin olmayanlar müəyyən tərif və təqdirləri həzm etməkdə çətinlik çəkə bilərlər. Yersiz tərif və təqdir bəzilərini lovğalığa təşviq edə bilər. Bəlkə elə buna görə də həmin alim təbliğ edən möminlərə: “daha yüksək məqamlar əvəzinə, daha çox sədaqət” düsturunu təklif etmişdir. Bu düsturun açıqlaması belədir: “Birgə yürüdüyünüz insanların əlli səhvini görsəniz belə onlardan ayrılmamalısınız. Yolda qalan qardaşlarınızın əlindən tutmalı və onlara kömək etməlisiniz. Əgər o sizinlə eyni tempdə yeriyə bilmir, geri qalırsa, onu çiyninizdə daşımalısınız.”

Mömin rəhbər kimi gördüyü insanlara qarşı sevgisini ifadə edərkən də həssas olmalıdır. Ona qarşı sevgi və rəğbəti nə qədər çox olsa da, xüsusilə başqalarının yanında onun haqda danışarkən çox diqqətli olmalı, əsla mübaliğəli ifadələrdən istifadə etməməlidir. Ona “övliya”, “qavs” kimi məqamlar aid etməklə başqalarını həsəd və rəqabətə səsləməməlidir. Hər insan öz sevdiyi dini rəhbərə hörmət edir və ona xüsusi rəğbət bəsləyir. Mömin öz rəhbərini başqalarının yanında çox tərifləyərsə, başqaları da öz rəhbərini tərifləməyə və müqayisə etməyə başlayar. Bu cür rəqabət isə yaxşı deyil. Üstəlik üzdə olmasa belə arxada qeybətə səbəb ola bilər. Yəni mömin bir hərəkəti ilə başqalarını da günaha təşviq edə bilər. Bu səbəbdən mömin eyni məfkurənin yolçusu olduğu insanlara yüksək məziyyətlər adi etmək əvəzinə, onlara qarşı vəfalı olmağı və inanılan ideala sadiq qalmağı əsas kimi qəbul etməlidir.


[1] Əcluni, Kəşfül-xəfa, II, 155.
[2] Zariyat surəsi, 51/56.
[3] Əbu Davud, Ədəb, 122.
[4] Əbu Davud, Vitr, 29.
[5] Bəqərə surəsi, 2/165.
[6] Tirmizi, Birr, 60.
[7] Buxari, Şəhadət, 16.



Bənzər məqalələr

Nəyi seçirik?

Bu yazı Tövbə surəsinin dördüncü ayəsinin izahı ilə əlaqəlidir.

Şeytanın oyunları

Şeytan insanları haqq yoldan azdırmaq üçün hansı üsullardan istifadə edir?

Rəsulullahın ana sevgisi

“Bir adam Allah Rəsulunun (s.a.s.) hüzuruna gələrək: “Ən çox kimə vaxt ayırmalı, kiminlə  maraqlanmalıyam?” – deyə sual verdi. Peyğəmbərimiz (s.a.s.): “Ananla!” – buyurdu. O: “Sonra kimlə?” –  deyə soruşdu. “Ananla!” – buyurdu. O: “Sonra kim gəlir?” – deyə soruşdu. “Anan!” –buyurdu. O: “Daha sonra kim gəlir?” – deyə təkrar soruşanda bu dəfə: “Atan” – dedi.

Əsr surəsində zamanın qiyməti

“Əgər Qurandan heç bir surə nazil olmasaydı bu qısa surə belə insanların dünya və axirət səadətini təmin etməyə kifayət edərdi.” (İmam Şafei)

Ailədaxili problemlərin həlli

Rəsulullah (s.a.s.) ailədaxili problemləri necə həll edərdi?


Şərh yaz