Mənəviyyata Açılan Pəncərə

İqamənin şərtləri

Kişilərin təkbaşına və ya camaatla qıldıqları fərz və ya qəza namazı üçün iqamə oxuması sünnədir. Qadın azan və ya iqamə oxumasa da olar.  Əgər azan və ya iqamə oxusa bu məkruhdur və oxuduğu azan yenidən oxunmalıdır.

Cümə namazından başqa heç bir fərz namaz üçün birdən çox azan və iqamə oxumaq olmaz. Buna görə də bir məsciddə azan və iqamə oxunaraq vaxt namazı qılınıbsa, sonradan təkbaşına və ya camaatla eyni vaxt namazını qılanların təkrar azan və ya iqamə oxumasına ehtiyac yoxdur. Azan oxunduqdan sonra fərz namazını evində və ya iş yerində qılanlar azan oxumadıqları kimi, camaat namazı qılanlar da iqaməsiz qıla bilərlər. Lakin camaatla namaz qılanların iqamə oxuması vmüstəhəbdir. Vitr, təravih və bayram namazı kimi namazlarda iqamə oxunmur.

İqamənin sözləri azanın sözləri ilə eynidir. Lakin “hayyə aləl-fələh” sözündən sonra iki dəfə “qad qamətis-saləh” (namaz başladı) cümləsi əlavə edilir. İqamənin sözləri də azanın sözləri kimi iki dəfə təkrarlanaraq oxunur.

Şafei və hənbəlilərə görə iqamənin sözləri hər biri bir dəfə oxunmaqla on bir kəlmədən ibarətdir. Yalnız “qad qamətis-saləh” sözü iki dəfə təkrarlanır.[1]

İqamə oxunarkən hərflərini açıq-aydın tələffüz etmək və sürətli oxunmaq sünnədir. Azanda olduğu kimi iqaməni də dəstəmazlı, qibləyə tərəf yönələrək, gəzmədən və arada danışmadan oxumaq sünnədir.

İqamə oxunarkən məscidə daxil olan şəxs, ayaqüstə dayanıb gözləmədən, imam namaz qıldıracağı yerə çatana qədər otursa daha yaxşı olar. Ayaqüstə gözləmək məkruhdur.

Vaxt namazı üçün iqamə oxunarkən hər hansı səbəb olmadan məsciddən çölə çıxmaq, namaza iştirak etməmək düzgün deyil.


[1]Şövqani, Neylul əvtar., II, 43.

 

Exit mobile version